Məhkəmə qərarları › İş №2-1(114)-4024/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4024/2025

11.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4024/2025 11.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı X10 Cavabdehnə qarşı “X6 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestrdən çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən **********31-05101-093034 reyestr nömrəli daşınmaz əmlak üzərində İddiaçı tam mülkiyyət hüququ əsasında xüsusi mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayış əsasında X6 onun mülkiyyətində olan mənzildə qeydiyyatda olduğunu bilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə Cavabdehnə (bundan sonra mətndə cavabdeh) müraciət edərək, ona məxsus olan mənzildən üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-13-57/2-Ə- 12376/11/25 nömrəli məktubda ona məhkəməyə müraciət etməsi bildirilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs X6 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin mənzilin ümumi sahəsi 64.6 kv.m-dən ibarətdir. 3-cü şəxs X11 iddiaçının mənzilinin keçmiş sakinin ailə üzvüdür. Bu şəxs onun mülkiyyət hüququnu pozur, sərəncam vermək və digər hüquqlarını məhdudlaşdırır. İddiaçı 3-cü şəxsi ünvan 1 ünvanından qeydiyyatdan çıxarmaq üçün Cavabdehnə müraciət etmiş, lakin ona imtina cavabı verilmiş və imtinada “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsaslanaraq qeyd edilmişdir ki, “şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarılır”. Odur ki, iddiaçı məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. 3-cü şəxs faktiki olaraq onun mənzilində yaşamasa da, formal olaraq həmin ünvanda qeydiyyatda durur. 3-cü şəxs iddiaçının mənzilində qeydiyyatda durduğuna görə o, məcbur olub kommunal xidmətlərə görə artıq pul ödəməli olur. Lakin, bir halda ki, 3-cü şəxs iddiaçının evində yaşamır, onun həmin ünvanda qeydiyyatda olması qanuna uyğun deyil. Cavabdeh iddiaya qarşı münasibət bildirməmiş, məhkəməyə ünvanladığı xx.xx.2025ci il tarixli məktubunda nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etmiş, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4024/2025 saylı qərardadı ilə X11 iş üzrə iştirakı zəruri olan üçüncü şəxs qismində cəlb edilmiş, məhdud fəaliyyət qabiliyyətli X11 valideyni - Qanuni nümayəndə ilə təmsil olunması qərara alınmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr Xidməti” Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-5708/2025 nömrəli “əmlaka dair arxiv sənədlərinin surətinin verilməsi barədə” məktuba əsasən, ünvan 5 ünvanında yerləşən 39 saylı mənzil ünvan 6arixli, 4Ə-118 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X7 tərəfindən X3, sonuncunun adına 22 iyul 2015-ci il tarixli, **********31-05101- 093034 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil 1 saylı Gəncə regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin 03 may 2024-cü il tarixli, 4Ə-823 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, X12 tərəfindən İddiaçı satılmış, sonuncunun adına 16 may 2024-cü il tarixli, **********31-05101-093034 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - 24.07.1991-ci il tarixli, 39 nömrəli “fərdi mənzil sahibinin yaşayış binası üçün texniki pasporta” əsasən, “ev sahibinin, adı,soyadı və atasının adı” qrafasında X13 (üzərindən xətt çəkilməklə) və X4 adı göstərilmişdir; - 01.11.1994-cü il tarixli müqaviləyə əsasən, ünvan 1 ünvanında yerləşən mənzil X16 tərəfindən X1; - Gəncə şəhəri 5 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən 4Ə-118 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2015-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, ünvan 2 ünvanında yerləşən mənzil X7 tərəfindən (onun əvəzinə X9) X2; - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən **********31- 05101-093034 reyestr nömrəli daşınmaz əmlak üzərində X12 tam mülkiyyət hüququ əsasında xüsusi mülkiyyət hüququ xx.xx.2025-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır; - 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu tərəfindən 4Ə-823 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, ünvan 2 ünvanında yerləşən mənzil X12 tərəfindən İddiaçı satılmışdır. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-13-57/2- 15904/2025 nömrəli məktuba əsasən, X11 xx.xx.2021-ci il tarixdən hal-hazıradək ünvan 1 ünvanında qeydiyyatdadır. X6 ünvan 1 ünvanına qeydiyyata alınmasına əsas olan sənədlərin saxlanma müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyilir. Ədliyyə Nazirliyi Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-1987/2025 nömrəli məktubuna əsasən, iddiaçı ilə üçüncü şəxs arasında heç bir qohumluq münasibətinin olmadığı aşkarlanmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxaırş; - xx.xx.2024-cü il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayış; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-13-57/2-Ə-12736/11/25 nömrəli imtina məktubu; - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr Xidməti” Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-5708/2025 nömrəli “əmlaka dair arxiv sənədlərinin surətinin verilməsi barədə” məktubu və ona əlavə edilmiş sənədlər; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-13-57/2-15904/2025 nömrəli məktubu; - Ədliyyə Nazirliyi Gəncə şəhər Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8- 13-1987/2025 nömrəli məktubu. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunun 2-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun 3-cü maddəsinə əsasən, yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə-yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi... Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Qanunun 9-cu maddəsində şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları qeyd edilmişdir. Həmin maddəyə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdəmüvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Həmin Qərarla müəyyən olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Bu Qərara əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına əsasən, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə araşdırması zamanı da ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusluğu, üçüncü şəxsin hazırda mübahisəli yaşayış sahəsinə dair hər hansı əmlak hüququnun olmaması və faktiki olaraq orada yaşamaması müəyyən edilmişdir. Ona görə də cavabdehin imtinası iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Belə ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Digər tərəfdən, üçüncü şəxs qismində qeyd edilən X11 xx.xx.2020-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmadığından, inzibati məhkəmə icraatının subyekti qismində çıxış edə bilməsə belə, onun müstəqil olaraq özünə yaşayış yeri seçmək, həmin evdə qeydiyyatda qalmağa hüququ mövcud deyildir. Məhkəmə qeyd edir ki, X6 yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 3-cü abzasına əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. “Elektron məhkəmə” informasiya sistemindən olan çıxarışa əsasən, X6 anası Qanuni nümayəndə ünvan 9 ünvanında qeydiyyatdadır. X6 anası Qanuni nümayəndə hazırkı iş üzrə üçüncü şəxs deyil və o, ünvan 10 ünvanında qeydiyyatda olmaqla iddiaçıya məxsus yaşayış sahəsində faktiki yaşamadığından, qeydiyyatda olmadığından və həmin ünvanda əmlak hüquqları olmadığından azyaşlının sözügedən mənzildə qeydiyyatda olmasının heç bir hüquqi əsası olmur. Belə olan halda, azyaşlının valideyni qeyd olunan ünvanda qeydiyyatda olmadığından və yuxarıda göstərilmiş qanunvericilik normasının tələbinə əsasən, üçüncü şəxsin həmin mənzildən, qanuni nümayəndəsinin qeydiyyat ünvanı nərəzə alınmaqla, qeydiyyatdan çıxarılması məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, üçüncü şəxsin sözügedən mənzil üzərində hər hansı hüquqa malik olmadığı və orada uzun müddət yaşamadığı, hallarda qeyd edilən ünvanda qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. Ona görə də iddiaçı üçüncü şəxsin sözügedən mənzildən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə onu da qeyd edir ki, həmin şəxslərin qeydiyyatdan çıxarılması onlar üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onların yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yeri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 aprel 2003cü il tarixli 55s saylı sərəncamına uyğun olaraq Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. X6 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar