Məhkəmə qərarları › İş №2-1(114)-3996/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3996/2024

16.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3996/2024 16.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnarə Elşən qızının katibliyi, İddiaçı X5 iştirakı ilə, İddiaçı X5 cavabdeh Göygöl rayon icra hakimiyyətinə qarşı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M üə y y ə n e t d i: İddiaçılar X5 cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Xanlar rayon Aqrar İslahat Komissiyasının 1997-ci il tarixli 16 saylı qərarı ilə Xanlar rayonu Aşıqlı kənd ərazisində yerləşən 0.16 ha torpaq sahəninə aid X1 adına verilmiş JN-270A KOD 50803018 saylı “Torpağın Mülkiyyətə Verilməsinə Dair" Şəhadətnamənin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 1997-ci il tarixli 16 saylı qərarı ilə Xanlar rayonu Aşıqlı kənd ərazisində yerləşən 0.16 ha torpaq sahəninə aid X1 adına JN-270A KOD 50803018 saylı " Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə çıxarılmışdır. İddiaçı qeyd edir ki, X3 onun həyat yoldaşı olub və xx.xx.2001-ci il tarixdə nikahları pozulub. Nikah pozulduqdan sonra X3 qanunsuz çıxarılmış Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin mövcud olmasından istifadə edərək Xanlar Rayon Məhkəməsinə müraciət edərək, Xanlar rayonunun Aşıqlı kəndində yerləşən evin X6 ilə birgə mülkiyyəti sayılaraq naturada bölünməsini, yaxud bazar qiyməti ilə hesablanmış dəyərinin yarısını X4 alınıb ona verilməsini xahiş etmişdir. Xanlar Rayon Məhkəməsinin 14 sentyabr 2006-cı il tarixli qətnaməsi ilə Xanlar rayonunun Aşıqlı kəndinə yerləşən və X1 adına olan ev onunla X5 bərabər paylı birgə ümumi əmlakı hesab edilmiş, X1 payı 15500 manat dəyərləndirilib. X4 onun xeyrinə tutulmaqla həmin evin mülkiyyət hüququ X2 verilmişdir. Məhkəmənin qətnaməsi qanuni qüvvəyə minmişdir. İddiaçı hal-hazırkı iş üzrə Göygöl Rayon İcra Hakimiyyətini cavabdeh qismində işə cəlb etməyinin əsası ondan ibarətdir ki, Xanlar (indiki Göygöl) rayonu üzrə İslahat Komissiyası Rayon İcra Hakimiyyətinin tərkibində fəaliyyət göstərib və 2005-ci ildə İslahatın bitməsi ilə əlaqədar komissiyanın işinə xitam verilmişdir. Belə olan halda iddiaçı hesab edir ki, Göygöl Rayon İcra Hakimiyyəti İslahat Komissiyasının hüquqi varisi hesab olunur. O, Göygöl Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edib şəhadətnamənin ləğv edilməsinə dair tədbir görmələrini xahiş etmiş, sonuncu 12 avqust 2024-cü il tarixli imtina məktubu göndərmişdir. İddiaçı X6 məhkəmə iclasında iddianı müdafiə edərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, cavabdeh işə nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər ona təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3cü maddəsi). Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilibbilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir. İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Məhkəmə qeyd edir ki, iddiaçı hal-hazırda cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə qarşı şəhadətnamənin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etsə də, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, hal-hazırki tələbi cavabdeh Göygöl Rayon İcra Hakimiyyəti icra edə bilməz və iddia tələbini təmin etmək onun səlahiyyətində deyil. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 9cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı X5 cavabdeh Göygöl rayon icra hakimiyyətinə qarşı “torpağın mülkiyyətə verilməsinə dair“ şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 35.1. maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı X5 cavabdeh Göygöl rayon icra hakimiyyətinə qarşı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar