Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-397/2024 06.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarış əsasında ona məxsus olan 1.40 ha torpaq sahəsinin sərhədlərini müəyyən edib ona tanıdılması və həmin torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 20 oktyabr 1997-ci il tarixli, 14 saylı qararı ilə Bərdə rayonu Çələbilər kəndi ərazisindən X7, X3 və onların 4 nəfərlik ailə üzvlərinə birlikdə 4.89 ha torpaq sahəsi verilmişdir. Bu barədə onlara JN 0085, KOD 61021018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsindən 1.40 ha hissəsini iddiaçı xx.xx.2007-ci il tarixli AN-l ******* saylı alqı-satqı müqaviləsi əsasında X2 və X1 notarial qaydada almışdır. Bundan sonra 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət edərək xx.xx.2019-cu il tarixdə ********** saylı çıxarışla mülkiyyət hüququnu qeydə aldırmışdır. Hətta sözügedən idarə tərəfindən ona "Bölgü Planı" sənədi də verilmişdir. 1.40 ha torpaq sahəsini 16 ildir ki, fasiləsiz olaraq istifadə edir. Lakin bu günlərdə həmin torpaq sahəsinin 0.76 ha hissəsi qonşu torpaq sahəsini istifadə edən digər şəxslər tərəfindən zəbt edilmişdir. Bundan sonra, torpaq sahəsinə plan və ölçüsünün verilməsi barədə 7 saylı Bərdə Ərazi İdarəsinə etdiyi müraciətə cavab verildi ki, "Torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, 1.40 ha torpaq sahəsinin yerləşdiyi 4.88 ha torpaq sahəsi ilə X4 X5 göstərilmiş torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluq vardır. Belə ki, həmin məlumatlara əsasən torpaq sahəsinin miqdarı 3.67 ha-dır. Əlavə olaraq 1.40 ha torpaq sahəsinə dair notarial qaydada təsdiq olunmuş bölgü planı təqdim olunmamışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, ilkin mülkiyyətçinin torpaq sahəsi 4.89 ha olmuşdur, onun 1.40 hissəsini almışdır, alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsinin bölgü planı ilə bağlı hazırda ilkin mülkiyyətçi ilə aralarında mübahisə var. Belə ki, sahə əvvəllər 4.89 ha olsa da yeni yaradılmış bazaya əsasən sahənin həcmi azaldılmışdır, ona görə də ilkin mülkiyyətçiyə əvvəlkindən daha az sahə qaldığına görə bölgü planını imzalamaqdan imtina edir. Cavabdehin nümayəndəsi X8 bildirmişdir ki, iddiaçının plan və ölçü verilməsini tələb etdiyi, yəni alqı-satqı ilə əldə etdiyi sahənin bölgü planı notarial qaydada təsdiq edilmədiyinə və mübahisə olduğuna görə iddiaçının müraciəti müsbət həll edilməmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş:- -işdə olan sənədlərdən görünür ki, iddiaçı X7 və qeyrilərinə məxsus olmuş 4.89 ha torpaq sahəsinin 1.40 ha hissəsini almış, həmin sahəyə dair müvafiq çıxarış əldə etmişdir. -işdə olan bölgü planından görünür ki, sənəd notarial qaydada təsdiq edilməmişdir. Beləliklə iş materiallarında olan sənədlərlə və tərəflərin izahatı ilə müəyyən olunur ki, iddiaçı alqı-satqı yolu ilə əldə etdiyi 1.40 ha torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu müvafiq qaydada təsdiq edilmiş bölgü planı təqdim edilmədiyindən qeyd olunan sənədin verilməsinin mümkün olmadını bildirmişdir. Qeyd edilməlidir ki, vahid torpaq sahəsinin özgəninkiləşdirilmiş hissəsinə dair bölgü planı olmadığı halda satılmış sahənin yerləşmə yeri, konfiqurasiyası və koordinatlarının müəyyən etmək mümkün deyildir. Hazırki halda iddiaçının hissəvi əldə etdiyi sahə ilə bağlı aralarında razılaşma olmadığından, yəni torpağın satılmış hissəsinin koordinatları ilə bağlı ilkin mülkiyyətçi ilə razılaşdırılmış bölgü planı olmadığından və həmin sənəd cavabdehə təqdim edilmədiyindən cavabdehin plan və ölçü sənədinin təqdim edilməsinin mümkünsüzlüyü barədə məktubu imtina xarakterli akt hesab edilə bilməz və inzibati orqan müvafiq qanunvericiliyin tələblərini iddiaçının nəzərinə çatdırmışdır. Bu hal iddiaçının hüquqlarını məhdudlaşdıran hərəkət hesab edilə bilməz. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və cavabdehin imtinasının olub-olmaması həmin şərtlərdən biridir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-397/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-397/2024
06.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver