Məhkəmə qərarları › İş №2-1(114)-399/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-399/2024

30.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-399/2024 30.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialına qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli, 19411/**********7 nömrəli qərarının, DSMF publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz filialının xx.xx.2020-ci il tarixli, **********5 nömrəli qərarının ləğv edilməsi və tutulmuş 3226,04 manat məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1989-cu il tarixdə Goranboy rayonun Dəliməmmədli qəsəbəsində anadan olmuş, hazırda ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. İddiaçının əlillik vəziyyəti xx.xx.2010-cu il tarixində qiymətləndirilmiş və hərbi xidmət dövrü ilə əlaqədar bir il müddətinə (xx.xx.2011-ci ilədək) ikinci dərəcə ilkin əlillik, xx.xx.2013-cü il tarixində hərbi xidmət dövrü ilə əlaqədar iki il müddətinə (xx.xx.2015-ci ilədək) birinci dərəcə, xx.xx.2015-ci il tarixində iki il müddətinə (xx.xx.2017-ci ilədək) birinci dərəcə, xx.xx.2017-ci il tarixdəki müayinə zamanı isə iddiaçıya müddətsiz birinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə araşdırmaya əsasən "Əlillik" altsistemində iddiaçıya dair Tibbisosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı xx.xx.2020-ci il tarixində ləğv olunmuşdur. Prezident təqaüdünə dair sosial müavinət işin materiallarından görünür ki, iddiaçıya xx.xx.2024-cü il tarixdən 1-ci qrup əlilliyə görə Prezident təqaüdü təyin edilmiş, hər ay 60 manat olmaqla xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 660 manat, hər ay 66 manat olmaqla xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək 1650 manat, hər ay 73 manat olmaqla xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 949 manat, hər ay 100 manat olmaqla xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 1400 manat, cəmi 4659 manat məbləğində təqaüd ödənilmişdir. DSMF publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz rayon filialının 740328 nömrəli, tarixsiz sərəncamına əsasən əlilliyin müddəti dəyişdirildiyi üçün iddiaçıya təyin edilmiş təqaüd ödənişi xx.xx.2015-ci il tarixdən dayandırılmışdır. İ qrup əlilliyə görə sosial müavinət işinin materiallarından görünür ki, iddiaçıya hər ay 67 manat olmaqla xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 737 manat, hər ay 74 manat olmaqla xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək 1850 manat, hər ay 82 manat olmaqla xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 1066 manat, hər ay 100 manat olmaqla xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 2100 manat, cəmi 5753 manat sosial müavinət ödənilmişdir. DSMF publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz rayon filialının xx.xx.2020-ci il tarixli, nömrəsiz sərəncamına əsasən xx.xx.2020-ci il tarixdən müavinət ödənişi dayandırılmışdır. DSMF publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz rayon filialının xx.xx.2020-ci il tarixli, **********5 nömrəli qərarın məzmunundan görünür ki, iddiaçıya xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 1 qrup əlilliyə görə sosial müavinət və təqaüd ödənilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sonuncu müayinəsinə dair məlumatına əsasən iddiaçının əlilliyi etibarsız hesab edilmiş və nəticədə 10.408,0 manat məbləğində artıq alınmış vəsait yaranmışdır. Yaranmış vəsaitin filialın hesabına qaytarılması haqda iddiaçıya bildiriş göndərilmiş, lakin artıq ödənilmiş 10.408,0 manat məbləğin bərpası təmin edilməmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş müddətdə hesaba ödənilmədiyindən vəsaitin bərpası icraya yönəldilmişdir. İddiaçının müraciəti əsasında xx.xx.2020-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, xx.xx.2017-ci il tarixindən hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Sonrakı dövrdə vətəndaşın əlillik vəziyyəti xx.xx.2020-ci il tarixində qiymətləndirilmiş və hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə iddiaçı xx.xx.2022-ci il tarixində Agentlikdə qəbulda olmuş, keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq xx.xx.2020-ci il tarixli hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə DSMF publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz rayon filialının xx.xx.2020-ci il tarixli, **********5 nömrəli qərarına dair icra sənədi üzrə icraata başlanılmışdır. Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçıdan 728,56 manat məbləğində icra ödənişinin alınması qərara alınmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli, 19411/**********7 nömrəli tutulma ilə bağlı qərarına əsasən iddiaçıya xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək artıq ödənilmiş 1.122,26 manat və xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 0,00 manat ödənilməli olan vəsait müəyyən edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********7 nömrəli qərarına əsasən iddiaçıya İİ dərəcə əlilliyə görə xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində sosial müavinət təyin edilmişdir. Qərarın məzmununda qeyd olunur ki, əlillik altsistemində **********1 ESDAS nömrəli məktubuna əsasən müayinə etibarsız edildiyi üçün xx.xx.2015-xx.xx.2017-ci il tarixləri artıq vermə, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə İ dərəcə əlilliyə görə, xx.xx.2020xx.xx.2022-ci il tarixədək İİ dərəcə əlilliyə görə 1.323,46 manat əskik vermə müəyyən edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilə kimi olan dövr üzrə ödənilməli olan ödənişlərin verilməsini xahiş etmişdir. Müraciət aidiyyəti üzrə baxılması üçün cavabdehə təqdim edilmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-A-132749/2023 nömrəli məktubunda bildirmişdir ki, iddiaçıya xx.xx.2010-cu il tarixindən İ dərəcə əlilliyə görə sosial müavinət və xx.xx.2014-cü il tarixindən İ dərəcə əlilliyə görə sosial müavinət alan bəzi kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilərək ödənişləri xx.xx.2020-ci il tarixinədək davam etdirilmişdir. Araşdırma zamanı Mərkəzləşdiriimiş elektron intormasiya sisteminin "Əlillik" altsistemində olan məlumatlara əsasən xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək müəyyən edilmiş İ dərəcə əlilliyə dair müayinə aktı etibarsız edilmiş və bu səbəbdən iddiaçıya xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək ödənilmiş sosial müavinət və Prezident təqaüdünün məbləği üzrə artıqödəmə müəyyən edilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində olan məlumatlara əsasən təkrar müayinə əsasında xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək İ dərəcə əlilliyi müəyyən edildiyi üçün sizə xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək İ dərəcə əlilliyə görə sosial müavinət və Prezident təqaüdü təyin edilmişdir. Eyni zamanda "Əlillik" altsistemində olan məlumatlara əsasən təkrar müayinə əsasında xx.xx.2020-ci il tarixindən hərbi xidmət dövrü ilə əlaqədar iddiaçının İl dərəcə əlilliyi müəyyən edildiyi üçün iddiaçıya xx.xx.2020-ci il tarixindən İl dərəcə əlilliyə görə sosial müavinət təyin edilmişdir. Həmçinin təkrar müayinə əsasında xx.xx.2022-ci il tarixindən hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz İİ dərəcə əlilliyi müəyyən edildiyi üçün ona müvafiq olaraq həmin tarixdən İl dərəcə əlilliyə görə sosial müavinət təyin edilmiş və xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində olmaqla ödənişi davam etdirilməkdədir. Müraciətinizlə əlaqədar olaraq bildirilmişdir ki, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək sosial müavinət və xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək Prezident təqaüdü üzrə ödənilməli olan ötən dövr məbləği xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək sosial müavinət və Prezident təqaüdü üzrə artıq ödənilmiş məbləğlə əvəzləşdirildikdən sonra qalan məbləğ 2022-ci ilin dekabr ayında aylıq müavinətin üzərinə əlavə edilməklə iddiaçıya ödənilmişdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialının xx.xx.2023-cü il tarixli, 3-17- 1/2-H-150666/2023 nömrəli məktubunda bildirilmişdir ki, sosial müavinət və təqaüd işi üzrə iddiaçıya ödənilmiş 3.226,04 manat borc məbləği 2022-ci ilin dekabr ayında keçmiş dövr üçün alınmamış məbləğlərlə əvəzləşdirildiyi üçün artıqalma tam bərpa edilmişdir. İddiaçıya xx.xx.2023-cü il tarixinə artıqalınmış vəsait aşkar edilməmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə, daha sonra tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli, 19411/**********7 nömrəli qərarının, DSMF publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz filialının xx.xx.2020-ci il tarixli, **********5 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı ərizə təqdim edərək tələbin həcmini artıraraq tutulmuş 3226,04 manat məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə sorğusu əsasında təqdim edilmiş cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17- 1/2-180763/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sosial ödənişlər" altsistemində olan məlumata əsasən iddiaçıya xx.xx.2010-cu il tarixindən İ dərəcə əlilliyə görə sosial müavinət və xx.xx.2014-cü il tarixindən İ dərəcə əlilliyə görə sosial müavinət alan bəzi kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilərək ödənişləri xx.xx.2020-ci il tarixinədək davam etdirilmişdir. Araşdırma zamanı MEİS-in "Əlillik" altsistemində olan məlumatlara əsasən iddiaçının xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək müəyyən edilmiş İ dərəcə əlilliyinə dair müayinə aktı etibarsız edilmiş və bu səbəbdən ona xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək ödənilmiş sosial müavinət və Prezident təqaüdünün məbləği üzrə artıqödəmə müəyyən edilmişdir. "Əlillik" altsistemində olan məlumatlara əsasən təkrar müayinə əsasında xx.xx.2017- ci il tarixindən xx.xx.2020-ci il tarixinədək İ dərəcə əlilliyi müəyyən edildiyi üçün iddiaçıya xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci iktarixinədək İ dərəcə əlilliyə görə sosial müavinət və Prezident təqaüdü təyin edilmişdir. Eyni zamanda "Əlillik" altsistemində olan məlumatlara əsasən təkrar müayinə əsasındə xx.xx.2020-ci il tarixindən hərbi xidmət dövrü ilə əlaqədar İl dərəcə əlilliyi müəyyən edildiyi üçün iddiaçıya xx.xx.2020-ci il tarixindən İİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmişdir. Həmçinin təkrar müayinə əsasında xx.xx.2022-ci il tarixindən hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz İl dərəcə əlilliyi müəyyən edildiyi üçün adıçəkilən şəxsə müvafiq olaraq həmin tarixdən İİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmiş və xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində olmaqla ödənişi davam etdirilməkdədir. Əlavə olaraq bildiririk ki, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək sosial müavinət və xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək Prezident təqaüdü üzrə ödənilməli olan ötən dövr məbləği xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək sosial müavinət və Prezident təqaüdü üzrə artıq ödənilmiş məbləğlə əvəzləşdirildikdən sonra qalan məbləğ 2022-ci ilin dekabr ayında iddiaçının aylıq müavinətinin üzərinə əlavə edilməklə ödənilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-17-1/2-212678/2023 nömrəli etirazında yuxarıda qeyd olunan halları təkrarlamış, əlavə olaraq bildirmişdir ki, iddiaçının xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək hərbi xidmət dövrü ilə əlaqədar İ dərəcə əlilliyə görə təqaüd almaq hüququ olduğu üçün 400,00 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək İ dərəcə əlilliyə görə sosial müavinət almaq hüququ olduğu üçün 600,00 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək İİ dərəcə əlilliyə görə sosial müavinət almaq hüququ olduğu üçün 2245,71 manat olmaqla ümumilikdə 3245,71 manat alınmamış fərq məbləğ və xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək "Əlillik" altsistemində müayinəsi etibarsız edildiyi üçün İ dərəcə əliliyə görə təqaüd işi üzrə 1522,26 manat, İ dərəcə əlilliyə görə sosial müavinət işi üzrə 1703,78 manat olmaqla ümumilikdə 3226,04 manat artıqödəmə məbləği əvəzləşdirilmiş, qalıq 19,67 manat fərq məbləğ İddiaçı müavinət işi üzrə 2022-ci ilin dekabr ayında tam ödənilmişdir. İddiaçı Mərkəzi Filiala xx.xx.2023-cü il tarixdə müraciət edərək xx.xx.2020- xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə almadığı sosial müavinət və təqaüd məbləğlərini tələb etmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubla qeyd olunan əsaslar iddiaçıya bildirilmişdir. Qanunvericiliyin tələbinə əsasən şəxsə əsassız ödənilmiş İ dərəcə əlilliyə görə sosial müavinət və təqaüdün qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibati akt əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbul edilir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, həm qərar, həm sərəncam, həm də digər növ hakimiyyət tədbiri formasında olmaqla, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, artıq ödənilmiş vəsaitin məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. Beləliklə, iddiaçıya xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək dərəcə əlilliyə görə təqaüd işi üzrə 1522,26 manat, İ dərəcə əlilliyə görə sosial müavinət işi üzrə 1703,78 manat olmaqla ümumilikdə 3226,04 manat artıq ödənilmiş məbləğin ona ödənilməli xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək hərbi xidmət dövrü ilə əlaqədar 400,00 manat İ dərəcə əlilliyə görə təqaüd, xx.xx.2020-ci il tarixindən xx.xx.2020ci il tarixinədək 600,00 manat İ dərəcə əlilliyə görə sosial müavinət, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 2245,71 manat İİ dərəcə əlilliyə görə sosial müavinət olmaqla ümumilikdə 3245,71 manat məbləğlə əvəzləşdirilərək tutulması qanunidir. Qeyd olunanlardan bir daha aydın olur ki, iddia tələbi əsassızdır, təmin edilməməlidir. Məhkəmə sorğusunun cavablandırılması haqqında cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/2-69364/2024 nömrəli məktubunda bildirmişdir ki, artıq ödəmənin əvəzləşdirilməsi ilə bağlı vətəndaşın razılığının alınıb-alınmaması barədə müavinət və təqaüd işlərinin tərkibində hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanları müdafiə edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən icra məmuru X2 izahatında bildirmişdir ki, cavabdeh qurumun əməkdaşları əlaqə saxlayıb, onlar tərəfindən iddiaçıdan tutulmalı olan məbləğin əvəzləşdirilməsi barədə məlumat əldə etdikdən sonra iddiaçıdan yalnız icra xərcinin tutulması istiqamətində hərəkət etmişdir. Cavabdeh qurum tərəfindən daha sonralar iddiaçının borc məbləği ilə bağlı yeni qərar qəbul etməsi, hansı məbləğdə əvəzləşdirmə aparması barədə məlumatı yoxdur. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunanlara əsasən iddianı əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hərbi xidmət dövrü ilə əlaqədar iddiaçıya xx.xx.2010-cu il tarixində bir il müddətinə (xx.xx.2011-ci ilədək), xx.xx.2011-ci il tarixində bir il müddətinə (xx.xx.2012-ci ilədək), xx.xx.2012-ci il tarixində bir il müddətinə (xx.xx.2013-cü ilədək), xx.xx.2013-cü il tarixində iki il müddətinə (xx.xx.2015ci ilədək), xx.xx.2015-ci il tarixində iki il müddətinə (xx.xx.2017-ci ilədək), xx.xx.2017-ci il tarixdə müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra inzibati orqanda aparılan araşdırmaya əsasən "Əlillik" altsistemində vətəndaşa dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı xx.xx.2020-ci il tarixində ləğv olunmuşdur. xx.xx.2020-ci il tarixində iddiaçının müraciəti əsasında xx.xx.2017-ci il tarixindən hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz birinci dərəcə əlilliyi bərpa edilmiş, sonrakı dövrdə vətəndaşın əlillik vəziyyəti yenidən qiymətləndirilərək xx.xx.2020-ci il tarixində hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. İddiaçının əlilliyi etibarsız hesab edilən zaman DSMF-nin səlahiyyətli orqanı Gəncə şəhər Kəpəz rayon filialı xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək iddiaçıya ödənilmiş 10.408,0 manat məbləğində artıq ödənilmiş vəsaitin bərpası ilə bağlı qərar qəbul etmişdir (Dövlət Sosial Müdafiə Fondun xx.xx.2020-ci il tarixli **********2 nömrəli qərarına əsasən Fondun keçmiş rayon şöbələri (filialları) üzrə Regional Ərazi Filialları yaradılmış və onların əsasnamələri təsdiq edilmişdir. Həmin əsasnamələrə əsasən rayon filialların səlahiyyətləri Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının səlahiyyətinə verilmişdir). Yuxarıda qeyd edilən xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək artıq ödənilmiş 10.408 manat məbləğin tutulması barədə qərar qüvvədə olduğu halda, cavabdeh qurum tərəfindən iddiaçının razılığı alınmadan xx.xx.2015-xx.xx.2017-ci il dövrə dair İ dərəcə əliliyə görə təqaüd işi üzrə 1522,26 manat, İ dərəcə əlilliyə görə sosial müavinət işi üzrə 1703,78 manat olmaqla ümumilikdə 3226,04 manat artıqödəmə məbləğini iddiaçıya ödənilməli olan 3.245,71 manat məbləğin müvafiq hissəsində əvəzləşdirmişdir. Cavabdeh qurum tərəfindən yalnız xx.xx.2015-xx.xx.2017-ci il dövrə dair İ dərəcə əliliyə görə təqaüd işi üzrə 1522,26 manatın tutulmasına dair xx.xx.2022-ci il tarixli, 19411/**********7 nömrəli qərar qəbul edilmişdir (həmin qərarda artıq vermə məbləği 1.122,26 manat göstərilmişdir). İddiaçının sosial müavinət və Prezident təqaüdü işlərindən aydın olur ki, iddiaçıya xx.xx.2015-xx.xx.2020-ci il tarixləri üzrə 4659 manat məbləğində təqaüd, 5753 manat məbləğində sosial müavinət ödənilmişdir (cəmi 10.412 manat olsa da, cavabdeh tərəf 10.408 manat şəklində hesablamışdır). Hazırda iddiaçının məqsədi artıq tutulmuş və ya əvəzləşdirilmiş sosial müavinətin və Prezident təqaüdünün bərpa edilərək geri qaytarılmasıdır. “Sosial müavinətlər haqqında” Qanunun preambulasına görə həmin qanun Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Beləliklə, həmin qanun Göründüyü kimi, bu özündə sosial təminat sistemində sosial müavinət hüququ ilə bağlı olan mümkün və lazımi davranışın (hüquq və vəzifələr) növü və ölçüsünü (qaydalarını) və həmin hüquq normalarının mümkün pozuntularının mənfi nəticələrinin (hüquqi məsuliyyətin) aqibətini əks etdirir Hazırki mübahisə ilə bağlı yaranmış münasibətlər “Sosial müavinətlər haqqında” Qanunun 12.2-ci maddəsinin tənzimləməsi altına düşür. Həmin maddədə aşkar olaraq göstərilir ki, artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Eyni zamanda, həmin normada artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılması müəyyən olunmuşdur. Göründüyü kimi qanun cavabdehə artıq ödənilmiş məbləğin qaytarılması üçün konkret prosedur müəyyən etmişdir. Həmin prosedura əsasən inzibati orqan artıq ödəmə ilə bağlı hal aşkar etdiyi təqdirdə bu barədə şəxsi məlumatlandırmalı, artıq ödənilmiş məbləğin geri tutulması ilə bağlı müavinət alan şəxsin razılığı olmadığı təqdirdə, məhkəmədə iddia qaldırılmalıdır. Lakin iş materiallarından da göründüyü kimi cavabdeh inzibati icraatın tələblərini pozmuş, iddiaçının razılığı olmadan artıq ödənişlərin geri qaytarılması ilə bağlı konkret addımlar atmışdır. Artıq ödənilmiş Prezident təqaüdünə gəldikdə isə, məhkəmə Sosial müavinətlər haqqında” Qanunun 12.2-ci maddəsinin tələbləri ilə yanaşı, aşağıdakıları qeyd edir: 2023-cü il yanvarın 1-dək qüvvədə olmuş redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “Əmək pensiyaları haqqında” Qanunun (hazırda qüvvədə olan) 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məhkəmə hesab edir ki, qanunvericilik artıq ödənilmiş sosial ödəniş məbləğinin tutulmasını sosial ödəniş alan şəxsin razılığı ilə şərtləndirir. Prezident təqaüdünün özü də bir sosial ödənişdir. Hazırkı halda isə iş materialları ilə iddiaçının Prezident təqaüdündən tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir. Məhkəmə sorğusuna cavab olaraq inzibati orqan özü də etiraf etmişdir ki, iddiaçının sosial müavinət işinə dair sənədlərdə artıq ödənilmiş sosial ödəniş məbləğinin tutulması haqqında iddiaçının razılıq ərizəsi aşkar edilməmişdir. Qanunvericiliyə əsasən sosial ödəniş alan şəxsin razılığı olmadığı təqdirdə qeyd edilən məbləğlər məhkəmə qaydasında tutula bilər. Lakin cavabdeh belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. Odur ki, sosial müavinətdən tutmaya dair hərəkət qanunsuz sayılmalı, bununla bağlı qəbul edilmiş inzibati aktlar ləğv edilməli və onun icrasının nəticələri aradan qaldırılaraq tutulmuş məbləğ iddiaçıya geri qaytarılmalıdır. Buna görə də, iddiaçının iddiası təmin edilməli, yəni cavabdehin xx.xx.2022-ci il tarixli, 19411/**********7 nömrəli qərarı və hüquqi varisi olduğu DSMF publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz filialın xx.xx.2020-ci il tarixli, **********5 nömrəli qərarı ləğv edilməli, tutulmuş (əvəzləşdirilmiş) 3.226,04 manat məbləğin geri qaytarılması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialın xx.xx.2022-ci il tarixli, 19411/**********7 nömrəli qərarı və DSMF publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz filialın xx.xx.2020-ci il tarixli, **********5 nömrəli qərarları ləğv edilsin. İddiaçı 3.226,04 manat (üç min iki yüz iyirmi altı manat, dörd qəpik) məbləğin geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar