Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-399/2020 19.05.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki,erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmək üçün xx.xx.1992-ci ildə könüllü olaraq Tərtər rayon Hərbi Komissarlığı vasitəsilə N nömrəli hərbi hissəyə göndərilmiş və xx.xx.1994-cü il tarixədək həmin hərbi hisssədə həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərin birində (xx.xx.1992-ci ildə) sol diz oynağından qəlpə yarası almış və bu səbəbdən də xx.xx.1992-ci ilədək «sol diz qapağının qəlpə yarası» diaqnozu ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasında stasionar müalicədə olmuşdur. Bundan sonra xx.xx.1994-cü ildən (əmr № 18) xx.xx.1994-cü ilədək (əmr № 84) N nömrəli hərbi hissədə həqiqi hərbi xidmətini davam etdirmiş və həmin hərbi hissənin tərkibində döyüşlərdə fəal iştirak etmişdir. Tərtər Qarnizonu Hərbi Tribunalının hökmünə əsasən AR CM-nin 243-cü maddəsi ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, lakin barəsində AR CM-nin 42-ci maddəsi tətbiq edilərək döyüşən orduya-N nömrəli hərbi hissəyə göndərilmiş və xidmətini həmin hərbi hissədə davam etdirmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Qərargah Rəisinin xx.xx.1997-ci il tarixli, 3/4-539 nömrəli sərəncamı və N nömrəli hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli (əmr № 64) əmri ilə hərbi xidmətdən tərxis edilmiş və qeydiyyata alınması üçün Tərtər rayon Hərbi Komissarlığına göndərilmişdir. Müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2019-cu il tarixli, 11/6244 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, Müdafiə Nazirliyi Mərkəzi Arxivindən verilən xx.xx.2019-cu il tarixli, 9/2-2087 nömrəli məktubdan görünür ki, N nömrəli hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitabında Tərtər RHK-dən çağrılmış xx.xx.1975-ci il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N nömrəli əmri ilə hərbi hissəyə daxil olması və xx.xx.1994-cü il tarixdən fərarilik etdiyinə görə xx.xx.1994-cü il tarixli, 84 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır, ona görə də ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bu səbəbdən də iddianın təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2019cu il tarixli, 1/N-15843 nömrəli məktubunun məzmunundan görünür ki, İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinin məqsədəmüvafiq olmadığı bildirilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər X1 xx.xx.2019-cu il tarixli, 9/2-2087 nömrəli arxiv arayışının məzmunundan görünür ki, İddiaçı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N nömrəli əmri ilə hərbi hissəyə daxil olmuş, xx.xx.1994-cü il tarixdən fərarilik etdiyinə görə xx.xx.1994-cü il tarixli, 84 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmış, Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin xx.xx.1996-cı il tarixli sərəncamına əsasən Tərtər Qarnizonu Hərbi Tribunalında AR CMnin 243-cü maddəsi ilə 11 il müdətinə azadlıqdan məhrum edilmiş və barəsində CM-nin 42-ci maddəsi tətbiq edilməklə hərbi hissəyə göndərilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 134 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilərək ştatdan kənar saxlanılmış, Silahlı Qüvvələri Baş Qərargah rəisinin xx.xx.1997-ci il tarixli sərəncamına əsasən həqiqi hərbi xidmətdən ehtiyyata tərxis olunduğuna görə N nömrəli hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 64 nömrəli əmrilə vəzifəsindən azad edilməklə şəxsi heyətin siyahısından çıxarılaraq qeydiyyata düşmək üçün Tərtər RHK-nın sərəncamına göndərilmişdir. -İddiaçı məxsus xx.xx.1992-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletin surətində olan qeydlərdən görünür ki, sonuncu xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N nömrəli hərbi hissədə və xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək N nömrəli hərbi hissədə hərbi xidmətdə olmuşdur. -Tərtər Qarnizonu Hərbi Tribunalının xx.xx.1996-cı il tarixli hökmünün surətindən görünür ki, İddiaçı AR CM-nin 243-cü maddəsi ilə 11 il müdətinə azadlıqdan məhrum edilmişdir. -Tərtər Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.1997-ci il tarixli qərardadının surətindən görünür ki, sıravi əsgər İddiaçı cəzadan azad edilməsinə dair N nömrəli hərbi hissə komandirinin vəsatəti təmin edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə 1991ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli, 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Həmin Əsasnamənin 1-ci bəndinin Qeyd hissəsində göstərilmişdir ki, Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. Lakin cavabdeh orqan İddiaçı döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etdiyinə görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Halbuki iddiaçıya məxsus hərbi biletdə, eləcə də Müdafiə Nazirliyi İşlər X1 xx.xx.2019-cu il tarixli, 9/2-2087 nömrəli arxiv arayışında onun barəsində CM-nin 42-ci maddəsi tətbiq edilməsi barədə qeydlər mövcuddur. X2 Hərbi Məhkəməsinin xx.xx.1997-ci il tarixli qərardadının surətindən görünür ki, iddiaçı cəzadan azad edilmişdir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin Qeyd hissəsində nəzərdə tutulan istisna iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, iddiaçı hərbi xidmətdə olmaqla yanaşı, həm də qanuni əsaslarla ehtiyata buraxılmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli və iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. Həmin Məcəllənin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 73.1 maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətindəGəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-399/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-399/2020
19.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver