Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-402/2020 23.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx xxxxxx 2019-cu il tarixli, 1/A-16196 nömrəli imtina məktubu ilə Mərkəzi Arxivin xx.xx.2019-cu il tarixli, 9/2-16895 nömrəli arayışında xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək hərbi xidməti barədə məlumat olmadığına görə, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İmtinanı qanunsuz hesab edən iddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1992-ci ildə könüllü olaraq yeni yaranmış Milli Ordunun tərkibində fəaliyyət göstərən N () saylı hərbi hissədə qulluğa başlamışdır. İlkin olaraq N saylı hərbi hissədə taqım, bölük komandiri, sonra isə silahsursat üzrə batalyon komandiri vəzifəsində olmuşdur. 1992-ci ilin iyul ayında Gədəbəy rayon Başkənd kəndi uğrunda ağır döyüşlər başlamış, bölgədə gedən döyüşlərdə o da könüllü olaraq qatılmış və avqust-sentyabr-oktyabr aylarında döyüş bölgəsində iştirak etmişdir. Zabit heyəti az olduğuna görə o, əməliyyatlar vaxtı artilleriyaya komandirlik etmişdir. 1992-ci ilin oktyabr ayının əvvəllərində Başkənd kəndi düşmənlərdən azad edilmişdir. xx xxxxxxx 1992-ci il tarixində raport yazaraq səhhəti ilə əlaqədar ordudan azad olmaq üçün müraciət etmişdir. Çox təəssüflər olsun ki, onun yazılı müraciəti, ordudan azad olunmaq barədə müraciət Müdafiə Nazirliyinə çatdırılmamışdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə xx.xx.2020-ci il tarixli etiraz ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx xxxxxxx 2019-cu il tarixli, 9/2-16895 nömrəli arayışına əsasən İddiaçı xx xxxxxxx 1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək hərbi xidməti barədə məlumat aşkar olunmamışdır. Göstərilənlərə əsasən hesab edir ki, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsaslı və qanuni olaraq imtina etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəf təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2. maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. iddia inzibati aktın qəbul edilməsindən imtina barədə müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində verilməlidir (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 35.1, 38.1 maddələri). Məhkəmə hesab edir ki, iddiaçının məcburetmə haqqında iddiası mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan X1 xx.xx.1995-ci il tarixli, 142 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müvafiq olaraq xx.xx.1995-ci il tarixdən ZET komandirinin sərəncamından. Şəxsi heyətin siyahısından, bütün təminat növlərindən çıxarılmış, 18-ci maddənin “E” bəndinə əsasən (hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törədilməsinə görə) zabit hərbi rütbəsi bir pillə endirilməklə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunmuş və Azərbaycan Respublikası HK-na müxtəlif RHK-na qeydiyyata göndərilmişdir -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 9/2-10039 nömrəli, xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, leytenant İddiaçı N () nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli. 11 nömrəli əmrilə bölük komandiri vəzifəsinə təyin edilmişdir. Leytenant İddiaçı N () nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 54 nömrəli əmrilə batalyon tərkibindən azad edilmişdir. Leytenant İddiaçı N () nömrəli hissə komandirinin xx.xx.1992-ci il tarixli, 88 nömrəli əmrilə mühəndis istehkamçı tağımına tağım komandiri vəzifəsinə təyin edilmişdir. Leytenant İddiaçı N ()-nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli. 167 nömrəli əmrilə mühəndis istehkam tağımının komandirliyindən çıxarılaraq 2-ci atıcı bölmənin tağımına komandir vəzifəsinə təyin edilmişdir. Leytenant İddiaçı N () nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 224 nömrəli əmrilə 2-ci atıcı bölmənin 1-ci tağımın komandirliyindən çıxarılaraq silahsursat üzrə komandir müavini vəzifəsinə təyin edilmişdir. xx.xx.1992-ci il tarixdən hərbi qulluğa gəlmədiyi üçün leytenant İddiaçı N () nömrəli hərbi hissə komandirinin xx.xx.1992ci il tarixli, 247 nömrəli əmrilə əmək haqqısı saxlanılmışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 9/2- 16895 nömrəli, xx.xx.2019-cu il tarixli məktubunun surətindən görünür ki, N () nömrəli hərbi hissə komandirinin 16.3.1992-ci il tarixli, 11 nömrəli əmrilə leytenant İddiaçı müvafiq vəzifəyə təyin olunmuşdur. Raportuna əsasən leytenant İddiaçı N () nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 54 nömrəli əmrilə (əmrdə vəzifəsi göstərilməyib) batalyonun tərkibindən azad edilmişdir. N () nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 88 nömrəli əmrilə leytenant İddiaçı mühəndis istehkamçı tağımına tağım komandiri vəzifəsinə təyin olunmuşdur. N () nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli. 167 nömrəli əmrilə leytenant İddiaçı mühəndis istehkamçı tağımının komandirliyindən çıxarılaraq 2-ci atıcı rotanın 2-ci tağımına komandir təyin olunmuşdur. N () nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 224 nömrəli əmrilə leytenant İddiaçı 2-ci atıcı rotanın 1-ci tağımın komandirliyindən çıxarılaraq silah-sursat üzrə komandir müavini vəzifəsinə təyin olunmuşdur. xx.xx.1992-ci il tarixdən hərbi qulluğa gəlmədiyi üçün leytenant İddiaçı N () nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 247 nömrəli əmrilə (əmrdə vəzifəsi göstərilməyib) əmək haqqısı saxlanılmışdır. N nömrəli hərbi hissənin zabit heyətinin əlifba qeydiyyatı kitabında İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli, müvafiq əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və Azərbaycan Respublikası silahlı Qüvvələri Baş Qərargah rəisinin xx.xx.1994-cü il tarixli müvafiq əmrilə X4 komandirinin sərəncamına göndərilməsi barədə məlumat vardır. X2 zabit heyətinin əlifba qeydiyyatı kitabında 1960-cı il təvəllüdlü İddiaçı Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1994-cü il tarixli müvafiq əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və 18-ci maddənin “E” bəndinə əsasən ehtiyata tərxis olunduğu üçün Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1995-ci il tarixli müvafiq əmrinə əsasən komandirin xx xxxxxxxx 1995-ci il tarixli. 142 nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1995-ci il tarixli müvafiq əmri və 18-ci maddənin “E” bəndinə (hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törədilməsinə görə) əsasən leytenant İddiaçı Şəfayət oğlu hərbi rütbəsi bir pillə kiçik leytenant hərbi rütbəsinə qədər endirilməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində! hərbi xidmətdən ehtiyata tərxis olunduğu üçün X3 komandirinin sentyabr 1995-ci il tarixli, 142 №-li əmrilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Daşkəsən RHK-na göndərilmişdir. N №-li hərbi hissə komandirinin yanvar-dekabr 1993-cü il, yanvardekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, N №-li hərbi hissənin may-iyun 1994-cü il tarixli zabit heyətinə pul təminatının ödənilməsi cədvəllərində və X3 komandirinin iyun-dekabr 1994-cü il, yanvar-avqust 1995-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və pul təminatı ilə təmin olunması barədə məlumat aşkar olunmamışdır. - 861-ci alay İİİ taburun xx.xx.1992-ci il tarixli. 247 nömrəli əmrindən çıxarışdan görünür ki, leytenant İddiaçı xx.xx.1992-ci il tarixdən hərbi qulluğa gəlmədiyi üçün əmək haqqısının saxlanılması əmr edilmişdir. - Qazax Hərbi Prokurorluğunun xx xxx 2019-cu il tarixli, HP-12/2371 nömrəli məktubundan görünür ki, 1960-cı il təvəllüdlü. Daşkəsən rayon sakini, 1992-ci ildə N nömrəli hərbi hissədə baş leytenant hərbi rütbəsində hərbi xidmətdə olduğu göstərilən İddiaçı barəsində Qazax Hərbi Prokurorluğunda təqsirləndirici material olmamışdır. Qazax Hərbi Prokurorluğunda xx.xx.2010-cu il tarixədək olan dövrdə hərbi hissəni özbaşına tərk etmə və ya fərariliklə bağlı olan cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş materiallar və ona dair yazışmalar, həmin tarixədək olan ərizə və şikayətlərin qeydiyyat kitabı saxlama müdətinin başa çatması ilə əlaqədar xx.xx.2015-ci il tarixdə məhv edildiyindən, onun barəsində araşdırma materialının olub-olmaması və cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib-edilməməsi haqqında məlumat vermək mümkün deyildir. Göründüyü kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, iddiaçının Mərkəzi Arxivin xx.xx.2019-cu il tarixli, 9/2-16895 nömrəli arayışında xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək hərbi xidməti barədə məlumat olmadığını əsas gətirərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etsə də, bu şəxsə müharibə veteranı statusunun verməsini istisna edən əsas kimi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunununda və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə müəyyən edilməmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin birinci və üçüncü abzaslarının müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanununun 3-cü maddəsinin «Qeyd» hissəsində müharibə veteranı sayılmasının istisna edən hallar müəyyən edilərək göstərilmişdir ki, «bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir». Göründüyü kimi iddiaçının müharibə veteranı sayılması üçün «Veteranlar haqqında» Qanunda müəyyən edilmiş şərtlər mövcuddur. Lakin cavabdeh iddiaçıya «Müharibə veteranı» adının verilməsindən imtina etmiş və imtinasını yuxarıda açıqlanan məzmunda əsaslandırmışdır. Məhkəmə imtinanın dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gündür. İş materiallarından məlum olduğu kimi iddiaçının hərbi xidmətə daxil olması və hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrləri mövcuddur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İPM-in 14-cü maddəsində inzibati məhkəmə icraatında baxılan iddia növləri üzrə tərəflərin sübut etmə vəzifələri dəqiqləşdirilmişdir. İPM-in 14.2-ci maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilələrdən müdafiəyə dair iddialar üzrə belə müdaxilələri zəruri edən faktik şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normaların tələbləri baxımından iddiaçı «Müharibə veteranı» adının verilməsi üçün zəruri olan ilkin sübutları, yəni hərbi hissədə xidmət etməsini və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu təsdiq edən sübutları təqdim etmişdir. İşin bu vəziyyətində, İPM-in 14.3-cü maddəsinə əsasən, iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə iş materiallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Bunun əksi şəxsin hüquqlarının inzibati və məhkəmə təminatının nəzərdə tutulduğu Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin tələblərinin pozulmasına səbəb olardı. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsi qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-402/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-402/2020
23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver