Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4008/2025 01.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsinə qarşı “ödənilməmiş ezamiyyə pulunun ödənilməsi” tələbinə dair Giriş hissəsi Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı, Cavabdeh “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsinə qarşı “ödənilməmiş ezamiyyə pulunun ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq hazırlıq icraatı üzrə məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:
1. Cavabdeh tərəfindən “AZEMİS” elektron məhkəməyə informasiya sistemi vasitəsi ilə məhkəməyə ünvanlanmış sənədlərə əsasən: - Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 3-17-7/3-2-19178/2023 nömrəli “İddiaçı 6 saylı DOST Mərkəzinə ezam edilməsi haqqında” əmrə əsasən, Qarabağ Regional DOST Mərkəzinin Monitorinq şöbəsinin aparıcı mütəxəssisi İddiaçı 2023-cü il 24 noyabr tarixindən 35 (otuz beş) təqvim günü müddətinə 6 saylı DOST Mərkəzinə ezam edilmişdir. - Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 3-17-7/3-2-20272/2023 nömrəli “2023-cü il 24 noyabr tarixli 3-17-7/3-2-19178/2023 nömrəli əmrin qüvvədən düşməsi haqqında” əmrə əsasən, agentliyin “İddiaçı 6 saylı DOST Mərkəzinə ezam edilməsi haqqında” 2023-cü il 24 noyabr tarixli, 3-17-7/3-2-19178/2023 nömrəli əmri ilə 2023-cü il 19 dekabr tarixindən qüvvədən düşmüş hesab edilmişdir. - Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 3-17-7/3-2-2000/2024 nömrəli “əməkdaşların azad edilməsi haqqında” əmrə əsasən, Qarabağ Regional DOST Mərkəzinin Monitorinq şöbəsinin mütəxəssisləri ... İddiaçı ... 2024-cü ilin 26 fevral tarixindən 19 təqvim günü müddətinə 3 saylı Bakı DOST Mərkəzinə ezam edilmişlər. - Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 3-17-7/3-4-4360/2024 nömrəli “İddiaçı tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrə əsasən, 1 saylı Bakı DOST Mərkəzinin Xidmətlər şöbəsinin aparıcı mütəxəssisi (sosial müavinətlər üzrə sosial agent) İddiaçı 2024-cü il 22 noyabr tarixindən tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış 2023-cü il 21 noyabr tarixli əmək müqaviləsinə xitam verilmişdir.
2. İddiaçı iddia tələbi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun 24.11.223-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək 35 (otuz beş) təqvim günü müddətinə 6 saylı DOST Mərkəzinə, 2-ci dəfə isə 26 fevral 2024-cü il tarixindən 15 mart 2024-cü il tarixinə kimi 19 (on doqquz) təqvim günü müddətinə 3 saylı DOST Mərkəzinə ezammiyyətdə olduğu, cəmi 54 (əlli dörd) gün üçün ödənilməmiş ezamiyyə xərclərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2017-ci il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsində “aparıcı məsləhətçi” kimi fəaliyyətə başlamış, xx.xx.2019-cu ildən həmin şöbənin sosial yardım və müavinətlər şöbəsinə “aparıcı məsləhətçi” vəzifəsinə keçirilmiş, işlədiyi idarənin adının mütəmadi olaraq dəyişməsi ilə bağlı xx.xx.2023-cü il tarixindən nazirliyin Dayanıqlı və Operativ Sosial Təminat X2 DOST Mərkəzinin Manitorinq şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə təyin olunmuşdur. O, 24 noyabr 2023-cü il tarixindən 28 dekabr 2023-cü il tarixinədək 35 (otuz beş) təqvim günü müddətinə 6 saylı DOST Mərkəzinə, 2-ci dəfə isə 26 fevral 2024-cü il tarixindən 15 mart 2024-cü il tarixinə kimi 19 (on doqquz) təqvim günü müddətinə 3 saylı Bakı DOST Mərkəzinə ezam olunmuşdur. İddiaçı qeyd edir ki, ezam olunduğu müddətlərdə 6 saylı DOST Mərkəzində və 3 saylı Bakı DOST Mərkəzində ünvanlı sosial yardım üzrə maddi məişət şəraitinin müayinəsi üzrə aparılmış yoxlamalarda iştirak etmiş, lakin ona nə 6 saylı “DOST” Mərkəzi tərəfindən 35 (otuz beş) təqvim günü üçün, nə də 3 saylı Bakı “DOST” Mərkəzi tərəfindən 19 (on doqquz) təqvim günü üçün heç bir əsas olmadan ölkədə mövcud olan qanunvericiliyə uyğun olaraq ezamiyyə xərclərim ödənilməmişdir. O, ezamiyyətlərdən qayıtdıqdan sonra işlədiyi Qarabağ Regional “DOST” Mərkəzi tərəfindən ezamiyyətdə olduğu müddətlər üçün orta aylıq əmək haqqları və əmək haqqları vaxtında ödənilmiş, Nazirliyin “DOST” Agentliyi publik hüquqi şəxsinin xx.xx.2024-cu il tarixli, 3-17- 7/3-4-473/2024 saylı əmri ilə xx.xx.2024-cü il tarixindən 1 saylı Bakı DOST Mərkəzinin monitorinq şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə keçirilmiş, ezamiyyətdən qayıtdıqdan sonra şifahi olaraq dəfələrlə müraciət etməyinə baxmayaraq o, nə 6 saylı DOST Mərkəzi, nə də 3 saylı Bakı DOST Mərkəzi tərəfindən ezamiyyə xərcləri ödənilməmişdir. İddiaçı bildirir ki, onun tərəfindən ödənilməmiş ezamiyyə xərclərini tələb etməyi nazirliyin “DOST” Agentliyi publik hüquqi şəxsiinin rəhbərliyinin xoşuna gəlmədiyi üçün Agentliyin xx.xx.2024-cü il tarixli, 3-17-7/3-4-4360/2024 saylı əmri ilə heç bir əsas olmadan əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar qanunsuz olaraq tutulduğu vəzifədən azad edilmişdir. İddiaçı əmək müqavilsəinə xitam verildikdən sonra ödənilməmiş ezamiyyə xərclərinin ödənilməsi üçün xx.xx.2024-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə rəsmi müraciət etsə də, ona imtina cavabı verilmişdir.
4. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı vəsatət məhkəməyə daxil olmuş və qeyd edilmişdir ki, hazırkı məhkəmə işi üzrə iddia predmeti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi ilə tənzimlənən inzibati mübahisələrin məhkəmə icraatı qaydasında baxılan işlər dairəsinə aid deyildir. İcaat olan inzibati iş üzrə iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilmişdir.
5. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə etmiş və iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə edilmiş etirazı müdafiə edərək, hazırkı iş inzibati mübahisə olmadığından işə inzibati məhkəmə icraatına baxılmalı olmadığından iddianın mümkün sayılmaması barədə qərardadın qəbul edilməsini xahiş etmişdir.
Əsaslandırma hissəsi:
7. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. - Tətbiq edilən hüquq:
8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarı Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərti ilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarının 4-cü bəndinə əsasən İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.
9. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarı 15.3 Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.
10. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Bu Qanunda istifadə edilən anlayışlar 2.2. Publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır
11. Belə ki, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur ki, hazırki iddia predmet və mahiyyəti baxımından inzibati xarakterli olmadığından iddianın inzibati məhkəmə icraatı qaydasında əsaslılığının araşdırılması yolverilməzdir.
12. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.
13. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçının əsas niyyəti ona ödənilməmiş ezamiyyə pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsindən ibarətdir.
14. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərti ilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
15. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
16. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsinə əsasən, Agentlik aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra - müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.
17. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvələ əsasən, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq aşağıdakı tələblərə ümumi məhkəmələr baxır: - Əmək münasibətlərindən irəli gələn tələblər;
18. Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında sonuncu dəfə xx.xx.2023-cü il tarixdə xx.xx.2024-cü il tarixədək olmaqla müddətli əmək müqaviləsi bağlanmış, cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-7/3-4-4360/2024 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən İddiaçı ilə olan əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi istər işə qəbul, istərsə də iddiaçının işdən azad edilməsi əmək qanunvericiliynə istinad edilməklə həyata keçirilmişdir. Cavabdeh inzibati orqan olsa belə, ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud cavabdehin hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsindən deyil, iddiaçı ilə ehtimal olunan işəgötürəni arasındakı işə qəbul tələbindən irəli gəlir. Belə ki, mübahisə dövlət qulluğuna qəbulla bağlı deyil və ya xidməti hüquq münasibətlərindən irəli gəlmir. X3 inzibati orqan hesab olunsa belə, dövlət orqanı deyil və nəticə etibarilə işə qəbul proseduru “Dövlət qulluğu haqqında” qanunla tənzimlənmir. İddiaçının işə qəbul edilməsi, onunla əmək bağlanması cavabdeh orqanın deyil, işəgötürənin səlahiyyətlərinə aid məsələdir, onun hüququdur. Müqavilə azadlığı prinsipi isə əmək müqaviləsinin məcburi bağlanmasına yol vermir.
19. Məhkəmə iddiaçı tərəfin nəzərinə çatdırır ki, iddiaçı hazırki tələb üzrə mülki məhkəmə icraatı qaydasında baxılması üçün aidiyyəti üzrə səlahiyyətli rayon məhkəməsinə müraciət etmək hüququna malikdir.
20. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsinə qarşı “ödənilməmiş ezamiyyə pulunun ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin norma tələblərinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Habelə, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddiaçı cavabdeh “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsinə qarşı “ödənilməmiş ezamiyyə pulunun ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçıya hazırki tələb üzrə mülki məhkəmə icraatı qaydasında baxılması üçün aidiyyəti üzrə səlahiyyətli rayon məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan, onun tam formada təqdim olduğu gündən 10 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Nurəli Hüseynov