Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3969/2023 20.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ehtiyata buraxılmasına dair əmrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmasına dair əmrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 23 iyun 2013-cü il tarixli 0247 nömrəli əmri ilə N nömrəli hərbi hissənin tibb məntəqəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Müdafiə Nazirinin 15 yanvar 2020-ci il tarixli 032 nömrəli əmri ilə cərrahiyə bölməsinin baş ordinator travmatoloqu vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin birinci müavini Azərbaycan Ordusunun BQR- nin 15 fevral 2022-ci il tarixli 057 nömrəli əmri ilə N nömrəli hərbi hissənin ordinator travmatoloqu, Azərbaycan Ordusunun BQR- nin 03 noyabr 2022-ci il tarixli 0301 nömrəli əmri ilə isə N nömrəli hərbi hissənin baş ordinator travmatoloqu vəzifəsinə təyin edilmişdir. İddiaçı zabit vəzifəsində 10 il xidmət etdiyi və onunla bağlanmış müqavilənin müddətinin bitdiyi üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması ilə bağlı müraciət etsə də, cavabdeh orqan tərəfindən müvafiq əmr verilməmişdir. Belə ki, raportla müraciət edərək xahiş etmişdir ki, xx.xx.2023-cü il tarixdə hərbi xidmətdə olmağının 10 il tamam olması ilə əlaqədar onun ordu sıralarından ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılsın. Həmin raport Gəncə şəhərində yerləşən N saylı hərbi hissəyə də poçt vasitəsi ilə göndərilmişdir. İddiaçı məhkəmə iclasında iddia müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, işlədiyi Gəncə Qospitalında ən çox travmatoloq ixtisaslı həkimlər var, yəni həkim çatışmazlığı ilə bağlı cavabdehin dəlilləri əsaslı deyil. İddiaçının vəkili X2 məhkəmə iclasında iddia müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X1 məhkəmə iclasında bildirmişdir ki, orduda həkim çatışmazlığı olduğuna görə yeni həkim kadrlar işə cəlb edilənədək vaxt verilməsini xahiş edirik. Cavabdeh orqan tərəfindən iddiaya münasibət kimi təqdim edilmiş məktubda bildirilir ki, iddiaçı Müdafiə Nazirliyinin Gəncə Qarnizonu Hərbi Hospitalının (N nömrəli hərbi hissə) Travmatologiya bölməsinin baş ordinatoru-travmatoloq vəzifəsində xidmət edir və o, xx.xx.2023-cü il tarixdə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndi ilə ehtiyata buraxılması üçün yuxarı komandanlığa müraciət etmişdir. İddiaçı rəhbərlik və cavabdeh şəxslər tərəfindən qəbul edilmiş, həkimlərin çatışmazlığı, həmçinin vəzifələrin həkimlərlə komplektləşdirilməsinin ilin başlanğıcında planlaşdırılması, ona görə də ilin digər vaxtlarında ehtiyata buraxılmanın dərhal həyata keçirilməsinin mümkün olmaması izah olunaraq ehtiyata buraxılması təxirə salınmışdır. Bunlarla yanaşı İddiaçı ehtiyata buraxılmasının təxirə salınmasında aşağıda sadalanan bir neçə amillər də nəzərə alınmışdır Belə ki, Səhiyyə Nazirliyi ilə birgə aparılmış analizlərdən görünür ki, qəbul imtahanlarında "hərbi həkim" ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul olunanların sayında azalmaların olması, Azərbaycan Ordusunda hərbi həkimlərin çatışmazlığı və buna uyğun olaraq müvafiq vəzifələrin komplektləşdirilməsində çətinliklərin yaranmasına səbəb olmuşdur. Aparılan təhlillərdən görünür ki, hərbi həkimlərin Müdafiə Nazirliyinin hesabına xarici ölkələrdə (əsasən Türkiyədə uzmanlıq) və ölkə daxilində fəaliyyət göstərən ixtisas və biliklərin təkmilləşdirilməsi kurslarını (təhsil müəssisələrini) başa vurduqdan sonra orduda xidmətlərini davam etdirməyə maraqlı olmamaları, öz arzuları ilə ehtiyata buraxılmaları üçün müraciət etmələri müəyyənləşdirilmişdir. Əlavə olaraq, Azərbaycan Ordusunda həkim vəzifələrinin komplektləşdirilməsi və ixtisaslı kadrların zəruri tələbata uyğun planlaşdırılması hər ilin əvvəlində həyata keçirildiyindən, digər aylarda plana uyğun və ya şəxsi təşəbbüs ilə ehtiyata buraxılmaların icra olunması çətinliklər yaradır. Ona görə də planlaşdırılmamış aylarda ehtiyata buraxılmaq üçün müraciət edən hərbi qulluqçuların buraxılmaları qanunvericiliyə uyğun olmasına baxmayaraq onlarla fərdi söhbətlər aparılır, qarşıya çıxan çətinliklər izah edilməklə cari ilin sonuna (növbəti planlamaya) qədər gözləmələri bildirilir. O cümlədən İddiaçı ilə fərdi söhbət aparılmış və qeyd edilənlər diqqətinə çatdırılaraq, növbəti 1 il ərzində ehtiyata buraxılacağı bildirildiyindən raportu baxılmamış saxlanılmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş A-015277 ******* nömrəli şəxsi vəsiqədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 23 iyun 2013-cü il tarixli 0247 nömrəli əmri ilə N nömrəli hərbi hissənin tibb məntəqəsinin rəisi vəzifəsinə, Azərbaycan Respublikası Müdafiə Nazirinin 15 yanvar 2020-ci il tarixli 032 nömrəli əmri ilə cərrahiyə bölməsinin baş ordinator travmatoloqu vəzifəsinə, Azərbaycan Respublikası Müdafiə Nazirinin birinci müavini Azərbaycan Ordusunun BQR- nin 15 fevral 2022-ci il tarixli 057 nömrəli əmri ilə N nömrəli hərbi hissənin ordinator travmatoloqu vəzifəsinə və Azərbaycan Ordusunun BQRnin 03 noyabr 2022-ci il tarixli 0301 nömrəli əmri ilə isə N nömrəli hərbi hissənin baş ordinator travmatoloqu vəzifəsinə təyin edilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli məxaric qəbzindən görünür ki, İddiaçı ordu sıralarından ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması ilə bağlı N nömrəli hərbi hissənin Travmatologiya bölməsinin rəisinə raport ünvanlamışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. Məhkəmə həmçinin tələbin mümkünlük şərtləri ilə bağlı qeyd edir ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl xidmət keçdiyi N nömrəli hərbi hissənin Travmatologiya bölməsinin rəisinə müraciət etmiş və qanunla müəyyən edilmiş müddət çərçivəsində (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən 35 gün keçdikdən sonra) iddia qaldırmışdır. Belə ki, işə əlavə edilmiş “məxaric qəbzi”ndən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə xidmət keçdiyi N nömrəli hərbi hissənin Travmatologiya bölməsinin rəisinə raportla müraciət ünvanlamış, lakin cavabdeh tərəfindən müraciətə cavab verilmədiyindən xx.xx.2023-cü il tarixdə iddia ərizəsini məhkəməyə təqdim etmişdir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı Azərbaycan Ordusu sıralarında 23 iyun 2013-cü il tarixdən zabit olaraq xidmət etməklə 10 ildən artıq müddət ərzində xidmətdədir və hazırda Müdafiə Nazirliyinin Gəncə Qarnizonu Hərbi Hospitalının (N nömrəli hərbi hissə) Travmatologiya bölməsinin baş ordinatoru-travmatoloq vəzifəsində xidmət edir. İddiaçı «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin “j” bəndinə əsasən zabit kimi 10 il xidmət etdiyinə görə öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmaq niyyətindədir. Bu məqsədlə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması ilə bağlı aidiyyəti ünvana raportla müraciət etsə də, müraciəti cavabsız qalmışdır. Cavabdeh orqan iddiaçının raportunun baxılmamış saxlanılmasına səbəb kimi Azərbaycan Ordusunda hərbi həkimlərin çatışmazlığı, buna uyğun olaraq müvafiq vəzifələrin komplektləşdirilməsində çətinliklərin yaranması və.s qeyd etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin:- -155-ci bəndinin 2-ci abzasına əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 — 159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Bu zaman buraxılmaq üçün bir neçə əsası olan müsbət attestasiya edilmiş hərbi qulluqçular buraxıldıqdan sonra ən yüksək hüquqlar və güzəştlər verən əsasla, yaşlarına və səhhətlərinə görə buraxılmaq hüququ olanlar isə onların arzusu nəzərə alınaraq bu səbəblərdən birinə əsasən buraxılmağa təqdim edilirlər. -156-cı bəndinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun:- -1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. -2-ci maddəsinə əsasən hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli kələn vəzifələri daşıyırlar. -18.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. -22.2-ci maddəsinə əsasən müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi-xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir. Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun:- -2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. -11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz Beləliklə, yuxarıda qeyd olunan normaların hazırki işin faktiki hallarına tətbiqi onu deməyə əsas verir ki, cavabdehin hərəkətsizlikdə ifadə olunan imtinası qanunazidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur. Belə ki, hərbi qulluqçuların statusunu müəyyən edən qanunvericilik aktlarına əsasən zabit heyəti vəzifələrində azı 10 il xidmət etmiş zabitlərin öz arzusu ilə ehtiyata buraxılmaq hüququ var və bu hüququn hər hansı səbəbdən mədudlaşdırılması müəyyən edilməmişdir. Odur ki, iddiaçının «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. -33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. İddiaçı «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-3969/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3969/2023
20.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver