Məhkəmə qərarları › İş №2-1(114)-3957/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3957/2025

03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3957/2025 03.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı “X6 və X2 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestrdən çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən **********31-05101-093011 reyestr nömrəli mənzil üzərində İddiaçı tam mülkiyyət hüququ əsasında xüsusi mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli, ******* nömrəli arayışa əsasən, X6 və X7 iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında qeydiyyatdadırlar. İddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehə müraciət edərək, ona məxsus olan mənzildən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-13-57/2-M-119xx/xx/2025 nömrəli məktubda ona məhkəməyə müraciət etməsi bildirilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxslər X6 və X2 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin mənzilin ümumi sahəsi 54.5 kv.m-dən ibarətdir. 3-cü şəxslər X6 və X7 iddiaçının oğlu və bacısıoğludur. Bu şəxslər onun mülkiyyət hüququnu pozur, sərəncam vermək və digər hüquqlarını məhdudlaşdırırlar. İddiaçı 3-cü şəxsləri ünvan 1 ünvanından qeydiyyatdan çıxarmaq üçün Cavabdehnə müraciət etmiş, lakin ona imtina cavabı verilmiş və imtinada “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsaslanaraq qeyd edilmişdir ki, “şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarılır”. Odur ki, iddiaçı məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. 3-cü şəxslər faktiki olaraq onun mənzilində yaşamasalar da, formal olaraq həmin ünvanda qeydiyyatdadırlar. 3-cü şəxslər iddiaçının mənzilində qeydiyyatda durduqlarına görə o məcbur olub kommunal xidmətlərə görə artıq pul ödəməli olur. Lakin, bir halda ki, 3-cü şəxslər iddiaçının mənzilində yaşamır, onların həmin ünvanda qeydiyyatda olmaları qanuna uyğun deyil. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X6 və X7 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə etmiş və bildirmişdir ki, üçüncü şəxslərdən biri oğlu və digəri isə bacısıoğludur. Oğlu hal-hazırda Türkiyə Cümhuriyyətində işləyib yaşadığından və hal-hazırda Azərbaycan Respublikasına gələ bilmədiyindən, başqa yerə qeydiyyata salına bilmir. Mənzillə bağlı bəzi sənədləşdirmə işləri aparılacağından, iddiaçı həmin şəxslərin qeydiyyatdan çıxarılmalarını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya qarşı münasibət bildirməmiş və xx.xx.2025-ci il tarixli məktubla işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxslərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflərindən iddiaya münasibət bildirilməmiş, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verilməmişdir. Cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin şifahi məhkəmə baxışı iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-5646/2025 nömrəli “əmlaka dair arxiv məlumatlarının və sənədlərinin surətinin verilməsi barədə” məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2001-ci il tarixli, 04 nömrəli orderinə əsasən, Yeni-ünvan 4 ünvanında yerləşən iki otaqdan ibarət olan mənzil 4 nəfərdən ibarət ailə üzvü olan X3 verilmişdir; - 03.01.2002-ci il tarixli, 14766 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, ünvan 5 ünvanında yerləşən mənzil mülkiyyət hüququ əsasında X1 adına verilmişdir; - Gəncə şəhəri 2 saylı xüsusi notariat kontorunun notariusu tərəfindən 4Ə-01-39 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, ünvan 6 ünvanında yerləşən mənzil X5 tərəfindən İddiaçı satılmışdır. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-13-57/2- 15936/2025 nömrəli məktuba əsasən, X6 xx.xx.2022-ci il tarixdən və X7 xx.xx.2023-cü il tarixdən hal-hazıradək ünvan 1 ünvanında qeydiyyatdadırlar. Məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - İddiaçı tərəfindən 2 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinə verilmiş xx.xx.2022-ci il tarixli ərizəyə əsasən, o, xx.xx.1993cü il təvəllüdlü X4 ünvan 2 ünvanına qeydiyyata düşməsinə etiraz etməmişdir; - 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2023-cü il tarixli, **********695 nömrəli ərizəyə əsasən, İddiaçı ona məxsus olan ünvan 2 ünvanında yerləşən evə X2 qeydiyyata düşməsinə heç bir etirazı yoxdur,razıdır. Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, xx-xx/2025 nömrəli məktuba əsasən, X6 və X2 ünvan 1 nömrəi mənzilə dair istifadə hüququnun tanınması, evə köçürmə və ya istifadə hüququna xitam verilməsinə dair iddiası üzrə Gəncə Şəhər Məhkəməsində mülki işə baxılmamışdır. Ədliyyə Nazirliyi Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-1969/2025 nömrəli məktuba əsasən, üçüncü şəxslər iddiaçının oğlu və bacısıoğludur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış; - xx.xx.2025-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayış; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-13-57/2-M-119xx/xx/2025 nömrəli imtina məktubu; - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-5646/2025 nömrəli məktubu və ona əlavə edilmiş sənədlər; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-13-57/2-15936/2025 nömrəli məktubu və ona əlavə edilmiş sənədlər; - Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, xxxx/2025 nömrəli nömrəli məktubu; - Ədliyyə Nazirliyi Gəncə şəhər Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8- 13-1969/2025 nömrəli məktubu. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçılar iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşlar, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunun 2-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun 3-cü maddəsinə əsasən, yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi... Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Qanunun 9-cu maddəsində şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları qeyd edilmişdir. Həmin maddəyə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Həmin Qərarla müəyyən olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Bu Qərara əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə araşdırması zamanı da ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusluğu, üçüncü şəxslərin hazırda mübahisəli yaşayış sahəsinə dair hər hansı əmlak hüquqlarının olmaması, faktiki olaraq orada yaşamamaları müəyyən edilmişdir. Ona görə də cavabdehin imtinası iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olur. Belə ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, üçüncü şəxslərin sözügedən mənzil üzərində hər hansı hüquqa malik olmadıqları və orada uzun müddət yaşamadıqları, hallarda qeyd edilən ünvanda qeydiyyatda qalmaları iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. Ona görə də iddiaçı üçüncü şəxslərin sözügedən mənzildən qeydiyyatdan çıxarılmalarının cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə onu da qeyd edir ki, həmin şəxsin qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onun yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yeri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 aprel 2003cü il tarixli 55s saylı sərəncamına uyğun olaraq, Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. X6 və X2 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar