Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3994/2023 13.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********175296 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Qafqazsement" MMC barəsində 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2022 tarixli **********162274 saylı qərara əsasən xx.xx.2020-xx.xx.2022-ci il dövrləri əhatə etməklə xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər növbəti səyyar vergi yoxlaması həyata keçirilmiş, yoxlamanın nəticəsi xx.xx.2023-cü il tarixli **********167712 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin akta əsasən "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2023-cü il tarixdə **********175296 nömrəli qərarla iddiaçı barəsində 676603,41 manat məbləğində vergilər, 338301,71 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama zamanı cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********163829 nömrəli "Mütəxəssisin dəvət edilməsi haqqında" qərara əsasən "xxxx" MMC-dən X3 "mütəxəssis" kimi dəvət edilmişdir. İlk növbədə bildirilir ki, qeyd olunan təşkilat iddiaçının fəaliyyət sahəsinə uyğun rəy vermək səlahiyyətinə malik deyildir. Belə ki, mütəxəssis kimi cəlb olunan şəxsin istehsal sahəsində təhsili, iş təcrübəsini təsdiq edən sənədlər verdiyi xx.xx.2023-cü il tarixli rəyə əlavə edilmədiyindən həmin şəxs mütəxəssis hesab oluna bilməz. Vergi Məcəlləsinin 45.2-ci maddəsinə görə mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. Xüsusilə bildirilir ki, eyni təşkilat tərəfindən xx.xx.2023-cü il tarixdə də mütəxəssis rəyi təqdim olunmuşdur. Təqdim olunan hər iki rəyin əsassız və qərəzli tərtib olunmasını isbatlamaq üçün onlar arasında müqayisəni iddiaçının uçot məlumatları ilə üzləşdirmək kifayətdir. Belə ki, ilk təqdim olunan rəydə 2020-ci ilin 9 ayı üzrə 30106.66 m3 istehsal həcmi müəyyən edilsə də, sonuncu rəydə həmin göstərici dəfələrlə az - 5582,34 m3 olmuşdur ki, bu da səbəbsiz deyil, 2021-ci ildə ilk rəy üzrə istehsal həcmi 55524.47 m3 göstərilsə də, sonuncu rəydə isə rəqəm 69214,89 m3 göstərilmişdir, 2022-ci ilin 7 ayı üzrə istchsal həcmi ilk rəydə 9286,98 m3, sonuncu rəydə isə 20120,88 m3 göstərilmişdir. Qeyd olunanlarla bağlı bildirilir ki, təqdim edilən rəylərin hər ikisində istehsal həcmi ümumilikdə 94918,11 m3 təşkil etmişdir. Diqqət yetirsək görərik ki, ilk rəydə 2020-ci ilin 9 ayı üzrə göstərilən 30106,66 m3 istehsal həcmi məqsədli şəkildə sonuncu rəydə azaldılaraq 5582,34 m3 əks olunmuşdur. Belə ki, yoxlama dövrü üzrə müəssisənin uçot sənədlərində əks etdirdiyi istehsal edilən beton həcmi 2020-ci il üzrə (son 9 ay) 39.204,10 m3, 2021-ci il üzrə (12 ay) 34.882,95 m3, 2022-ci il üzrə isə (ilk 7 ay) 18.848,05 m3 beton olmaqla, ümumilikdə 92.935,10 m3 təşkil etmişdir. Cavabdeh də ümumilikdə 94918,11 m3 istehsal həcmi hesablamağı hədəflədiyindən ilk rəydə əks olunan 30106,66 m3 göstəricini azaltmışdır ki, aradakı fərq digər illərin vergi öhdəliyini süni şəkildə şişirtsin. Lakin cavabdeh düşünməmişdir ki, əgər mütəxəssis rəyini mötəbər hesab edirsə və onun əks etdirdiyi 5582,34 m3 beton istehsalını düzgün qəbul edirsə, demək ki, iddiaçı istehsalını 2020-ci ilin 9 ayında dəfələrlə artıq (39204,1 m3 -5582,34 m3) bəyan edib və həmin fərq artıq hesablama kimi bəyannamədə əks etdirilməlidir. Lakin cavabdeh belə olsaydı – artıq hesablama məbləği növbəti ilin əlavə hesablamasını aradan qaldıracağı üçün yekunda əlavə vergi öhdəliyi yaranmayacağına görə 2020-ci il üçün heç bir artıq hesablama məbləği nəzərə almamışdır. Bu da təbii ki, iddiaçını əlavə vergi yükünə məruz qoymaq məqsədilə edilmişdir. Qeyd olunanlar təqdim olunan rəylərin heç birinin mötəbər olmadığını, sifarişlə göstəricilərin illər üzrə bölündüyünü açıq-aşkar büruzə verir. Necə ola bilər ki, müəssisə özü 2020-ci ildə mütəxəssis rəydə göstərilən istehsal həcmindən daha artıq bəyan edir, növbəti dövrdə kəskin şəkildə daha az istehsal həcmi göstərir? Göründüyü kimi, rəydə qeyd olunan göstəricilər düzgün olmamaqla yanaşı, məntiqə uyğun da deyildir. Növbəti, yəni 2021-ci il (12 ay) üzrə göstəricilərin müqayisəsi zamanı isə müəssisənin 2021-ci il (12 ay) üzrə 34.882,95 m3 beton istehsal edildiyi halda, mütəxəsis tərəfindən həmin il üzrə 69.214,89 m3 beton istehsalı əks etdirildiyini görürük. Bu zaman 34.331,94 m3 beton istehsalında kənarlaşma olduğu qeyd edilmişdir. Müqayisələrdən göründüyü kimi, 2020-ci ildə (son 9 ay) 33.621,76 m3 betonun artıq, 2021-ci il də isə (12 ay) 34.331,94 m3 betonun az istehsal edilməsi rəydə əks olunmuş, vergi orqanı isə nə artıq olan hissəni azaltmamış (əgər rəy əsaslıdırsa), nə də rəy üzrə azaldılmış dövriyyənin niyə əvvəlki illə müqayisədə kəskin fərqləndiyini aydınlaşdırmamışdır. Başqa sözlə, xx.xx.2023-cü il tarixli **********167712 nömrəli səyyar vergi yoxlaması aktına əsasən 2020-ci il (son 9 ay) üzrə istehsal həcmində 33.621,76 m3 artıqlıq olduğu halda bəyannamələrə azalma verilməmiş, 2021-ci il üzrə isə 34.331,94 m3 beton istehsalında güya kənarlaşma olduğu üçün isə 476085,36 manat ƏDV məbləği hesablanmışdır. Mütəxəssis rəylərində rəqəmlər üzərində belə süni şəkildə manevr edilməsini yoxlama dövrünün elektrik sərfiyyatı göstəricilərinin illər üzrə qeyri-istehsal və istehsala bölüşdürülməsinə baxmaqla da açıq şəkildə müəyyən etmək mümkündür. Belə ki, ilk rəydə 2020-ci ilin son 9 ayı üzrə ümumi elektrik enerjisi təchizatı 94980,0 kvt.s qeyd olunsa da, sonuncu rəydə bu göstərici 70188,0 kvt.s olmuşdur ki, məhz bu fərqin üzərində manevr edilmişdir. Sonuncu rəydə 2020-ci ilin son 9 ayı üzrə 34020,0 kvt.s (ümumi sərfiyyatın 48% hissəsi) qeyri-istehsal (7-ci sütun üzrə) sərfiyyatı əks etdirdiyi halda, 2021ci il üzrə ümumi enerji sərfiyyatının 24%-i həmin sütunda əks olunmuşdur. Sual yaranır ki, necə ola bilər ki, 2020-ci ildə 48 % sərfiyyat 2021-ci ildə 2 dəfə aşağı düşür? Hələ nəzərə alsaq ki, 2020-ci ilin yanvar-mart ayları (ilin soyuq ayları) yoxlama ilə əhatə olunmayıb, o zaman bu göstərici tamamilə əksinə olmalı idi. Göründüyü kimi, özünü mütəxəssis adlandıran şəxs yalnız excel funksiyaları ilə rəqəmlər üzərində yerdəyişmələr etməklə süni şəkildə vergi öhdəliyi yaranmasına çalışmışdır. Bundan başqa, Aktın 1.9.4-cü bəndində xx.xx.2022-ci il tarixli **********163828 nömrəli "Ekspertizanın təyin edilməsi haqqında" qərara əsasən ekspertizanın aparıldığı qeyd olunmuşdur. Bununla bağlı ilk öncə bildiririk ki, bazar qiymətinin müəyyən olunması üçün ekspertizanın keçirilməsi Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinə əsasən ən son addımdır. Belə ki, həmin normaya görə, malların bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. Digər vacib nüans bundan ibarətdir ki, "xxxx" MMC-nin əməkdaşlarının heç biri ekspert deyil. Şirkətə 9 iyun tarixində ekspert rəyi təqdim edən Faiq İbrahimov isə nə özəl məhkəmə eksperti, nə də ekspert idarəsinin əməkdaşı deyil. Bu səbəbdən də onun verdiyi rəyin hüquqi əsası yoxdur. Xüsusilə bildiririk ki, mütəxəssis və ekspert rəyləri mötəbər olsaydı belə həmin rəy vergi hesablaması üçün yetərli hesab oluna bilməz. Belə ki, formalaşmış vahid məhkəmə təcrübəsinə görə, vergi ödəyicisinin istehsal həcminin və bunun üzərindən vergiyə cəlb edilən dövriyyənin yalnız mütəxəssis rəyi ilə hesablanması vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Yəni, qeyd olunan yanaşma vergi ödəyicisinə əlavə verginin hesablanması zamanı yeganə əsas kimi çıxış edə bilməz. Həmçinin, cavabdeh tərəfindən mütəxəssis rəyi üzrə istehsal həcmi əsas götürülməklə 2021-ci il üzrə şərti rentabellik norması tətbiq edilməklə 183747,76 manat həcmində əlavə mənfəət vergisi hesablanmışdır. Aktın 11-ci səhifəsində qeyd olununlardan göründüyü kimi, rəy əsasında müəyyənləşdirilmiş istehsal həcminə görə 2021-ci il üzrə gəlir müəyyən olunmuş və həmin gəlir əsasında mənfəət çıxarılmışdır. Təqdim edilən rəy əsassız olduğuna görə artıq mənfəət vergisinin şərti rentabellik tətbiq olunmaqla hesablanması qaydasına münasibət bildirməyə gərək qalmır. Halbuki, məlum olduğu kimi, şərti rentabellik normasına istinad olunmaqla mənfəətin müəyyən olunması mövcud vergi qanunvericiliyinə və vahid məhkəmə təcrübəsinə ziddir. Göstərilənləri ümumiləşdirərək bildirilir ki, hazırki mübahisə üzrə ƏDV və mənfəət vergisinin hesablanması əsasını "xxxx" MMC tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli rəylər təşkil etməsi, həmin rəylərin isə mütəxəssis və ekspert olmayan şəxslər tərəfindən təqdim olunması, təqdim olunan mütəxəssis rəyindəki rəqəmlərin sifarişli olaraq əlaqəsiz şəkildə əks etdirilməsi və xüsusilə də mütəxəssis rəyinin vergilərin hesablanması üçün yeganə əsas hesab olunmaması cavabdeh tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli qərarın qanunsuz olmasını əks etdirir. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, F.İbrahimov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəy səyyar vergi yoxlaması aktında şərh edilməsə də, vergi ödəyicisinə təqdim edilmişdir. Buradan belə çıxır ki, vergi orqanı ilkin rəyi nəzərə almamış, nədənsə 2-ci rəyə istinad etmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********162274 saylı Qərarına əsasən "xxxx" MMC-nin sahibkarlıq fəaliyyətində 2020, 2021 və 2022-ci illəri əhatə edən dövr üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. İddiaçı cəmiyyət barəsində təyin edilmiş səyyar vergi yoxlaması VM-nin 38.7-ci maddəsinə əsasən müvafiq qərarlarla müvəqqəti olaraq təxirə salınmışdır. İddiaçı cəmiyyətdə aparılmış səyyar vergi yoxlamasının dayandırılmasına səbəb Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinə əsasən ekspertiza təyin edilməsi olmuşdur. Həmçinin VM-nin 23, 44 və 45-ci maddələrinin tələblərinə əsasən xx.xx.2022-ci il tarixli **********163828 nömrəli "Ekspertizanın təyin edilməsi haqqında" və xx.xx.2022-ci il tarixli **********163829 nömrəli qərarlarla ekspertiza təyin edilmiş və mütəxəssis dəvət edilmişdir. İddiaçı cəmiyyətdə aparılmış səyyar vergi yoxlamasının nəticəsi olaraq xx.xx.2023-cü il tarixli **********167712 nömrəli "Səyyar vergi yoxlaması" aktı tərtib edilmiş və aktın surəti iddiaçı cəmiyyətin nümayəndəsinə təqdim edilmişdir. Yoxlamanın nəticəsi olaraq iddiaçı barəsində mənfəət vergisi üzrə 183747,76 manat, ƏDV üzrə 493376.04 manat vergi hesablanmış, VM-nin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında, müvafiq olaraq 91873,88 manat və 2466888.02 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı cəmiyyət barəsində aparılmış səyyar vergi yoxlamasının əsasını "xxxx" MMC-nin tərtib etdiyi xx.xx.2023-cü il tarixli rəy təşkil etmişdir. Bildirik ki, xx.xx.2023-cü il tarixli rəy vergi orqanında mövcud olmamış və yoxlamanın predmetini təşkil etməmişdir. İddia ərizəsində "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şikətinin iş üzrə rəy verilməsi ilə bağlı səlahiyyətinin olmaması göstərilmişdir. Sözügedən təşkilat əmtəələr üzrə qiymətləndirmələr aparmaq və müxtəlif sahələr üzrə ekspertizalar aparmaq səlahiyyətinə və imkanlarına malik qurumdur. Həmçinin qeyd olunur ki, xx.xx.2023-cü il tarixli MB 16-0683 nömrəli rəy "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna, Milli Qiymətləndirmə Standartlarına, eləcə də istehsal mallarının qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlanmışdır. Mövcud rəy verilməmişdən əvvəl "xxxx" MMC-nin eksperti-mütəxəssisi X3 bir neçə dəfə cəmiyyətin istehsal sahəsində bilavasitə baxış keçirmiş və real qaydada istehsal avadanlığının işlədiyi vəziyyətdə göstəriciləri müəyyən etmişdir. Belə ki, iş materiallarında mövcud olan xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli baxış aktlarından görünür ki, E.Əzizov tərəfindən "xxxx" MMC-nin istehsal sahəsində məhsulların istehsalının həcminin müəyyən edilməsi ilə bağlı ölçmə-müşahidə işləri aparılmış, müvafiq göstəricilər götürülmüşdür. Mütəxəssisin həyata keçirdiyi ölçmə-müşahidə halları bilavasitə iddiaçı cəmiyyətin nümayəndəsi Vahid Göyüşovun iştirakı ilə aparılmış və onun imzası ilə baxış aktı imzalanmışdır. Həmçinin cəmiyyətin səlahiyyətli nümayəndəsi X1 tərəfindən verilmiş izahatda qeyri-istehsalla bağlı işləyən elektrik avadanlıqlarının göstəricilərinin istehsal dövriyyəsinin müəyyən edilməsində nəzərə alınmadığı bildirilmişdir. Mütəxəssis rəyində avadanlığın 92 faiz faydalı iş əmsalı ilə işləməsi qeyd olunmuşdur. Göründüyü kimi, xx.xx.2023-cü il tarixli rəy əsaslıdır. Səyyar vergi yoxlaması ilə 2020-2021-ci illər üzrə mənfəət vergisinin düzgünlüyü yoxlanılmışdır. Vergi ödəyicisi tərəfindən həmin dövr üzrə mənfəət vergisi bəyannamələri Vergi Məcəlləsinin 149.2-ci maddəsində göstərilən müddətdə vergi orqanına təqdim edilmişdir. "xxxx" MMC-dən daxil olmuş 09 iyun 2023-cü il tarixli məktubla mütəxəssis rəyinə əsasən mütəxəssis tərəfindən müəyyən edilmiş məhsullar üzrə istehsal həcmi ilə vergi ödəyici tərəfindən təqdim edilmiş hesabat (xammal-material, istehsal, satış) məlumatlan müqayisə edilmişdir. Nəticədə 2020-ci ilin 9 ayı ( aprel-dekabr)üzrə beton istehsal həcmində kənarlaşma aşkar edilməmişdir. 2021-ci il ürzə mütəxəssis rəyi ilə ümumi beton istehsal həcmi 69214,89 m3 müəyyən edilmiş, vergi ödəyicisi tərəfindən satış hesabatında göstərilmiş 34882,95 m3 beton həcmi nəzərə alınmaqla ümumilikdə 2021-ci il üzrə 34331,94 m3 əlavə beton istehsalı müəyyən edilmişdir. 2022-ci ilin yoxlama ilə əhatə olunan 7 ayı (yanvar-iyul) ürzə mütəxəssis rəyi ilə umumi beton istehsal həcmi 20120,88 m3 müəyyən edilmiş, vergi ödəyicisi tərəfindən satış hesabatında göstərilmiş 18848,05 m3 beton həcmi nəzərə alınmaqla ümumilikdə 2022-ci ilin yoxlama ilə əhatə olunan 7 ayı üzrə 1272,83 m3 əlavə beton istehsalı müəyyən edilmişdir. Mütəxəssis rəyi ilə müəyyən edilmiş beton istehsal həcminin çeşidlər üzrə bölgüsü (beton markalan üzrə) vergi ödəyicisi tərəfindən satış hesabatlarında göstərilmiş beton markaları üzrə çeşid həcmlərinin ümumi satış həcmində olan xüsusi çəkisinə əsasən aparılmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********162274 saylı qərarından görünür ki, "xxxx" MMC-nin sahibkarlıq fəaliyyətində 2020, 2021 və 2022-ci illəri əhatə edən dövr üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. -surəti işə əlavə edilmiş "xxxx" Konsaltinq və Qiymətləndirmə şirkətinin xx.xx.2023-cü il tarixli, MB 16-0683 nömrəli məktubuna (iltizam) əlavə edilmiş rəydən görünür ki, İddiaçı MMC-də 2020-ci ilin 9 ayı üzrə ümumi beton istehsal həcmi 30106,66 m3, ümumi dövriyyə 2320681,64 AZN (ƏDV-siz), 2021-ci il üzrə ümumi beton istehsal həcmi 55524,47 m3, ümumi dövriyyə 4277582,88 AZN (ƏDV-siz), 2022-ci ilin 7 ayı üzrə ümumi beton istehsal həcmi 9286,98 m3, ümumi dövriyyə 700601,09 AZN (ƏDV-siz) müəyyən edilmişdir. -surəti işə əlavə edilmiş "xxxx" Konsaltinq və Qiymətləndirmə şirkətinin xx.xx.2023-cü il tarixli, MB 16-0683 nömrəli məktubuna (iltizam) əlavə edilmiş rəydən görünür ki, İddiaçı MMC-də 2020-ci ilin 9 ayı üzrə ümumi beton istehsal həcmi 5582,34 m3, ümumi dövriyyə 430298,16 AZN (ƏDV-siz), 2021-ci il üzrə ümumi beton istehsal həcmi 69214,89 m3, ümumi dövriyyə 5532287,13 AZN (ƏDV-siz), 2022-ci ilin 7 ayı üzrə ümumi beton istehsal həcmi 20120,88 m3, ümumi dövriyyə 1517901,08 AZN (ƏDV-siz) müəyyən edilmişdir. -surəti işə əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********175296 nömrəli qərarının məzmunundan görünür ki, İddiaçı MMC vergi borcuna görə 676603,41 manat və vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyası qismində 338301,71 manat məbləğində məsuliyyətə cəlb edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********162274 nömrəli qərarına əsasən vergi orqanının əməkdaşları tərəfindən İddiaçı MMC-nin sahibkarlıq fəaliyyətində 2020, 2021 və 2022-ci illəri əhatə edən dövr üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. İddiaçı cəmiyyətdə aparılmış səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2023-cü il tarixli **********167712 nömrəli "Səyyar vergi yoxlaması" aktla rəsmiləşdirilmişdir. Bundan sonra 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********175296 nömrəli qərarına əsasən İddiaçı MMC vergi borcuna görə 676603,41 manat və vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyası qismində 338301,71 manat məbləğində məsuliyyətə cəlb edilmişdir. İddiaçı hazırki tələblə qeyd olunan qərarı mübahisələndirmişdir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********175296 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -14.6.3. maddəsinə əsasən Eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: 14.6.3.1. Sonrakı (təkrar) satış qiymətinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir. 14.6.3.2. Dəyərin toplanması üsuluna əsasən. Bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır. 14.6.3.3. Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. -16.1.3. maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. -23.1.1. maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -23.1.2. maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüququdur. -36.3. maddəsinə əsasən Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. -38.1. maddəsinə əsasən Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. -38.7.3. maddəsinə əsasən vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək səyyar vergi yoxlaması dayandırılır. -67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi)istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: (maddə 67.1.1) vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (maddə 67.1.2) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (maddə 67.1.3) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (maddə 67.1.4) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; (maddə 67.1.5) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (maddə 67.1.6) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (maddə 67.1.7) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (maddə 67.1.8) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (maddə 67.1.9) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: (maddə 67.2.1) eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; (maddə 67.2.2) eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; (maddə 67.2.3) fəaliyyət göstərilən ərazi. Məcəllənin 72.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Məcəllənin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Qeyd edilməlidir ki, səyyar vergi yoxlaması zamanı istehsal edilmiş məhsulların həcminin aylar üzrə elektrik enerjisinin sərfinə, avadanlığın istehsal gücünə uyğun müəyyənləşdirilməsi üçün "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin müvafiq mütəxəssisi yoxlama prosesinə cəlb edilmiş və cavabdeh orqan iddiaçı barədə müvafiq qərar qəbul edərkən xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsaslanaraq iddiaçını vergi məsuliyyətinə cəlb etmişdir. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, hər hansı bir vergi ödəyicisinin (fiziki və hüquqi şəxsin) gəlirlərinin elektrik enerjisinin sərfiyyatına görə hesablanması və yoxlanılması vergi qanunvericiliyində ümumiyyətlə nəzərdə tutulmamışdır. Yəni gəlirlərinin belə metodla hesablanması hər hansı maddi və prosessual hüquq normasına əsaslanmadığından qanuni sayıla bilməz. Eyni zamanda qeyd edilməlidir ki, Vergi Məcəlləsinin “Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi Qaydaları” adlanan 67-ci maddəsi mövcuddur ki, həmin hüquq norması 67.1-67.15-ci maddələrini əhatə edir. Həmin maddəyə əsasən vergi yoxlamasının aparılması zamanı vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, ödənilməli olan verginin məbləği əlaqəli məlumatlardan istifadə edilməklə hesablana bilər. Lakin hazırkı mübahisəyə münasibətdə vergilər cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin müəyyən etdiyi qaydada deyil, həmin Məcəllənin birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki həmin Məcəllənin 67-ci maddəsinin tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsasların mövcud olduğu cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə və iş üzrə materiallarla təsdiq olunmur. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları»nın 1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarını müəyyən edir. Göründüyü kimi, Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əməl olunmadan, cavabdeh tərəfindən birbaşa olaraq həmin Məcəllənin 83.9-cu maddəsinə istinadən Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixi 55 saylı Qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən şərti rentabellik norması tətbiq edilməklə vergi ödəyicisinə vergi məbləği hesablanmışdır. Lakin diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin, habelə 67.14-cü maddəyə istinadən 83.9-cu maddənin tətbiqini, yəni verginin şərti rentabellik tətbiq edilməklə hesablanması qaydasının tətbiqini zəruri edən hüquqi əsasların və halların mövcudluğu cavabdeh tərəfindən əsaslandırılmamış, həmçinin məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməyə, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmağa borcludur Bundan əlavə qeyd edilməlidir ki, İddiaçı MMC-yə məxsus təsərrüfat subyektində müvafiq dövr ərzində məhsulların istehsal həcmi bu istehsal zamanı sərf olunan elektrik enerjisi sərfiyyatı ilə müəyyən qədər mütənasiblik təşkil etsə də, bu dövriyyə üçün istehsal həcmini müəyyən edən yeganə göstərici kimi əsas götürülə bilməz. Həmçinin elektrik enerjisinin sərfiyyatı avadanlıqların istismar müddəti, o cümlədən avadanlıqlarla işləyən məsul şəxslərin peşəkarlıq səviyyəsindən və digər hallardan və xüsusatlardan asılı olaraq müxtəlif həcmdə ola bilər. Bununla yanaşı mövcud qanunvericilik səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən zəruri sənədlər təqdim olunmadığı halda vergi orqanına əlaqəli məlumatlar, o cümlədən xronometraj metodu ilə müşahidənin nəticələri üzrə vergiləri hesablamaq hüququ verir, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün müvafiq meyarlar (eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı və s.) nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından da istifadə edilməsi nəzərdə tutulmuş, həmin vasitələrlə müəssisənin istehsal həcmi daha dəqiq müəyyənləşdirilə bilər. Lakin vergi orqanı müvafiq əlaqəli məlumatlardan istifadə etməmiş və yalnız formal şəkildə ehtimallara əsaslanan mütəxəssis rəyi əsasında müəssisədə istehsal həcmini müəyyənləşdirərək istehsal həcmi və buna münasib də vergi məbləğləri hesablamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********175296 nömrəli qərar qəbul olunarkən əsassız vergi məbləğləri hesablanmış, eləcə də müvafiq maliyyə sanksiyaları tətbiq edilmişdir. Qeyd olunan hal isə vergi orqanının mübahisələndirilən qərarının ləğvi üçün əsas hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1 maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********175296 nömrəli qərar ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-3994/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3994/2023
13.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver