Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4015/2023 05.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı əlilliyə görə müavinətin əvvəlki müddət üçün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 44 günlük vətən müharibəsi dövründə Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak etmiş və yaralanmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək stasionar və ambulator müalicə almış, həmin müddət əlillik dərəcəsi təyin edilməmiş, yalnız xx.xx.2021-ci il tarixdən ona üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçı hesab edir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əlilliyə görə ödənilməmiş sosial müavinət ona ödənilməlidir. Bu məqsədlə iddiaçı cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə müavinət təyin edilmişdir, sonradan əlilliyə görə pensiya təyinatı da həmin tarixdən təyin edilmiş və fərq məbləği ödənilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə üçüncü dərəcə əlillik təyin edilmişdir. -surəti işə əlavə edilmiş Sosial ödənişlərə dair altsistemdən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə « Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar » İİİ qrup əlilliyə görə müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixdə əmək pensiyası hüququ qazandığından müavinət dayandırılmışdır. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın mümkünlük şərtləri ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh orqana deyil, cavabdeh orqanın tabe qurumunun (DSMF-nin) digər orqanına (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalına) müraciət etsə də, cavabdeh orqan iddiaya mahiyyəti üzrə etiraz təqdim etdiyindən, bu hal iddia üzrə mümkünlük şərtlərinin ödənilməsi kimi qəbul edilməlidir. İddia mümkün iddia olmaqla yanaşı mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə üçüncü dərəcə əlillik təyin edilmiş, həmin tarixdən etibarən « Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar » ona İİİ qrup əlilliyə görə müavinət təyin edilmiş, daha sonra iddiaçı əmək pensiyası hüququ qazandığından müavinət dayandırılmışdır. Hazırki tələblə iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş sosial müavinətin ona ödənilməsini tələb etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. “Sosial müavinətlər haqqında” Qanunun: -1.0.1-ci maddəsinə görə, sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. -3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. -4.0.1.3-cü maddəsində qeyd olunmuşdur ki, əlilliyə görə aylıq müavinətlər ödənilir. -7.0.3-cü maddəsində qeyd olunmuşdur ki, əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. -9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.2. əlilliyə müavinət-əlillik müddətinə; “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2006-cı il tarixli 373 nömrəli Fərmanına əsasən sözügedən Qanunun 7.0.3-cü maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi nəzərdə tutulur. İstinad olunan qanunun müvafiq maddəsinin məzmunundan da görünür ki, aylıq müavinətlərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi müddət üzrə, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək İİİ qrup əlilliyə görə sosial müavinət hesablanaraq ona ödənilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üzrə İİİ qrup əlilliyə görə sosial müavinətin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-4015/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4015/2023
05.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver