Məhkəmə qərarları › İş №2-1(114)-4/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4/2020

02.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4/2020 02.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1 Cavabdehnə (üçüncü şəxs “BP Eksploreyşn (Kaspian Si) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı maddi zərərin ödənilməsi tələbinə dair inzibati işə açıq şifahi məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı1 məhkəməyə müraciət edərək, Şəmkir rayonun Düzqışlaq kəndində yerləşən, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında dövlət qeydiyyatına alınmış, xüsusi mülkiyyətində olmuş, ümumi sahəsi 55,4 kvm olan iki otaqlı, örtülü eyvan və mətbəxdən ibarət fərdi yaşayış evinin, 0,01 ha həyətyanı torpaq sahəsinin dövlət ehtiyacları üçün sökülməsi nəticəsində vurulmuş 82.000 manat məbləğində maddi zərərin əvəzinin ödənilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonun Düzqışlaq kəndində yerləşən, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında dövlət qeydiyyatına alınmış, xüsusi mülkiyyətində olmuş, ümumi sahəsi 55,4 kvm olan iki otaqlı, örtülü eyvan və mətbəxdən ibarət fərdi yaşayış evi, 2011-ci ilin dekabr ayının sonlarından başlayaraq 2012-ci ilin fevral ayınadək üçüncü şəxs BP Eksploreyşn (Kaspian Si) Limited) şirkətinin sifarişi, Cavabdeh sabiq başçısı Nazim Veyisovun təşkilatçılığı ilə sökülərək yerindən Bakı Tbilisi Ceyhan neft boru kəmərinin üzərində yerləşən, Şəmkir rayon Qaracəmirli kəndinin ərazisindəki BP Şirkətinin Neftötürmə Stansiyasına qədər davam edən asfalt yol çəkilmişdir. Nəticədə sahəsi 55.4 kvm olan fərdi yaşayış evi bütövlükdə və 0.01 hektar həyatyanı torpaq sahəsi də həmin asfalt tikintisinin altında qalmışdır. Qeyd etdiklərini nəzərə alaraq ona vurulmuş zərərə görə 82000 (səksən iki min) manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsi). Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki-mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Məhkəmə ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini və sair yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azəraqrartikinti» Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2017-ci il tarixli Qərarında göstərmişdir ki, iddianın mümkünlüyü məsələsi məhkəmələr tərəfindən işin hər hansı mərhələsində iddianın əsaslılığına hüquqi qiymət verilmədən yoxlanıla bilər. İddianın mümkünlüyünün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün seçilməsi, məhkəmə icraatını aparmaq qabiliyyətinə malik olma kimi formal şərtləri araşdırır. İddianın mümkünlüyünün yoxlanılması mübahisə predmetinə aid olan məsələlərə toxunmamalı və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olub-olmadığını müəyyən etməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, hazırkı iddia tələbinin mümkünlük məsələsini yoxlayarkən mübahisələndirilən daşınmaz əmlakların dövlət ehtiyacları üçün, yəni Qərb- İxrac boru kəmərinin neftötürmə stansiyasına xidmət edən yolun bərpası ilə əlaqədar istifadə olunduğunu müəyyən etmişdir. İş üzrə təyin olunmuş xx.xx.2020-ci il tarixli şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 sözügedən yolun tikintisi ilə bağlı sifarişçi “BP” şirkəti olduğundan hazırki iş üzrə Cavabdehlik daşımadığını bildirmişdir. Həmin məhkəmə iclasında 3-cü şəxs “BP Eksploreyşn (Kaspian Si) Limited” şirkətinin nümayəndəsi Nümayəndə2 “BP” şirkətinin Qərb-İxrac boru kəmərinin neftötürmə stansiyasına xidmət edən yolun bərpası ilə əlaqədar sifarişçi olduğunu təsdiq etmişdir. Onun ifadəsindən həmçinin məlum olmuşdur ki, torpaq sahəsinin alınması ilə bağlı Dövlət Neft şirkətinə müraciət olunmuş və sonuncu bununla əlaqədar müvafiq icra hakimiyyəti orqanına təklif vermişdir. Məhkəmə qeyd edir ki, mövcud qanunvericiliyə əsasən şəxsi mülkiyyət dövlət hesabına aşağıdakı yollarla özgəninkiləşdirilə bilər: Konstitusiyanın 29-cu maddəsinin İV bəndi tələb etdiyi kimi Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən mülkiyyət qanuni kompensasiya əvvəlcədən ödənilməsi şərtilə dövlət ehtiyacları üçün alınması yolu ilə; və ya Mülki Məcəllənin 207 və 203.3.3-cü maddələrinə uyğun olaraq mülkiyyətçinin razılığı ilə dövlət tərəfindən əmlakın alınması yolu ilə; və ya Mülki Məcəllənin 203.3 maddəsində nəzərdə tutulmuş digər xüsusi hallarda. İşin faktiki hallarından göründüyü kimi yuxarıdakı prosedurlara riayət edilməsi barədə iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Mülki Məcəllənin 157.9-cu maddəsində nəzərdə tutulmuş “müvafiq dövlət orqanı” kimi Nazirlər Kabinetinin təyin edilməsi müəyyən edilmişdir. Sözügedən daşınmaz əmlakların iddiaçının mülkiyyətində olması işin mübahisələndirilməyən halı olsada, lakin sözügedən daşınmaz əmlaklara Cavabdeh tərəfindən hər hansı bir müdaxilənin olması barədə iş materiallarında hər hansı bir sübut yoxdur. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı1 Cavabdehnə (üçüncü şəxs “BP Eksploreyşn (Kaspian Si) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki,bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35-ci və 80-cı maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: İddiaçı1 Cavabdehnə (üçüncü şəxs “BP Eksploreyşn (Kaspian Si) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar