Məhkəmə qərarları › İş №2-1(114)-3987/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3987/2023

29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3987/2023 29.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (Bərdə Rayon Mərkəzi X2 şəxsi) müddətsiz əlilliyin təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Tibbi-Sosial Ekspert Komissiyasının ona əlillik təyinatından imtina edilməsi barədə 05 may 2023-cü il tarixli qərarın qanunsuz hesab edilərək həmin qərarın ləğv edilməsi və ona sağlamlıq vəziyyətinin qiymətləndirilərək əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu ildən 10 fevral 2023-cü il tarixədək olan müddətdə Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlarının N nömrəli hərbi hissəsində müddətdən artıq hərbi xidmət hərbi qulluqçu - patrul taborunun 1-ci yarımqrupunun atıcısı olaraq hərbi xidmət keçmiş, kiçik çavuş rütbəsində olmuşdur. 2023cü ilin əvvəllərindən etibarən səhhətində problemlər yarandığına görə müxtəlif tibb müəssisələrində müayinə və müalicələr almış, DİN-nin X1 Hərbi Həkim Komissiyasının 03 fevral 2023-cü il tarixli qərarı ilə "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilmiş, bu barədə ona xx.xx.2023-cü il tarixli, 32 №-li "Xəstəlik haqqnda Şəhadətnamə" verilmişdir. Şəhadətnamədə Diaqnoz: "Volf-Parkinson- Uayt sindiromu (XBT: 145.6) ümumi xəstəlikdir" göstərilmişdir. Odur ki, 10 fevral 2023-cü il tarixdən etibarən hərbi xidmət keçməkdən azad edilmişdir. Daha sonra Bərdə Rayon Mərkəzi X2 X3 Komissiyası tərəfindən sağlamlıq vəziyyəti qiymətləndirilərək ona əlillik dərəcəsi təyin edilməsi üçün cavabdehin Tibbi Sosial Ekspert Komissiyasına G00092484QAD nömrəli göndəriş göndərilmişdir. Lakin evabdehin Tibbi Sosial Ekspert Komissiyası xx.xx.2023-cü il tarixli qərarı ilə ona əlillik təyinatından imtina etmişdir. İmtinanın səbəbi olaraq qərarda göstərilmişdir ki, "Dövlət səhiyyə müəssisələri tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan ağırlaşması göstərilməyib." Cavabdehin mənə əlillik təyinatından imtina etməsinə dair xx.xx.2023-cü qərarını (imtina səbəbini) əsassız və qanunsuz hesab edirəm. Belə ki: 1.Cavabdehin imtina səbəbi olaraq qərarında göstərildiyi səbəb formal (şablon) səbəbdir, süründürməçilikdir və bəhanədir. Cavabdeh əlillik dərəcəsi təyin təyin etmək istəmədiyi bütün vətəndaşlara qəsdən bu cür bəhanələrlə əlillik təyinatından imtina verir. 2.Əgər cavabdeh göndərişi həqiqətən də natamam doldurmuş hesab edirdisə, bütün natamamlıqları sadalamaqla göndərişi rəsmiləşdirmiş tibb müəssisəsindən tələb etməli idi ki, konkret olaraq, məsələn 10 gün müddətində bu qüsurlar aradan qaldırılmaqla yeni göndəriş rəsmiləşdirilsin. İddiaçı hesab edir ki, G00092484QAD nömrəli göndərişdə heç bir natamamlıq yoxdur. Bütün müalicələri və diaqnostik müayinələrinin nəticələri həmin göndərişdə ətraflı olaraq qeyd edilmişdir. Bərdə Rayon Mərkəzi X2 X3i Komissiyası tərəfindən də ona bildirilir ki, cavabdehin TSEK-nın xx.xx.2023-cü il tarixli qərarında göstərilmiş imtina səbəbi formal bəhanədir, G00092484QAD nömrəli göndərişdə heç bir natamamlıq yoxdur. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia tələbi “xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyasının 85-100 faizinin itirilməsinə görə müddətsiz əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlarının Baş İdarəsinin Tibb xidmətində Hərbi-həkim komissiyasının xx.xx.2023-cü il tarixli, 32 nömrəli Xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, İddiaçı DİN-nin X1 Hərbi Həkim Komissiyasının 03 fevral 2023-cü il tarixli qərarı ilə "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilmişdir. - işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin G00092484QAD nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. -surəti işə əlavə edilmiş tibbi-sosial ekspertiza alt sistemindən çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli müayinə nəticəsində “Vaxtından əvvəl oyanma sindromu, Volf-Parkinson-Uayt sindromu” diaqnozu qoyulmuş, həmin göndərişdən “Göndərişin natamam doldurulması” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının xəstəliyi ilə əlaqədar ona qoyulmuş “Vaxtından əvvəl oyanma sindromu, Volf-Parkinson- Uayt sindromu” diaqnozuna əsasən əlillik vəziyyətinə baxılmış, lakin “Göndərişin natamam doldurulması” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. İddiaçı hazırki tələblə orqanizmin funksiyasının 85-100 faizinin itirilməsinə görə müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın:- -1.1-ci bəndinə əsasən əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. -3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. -3.2-ci bəndinə əsasən xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. -6.6.1-ci bəndinə əsasən parkinson xəstəliyinə görə orqanizmin funksiyalarının pozulması faizi 85-100 faiz olmaqla orqanizmin funksiyalarının pozulması müddətsizdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçıya “Volf-Parkinson-Uayt sindromu” diaqnozu qoyulduğundan DİN-nin X1 Hərbi Həkim Komissiyasının 03 fevral 2023-cü il tarixli qərarı ilə "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilmişdir. Bundan əlavə, göndərişin rəsmiləşdirən səhiyyə müəssisəsi tərəfindən də eyni diaqnoz qoyularaq tibbi-sosial ekspert komissiyasına müvafiq göndəriş rəsmiləşdirilmiş, lakin cavabdeh tərəfindən “Göndərişin natamam doldurulması” əsası ilə iddiaçıya əlillik təyinatından imtina edilmişdir. Qeyd edilməlidir ki, yuxarıda istinad olunan qanunvericiliyin tələblərinə əsasən göndərişin natamam doldurulması əlilliyin müəyyən olunmasından imtinaya deyil, altsistemin xüsusi bölməsində müvafiq qeyd aparılmaqla bu barədə bildirişin göndərişi rəsmiləşdirilmiş komissiyaya göndərilməsinə əsas verir. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçı hazırda qeyd olunan xəstəliklərdən əziyyət çəkir və onda olan xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.6.1ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 85-100 faiz olmaqla, orqanizmin funksiyalarının pozulması müddətinin “müddətsiz” müəyyən edilməsinə əsas verir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya xx.xx.2023-cü il tarixdən “Əlilliyin müəyyən olunması meyarları”nın 6.6.1-ci bəndinə əsasən müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.6.1-ci bəndinə əsasən xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyasının 85-100 faizinin itirilməsinə görə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar