Məhkəmə qərarları › İş №2-1(114)-4018/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4018/2025

14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4018/2025 14.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi ilə, İddiaçı cavabdeh Bərdə rayonu Yeni Əyricə kənd Binədar Əjdər oğlu adına tam orta məktəbə qarşı “fərqlənmə attestatının verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Bərdə rayonu Yeni Əyricə kənd Binədar Əjdər oğlu adına tam orta məktəbə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona fərqlənmə attestatının verilməsi ilə bağlı qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 2024-cü ildə Bərdə rayonu Yeni Əyricə kənd Binədar Əjdər oğlu adına tam orta məktəbin məzunu olmuş və hal-hazırda Qarabağ Universitetinin Hüquqşünaslıq ixtisasında təhsil alır. Məktəbdən məzun olduqdan sonra ona təqdim edilən attestatda ciddi bir səhv aşkar etmişdir. Belə ki, onun riyaziyyat fənnindən əldə etdiyi yekun qiymət 92 olmasına baxmayaraq, məktəb tərəfindən attestata səhvən 68 bal qeyd edilmişdir. Bu yanlışlıq səbəbindən o fərqlənmə attestatı ala bilməmişdir. Qeyd edilən yanlışlığın məktəbdəki məsul şəxslərin diqqətsizliyi və səhlənkarlığı nəticəsində baş verdiyini düşünür. Onların səhvi ucbatından təhsil sənədində düzgün olmayan məlumat əks olunmuşdur. Məktəbdə oxuduğu dövrdə çəkdiyi zəhmət nəticəsində yüksək nəticələr göstərmiş və bu səbəbdən də fərqlənmə attestatını almaq onun haqqıdır. Digər tərəfdən, o təhsilini xarici ölkədə davam etdirərək yüksək ixtisaslı kadr kimi yetişmək və daha sonra ölkəyə qayıdıb hüquqşünas kimi işləmək istəyir, bu səbəbdən də xarici ölkədə təqaüd qazanmağı üçün fərqlənmə attestatının olması çox böyük əhəmiyyət kəsb edir. Bildirir ki, o, fərqlənmə attestatı verilməsi üçün qeyd edilən bütün tələblərə uyğun gəlir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasına üzrlü səbəbdən gələ bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Bərdə rayonu Yeni Əyricə kənd Binədar Əjdər oğlu adına tam orta məktəb məhkəməyə gəlməmələrinin üzrlü səbəbi və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarından görünür ki: 11a-ya məxsus 2023-2024-cü tədris ili üzrə sinif jurnalında X3 riyaziyyat fənni üzrə İ yarımil 75, İİ yarımil 75, illik 75, imtahan 88 bal toplaması ilə bağlı qeydlər var. Bərdə rayonu Yeni Əyricə kənd Binədar Əjdər oğlu adına tam orta məktəbin tam orta təhsil haqqında attestat blanklarının uçot və verilməsi kitabından görünür ki, X3 riyaziyyat fənni üzrə 1672 dərs saatına əsasən 4 qiyməti almışdır. Azərbaycan Respublikası tam orta təhsil haqqında xx.xx.2024-cü il tarixli E № 717063 nömrəli attestatda görünür ki, İddiaçı Bərdə rayonu Yeni Əyricə kənd Binədar Əjdər oğlu adına tam orta məktəbi bitirmiş, riyaziyyat fənni üzrə saatların ümumi miqdarı 1672 olmaqla, yekun attestasiyanın nəticəsi illik 4, imtahan 88 bal olmuşdur. X7 16432787 nömrəli işdən xx.xx.2025-ci il tarixli çıxarışından görünür ki, X3 2023- 2024-cü tədris ili üzrə riyaziyyat fənnindən əvvəlki ilin qiyməti 5, buraxılış ilinin qiyməti 4, buraxılış imtahanı 88 bal, yekun qiymət 4 olmuşdur. Azərbaycan Respublkası Dövlət İmtahan Mərkəzindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda görünür ki, İddiaçı attesasiya nəticələrindən Azərbaycan Respublikası Dövlət X4 Komissiyasına təsdiqlənmiş şikayəti daxil olmamışdır. ünvan 1 ünvanlanmış məktubda görünür ki, X6 2023-2024-cü tədris ilində buraxılış imtahanlarında iştirak edərək Azərbaycan dilindən-98 bal, İngilis dilindən-87 bal, Riyaziyyatdan -88 bal toplamışdır. Lakin fərqlənmə Attestatı almaq ücün buraxılış imtahanlarında alınan qiymətlər yetərli deyil. İlkin qiymətləndirmə məktəbdə aparılan Kiçik(KSQ) və Böyük(BSQ) summativ qiymətləndirmədir. X2 məktəb daxilində aparılan kiçik və böyük summativ qiymətləndirilmədə (əsada KSQ) davamlı şəkildə iştirak etmədiyi ücün Riyaziyyat fənnindən yekun qiymətləndirilmədə 4-lə qiymətləndirilmişdir. Bu səbəbdən də fərqlənmə attestatı verilməmişdir. Şikayətçi X1 əvvəl də şikayət etiyi dövlət orqanlarına, xüsusilə də Elm və Təhsil Nazirliyinə etdiyi şikayətlərə baxılıb. Regional Təhsil İdarəsindən və Bərdə rayon Təhsil Sektorundan nümayəndələr məktəbdə yoxlamalar aparıb. Şikayətin əsasız olduğu haqqında şikayətçiyə məlumat verilib. Əsaslandırma hissəsi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması müəyyən edilmişdir. Məhkəmə cavabdehin imtinasının olması ilə bağlı qeyd edir ki, iş materiallarında iddiaçının cavabdehə müraciət etməsi və cavabdehin iddiaçıya imtina etməsi barədə sənəd olmasa da, cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış məktubda görünür ki, X3 hazırkı tələbə uyğun müraciəti olmuş və müraciətinin əsasız olduğu haqqında ona məlumat verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddia mümkün olduğundan iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materialları ilə əlaqəli araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona fərqlənmə attestatının verilməsidir. İddiaçı tələbinin əsası kimi qeyd etmişdir ki, onun buraxılış ili üzrə həmçinin riyaziyyat fənnindən yekun qiyməti 5 olmuşdur. Lakin onun qiyməti aşağı yazılmışdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, cavabdeh tələbin təmin edilməsindən imtina etmiş və qeyd etmişdir ki, iddiaçı buraxılış imtahanlarından yüksək bal toplasa da, onun riyaziyyat fənni üzrə yekun qiyməti 4 olmuşdur. Bu səbəbdən ona fərqlənmə attestatı verilməmişdir. İş materiallarından görünür ki, X6 2023-2024-cü tədris ili üzrə riyaziyyat fənnindən İ yarımil 75, İİ yarımil 75, illik 75, imtahandan 88 bal toplamış, 1672 dərs saatına əsasən 4 qiyməti almışdır. Nəticədə iddiaçının buraxılış ili-2023-2024-cü tədris ili üzrə riyaziyyat fənnindən illik qiyməti 4, imtahanı 88 bal olmaqla, yekun qiyməti 4 olmuşdur. İddiaçı Bərdə rayonu Yeni Əyricə kənd Binədar Əjdər oğlu adına tam orta məktəbi bitirməsinə görə Azərbaycan Respublikası tam orta təhsil haqqında xx.xx.2024-cü il tarixli E 17063 nömrəli adi attestat verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması” Qaydalarının 1.2-ci bəndinə əsasən, ümumi təhsil müəssisələrində təhsilalanların yekun attestasiyası ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələrini başa vuran təhsilalanların təhsildə nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə həyata keçirilir. 1.3-cü bəndinə görə, ümumi təhsil müəssisələrində ümumi orta və tam orta təhsil səviyyələrində təhsilalanların yekun attestasiyası Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən aparılır. 1.4-cü bəndinə görə, təhsilalanların yekun attestasiyası üçün Mərkəz tərəfindən buraxılış imtahanı keçirilir. ... 1.7-ci bəndinə əsasən, təhsil sənədinə yazılacaq yekun qiymət (qiymətlər) Mərkəz tərəfindən aşağıdakı qaydada çıxarılır: 1.7.1. buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılış sinfinin yekun (illik) qiyməti və buraxılış imtahanının balı; 1.7.2. buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə şagirdin buraxılış sinfinin yekun (illik) qiyməti. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 479 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi” Qaydasının (7 yanvar 2026-cı il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə ləğv edilmişdir) 2.1-ci bəndində əsasən, ümumi təhsil müəssisələrini ümumi təhsil pilləsinin müxtəlif səviyyələri üzrə bitirən şəxslərə bu Qaydaya əsasən təhsil haqqında dövlət sənədləri verilir. Ümumi təhsil haqqında dövlət sənədləri növbəti pillədə və ya səviyyədə təhsili davam etdirmək, yaxud əmək fəaliyyətinə başlamaq üçün əsas hesab olunur. 2.2-ci bəndinə görə, ümumi təhsil pilləsində təhsil haqqında aşağıdakı növ dövlət sənədləri müəyyənləşdirilir: 2.2.1. ümumi orta təhsil haqqında attestat (adi və fərqlənmə); 2.2.2. tam orta təhsil haqqında attestat (adi, fərqlənmə və xüsusi nümunəli). 2.3-cü bəndinə əsasən, ümumi orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə başa vuran məzunlara ümumi orta təhsil haqqında fərqlənmə attestatı, digər hallarda isə ümumi orta təhsil haqqında adi attestat verilir. 2.4-cü bəndinə görə, tam orta təhsil səviyyəsini qızıl və ya gümüş medalla təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat, əla qiymətlərlə başa vuran məzunlara tam orta təhsil haqqında fərqlənmə attestatı, digər hallarda isə tam orta təhsil haqqında adi attestat verilir. Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2017-ci il tarixli 129 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi” Qaydasının 2-ci bəndində əsasən, ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatları aşağıdakı tələblərə uyğun gələn məzunlara verilir: 2.1. ümumi orta və ya tam orta təhsil səviyyəsində oxuduğu müddətdə nümunəvi davranışı ilə fərqlənməsi; 2.2. bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətlərinin 5 (beş) olması; 2.3. ümumi orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplaması; 2.4. tam orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə 5 (beş) qiymət alması (ən azı 75 (yetmiş beş) bal toplaması1); 2.5. buraxılış imtahanında inşadan (essedən) minimum 7 (yeddi) bal toplaması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması” Qaydalarının tələblərindən göründüyü kimi, ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələrini başa vuran təhsilalanların təhsildə nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə yekun attestasiyası həyata keçirilir. Təhsilalanların yekun attestasiyası üçün buraxılış imtahanı keçirilir. Təhsil sənədinə yazılacaq yekun qiymət (qiymətlər) buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılış sinfinin yekun (illik) qiyməti və buraxılış imtahanının balı nəzərə alınmaqla çıxarılır. Həmçinin Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2017-ci il tarixli 129 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi” Qaydasının 2.2-ci bəndindən müəyyən olunur ki, məzunun bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətlərinin 5 (beş) olması ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatı verilməsi üçün nəzərdə tutulmuş tələblərdən biridir. İşin halarından müəyyən olunduğu kimi, iddiaçı X3 buraxılış ili-2023-2024-cü tədris ili üzrə digər fənlərdən qiyməti 5 olsa da, riyaziyyat fənnindən yekun qiyməti 4 olmuşdur. İddaçı fərqlənmə attestatı verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan qeyd olunan tələbə uyğun gəlmir. Belə olan halda iddiaçıya fərqələnmə attestatının verilməsi istisna olunur. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia təmin edilməməlidir. Nəticəvi hissə Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2.3, 34.1,68.1, 68.2 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı cavabdeh Bərdə rayonu Yeni Əyricə kənd Binədar Əjdər oğlu adına tam orta məktəbə qarşı “fərqlənmə attestatının verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar