Məhkəmə qərarları › İş №2-1(114)-3941/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3941/2025

31.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3941/2025 31.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı Cəlal qızının iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:

1. İddiaçıya məxsus AA ******* seriya nömrəli (FİN xxxxxxx) şəxsiyyət vəsiqəsi xx.xx.2021-ci il tarixdə Kəlbəcər RPŞ, QVŞV qrupu tərəfindən verilmişdir.

2. İddiaçıya məxsus AA 491363 nömrəli məcburi köçkün vəsiqəsi Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmişdir.

3. Cavabdeh başçısı Aparatının xx.xx.2025-ci il tarixli, 5-55/2-İ-7-073/2025 nömrəli məktuba əsasən, İddiaçı Respublika ərazisini tərk etdiyi üçün ona verilən vahid aylıq müavinətin ödənişi dayandırılmış, 182 gündən artıq respublikadan kənarda yaşadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətinin və kommunal xidmətlər üzrə güzəştlərin əvəzinə verilən vahid aylıq müavinətinin ödənilməsi Qaydası”nın müvafiq maddəsinə uyğun olaraq bərpa edilməmişdir.

4. Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-36-3/2-2245/2025 nömrəli məktuba əsasən, İddiaçı Komitənin məcburi köçkünlərin vahid elektron bazasında Kəlbəcər rayonundan məcburi köçkün kimi Samux rayonunda müvəqqəti qeydiyyatdadır. Faktiki məskunlaşdığı ünvan barədə məlumata rast gəlinmədi. Komitə tərəfindən ona məcburi köçkün statusunu təsdiq edən sənəd verilmişdir.

5. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 5-55/2- 161/2025 nömrəli məktuba əsasən, İddiaçı Kəlbəcər rayonunun işğalı zamanı məcburi köçkün düşmüş və hal-hazırda Lev kənd İƏDÜ-də qeydiyyatdadır. Əlavə olaraq bildirilir ki, Respublika ərazisini tərk etdiyi üçün İddiaçı verilən vahid aylıq müavinətin ödənişi, 182 gündən artıq respublikadan kənarda yaşadığına görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətinin və kommunal xidmətlər üzrə güzəştlərin əvəzinə verilən vahid aylıq müavinətinin ödənilməsi Qaydası”nın 2.8-ci maddəsinə uyğun olaraq Lev kənd İƏDÜ tərəfindən dayandırılmışdır.

6. Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-38-33/2-2116/25 nömrəli məktuba əsasən, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumat qeydə alınmışdır: Tarix İstiqamət xx.xx.2006 Çıxış xx.xx.2007 Giriş xx.xx.2007 Çıxış xx.xx.2008 Giriş xx.xx.2009 Çıxış xx.xx.2010 Giriş xx.xx.2010 Çıxış xx.xx.2014 Giriş xx.xx.2014 Çıxış xx.xx.2016 Giriş xx.xx.2017 Çıxış xx.xx.2018 Giriş xx.xx.2018 Çıxış xx.xx.2021 Giriş

7. İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, adının vahid aylıq müavinət alan məcburi köçkünlərin siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

8. Tələb onunla əsaslandırmışdır ki, o, xx.xx.1993-cü il tarixinədək Kəlbəcər rayonunda yaşamış, xx.xx.1993-cü il tarixdə Kəlbəcər rayonu erməni silahlı birləşmələri tərəfindən işğal olunduqdan sonra ailəsi ilə birlikdə məcburi olaraq öz dədə-baba yurdundan məcburi köçkün düşərək Samux rayonunda məskunlaşmışdır. İddiaçı qeyd edir ki, məbcuri köçkün düşdükdən sonra ona Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən AA 491363 nömrəli məcburi köçkün vəsiqəsi verilmiş və həmin vəsiqəyə əsasən o da bütün məcburi köçkünlər kimi dövlət tərəfindən onlara verilmiş bütün imtiyazlardan istifadə etmişdir. İddiaçının mərhum əri Surxay İsmayılov işləmək məqsədi ilə Rusiya Fedrasiyasına getdiyi üçün sonradan onu öz yanına aparmalı olmuş və 2021-ci il tarixədək Rusiya Federasiyasında yaşamışlar. İddiaçı 2021-ci ilin oktyabr ayından faktiki olaraq Azərbaycanda yaşayır və ona dövlət tərəfindən verilən yemək xərci pulunun bərpa edilməsi üçün aidiyyəti üzrə Cavabdeh əməkdaşlarına, məsul şəxslərinə və kənd icra nümayəndəliyinə dəfələrlə müraciətlər etmiş, lakin cavabdeh tərəfindən müraciətləri nəzərə alınmamıdır. Bundan sonra iddiaçı rəsmi olaraq xx.xx.2025-ci il tarixli ərizə ilə cavabdeh orqana yemək xərci pulunun bərpa edilməsi üçün müraciət ünvanlamış, cavabdeh xx.xx.2025-ci il tarixli, 5-55/2-1-7-073/2025 nömrəli məktubla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi Köçkünlər və onlara bərabər tutlan şəxslər üçün yemək xərci müavinətinin və kommunal xidmətlər üzrə güzəştlərin əvəzinə verilən aylıq müavinətin ödənilməsi Qaydası”nın tələbinə uyğun olaraq 182 gün ölkə ərazisindən kənarda olan şəxslərə vahid aylıq müavinətin ödənilmədiyini qeyd edərək, ona dövlət tərəfindən verilən vahid aylıq müavinətin bərpa edilməsindən imtina etmişdir. İddiaçı cavabdehin xx.xx.2025-ci il tarixli, 5-55/2-İ-7-073/2025 nömrəli imtina məktubunu əsassız və qanunsuz hesab edərək, məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək göstərmişdir ki, Rusiya Federasiyasına getməsinə səbəb yoldaşının uzun müüdət orada müalicə olunması olmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdeh şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər.

10. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).

Əsaslandırma hissəsi:

11. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.

12. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır.

13. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir.

- Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 149. Normativ hüquqi aktlar V. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

15. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 14. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusunun itirilməsi Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə;

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” Bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli, 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin (bundan sonra - aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir. Həmin Qaydanın 2-ci bəndinə əsasən, aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.8. “məcburi köçkün” statusuna malik olub, təqvim ili ərzində cəmi 182 gündən artıq müddətdə başqa ölkədə olan məcburi köçkünlərə; 2.9. “məcburi köçkün” statusuna malik olub başqa ölkəyə müvəqqəti getmiş və təqvim ilində cəmi 182 günədək müddətdə geri qayıdan məcburi köçkünlərə (başqa ölkəyə müvəqqəti getmiş məcburi köçkün geriyə qayıtdıqdan sonra aylıq müavinətin bərpa olunması ilə əlaqədar rayon icra hakimiyyətinə rəsmi müraciət etməlidir);

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24. İşin hallarının obyektiv araşdırılma 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

18. Məhkəmə iş üzrə icraat materiallarına araşdırın hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuş və bu, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

19. İlkin olaraq, məhkəmə onu qeyd etmək istəyir ki, iddiaçı hal-hazırda məcburi köçkün statusuna malik olmaqla Kəlbəcər rayonu, Lev kəndində qeydiyyatdadır və müvəqqəti olaraq Samux rayonu, Kolayır kəndində məskunlaşmışdır.

20. İddiaçı ərinin xəstəliyinin müalicəsi məqsədi ilə Rusiya Federasiyasına getmiş, Azərbaycan Respublikası ərazisinə müəyyən vaxtlarda giriş-çıxış vaxtları mövcud olmuşdur.

21. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən məhkəməyə daxil olmuş məktubla məlum olur ki, iddiaçı xx.xx.1969-cu il təvəllüdlü İddiaçı ölkədən son çıxış tarixi xx.xx.2018-ci il və giriş tarixi xx.xx.2021-ci il olmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixdən sonra iddiaçı tərəfindən Azərbaycan Respublikasının ərazisi tərk edilməmişdir.

22. Qeyd etmək lazımdır ki, qanunvericilikdə məcburi köçkünlərə münasibətdə onların ölkə ərazisində aralıqsız 182 gün müddətdən artıq qalması ilə bağlı qeyd edilmişdir ki, qeyd olunan hallarda məcburi köçkünlər öz “vahid aylıq müavinətləri”ni itirir.

23. Lakin məhkəmə hesab edir ki, iddiaçının ailə üzvünün xəstəliyi səbəbindən respublika ərazisindən kənarda olması, xx.xx.2021-ci il tarixdən sonra ölkəni tərk etməməsi, hazırda Azərbaycan Respublikası ərazində olması, məcburi köçkün statusu saxlanılmaqla Kəlbəcər rayonu Lev kəndində qeydiyyatda qalması şəraitin dəyişməsi kimi nəzərə alınmalıdır.

24. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, vəziyyətin dəyişməsi ilə bağlı qeyd olunan hallar cavabdeh orqan tərəfindən qiymətləndirilməli və iddiaçıya münasibətdə hüquqi qiymət verilməli idi.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun norma tələblərində də qeyd olunmuşdur ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, həmçinin inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Habelə, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir.

26. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tələbi qanuni olmuş və onun adının vahid aylıq müavinət alan məcburi köçkünlərin siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır.

27. Aərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin.

İddiaçı adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar