Məhkəmə qərarları › İş №2-1(114)-3992/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3992/2024

29.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3992/2024 29.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “vəsaitin tam ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona ödənilməli olan 24037.06 manat pul vəsaitinin tam ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2022-ci ildən pensiya yaşına çatması ilə əlaqədar ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Təyin edilmiş pensiyanın düzgün hesablanmaması və düzgün ödənilməməsi ilə bağlı iddiaçı Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 2198/2023 saylı qərarı ilə onun iddiası təmin edilmişdir. Bundan sonra cavabdeh apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, ilkin məhkəmə qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2829/2023 nömrəli qərarı ilə Apellyasiya instansiyasının qərarı ləğv edilərək, iddia tələbinin qismən təmin edilməsi barədə qərar çıxarılmışdır. Ali Məhkəmənin qərarından sonra məhkəmə qərarı icraya yönəldilmiş, cavabdeh tərəfindən iddiaçının pensiya məbləği və əvvəlki dövr üçün ödənilməmiş məbləğ yenidən hesablanmışdır. Cavabdeh məhkəmə qərarının icrası ilə əlaqədar Gəncə İnzibati Məhkəməsinə xx.xx.2024-cü il tarixli məktub göndərərək, iddiaçının pensiyasını 4408.45 manat hesablanmış və ötən dövr üçün ödənilməli olan məbləğinin miqdarını 8776,80 manat müəyyən edildiyini qeyd etmişdir. Məhkəmə qərarının icrası qaydasında pensiya məbləği düzgün hesablanmışdır. Lakin ötən dövr üçün ödənilməli məbləğ düzgün hesablanmamışdır. Ona görə də, iddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdehə müraciət edərək, onun xx.xx.2024-cü il tarixli məktubunda ötən dövr üçün ödənilməli məbləğin miqdarının 8776.80 manat hesablanmasının düzgün olmadığını qeyd edərək, ödənilməli məbləğin miqdarının 25019.10 manat təşkil etməsini və ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda onun həmin ərizəyə əlavə etdiyi cavabdehin 29 iyun 2022-ci il tarixli məktubundakı hesablama ilə əlaqəli apardığı hesablamaları qeyd edib, fərq məbləğinin yenidən hesablanıb, köçürülməsinin təmin edilməsini xahiş etmişdir. İddiaçının həmin müraciətinə cavabdehin verdiyi imtina məktubunda göstərilmişdir ki, ötən dövrə görə, yəni, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün iddiaçıya ödənilməli olan məbləğ ümumilikdə 24037.06 manat hesablanmış, həmin məbləğin 15260.26 manatı guya artıq ödənilmiş pul vəsaiti kimi Nazirlər Kabintinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarının tələbinə uyğun olaraq, çıxılaraq büdcəyə bərpa edilmişdir. Qalan 8776.80 manat pul vəsaiti 2024-cü ilin yanvar ayından hissə-hissə ödənilir. İddiaçı hesab edir ki, cavabdehin həmin cavabı tam qanunsuz və əsassız olmaqla, pensiya qanunvericiliyinin kobud pozulmasıdır. Belə ki, cavabdehin guya artıq ödənilmə adı ilə onun 15260.26 manat pul vəsaitini özbaşına, məhkəmə qərarı olmadan, tam qanunsuz kəsib büdcəyə bərpa etməsi tam qanunsuz olmaqla, səlahiyyət həddinin aşılması və qanunun tələbinin bilə-bilə pozulmasıdır. Ona görə də, cavabdehin imtinası tam qanunsuz olduğundan onun üzərinə özünün hesabladığı, iddiaçıya ödənilməli olan 24037.06 manat pul vəsaitinin tam ödənilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməlidir. Cavabdehin etirazı Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ödənilməli olan pul vəsaitinin tam məbləğdə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə Mərkəzi Filiala müraciət edərək Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(102)-2829/2023 nömrəli qərarına əsasən ona ödənilməli olan pul vəsaitinin 25019.10 manat məbləğində hesablanmalı olduğu halda 8776.80 manat məbləğində hesablandığını qeyd etmiş və müvafiq fərq məbləğinin yenidən hesablanaraq ödənilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli 3-17-1/2-A-115348/2024-cü il tarixli artıq ödənilmiş pul vəsaitinin büdcəyə bərpa edilməsi və ötən dövr üzrə hesablanmış vəsaitin hissə-hissə ödənilməsi haqqında məktub ünvanlanmışdır. Həmin məktubda iddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə əsasən əmək pensiyasının yenidən hesablanarkən ötən dövr ərzində ümumilikdə 67743,25 manat artıq pul vəsaitinin ödənildiyi, hakimlərin vəzifə maaşlarının xx.xx.2022-ci il tarixindən artırılması ilə əlaqədar pensiyasının xx.xx.2022-ci il tarixdə yenidən hesablanaraq 2882,60 manat məbləğində müəyyən edilməklə xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə yaranan 2618,70 manat fərq məbləğinin artıq ödənilmiş 67743,25 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edildiyi və qalıq artıq ödəmənin 65124,55 manat təşkil etdiyi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən İddiaçı artıq ödənilmiş vəsaitin son üç il üzrə məhdudlaşdırılaraq 15260,26 manata (2023cü il üzrə indkesləşdirmə ilə əlaqədar ödənilməli olan 423,74 manat fərq məbləği nəzərə alınmaqla) azaldıldığı qeyd edilmişdir. Həmçinin, Ali Məhkəmənin müvafiq qərarına əsasən iddiaçının əmək pensiyasının 4902,20 manat məbləğində hesablanaraq ödənilməli olan ümumilikdə 24037,06 manat pul vəsaiti müəyyən edildiyi, son üç il üzrə məhdudlaşdırılaraq artıq ödənilmiş 15260,26 manat pul vəsaitinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarının tələblərinə uyğun olaraq həmin məbləğdən çıxılaraq büdcəyə bərpa edildiyi və qalan 8776,80 manat pul vəsaitinin cari ilin yanvar ayından etibarən hissə-hissə iddiaçının əmək pensiyasının üzərinə əlavə edilərək ödənildiyi bildirilmişdir. İddiaçıya xx.xx.2009-cu il tarixdən sabiq hakim kimi İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2009-cu il tarixdə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1071.00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 481,95 manat olmaqla orta aylıq əmək haqqı 1552,95 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 18 il 25 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (1552,95 manat) 80 faizi-1242,36 manat məbləğində hesablanmışdır. Beləliklə, iddiaçıya xx.xx.2009-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 58471,07 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 58432,32 manat ödənilmişdir. Buna görə də həmin dövr üzrə 38,75 manat əskik pul vəsaiti ödənilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar xx.xx.2013-cü il tarixdən İddiaçı vəzifə maaşı 1242,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 558,90 manat olmaqla orta aylıq əmək haqqı 1800,90 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası Qanunun 109-cu maddəsinin xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 18 il 25 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (1800,90 manat) 80 faizi-1440,72 manat məbləğində hesablanmalı olduğu halda, 1242,36 manat məbləğində müəyyən edilməklə iddiaçıya 198,36 manat əskik pul vəsaiti ödənilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar xx.xx.2014-cü il tarixdən iddiaçının vəzifə maaşı 1449,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 652,05 manat olmaqla iddiaçının orta aylıq əmək haqqı 2101,05 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası Qanunun 109-cu maddəsinin xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 18 il 25 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (2101,05 manat) 80 faizi-1680,84 manat məbləğində hesablanmışdır. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.2014xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 87403,68 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 129823,18 manat ödənilib. Buna görə də həmin dövr üzrə iddiaçıya 42419,50 manat artıq pul vəsaiti ödənilmişdir. Həmçinin, hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar xx.xx.2018-ci il tarixdən vəzifə maaşı 1596,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 718,20 manat olmaqla orta aylıq əmək haqqı 2314,20 manat təşkil etmişdir. Bununla əlaqədar Qanunun 109-cu maddəsinin xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən iddiaçının əmək pensiyası 18 il 25 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (2314,20 manat) 80 faizi-1851,36 manat məbləğində hesablanmalı olduğu halda. 2690,92 manat məbləğində müəyyən edilmiş, nəticədə xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində 13432,96 manat artıq pul vəsaiti ödənilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar xx.xx.2019-cu il tarixdən vəzifə maaşı 1732,50 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 779.63 manat olmaqla orta aylıq əmək haqqı 2512,13 manat təşkil etmişdir. Bununla əlaqədar “əmək pensiyası haqqında” qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 18 il 25 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (2512,13 manat) 80 faizi-2009,70 manat məbləğində hesablanmalı olduğu halda, 2893,30 manat məbləğində müəyyən edilməklə xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində hər ay iddiaçının müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də həmin dövr üzrə İddiaçı 14137,60 manat artıq pul vəsaiti ödənilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2009-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 237,11 manat əskik, xx.xx.2014-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində isə 69990,06 manat artıq pul vəsaiti ödənilmişdir. Nəticədə ümumilikdə 69752,95 (69990,06-237,11) manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. İddiaçının Mərkəzi Filiala xx.xx.2022-ci il tarixdə daxil olmuş müraciətinə əsasən əmək pensiyasının növü xx.xx.2022-ci il tarixdə (xx.xx.2022-ci il tarixdən hesablanmaqla) dəyişdirilərək yaşa görə (2009,70 manat) müəyyən edilmiş, həmçinin 2022-ci ilin yanvar ayı üzrə ödənilməli olan 2009,70 manat pensiya məbləği hesablanmışdır. Qeyd edilən pul vəsaiti artıq ödənilmiş 69752,95 manatdan çıxılaraq büdcəyə bərpa edilmiş, nəticədə 67743,25 manat artıq ödənilmiş pul vəsaiti qalmışdır. Bundan əlavə, hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar xx.xx.2022-ci il tarixdən iddiaçının vəzifə maaşı 2485,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 1118,25 manat olmaqla orta aylıq əmək haqqı 3603,25 manat təşkil etmişdir. Bununla əlaqədar “əmək pensiyası haqqında” qanunun 109-cu maddəsinin xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 18 il 25 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (3603.25 manat) 80 faizi-2882,60 manat məbləğində müəyyən edilərək xx.xx.2022-xx.xx.2022-ci il tarixləri üzrə ödənilməli olan ümumilikdə 2618,70 manat fərq məbləği hesablanmışdır. Həmin məbləğ artıq ödənilmiş 67743,25 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilmiş, 65124,55 manat artıq ödənilmiş pul vəsaiti qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. İşin halları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış “artıq ödənilmiş pul vəsaitinin büdcəyə bərpa edilməsi və ötən dövr üzrə hesablanmış vəsaitin hissə-hissə ödənilməsi haqqında” məktubda göstərilmişdir ki, İddiaçı müraciətinə əsasən aparılan araşdırma nəticəsində onun pensiya məbləği 8 fevral 2022-ci il tarixdə yenidən hesablanaraq 2009,70 manat məbləğində müəyyən edilib, həmçinin ona ötən dövr ərzində ümumilikdə 67743,25 manat artıq pul vəsaitinin ödənildiyi aşkar olunmuşdur. Həmin artıq ödənilmiş pul vəsaiti haqqında ona 29 iyun 2022-ci il tarixli **********9 nömrəli məktubla ətraflı məlumat verilmişdir. Hakimlərin vəzifə maaşlarının 1 iyul 2022-ci il tarixdən artırılması ilə əlaqədar İddiaçı pensiyası 26 oktyabr 2022-ci il tarixdə yenidən hesablanaraq 2882,60 manat məbləğində müəyyən edilib, həmçinin xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə ona ödənilməli olan 2618,70 manat fərq məbləği hesablanmışdır. Həmin 2618,70 manat pul vəsaiti ona artıq ödənilmiş 67743,25 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilmişdir. Qalıq artıq ödəmə 65124,55 manat təşkil etmişdir. Həmin artıq ödənilmiş vəsait haqqında İddiaçı 24 oktyabr 2022-ci il tarixli **********2 nömrəli məktubla məlumat verilmişdir. İndeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən onun əmək pensiyası 3306,34 manata artırılmış, həmçinin ona 2023-cü ilin yanvar ayı üzrə ödənilməli olan 423,74 manat fərq məbləği hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də İddiaçı artıqödəməsi son üç il məhdudlaşdırılaraq 15260,26 manata (2023-cü ilin yanvar ayı üzrə sizə ödənilməli olan 42 manat fərq məbləği nəzərə alınmaqla) azaldılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 noyabr 2023cü il tarixli 2-1(102)-2829/2023 nömrəli qərarına əsasən İddiaçı pensiyası cari ilin yanvar ayından 4902,20 manat (cari il üzrə pensiya məblə indeksləşdirilməsi nəzərə alınmaqla) məbləğində hesablanmış, həmçinin ona ödənilməli olan ümumilikdə 24037,06 manat pul vəsaiti müəyyən edilmişdir. Son üç il üzrə məhdudlaşdırılaraq artıq ödənilmiş 15260,26 manat pul vəsaiti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarının tələblərinə uyğun olaraq, ona ödənilməli olan 24037,06 manatdan çıxılaraq büdcəyə bərpa edilmişdir. Qalan 8776,80 manat pul vəsaiti cari ilin yanvar ayından etibarən hissə-hissə əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvalanmış xx.xx.2024-cü il tarixli “müvafiq məlumatların göndərilməsi haqqında” məktubda göstərilmişdir ki, İddiaçı əmək pensiyasından hazırda hər hansı tutulma həyata keçirilmir. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi” tələbinə dair iddiası Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 2198/2023 nömrəli qərarı ilə qismən təmin edilmiş, İddiaçı hakimlər üçün nəzərdə tutulmuş əlavələri, 1 aylıq vəzifə maaşı həcmində əlavə, vəzifə maaşının 45%-i miqdarında əlavə, vəzifə maaşının 25%-i miqdarında pul təminatı, 5-ci ixtisas dərəcəsinə görə minimum əmək haqqının 1 misli məbləğində əlavə, məzuniyyətə görə ödənilən 2 aylıq əmək haqqı məbləğində müavinət və müalicə üçün ödənilən 2 aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və yaranmış pensiya fərqinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-620/2023 nömrəli qərarı ilə təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2198/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2829/2023 nömrəli qərarı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia tələbinin bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25%-i miqdarında vergidən azad olunan aylıq pul təminatı və 5-ci ixtisas dərəcəsinə görə minimum əməkhaqqının 1 misli məbləğində əlavə nəzərə alınmaqla sabiq hakim kimi ona təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış pensiya fərqinin ödənilməsi hissələrinə münasibətdə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 avqust 2023-cü il tarixli, 2- 1(104)-620/2023 nömrəli qərarı ləğv edilmiş, həmin hissələrdə iddia rədd edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 avqust 2023-cü il tarixli, 2-1(104)-620/2023 nömrəli qərarı qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası

6. Əmək pensiyalarının yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi 6.1. Əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: 6.1.6. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında;

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı pensiyasının yenidən hesablandıqdan sonra ona ödənilməli olan 24037.06 manat pul vəsaitinin tam ödənilməsidir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi” tələbinə dair iddiası Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2-1(114)-2198/2023 nömrəli qərarı ilə qismən təmin edilərək pensiyasının yenidən hesablanması və yaranmış pensiya fərqinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)- 620/2023 nömrəli qərarı ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2829/2023 nömrəli qərarı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 avqust 2023-cü il tarixli, 2-1(104)-620/2023 nömrəli qərarı qismən ləğv edilmiş, iddia qismən rədd edilmiş, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qeyd olunan qərarına əsasən cavabdeh orqan tərəfindən iddiaçının pensiyası yenidən hesablanaraq 4902,20 manat məbləğində, həmçinin ona ödənilməli olan ümumilikdə 24037,06 manat pul vəsaiti müəyyən edilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçıya artıq ödənilmiş 15260,26 manat pul vəsaiti ona ödənilməli olan 24037,06 manatdan çıxılaraq büdcəyə bərpa edilmiş, qalan 8776,80 manat pul vəsaiti cari ilin yanvar ayından etibarən hissə-hissə əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürüldüyü bildirilmişdir. Məhkəmə İddiaçı pensiya ödənişi ilə bağlı artıqödəmə, pensiyadan tutulma barədə qərar qəbul edilib-edilməməsi, bu barədə məhkəmə qərarının olub-olmaması, tutulmanının aparılması barədə iddiaçının yazılı razılığının alınıb-alınmaması barədə məlumatın verilməsi, qərar olduğu təqdirdə həmin qərarların surətinin məhkəməyə göndərilməsi barədə cavabdeh orqana sorğu versə də, cavabdeh tərəfindən qeyd olunan hallarla bağlı məhkəməyə hər hansı sənəd göndərilməmiş, yalnız İddiaçı əmək pensiyasından hazırda hər hansı tutulmanın həyata keçirilmədiyi bildirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının pensiyasının yenidən hesablanmasına əsasən yaranan fərq üzrə ona ödənilməli olan 24037,06 manat məbləğdən cavabdeh orqan tərəfindən artıq ödənildiyi qeyd olunaraq 15260,26 manat pul vəsaitinin tutulmasının qanuni əsası yoxdur. Ona görə də məhkəmə cavabdehin imtinasını qanunsuz hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı pensiyasının yenidən hesablanması nəticəsində yaranmış fərq üzrə ödənilməli olan 24037.06 manat pul vəsaitinin tam ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçı pensiyasının yenidən hesablanması nəticəsində yaranmış fərq üzrə ödənilməli olan 24037.06 manat pul vəsaitinin tam ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar