Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3962/2025 03.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı “X2 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Reyestr kitabında 12857 nömrə ilə qeydə alınmış qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanda yerləşən mənzil üzərində X2 tam mülkiyyət hüququ əsasında xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. xx.xx.2009-cu il tarixdə Gəncə şəhər 7 saylı DNK-da təsdiq edilmiş AN-İ №-0191513 nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən mənzil X4 tərəfindən İddiaçı satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestrdən çıxarışa əsasən, ünvan 2 ünvanda yerləşən **********31-05101-093003 reyestr nömrəli mənzil üzərində İddiaçı tam mülkiyyət hüququ əsasında xüsusi mülkiyyət hüququ xx.xx.2009-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli, ******* nömrəli arayışa əsasən, X4 iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında qeydiyyatdadır. İddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehə müraciət edərək, ona məxsus olan mənzildən üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-13-57/2-Y-110xx/xx/2025 nömrəli məktubda onlara məhkəməyə müraciət etməsi bildirilmişdir. Gəncə şəhəri 7 saylı dövlət notariat kontorunun dövlət notariusu tərəfindən 4Ə-02- 195 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2009-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən mənzil X4 tərəfindən (onun əvəzinə nümayəndəsi X1) İddiaçı satılmışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs X2 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 14 saylı evin 2 saylı mənzili Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********31-05101-093003 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il qeydiyyat tarixli çıxarışla mülkiyyət hüququ əsasında iddiaçının adına qeyd edilmişdir. “Alqı-satqı müqaviləsi”nin 13-cü bəndinə əsasən, müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən satıcı(lar) bir ay müddətinə satdığı evdən qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, satıcı(lar) bu öhdəliyə əməl etməmiş və bu iddia üzrə üçüncü şəxs kimi qeyd olunan, satıcının ailə üzvü xx.xx.1964 cü il təvəllüdlü X4 iddiaçıya məxsus mülkdə formal olaraq qeydiyyatda qalmaqdadır. Bu da onun öz mülkiyyətinə dair istədiyi kimi sərəncam vermək və bu kimi digər hüquqlarından istifadə etmək imkanlarını məhdudlaşdırır. İddiaçı qeyd edir ki, həmin şəxsin hazırda harada yaşaması ona məlum deyil və həmin şəxsin formal qeydiyyatda olmasını nəzərə alaraq o, üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı ərizə ilə aidiyyəti üzrə Cavabdehnə müraciət etsə də, həmin idarənin ona ünvanlanmış xx.xx.2025 ci il tarixli məktubu ilə bildirilmişdir ki, qeyd olunan şəxslərin pasport qeydiyyatından çıxarılması üçün onların mənzilə istifadə hüquqlarına məhkəmə qaydasında xitam verilməlidir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, yuxarıda qeyd edilən alqı-satqı müqaviləsinə əsasən, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. Qeyd olunmuş şəxsin formal qeydiyyatda olması mülkiyyətçi olaraq onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Üçüncü şəxsin formal qeydiyyatda olması həm də əlavə kommunal xərclərin yaranmasına səbəb olmuşdur. Buna görə də iddiaçı hesab edir ki, o, mülkiyyətçi olaraq qanunda nəzərdə tutulmuş qaydada bu iddia üzrə cavabdeh orqanın vəzifəli şəxslərinin hərəkət və ya hərəkətsizliklərindən inzibati məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X4 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə etmiş və bildirmişdir ki, üçüncü şəxs mənzilin keçmiş mülkiyyətçisinin qohumudur və bu onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. İddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya qarşı münasibət bildirməmiş və xx.xx.2025-ci il tarixli məktubla işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxsə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəfindən iddiaya münasibət bildirilməmiş, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verilməmişdir. Cavabdehin nümayəndəsinin və üçüncü şəxsin şifahi məhkəmə baxışı iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-13-572- 15386/2025 nömrəli məktuba əsasən, xx.xx.1964-cü il təvəllüdlü X4 xx.xx.2003-cü il tarixdən hal-hazıradək ünvan 1 ünvanında qeydiyyatdadır. X2 ünvan 1 ünvanına qeydiyyata alınmasına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2- 5719/2025 nömrəli “əmlaka dair arxiv sənədlərinin surətinin və məlumatların verilməsi barədə” məktuba qoşma şəklində əlavə edilmiş sənədə əsasən: - 25.05.1987-ci il tarixli, 12857 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, ünvan 1 ünvanında yerləşən mənzil X2 adına qeydə alınmışdır. Ədliyyə Nazirliyi Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-1970/2025 nömrəli məktubuna əsasən, iddiaçı ilə üçüncü şəxsin qohumluq münasibəti yoxdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - xx.xx.2009-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış; - xx.xx.2025-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayış; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-13-57/2-Y-110xx/xx/2025 nömrəli imtina məktubu; - xx.xx.2009-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-13-572-15386/2025 nömrəli məktubu; - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-5719/2025 nömrəli məktub və ona əlavə edilmiş sənədlər; - Ədliyyə Nazirliyi Gəncə şəhər Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8- 13-1970/2025 nömrəli məktubu. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçılar iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşlar, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunun 2-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun 3-cü maddəsinə əsasən, yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi... Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Qanunun 9-cu maddəsində şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları qeyd edilmişdir. Həmin maddəyə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Həmin Qərarla müəyyən olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Bu Qərara əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə araşdırması zamanı da ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusluğu, üçüncü şəxsin hazırda mübahisəli yaşayış sahəsinə dair hər hansı əmlak hüququnun olmaması, faktiki olaraq orada yaşamaması müəyyən edilmişdir. Ona görə də cavabdehin imtinası iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olur. Belə ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, üçüncü şəxsin sözügedən mənzil üzərində hər hansı hüquqa malik olmadığı və orada uzun müddət yaşamadığı, hallarda qeyd edilən ünvanda qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. Ona görə də iddiaçı üçüncü şəxsin sözügedən mənzildən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə onu da qeyd edir ki, həmin şəxsin qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onun yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yeri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 aprel 2003cü il tarixli 55s saylı sərəncamına uyğun olaraq, Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. X2 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nurəli Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-3962/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3962/2025
03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver