Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3977/2025 19.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “ “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “ “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:
1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - НЗ nömrəli hərbi biletə əsasən, İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixinə qədər hərbi xidmətdə olmuşdur. - Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-12/2-Ə-403xx/xx/2025 nömrəli arxiv arayışına əsasən, həqiqətən xx.xx.1971-ci il təvəllüdlü sabiq polis serjantı İddiaçı xx.xx.1994-cü ildən xx.xx.2017-ci ilədək daxili işlər orqanlarında polis nəfəri vəzifəsində xidmət etmişdir. Ağdam RPŞ-nin xx.xx.1995-ci il tarixli 53 №-li ş/h üzrə əmri ilə hərbiçilərlə birlikdə döyüş zonasındakı müdafiə postlarında 6 gün müddətində xidmət etdiyinə görə 3 (üç) qat əmək haqqı hesablanmışdır. Ağdam RPŞ-nin xx.xx.1995-ci il tarixli 182 №-li ş/h üzrə əmri ilə hərbiçilərlə birlikdə döyüş zonasındakı müdafiə postlarında 15 gün müddətində xidmət etdiyinə görə 3 (üç) qat əmək haqqı hesablanmışdır. - iddiaçıya məxsus xx.xx.2024-cü il tarixli, ******* nömrəli əmək kitabçasına əsasən, xx.xx.1994-cü il tarixdə Ağdam RPİ-nin 595 nömrəli əmri ilə İddiaçı Ağdam rayon Polis İdarəsinin polis nəfəri vəzifəsinə təyin edilmiş, xx.xx.2017-ci il tarixdə Ağdam rayon Polis şöbəsinin 50 nömrəli əmri ilə İddiaçı “AR DİO-da xidmətkeçmə haqqında Əsasnamə”yə müvafiq olaraq xidmətdən 135-ci maddənin 1-ci bəndinə əsasən (öz arzusu ilə) xaric olunmuç, xx.xx.2017-ci il tarixdə xidmət müddəti: təqvimi hesablama ilə 29 il 03 ay 04 gün, imtiyazlı 31 il 01 ay 04 gün təşkil etmişdir. - Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə Baş İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2025ci il tarixli, 3-13-23/2-Ə-235xx/xx/2025 nömrəli məktuba əsasən, müraciətlə baölı Daxili İşlər Nazirliyinin arxivinə sorğu verilmiş, lakin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı təsdiq edən arxiv məlumatları aşkar edilmədiyindən qaldırılan məsələnin müsbət həlli mümkün olmamışdır.
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə veteranı” statusunun (vəsiqə ilə birlikdə) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərarın çıxarılmasını xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələrində dəstə komandiri vəzifəsində, serjant rütbəsində həqiqi hərbi xidmətdə olmuş, 31 dekabr 1994-cü il tarixdən 10 aprel 2017-ci il ilədək daxili işlər orqanlarında polis nəfəri vəzifəsində xidmət etmiş, Ağdam rayon Polis İdarəsinin rəisinin xx.xx.1994-cü il tarixli, 595 nömrəli əmri ilə polis nəfəri vəzifəsinə təyin edilmiş, Ağdam rayon Polis şöbəsinin rəisinin xx.xx.2017-ci iltarixli, 50 nömrəli əmrinə əsasən (öz ərizəsinə əsasən) təqaütə göndərilmişdir. İddiaçı qeyd edir ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı erməni işğalçılarına qarşı aparılan hərbi əməliyyatlarda 1994-cü il tarixdən 1996-cı ilin dekabr ayına kimi Ağdam rayon Polis şöbəsinin şəxsi heyətin tərkibində Ağdam rayonu uğrunda gedən döyüşlərdə, hərbiçilərlə birlikdə döyüş zonasındakı müdafiə postlarında xidmət etmiş, buna görə ona üç qat əməkhaqqı ödənilmişdir. İddiaçı döyüş zonasındakı hərbçilərlə birlikdə müdafiə postlarında xidməti və ona buna görə üç qat əməkhaqqı ödənilməsini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Stastik İnfarmasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-12/2-9-40363/İİ/2025 nömrəli Arxiv Arayışı təsdiq edir. İddiaçı qeyd edir ki, o, 1994-cü il tarixdən 1996-cı il tarixə kimi döyüş zonasında hərbiçilərlə birlikdə müdafiə postlarında xidmət etdiyinə və buna görə ona üç qat əmək haqqı ödənildiyinə əsaslanaraq, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə “Müharibə Veteranı” statusunu (vəsiqə ilə birlikdə) almaq üçün rəsmi ərizə ilə zəruri sənədlərlə birlikdə müraciət etmiş, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin X3 İdarəsi cavab olaraq xx.xx.2025-ci il tarixli, 3-13-23/2-Ə-235xx/xx/2025 nömrəli məktubunda ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən əsassız olaraq imtina edilmişdir.
4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-25-29/2-1155/2025 nömrəli məktuba əsasən, Ağdam rayon Polis şöbəsinin sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olmadığından İddiaçı 1994- 1996-cı illərdə xidməti və döyüş əməliyyatlarında iştirak edib-etməməsi və döyüş əməliyyatlarının bütün növ təminatlarına cəlb olunub-olunmaması barədə araşdırma aparıla bilinməmişdir.
5. Daxili İşlər Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-13-23/2-1341/2025 nömrəli məktuba əsasən, xx.xx.1994-cü il tarixdən xx.xx.2017-ci il tarixədək Ağdam rayon Polis şöbəsində xidmət etmiş sabiq polis nəfəri İddiaçı eyni məzmunlu müraciətinə Daxili İşlər Nazirliyinin X3 İdarəsində sində baxılmış və nəticəsi barədə xx.xx.2025-ci il tarixli 3-13-23/2-8-235xx/xx/2025 nömrəli məktubla müəllifə məlumat verilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. Aparılmış araşdırma nəticəsində sabiq əməkdaş İddiaçı xx.xx.1994cü il tarixdən atəşkəsdən sonrakı dövrdə xidmət keçməsi nəzərə alınaraq, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakını təsdiq edən məlumat aşkar olunmadığından ona müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi mümkün olmamışdır.
6. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmamışdır.
7. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, xx.xx.2025-ci il tarixli məktubla işə onların iştirakı olmadan baxılması xahiş edilmişdir.
8. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.
9. Tərəflərin şifahi məhkəmə baxışı iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).
10. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraatı materialları təşkil etmişdir: - iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-25-29/2- 1155/2025 nömrəli məktubu; - Daxili İşlər Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-23/2- 1341/2025 nömrəli məktubu.
Əsaslandırma hissəsi:
11. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.
12. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır.
13. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab etmir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994 cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Həmin Əsasnamənin birinci bəndinin birinci qeydinə əsasən, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.
15. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar 1998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat Bənd 1.6. 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır.
17. İş materiallarından müəyyən olur ki, İddiaçı tələbi ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlıdır, hansı ki, onun hərbi xidməti barədə arxiv məlumatları aşkar edilmədiyindən cavabdeh orqan tərəfindən ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.
18. Belə ki, iddiaçı tərəfindən onun döyüş əməliyyatlarında iştirakının əsası olaraq məhkəməyə təqdim etdiyi Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi xx.xx.2025-ci il tarixli, 3-13-12/2-Ə-403xx/xx/2025 nömrəli arxiv arayışında onun (iddiaçının) həqiqətən xx.xx.1994-cü ildən xx.xx.2017-ci ilədək daxili işlər orqanlarında polis nəfəri vəzifəsində xidmət etdiyini, Ağdam RPŞ-nin xx.xx.1995-ci il tarixli 53 №-li ş/h üzrə əmri ilə hərbiçilərlə birlikdə döyüş zonasındakı müdafiə postlarında 6 gün müddətində xidmət etdiyinə görə 3 (üç) qat əmək haqqı və Ağdam RPŞ-nin xx.xx.1995-ci il tarixli 182 №-li ş/h üzrə əmri ilə hərbiçilərlə birlikdə döyüş zonasındakı müdafiə postlarında 15 gün müddətində xidmət etdiyinə görə 3 (üç) qat əmək haqqı hesablandığına istinad etməsidir. Habelə, iddiaçının Ağdam rayon Polis İdarəsində “polis nəfəri” kimi vəzifəyə 12 may 1994-cü ildən sonra təyin edilmiş, bu hal onun xx.xx.2024-cü il tarixli, ******* nömrəli əmək kitabçasında da öz əksini tapır.
19. Yuxarıda qeyd edilən norma tələblərindən belə bir nəticəyə gəlmək olur ki, atəşkəs dövründə xidmət keçmiş şəxslərə müharibə veteranı vəsiqəsinin verilməsi üçün qanunda nəzərdə tutulmuş iki şərt mövcuddur: - bilavasitə döyüş əməliyyatlarında iştirak edən - həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış olsun və bu hallar arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər təqdim edilmiş olsun.
20. Göründüyü kimi, şəxsə “Müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi üçün 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak etməli və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almalıdır.
21. Hazırkı halda isə iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi faktı nə sonuncu tərəfindən məhkəməyə təqdim etdiyi sənədlər, nə də ki inzibati məhkəmə icraatı gedişində məhkəmə tərəfindən aidiyyəti üzrə müvafiq inzibati orqanlara verilmiş sorğulara cavab məktublarında öz təsdiqini tapır. İddiaçı özü də iddia ərizəsində döyüş əməliyyatlarında iştirak etdiyini qeyd etməmiş, yanlız qeyd edilən dövrdə üç qat əməkhaqqı almasına istinad etmişdir ki, bu halda öz növbəsində məhkəmə tərəfindən şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yetərli hesab edilmir.
22. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3- 25-29/2-1155/2025 nömrəli məktubunda Ağdam rayon Polis şöbəsinin sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olmadığından İddiaçı 1994-1996-cı illərdə xidməti və döyüş əməliyyatlarında iştirak edib-etməməsi və döyüş əməliyyatlarının bütün növ təminatlarına cəlb olunub-olunmaması barədə araşdırma aparıla bilinmədiyi, həmçinin, Daxili İşlər Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-23/2-1341/2025 nömrəli məktubunda aparılmış araşdırma nəticəsində sabiq əməkdaş İddiaçı xx.xx.1994-cü il tarixdən atəşkəsdən sonrakı dövrdə xidmət keçməsi nəzərə alınaraq, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakını təsdiq edən məlumat aşkar olunmadığı iş üzrə inzibati icraat materialları ilə bəlli olmuşdur.
23. Son olaraq, yuxarıda sadalanan qanunvericilik normalarının tələbi və həmçinin, məhkəmə araşdırmasına əsasən məhkəmə qeyd edir ki, iddiaçının müraciətinə münasibətdə cavabdeh orqanın imtinası əsaslı olmuş və bu, hüquqların pozulmasına gətirib çıxarmamışdır.
24. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-1026/2023 nömrəli qərarında da əks etdirilmişdir.
25. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia əsaslı deyildir.
26. Ona görə də cavabdehin imtinası əsaslı olmuşdur.
27. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin norma tələblərinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Habelə, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “ “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Nurəli Hüseynov