Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-403/2021 09.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X1 və üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı Göygöl rayon Nadil Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X8 (üçüncü şəxs X5) qarşı çıxarışın ləğv edilməsi və torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddianın mümkünlüyü məsələsinə məhkəmənin binasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Göygöl rayon Nadil Bələdiyyəsi (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X8 (bundan sonra mətndə cavabdeh) qarşı cavabdeh tərəfindən üçüncü şəxs Göygöl rayonu, Nadil kənd sakini X3 adına xx.xx.2015ci ildə verilmiş **********12 reyestr nömrəli çıxarışın ləğv edilməsi, 2.66 ha torpaq sahəsinin və fermanın Nadil Bələdiyyəsinə qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl rayon Nadil (keçmiş Nadel) kənd ərazisində əvvəllər fəaliyyət göstərmiş üç kolxoz birləşdirilərək "N.Nərimanov" adına qoyunçuluq sovxozu yaradılmış, əvvəlki kolxozlardan biri Nadil kəndində fəaliyyət göstərən və həmin kolxozun dövründə kənd əhalisinin şəxsi vəsaiti və birgə köməyi nəticəsində inşa edilmiş ferma fəaliyyət göstərmişdir. İslahat zamanı 2.66 ha torpaq sahəsi və həmin torpaq sahəsi ərazisində yerləşən kənd əhalisinin vəsaiti hesabına inşa edilmiş mal-qara saxlamaq üçün ferma binası üçüncü şəxs Göygöl rayonunun Nadil kənd sakini X5 tərəfindən qanunsuz olaraq Göygöl rayon Nadil Bələdiyyəsinin xəbəri olmadan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixdə **********12 reyestr nömrəli çıxarış almışdır. Torpaq islahat komissiyasının sədri Sakit Sayadovun bibisinin həyat yoldaşı olduğundan qohumluq münasibətlərindən istifadə edərək Sakit Sayadovun atasının adına sənədləşdirilmişdir. İslahat zamanı iddiaçı fermanın (yatağı) qaytarılmasını tələb etsədə islahat komissiyası həmin fermanı iddiaçıya qaytarmamış və Bələdiyyəyə heç bir əmlak verməmişdir. Həmin vaxt İslahat Komissiyasının torpağın alqı-satqısına dair səlahiyyəti olmamışdır. İslahat Komissiyası tərəfindən Bələdiyyəyə verilmiş xəritədə 2.66 ha torpaq sahəsi və fermanın torpaq ərazisi Bələdiyyənin hesabında göstərilmişdir. Göygöl rayon Nadil Bələdiyyəsi və kənd sakinləri həmin torpaq sahəsinə dair üçüncü şəxsin adına çıxarışın verilməsinə etiraz edirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərdikləri ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X5 iddianı qəbul etməyərək iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki: mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasınıəsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinin mümkünlük məsələsini yoxlayarkən ilk öncə xx.xx.2015-ci il tarixdə **********12 reyestr nömrəli çıxarışın ümumiyyətlə inzibati icraatın predmeti olan inzibati akt olub-olmaması araşdırılmalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra «İnzibati icraat haqqında» Qanununun) 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Məhkəmə qeyd edir ki, inzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanununun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu isə o deməkdir ki, bu zaman ya «İnzibati icraat haqqında» Qanununun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktlar, ya da «İnzibati icraat haqqında» Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər olmalıdır. İnzibati hüquqi akt qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. “İnzibati icraat haqqında” Qanununda “inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Belə ki, Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göstərilən maddənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, inzibati akt inzibati orqan tərəfindən qəbul edilməli, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı və hakimiyyət tədbiri olması əlamətləri ilə səciyyələnir. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli qərarı). Hazırda mübahisə predmeti olan xx.xx.2015-ci il tarixdə **********12 reyestr nömrəli çıxarış yuxarıda qeyd edilənlərə əsasən inzibati akt üçün nəzərdə tutulan xüsusiyyətlərə malik olmadığından, inzibati akt hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında» xx.xx.2020-ci il tarixli qərarında qeyd edilir ki, «Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati- hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinəqiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır». Bundan əlavə məhkəmə aşağıda göstərilənləridə iddiaçının nəzərinə çatdırıb bildirir ki, iddiaçının mübahisələndirdiyi çıxarış inzibati akt deyildir. Ona görə də, mübahisələndirmə haqqında iddia növündən istifadə edilməklə onun ləğvinə dair inzibati iddia qaldırıla bilməz. İşin hallarından həmçinin müəyyən olnur ki, sözügedən çıxarış cavabdeh tərəfindən konkret hüquq müəyyənedici sənədlərə istinadla verilmişdir. Belə olan halda, sözügedən hüquq müəyyənedici sənədlər mübahisələndirilmədən çıxarışın ləğvi məsələsinədə baxıla bilməz. Bu mənada, iddiaçının hakırkı iddiaya hüquqi marağı da müəyyən edilmir. Məhkəmə həmçinin iddiaçının diqqətini buna cəlb edib bildirir ki, mübahisələndirilən çıxarışda üçüncü şəxsin qanuni istifadəsində Bələdiyyənin mülkiyyətində olan 0.0794 ha torpaq sahəsi göstərildiyi halda, cavabdeh tərəfindən çıxarışla rəsmiləşdirilmiş qeyriyaşayış sahəsi ilə bağlı xx.xx.2016-cı il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş texniki pasportda faktiki istifadə olunan torpaq sahəsinin 26.500 kv.m olduğu göstərilsədə, lakin üçüncü şəxsin həmin torpaq sahəsindən qanuni əsaslarla (istifadə, icarə müqaviləsi) istifadə etməyi barədə cavabdeh tərəf məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı bununla bağlı cavabdehin faktiki xarakterli hərəkətlərini qanunsuz hesab etdiyi halda bunu inzibati icraat qaydasında mübahisələndirmək hüququna malikdir. Lakin bunun üçün iddiaçı hazırki mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət etməsini təsdiq edən sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Göygöl rayon Nadil Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X8 (üçüncü şəxs X5) qarşı cavabdeh tərəfindən üçüncü şəxs Göygöl rayonu, Nadil kənd sakini X3 adına xx.xx.2015-ci ildə verilmiş **********12 reyestr nömrəli çıxarışın ləğv edilməsi, 2.66 ha torpaq sahəsinin və fermanın Nadil Bələdiyyəsinə qaytarılması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Göygöl rayon Nadil Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X8 (üçüncü şəxs X5) qarşı cavabdeh tərəfindən üçüncü şəxs Göygöl rayonu, Nadil kənd sakini X3 adına xx.xx.2015-ci ildə verilmiş **********12 reyestr nömrəli çıxarışın ləğv edilməsi, 2.66 ha torpaq sahəsinin və fermanın Nadil Bələdiyyəsinə qaytarılması barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252)apellyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-403/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-403/2021
09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver