Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4/2021 10.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, cavabdeh Şəmkir rayon xxxx Bələdiyyəsinin nümayəndəsi X8, üçüncü şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Şəmkir rayon xxxx Bələdiyyəsinə (üçüncü şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı bələdiyyə qərarının ləğv edilməsi, torpaq sahəsinin istifadəsinə qaytarılması və vurulmuş ziyanın ödənilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1967-ci il tarixdə Şəmkir rayonunun xxxx kəndində anadan olmuşdur, hazırda həmin kənddə qeydiyyatda olmaqla yaşayır. Cavabdeh Şəmkir rayon xxxx Bələdiyyəsi (bundan sonra mətndə cavabdeh) Dövlət reyestrində ********** nömrəsi (VÖEN) ilə qeydiyyata alınmış yerli özünüidarə etmə orqanıdır. Üçüncü şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə üçüncü şəxs) Kommersiya hüquqi şəxslərin dövlət reyestrində ********** nömrəsi (VÖEN) ilə xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmış hüquqi şəxsdir. İddiaçı “torpaq sahəsinin qaytarılması və kompensasiyanın ödənilməsi tələbinə dair” xx.xx.2018-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəmkir rayon İcra Hakimiyyəti xxxx bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 saylı qərarı əsasında bağlanmış “Torpaq icarə müqaviləsi”nə əsasən istifadəsinə verilmiş 13 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin istifadəsinə qaytarılması, həmin 13 ha torpaq sahəsi üzərində salınmış 5750 ədəd sağlam ağacdan ibarət xurma plantasiyasının məhv edilməsi ilə bağlı hər bir ağaca görə vurulmuş zərərin əvəzi və 2014-2018-ci illər üzrə 5750 xurma ağacından götürəcəyi əldən çıxmış fayda kompensasiya olaraq cavabdehdən xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı “iddia həcminin artırılması və dəqiqləşdirilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək xxxx bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 10 nömrəli qərarının ləğv edilməsi, Şəmkir rayon İcra Hakimiyyəti xxxx bələdiyyəsi ilə arasında bağlanmış xx.xx.2004-cü il tarixli 12 saylı qərarı əsasında bağlanmış “Torpaq icarə müqaviləsi”nə əsasən istifadəsinə verilmiş 13 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin istifadəsinə qaytarılması, həmin 13 ha torpaq sahəsi üzərində salınmış 5750 ədəd sağlam ağacdan ibarət xurma plantasiyasının məhv edilməsi ilə bağlı 4.025.500 manat zərərin əvəzi və 2014-2018-ci illər üzrə ağacın hər birindən götürəcəyi 50 manat (1.437.500) manat əldən çıxmış faydanı, cəmi 5.463.000 manatın cavabdehdən alınıb verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. Sonuncu məhkəmə iclasında iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək Məhkəmədən xxxx bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 10 nömrəli qərarının ləğv edilməsi, xxxx bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 saylı qərarı əsasında bağlanmış “Torpaq icarə müqaviləsi”nə əsasən istifadəsinə verilmiş 13 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin istifadəsinə qaytarılması, həmin 13 ha torpaq sahəsi üzərində salınmış 5750 ədəd ağacın məhv edilməsinə görə 230.000 manat və 2014-2018-ci illər üzrə bir il 273.000 manatdan hesablanmaqla 7 il müddətində əldən çıxmış 1.911.000 manat faydanı, cəmi 2.083.160 manat ziyanın cavabdehdən alınıb xeyrinə ödənilməsi haqqında qərar çıxarılmasını xahiş etmiş və ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xxxx bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 saylı qərarı əsasında bağlanmış “Torpaq icarə müqaviləsi”nə əsasən 13 ha kənd təsərrüfatlı torpaq sahəsi 50 il müddətinə iddiaçının istifadəsinə verilmişdir. Habelə, “Torpaqdan müvəqqəti istifadə hüququna dair” xx.xx.2004-cü il tarixli JN-5279 saylı şəhadətnamə alınmışdır. Adıçəkilən 13 ha torpaq sahəsi üzərində 5750 ədəd xurma ağacından ibarət plantasiya salınmış və bir neçə dəfə məhsul götürülmüşdür. 2014-cü ilin oktyabr ayında cavabdeh qurumun əməkdaşları texnikalarla salmış olduğu plantasiyaya daxil olaraq iddiaçının əkdiyi ağacları məhv etmişlər. Cavabdeh tərəfindən edilmiş qeyriqanuni hərəkətlər nəticəsində qanuni əsaslarla iddiaçının istifadəsinə verilmiş 13 ha torpaq sahəsini istifadə etməkdən məhrum edilməklə yanaşı 5750 ağacı qırılmış, 2014-2020-ci illər üzrə bəhərdən də məhrum olmuşdur. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, xx.xx.2004-cü il tarixli 12 saylı bələdiyyə qərarı ilə icarəsinə verilmiş 13 ha torpaq sahəsindən iddiaçı 2014-cü il tarixədək istifadə etmiş, həmin sahəyə tərəfindən xurma ağacları əkilmiş, 2014-cü ilədək fayda götürmüş və torpağa dair icarə haqqı ödəmişdir. Lakin 2014-cü ildə tərəfindən əkilmiş həmin ağaclar cavabdeh orqan tərəfindən məhv edilmiş və ona külli miqdarda ziyan vurulmuşdur. Bundan başqa xx.xx.2014-cü il tarixli bələdiyyə qərarı iddiaçıya təqdim edilməmiş və onun həmin qərardan məlumatı olmamış, yalnız hazırkı məhkəmə icraatı zamanı qərar ona təqdim edilmişdir. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyək bildirmişdir ki, bələdiyyənin xx xxxx 2004-cü il tarixli qərarı ilə iddiaçıya bələdiyyənin ehtiyat fonduna daxil olan 13 hektar torpaq sahəsi 50 il müddətinə kənd təsərrüfatı və bağçılıq məqsədi ilə istifadə etmək üçün icarəyə verilmiş, xx xxxx 2004-cü il tarixdə bələdiyyə ilə iddiaçı arasında müvafiq icarə müqaviləsi bağlanmışdır. İddiaçı Azərbaycan Respublikası DT və XK-nin Şəmkir rayon şöbəsinin sabiq müdiri Rüstəm Rüstəmovla cinayət əlaqəsinə girmiş və onlar qərarda göstərilən torpaq sahəsinə deyil, bələdiyyənin mülkiyyətində olan, bələdiyyənin ehtiyat fonduna aid olan 13 hektar torpaq sahəsinə dair sənəd hazırlamış, Azərbaycan Respublikası DT və XK-nin Şəmkir rayon şöbəsi tərəfindən iddiaçıya xx.xx.2004-cü il tarixdə JN-5279 (Kod 50400098) nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə verilmişdir. Həmin sənəd bir mənalı saxta sənəddir və iddiaçı indi də həmin sənəddən istifadə edir. Bu səbəbdən bələdiyyənin xx xxxxxxx 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə iddiaçı ilə bələdiyyə arasında bağlanmış xx xxxx 2004-cü il tarixli, 01 saylı icarə müqaviləsi ləğv edilmişdir. İddiaçının iddia tələbində qeyd etdiyi qərardan xəbərsiz olması ilə bağlı bildirir ki, iddiaçı həmin qərar qəbul olunarkən bələdiyyənin iclasına dəvət edilsə də, özü həmin iclasda iştirak etməkdən imtina etmiş, eləcə də həmin qərarın surəti iddiaçının yaşadığı ünvana göndərilmişdir. Bundan əlavə iddiaçı öz iddiasında qeyd edir ki, cavabdeh tərəfindən edilmiş qeyri-qanuni hərəkətlər nəticəsində qanuni əsaslarla onun istifadəsinə verilmiş 13 ha torpaq sahəsini istifadə etməkdən məhrum edilməklə yanaşı 5750 ağacı qırılmış və 2014, 2015, 2016, 2017 və 2018-ci illər üzrə bəhərdən də məhrum olmuşdur. Bu isə o deməkdir ki, iddiaçı onunla bağlanmış icarə müqaviləsinin 2014-cü ildən ləğv edildiyini bilmiş və hazırda guya həmin, yəni bələdiyyənin xx xxxxxxx 2014-cü il tarixli, 10 nömrəli qərarından yalnız xx xxxxxx 2018-ci il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsində məlumatı olmuşdur. Qeyd olunanlarla yanaşı hesab edir ki, iddiaçı tərəfindən müvafiq iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Bundan başqa bələdiyyə tərəfindən heç bir ağac məhv edilməmiş, həmin sahədə ümumiyyətlə ağac olmamışdır. Sadəcə çoxillik kolluqlar olmuş və həmin sahədən iddiaçı heyvandarlıq məqsədilə istifadə etmişdir. Üçüncü şəxsin nümayəndəsi iddia tələbini qəbul etməyək bildirmişdir ki, xxxx bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 13 saylı protokol-qərarı ilə nümayəndəsi olduğu “xxxx” MMC-nin təsis edilməsi qərara alınmış və mübahisələndirilən torpaq sahəsi 2014-cü ildən hazırkı tarixədək MMC-nin istifadəsində olmuşdur. Həmin sahədə onların icarəsinə verildiyi vaxt və ya ondan əvvəl hər hansı ağac olmamış və cavabdeh orqan tərəfindən heç bir ağac məhv edilməmişdir. X6 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, 2010-2015-ci illərdə xxxx bələdiyyəsinin üzvü olmuş, 2014-cü ilin noyabr ayında İddiaçı icarəyə götürdüyü sahədə olan ağaclar texnika ilə bələdiyyə sədri Etibar Əliyevin göstərişi və rəhbərliyi əsasında sındırılmışdır. Nə qədər ağac sındırılmasını bilmir, ancaq hamısı bar verən ağaclar idi. Ağacların sındırılmasında iştirak etməmişdir, həmin sahə yol kənarında olduğu üçün sadəcə görmüşdür. X4 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, 2000-ci ildən hal-hazıradək xxxx bələdiyyəsinin üzvüdür, 13 hektar torpaq sahəsi İddiaçı icarəyə verilmişdir. Həmin sahədə olan xurma ağacları 2014-cü ildə bələdiyyə sədri E.Əliyevin göstərişi ilə sındırılmışdır. Bələdiyyə sədri həmin ərazidə MMC yaradılacağını onlara bildirmişdir. X7 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, ağac ştilləri yetişdirməklə məşğuldur, 2006-cı ildə İddiaçı 7000 xurma ağacı satmışdır. Ağacları satdıqdan sonra Etibarın həmin 2 illik ştilləri yol kənarında olan sahəyə basdırdığını görmüşdür. X5 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, İddiaçı bağında fəhləlik etmişdir. 2006-cı ildə 6000 xurma ağacının basdırılmasında iştirak etmişdir. Həmin ağacları bələdiyyə sədrinin rəhbərliyi sındırdı. Sındırılan zaman hamısı bar verən yaşda idi, üstündə bar vardı. X1 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, 2000-ci ildən 2010-cu ilə kimi xxxx bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. Hal-hazırda isə həmin kənd üzrə icra nümayəndəsidir. 13 ha torpaq sahəsi iddiaçıya icarəyə verilən zaman bələdiyyə sədri olmuş, mübahisələndirilən torpaq sahəsində iddiaçı tərəfindən heç bir ağac əkilməmiş və həmin sahədə ağac olmamışdır. İddiaçı həmin torpaq sahəsindən heyvandarlıq üçün örüş kimi istifadə etmiş, həmin sahədə kolluq-yaşıllıq olmuşdur. Bununla yanaşı 2014-cü ildən həmin torpaq sahəsindən “xxxx” MMC istifadə etmiş, iddiaçı həmin sahədən 2014-cü il tarixdən istifadə etməmiş və icarə haqqı ödəməmişdir. Məhkəmə araşdırmasının predmetini xx.xx.2004-cü il tarixli 12 saylı qərarı əsasında bağlanmış “Torpaq icarə müqaviləsi”, xxxx bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 10 nömrəli Protokolu (qərarı), xx.xx.2015-ci il tarixli “Torpaq icarə müqaviləsi”, xx.xx.2019-cu il tarixli akt, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Şəmkir Dövlət X15 mütəxəssisi tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş rəy və rəyə əlavə edilmiş akt, Azərbaycan Respublikası Müstəqil Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 77 saylı ekspert rəyi təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia tələbinin “xxxx bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 10 nömrəli qərarının ləğv edilməsi” və “xxxx bələdiyyəsi xx.xx.2004cü il tarixli 12 saylı qərarı əsasında bağlanmış “Torpaq icarə müqaviləsi”nə əsasən istifadəsinə verilmiş 13 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin istifadəsinə qaytarılması” hissələri mümkün sayılmamışdır. Odur ki, məhkəmə hazırda iddianın “13 ha torpaq sahəsi üzərində salınmış 5750 ədəd ağacın məhv edilməsinə görə 230.000 manat və 2014-2018-ci illər üzrə bir il 273.000 manatdan hesablanmaqla 7 il müddətində əldən çıxmış 1.911.000 manat faydanı, cəmi 2.083.160 manat ziyanın cavabdehdən alınıb xeyrinə ödənilməsi” hissəsinə baxır. İddia qeyd edilən hissədə mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 2.2.7-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı qeyd edilən hissədə əsaslı hesab etmir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Göründüyü kimi delikt öhdəliyi elə bir mülki hüquq münasibətidir ki, bu münasibətə görə ziyan (zərər) vuran şəxs mülki hüquq pozuntusu (delikt) nəticəsinə fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş ziyanın əvəzini ödəməyə borclu olur. Delikt öhdəliyi qanundan əmələ gələn öhdəlikdir, yəni qanunun nəzərdə tutduğu birbaşa göstərişə görə meydana gəlməklə mütləq hüquqların (mülkiyyət, şərəf və ləyaqət, sağlamlıq və s) pozulması nəticəsində əmələ gəlir. Bununla yanaşı delikt məsuliyyətinin yaranması üçün zərərin olması əsas şərtlərdən biridir. Əgər zərər yoxdursa, deliktdən yəni hüquqi məsuliyyətdən söhbət gedə bilməz. Yəni o zərərin əvəzi ödənilir ki, həmin zərər şəxsin şəxsiyyətinə, əmlakına, işgüzar nüfuzuna vurulsun. Məhkəmə hesab edir ki, hazırki iş üzrə kompensasiya o zaman ödənilə bilər ki, torpaq sahəsində iddiaçıya məxsus meyvə ağacları mövcud olsun və həmin ağaclar cavabdeh inzibati orqan tərəfindən məhv edilsin. Bu səbəbdən də qeyd edilən xüsusat üzrə əvvəlcə mübahisəli torpaq sahəsi üzərində həqiqətən iddiaçının iddia etdiyi ağacların mövcud olub-olmaması araşdırılmalıdır. Bu məqsədlə məhkəmə tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikası Müstəqil Ekspertiza Mərkəzinə müraciət edilmiş, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Şəmkir Dövlət X15 mütəxəssisi tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş rəydə mübahisəli ərazidə faktiki ağac gövdəsinin kəsilməsi, ağac kökləri və çoxillik ağacların olmasının müşahidə edilməməsi, ancaq yaşıllıq məqsədilə əkilmiş ağacların olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Müstəqil Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 77 saylı ekspert rəyindən görünür ki, sözügedən 13.73 ha torpaq sahəsinin “Google Earth” proqramından çəkilmiş foto görüntüsündən həmin ərazidə 2009-cu illərdə yaşıllıq olmaqla ağacların mövcud olduğu, 2014-cü ildən başlayaraq həmin ərazidə tikinti işlərinin aparılması və qeyd olunan ağacların orada olmadığı müəyyən edildi. Göründüyü kimi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Şəmkir Dövlət X15 mütəxəssis rəyində mübahisəli torpaq sahəsində ağac gövdəsinin kəsilməsi, ağac kökləri və çoxillik ağacların olması müəyyən edilməmiş, Azərbaycan Respublikası Müstəqil Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 77 saylı ekspert rəyində isə yaşıllığın olması müəyyən edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya şərait yardılaraq həmin rəy üzrə təqdim edilmiş 2009-cu il üzrə çəkilmiş fotonun ağacların olmasını sübut edəcək şəkildə təqdim edilməsi ilə bağlı təklifi təmin edilməmiş, həmin sahədə tələbdə qeyd edilən illər üzrə ağacların olmasını və cavabdeh inzibati orqan tərəfindən məhv edilməsini təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı mübahisəli ərazidə iddiaçıya məxsus meyvə ağaclarının olması və cavabdeh inzibati orqan tərəfindən məhv edilməsi işdə olan sübutlarla təsdiq olunmamış, cavabdehin hüquqazidd hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetməmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş şahid ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, işdə olan sübutlarla şahid ifadələri təkzib edilmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Şəmkir rayon xxxx Bələdiyyəsinə (üçüncü şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı “13 ha torpaq sahəsi üzərində salınmış 5750 ədəd ağacın məhv edilməsinə görə 230.000 manat və 2014-2018-ci illər üzrə bir il 273.000 manatdan hesablanmaqla 7 il müddətində əldən çıxmış 1.911.000 manat faydanı, cəmi 2.083.160 manat ziyanın cavabdehdən alınıb xeyrinə ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-4/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4/2021
10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver