Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3948/2024 08.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı və nümayəndəsi-Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional Ədliyyə İdarəsinə qarşı “bələdiyyə qərarının ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional Ədliyyə İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Daşkəsən rayon Quşçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli iclas qərarının ləğv edilməsi barədə məhkəməyə müraciət edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 219 saylı sərəncamına əsasən ona 0,06 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən JN 235 saylı, 50600038 saylı şəhadətnamə verilmişdir Həmin vaxtdan iddiaçı torpaq sahəsi, həmçinin torpaq sahəsinin qarşısında yerləşən 110 kilovoltluq yüksək gərginlikli elektrik xəttinin altındakı boş torpaq sahəsindən istifadə etmişdir. İddiaçı dəfələrlə həmin torpaq sahəsinin də onun mülkiyyətinə verilməsinə dair Daşkəsən rayon Quşçu Bələdiyyəsinə müraciət etmiş, lakin Quşçu Bələdiyyəsindən bildirilmişdir ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə əsasən, elektrik, rabitə, neft-qaz və nəqliyyat xərcləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli, çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin qarajlarının tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. İddiaçı bildirmək istəyir ki, bələdiyyənin bu cavabından sonra o, artıq torpaq sahəsini öz adına rəsmiləşdirməyin qeyri-mümkün olduğunu görərək faktiki olaraq ondan istifadə etməyə başlamışdır. 2010-cu ildə X3 iddiaçıya qarşı ona məxsus 0.06 ha torpaq sahəsindən çıxarılma barədə iddia ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət etmiş və iddia ərizəsində göstərmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən ona xx.xx.2009-cu il tarixli MN ******* saylı çıxarış verilmişdir. Bundan sonra iddiaçı bu torpaq sahəsinin Ruzbəh Müqəddəmiyə hansı əsasla ayrılmasını müəyyən etmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə müraciət etmiş, onun ərizəsi əsasında müvafiq araşdırılma aparılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 10 03.2011-ci il tarixində cavab ünvanlanaraq bildirilmişdir ki, inzibatı araşdırma və audit yoxlaması nəticəsində bələdiyyənin fəaliyyətində qanun pozuntuları aşkar olunduğundan toplanmış material hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Araşdırılma zamanı müəyyən edilmişdir ki, Ruzbəh Müqəddəmiyə verilmiş çıxarış qanun pozuntuları ilə verildiyi üçün həmin çıxarış və torpaq sahəsinə dair verilmiş digər hüquqverici sənədlər ləğv edilmişdir. İddiaçı qeyd edir ki, həmin vaxt Daşkəsən rayon Quşçu Bələdiyyəsinin fəaliyyəti prokurorluq tərəfindən yoxlanılmış və həm Daşkəsən rayon Quşçu Bələdiyyəsi sədrinin, həm də Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin əməllərində cinayət tərkibi olduğu üçün onlar barəsində ittiham aktı tərtib edilərək məhkəməyə göndərilmişdir, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə bu iş üzrə təqsirləndirilən şəxslər cəzalandırılmış və həmin hökmlə də bir çox bələdiyyə qərarlarının qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmaqla əldə olunması öz təsdiqini tapmışdır. Bundan sonra torpaq sahəsini Ruzbəh Müqəddimədən alan X7 iddiaçıya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun torpaq sahəsindən çıxmağını tələb etmişdir. Bundan sonra iddiaçı Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək həmin torpaq sahəsinə dair verilmiş qərar və protokolun ləğv edilməsini xahiş etmişdir. X12 Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiası təmin edilməmişdir. Bundan sonra o, həmin qərardan apellyasiya şikayəti vermiş, lakin Gəncə Apellyasiya Məhkəməsının 07.012.2023-cu il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş və onun belə bir iddia ilə müraciət etmək uçün subyektiv hüququnun olmadığı bildirilmişdir. İddiaçı qeyd etmək istəyir ki, o, bu ərəfədə dəfələrlə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə və Gəncə Regional Ədliyyə İdarəsinə müraciət edirmiş. İddiaçının sonuncu müraciətinə cavabda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə regional ədliyyə idarəsi bildirmişdir ki, onun bu işlə əlaqədar məhkəmədə iddia ərizəsi vardır. Əgər məhkəmə qərarından o narazı olarsa, onda yuxarı instansiya məhkəməsinə müraciət edə bilər. İddiaçı bildirir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi özü birbaşa məhkəməyə müraciət etməli olduğu halda bunu etməmiş və bu da onun əlavə çətinliklər və problemlər yaşamağına gətirib çıxarmışdır. O əlavə edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2007-ci il tarixli, 9T saylı əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyının Bələdiyyələrlə İş Mərkəzi haqqında Əsasnamənin 7.5-ci maddəsində göstərilir ki, bələdiyyə aktının Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına zidd olmasına kifayət qədər əsas olduqda aktın qanunvericiliklə müəyyən olunmuş müddətdə dəyişdirilməsi və ya ləğv edilməsi haqqında müvafiq bələdiyyəyə müraciət etmək və bələdiyyə tərəfindən qanunun tələblərinə əməl edilmədikdə məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir. İddiaçı bildirir ki, cavabdeh orqan üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və bunun nəticəsində hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatı İş üzrə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional Ədliyyə İdarəsi tərəfindən məhkəməyə ərizə göndərilmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə iclasa gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı və nümayəndəsi-Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdilər. İşin halları Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********53 reyestr nömrəli çıxarışa əsasən, Gəncə şəhəri, Şuriyə Krivoquzov küçəsi (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 68 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli, **********53 reyestr nömrəli “Torpaq sahəsinin plan və ölçüsü”nə əsasən, Gəncə şəhəri, Şuriyə Krivoquzov küçəsi (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 0.03 ha xüsusi mülkiyyətin hüquqi sahibi X4r. Daşkəsən rayon Quşçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 №-li qərarına əsasən, Quşçu bələdiyyəsi fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən X1 0.06 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Daşınmaz əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş xx.xx.2009-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********75 reyestr nömrəli çıxarışa əsasən, Daşkəsən rayonu, Quşçu kəndində yerləşən 0.06 ha torpaq sahəsinin hüququ sahibi X2r. Ədliyyə Nazirliyi Gəncə regional Ədliyyə idarəsinin məktubunda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı Daşkəsən rayon Quşçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli iclas protokolunun qərarının və həmin qərarın hüququ nəticələrinin ləğv edilməsinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsində baxılmış, lakin tələb təmin olunmamışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1014/2023 nömrəli qərarı ilə İddiaçı cavabdeh Daşkəsən rayon Quşçu Bələdiyyəsinə qarşı qərar və protokolun ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(104)-681/2023 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 1014/2023 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1229/2024 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-681/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ədliyyə Nazirliyi Gəncə regional ədliyyə idarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, bələdiyyə aktları Gəncə regional ədliyyə idarəsinə 2010cu ildən etibarən təqdim edilir. Bu səbəbdən Daşkəsən rayon Quşçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli iclasının qərarı Gəncə regional Ədliyyə idarəsinə təqdim edilməmişdir. Müəyyən edilmişdir ki, İddiaçı Daşkəsən rayonu, Quşçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli iclas protokolunun, qərarının və həmin qərarın hüquqi nəticələrinin ləğv edilməsinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsində baxılmış, lakin tələb təmin olunmamışdır. İddianın mümkün sayılmaması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 78. Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikası ədliyyə nazirinin "16" mart 2007-ci il tarixli, 9-T №-li əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi haqqında Əsasnamə
7. Mərkəz öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir: 7.5. bələdiyyə aktının Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına zidd olması barədə kifayət qədər əsas olduqda aktın qanunvericiliklə müəyyən 10 olunmuş müddətdə dəyişdirilməsi və ya ləğv edilməsi haqqında müvafiq bələdiyyəyə müraciət etmək və bələdiyyə tərəfindən qanunun tələbinə əməl edilmədikdə məhkəmə qarşısında iddia qaldırmaq;
“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
Məhkəmənin mövqeyi
Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırkı tələblə İddiaçı Daşkəsən rayon Quşçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli iclas qərarının ləğv edilməsi barədə məhkəməyə müraciət edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional Ədliyyə İdarəsinin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə əvvəla qeyd edir ki, iş materiallarından görünür ki, İddiaçı cavabdeh Daşkəsən rayon Quşçu Bələdiyyəsinə (üçüncü şəxslər X5 və X7) qarşı Gəncə İnzibati Məhkəməsində iddia qaldıraraq Daşkəsən rayon Quşçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərar və protokolunun ləğv edilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1014/2023 nörməli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-681/2023 nömrəli qərardadı ilə qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin qeyd olunan qərarı ləğv edilmiş, iddia tələbi mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası qənaətinin əsası kimi iddiaçının iddia tələbi üzrə subyektiv hüquqa malik olmamasını qeyd etmişdir. Daha sonra qeyd olunan qərardan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(102)-1229/2024 nömrəli qərarı ilə təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-681/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə İddiaçı Daşkəsən rayon Quşçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərar və protokolunun ləğv edilməsi tələbi üzrə subyektiv hüququnun olmaması müəyyən edilmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası ədliyyə nazirinin «16» mart 2007-ci il tarixli 9-T №-li əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi haqqında Əsasnamənin 7.5-ci maddəsinə əsasən, “bələdiyyə aktının Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına zidd olması barədə kifayət qədər əsas olduqda aktın qanunvericiliklə müəyyən olunmuş müddətdə dəyişdirilməsi və ya ləğv edilməsi haqqında müvafiq bələdiyyəyə müraciət etmək və bələdiyyə tərəfindən qanunun tələbinə əməl edilmədikdə məhkəmə qarşısında iddia qaldırmaq” Mərkəzin hüquqlarından biridir. Yəni Mərkəzin müvafiq bələdiyyə aktının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı məhkəmə qarşısında iddia qaldırması onun vəzifəsi deyil, hüququdur. Ona görə də məhkəmə hesab edir ki, bələdiyyə tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi cavabdehin üzərinə vəzifə kimi qoyula bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional Ədliyyə İdarəsinə qarşı “bələdiyyə qərarının ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional Ədliyyə İdarəsinə qarşı “bələdiyyə qərarının ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ruhiyə Tağıyeva