Məhkəmə qərarları › İş №2-1(114)-3985/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3985/2024

28.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3985/2024 28.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “çıxarışın qismən etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi, cavabdehin, üçüncü şəxsin etirazı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, JN 3024 nömrəli Dövlət Aktında göstərilən 0.18 ha torpaq sahəsinin 47 kv.m hissəsinin X2 adına verilmiş torpağa dair çıxarışın etibarsız sayılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Tovuz rayon Qovlar Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 13 saylı qərarı ilə ona 0.18 ha torpaq sahəsi verilib. Həmin torpaq sahəsi sahibkarlıq məqsədi ilə iddiaçıya verilməklə həmin torpaq sahəsinə dair JN 3024 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə adına qeydə alınmışdır. Aralarında bağlanan müqaviləyə əsasən iddiaçı 22 avqust 2007-ci il tarixdə 47 kv.m torpaq sahəsini X3 20 il müddətinə icarəyə vermiş, 47 kv.m torpaq sahəsində qeyri-yaşayış binası tikilmişdir. Tovuz Rayon Məhkəməsinin qətnaməsinə əsasən, həmin tikili üzərində E.Süleymanovun mülkiyyət hüququ tanınmış, həmin qətnamə ilə 47 kv.m torpaq sahəsi E.Süleymanova verilməmişdir. İddiaçı sonradan bilmişdir ki, 0.18 ha torpaq sahəsinin 47.kv.m hissəsinə heç bir əsas olmadan E.Süleymanovun adına çıxarış verilib, qətnamədə yalnız tikili göstərilib. İddiaçı bildirir ki, mübahisə olunan tikintialtı olan 47 kv.m torpaq sahəsi onun mülkiyyətindədir və həmin torpaq sahəsi JN 3024 saylı Dövlət Aktının cizgiləri daxilindədir. Həmin torpaq sahəsinə dair başqa şəxsə çıxarış verildiyinə görə iddiaçı cavabdeh təşkilata müraciət etsə də, həmin çıxarışı etibarsız hesab etməmiş, halbuki, çıxarış verilən torpaq sahəsi 2004-cü ildən onun mülkiyyətindədir. İddiaçı hesab edir ki, həmin torpağa verilən çıxarış tam qanunsuz olmaqla etibarsız hesab edilməlidir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-3985/2024 nömrəli qərardadı ilə X4 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən X2 adına verilmiş çıxarışın ləğv edilməsi barədə müraciətə dair araşdırma və qeyri- yaşayış binası və yerləşdiyi torpaq sahəsinə elektron çıxarışın və texniki pasportun tərtib edilməsi üçün zəruri olan inventarlaşdırma işləri aparılarkən müəyyən edilmişdir ki, İddiaçı faktiki istifadəsində də olan torpaq sahəsinin bir hissəsinin koordinatları **********83-06301 reyestr nömrəli çıxarışla üst-üstə düşməsi və qeyriyaşayış binası üzərində mübahisə olması aşkar edilmişdir. Qeyd olunur ki, məhkəmə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın inzibati akt olmadığını nəzərə alaraq iddianın mümkünlük məsələsinə yenidən baxmalıdır. Göstərilənlərə əsasən, Hüquqların dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı olaraq şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni, qeydiyyat orqanı hüquqların yaranmasının deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Sözügedən qeyri-yaşayış binasına dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və sərhədlər müəyyən edilmişdir. Hüquqların yaranma anı Tovuz Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-273-2007 nömrəli qətnaməsidir. Qeydiyyatın aparılmasına əsas olmuş məhkəmə qətnaməsi qüvvədə olduğundan və mübahisələndirilmədiyindən, onun əsasında aparılmış qeydiyyatın ləğv edilməsi üçün əsas mövcud deyildir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Cavabdeh orqan yuxarıda qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxs tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı və vəkili məhkəmə iclasında iştirak etmiş, cavabdehin nümayəndəsi, üçüncü şəxs və nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə iclasa gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdilər. İşin halları xx.xx.2004-cü il tarixli, JN 3024, KOD 50300016 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən, Tovuz rayon Qovlar Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 13 nömrəli qərarı ilə 0.18 ha torpaq sahəsi sahibkarlıq məqsədi ilə İddiaçı satılmışdır. Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********52-06301 reyestr nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 0.18 ha torpaq sahəsi, 21.2 kv.m qeyri-yaşayış binası tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmışdır. Tovuz rayon Dövlət notariat kontorunun dövlət notariusu tərəfindən xx.xx.2007-ci il tarixdə 3M1-158 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən, İddiaçı Tovuz rayonu, Qovlar qəsəbəsində yerləşən 0.18 ha torpaq sahəsinin 47 kv.m-ni X3 icarəyə vermişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-200-2007 nömrəli qətnaməsinə əsasən, X1 Tovuz rayonu, Qovlar qəsəbəsindəki "xxxx" MMC-nin torpaq sahəsində özü tikdirdiyi, sahəsi 40.7 kv.m olan mağaza binasına mülkiyyət hüququ tanınmış və onun həmin tikilinin borc öhdəliyinin əvəzləşdirilməsi qaydasında X2 mülkiyyətinə verilməsi faktı təsdiq edilmiş və DƏDRX-ın Tovuz rayon Ərazi idarəsində həmin tikilinin E.Süleymanovun adına qeydə alınması qət edilmişdir. Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********83-06301 reyestr nömrəli çıxarışa əsasən, Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsində icarəsində olan 0.0047 ha torpaq sahəsində yerləşən 38.7 kv.m qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 99 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, qeyri- yaşayış binası və yerləşdiyi torpaq sahəsinə elektron çıxarışın və texniki pasportun tərtib edilməsi üçün zəruri olan inventarlaşdırma işləri aparılarkən müəyyən edilmişdir ki, faktiki istifadədə də olan torpaq sahəsinin bir hissəsinin koordinatları **********83-06301 reyestr nömrəli çıxarışla üst-üstə düşməsi, eyni zamanda qeyri-yaşayış binası üzərində mübahisə olması aşkar edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İş materialları ilə müəyyən olunur ki, Tovuz rayonu Qovlar qəsəbəsində yerləşən 0.18 ha torpaq sahəsi sahibkarlıq məqsədi ilə Tovuz rayon Qovlar Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 13 nömrəli qərarı ilə İddiaçı satılmışdır. Daha sonra həmin torpaq sahəsi ilə bağlı iddiaçıya xx.xx.2004-cü il tarixli, JN 3024, KOD 50300016 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. Hazırda iddiaçı göstərilən 0.18 ha torpaq sahəsinin 47 kv.m hissəsinin X2 adına verilmiş torpağa dair çıxarışın etibarsız sayılmasını xahiş edir. İşdə olan sənədlərdən görünür ki, xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən, İddiaçı Tovuz rayonu, Qovlar qəsəbəsində yerləşən 0.18 ha torpaq sahəsinin 47 kv.m-ni X3 icarəyə vermişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-200-2007 nömrəli qətnaməsinə əsasən, həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binası X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışa əsasən, Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsində icarəsində olan 0.0047 ha torpaq sahəsində yerləşən 38.7 kv.m qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan çıxarışdan X2 38.7 kv.m qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydə alınması, həmin binanın yerləşdiyi 0.0047 ha torpaq sahəsinin isə icarəsində olması müəyyən edilir. Digər tərəfdən hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.18 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi üzrə iddiaçının müdafiə olunması üçün məhkəməyə müraciət etdiyi mülkiyyət hüququ pozulmamış, yəni onun hüququna müdaxilə olmamışdır. Başqa sözlə iddiaçının hüquqi müdafiəyə ehtiyacı yoxdur. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “çıxarışın qismən etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “çıxarışın qismən etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar