Məhkəmə qərarları › İş №2-1(114)-405/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-405/2023

11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-405/2023 11.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, məhkəmə qətnaməsi ilə xitam verilmiş və "Barışıq razılaşması" haqqında müqavilənin şərtinə əsasən Gəncə şəhəri, Eminbəyli küçəsi 6-cı dalan, 3 saylı evin X4, X2 və X3 onun xeyrinə imtina etdikləri hər birinin 1/24 hissə olmaqla 3/24 hissə paylarına görə mülkiyyət hüququ verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir Tələb onunla əsaslandırılmışdır ki, X11 tərəfindən X12 və X10 qarşı Göygöl rayon Notariat Kontoru tərəfindən xx.xx.2016-cı il tarixdə 2072 Reyestr nömrəli etibarnamənin və onun əsasında Gəncə "Asan Xidmət" Mərkəzinin notariat kontoru tərəfindən xx.xx.2016-cı il tarixli 4Ə-1468 reyestr nömrəli bağışlama müqaviləsinin və AR ƏMDK-nin DƏDRX-nin 7 saylı Əl tərəfindən verilmiş RX ******* seriya nömrəli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia üzrə və X13 tərəfindən X6 qarşı pul tələbinə dair Gəncə Apelyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilmiş, həmin şikayət ilə əlaqədar və eyni zamanda X13 tərəfindən X6 və X5 qarşı miras avtomobilə vərəsəliyin müəyyən edilməsi, vərəsə tanınma, mirasdan payın müəyyən edilərək mülkiyyət hüququ verilməsi tələbinə dair və X11, X7 və X8 tərəfindən miras avtomobilə vərəsəliyin müəyyən edilməsi, vərəsə tanınma, mirasdan payın müəyyən edilərək mülkiyyət hüququ verilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən qətnamə çıxarılmışdır. Həmin mülki işlər ilə əlaqədar hər iki tərəflər məhkəmədə qaldırılmış iddialardan imtina edərək işləri barışıq sazişi ilə qurtarmağı, iddiadan, apellyasiya şikayətindən və kassasiya şikayətindən imtina etməyi öhdələrinə götürmüşlər. 25 may 2018-ci il tarixli notarial qaydada bağlanılmış "Barışıq razılaşması" haqqında müqavilənin şərtinə görə X11, X7 və X1 şəhəri, Eminbəyli küçəsi 6-cı dalan, 3 saylı evdə olan paylarının İddiaçı mülkiyyətinə keçməsinə razı olduqlarını və bu müqavilə bağlandığı gündən sonra, X11, X7 və X8 tərəfindən də X10, X9, İddiaçı və X5 qarşı miras əmlaklarla bağlı, yəni Gəncə şəhəri, Eminbəyli küçəsi 6-cı dalan, 3 saylı evə dair heç bir iddia qaldırılmayacaqlarını bildirmişlər. Buna baxmayaraq iddiaçı dəfələrlə tələb etməyinə baxmayaraq, onlar Gəncə şəhəri, Eminbəyli küçəsi 6-cı dalan, 3 saylı evin onlara aid hissəsinin onun adına qeyd edilməsi üçün heç bir hərəkət etməmiş, o da məhkəməyə müraciət etməli olmuş, Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X4, X3 və X2 mülkdə olan mülkiyyət hüquqlarına xitam verilmişdir. Hazırda, həmin hissəni öz adına qeyd etdirmək istəyərkən cavabdeh Ərazi İdarəsi bildirmişdir ki, Gəncə şəhəri, Eminbəyli küçəsi 6-cı dalan, 3 saylı evə dair verilmiş çıxarışın Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında ləğv edildiyi üçün müraciətin icrası mümkün olmamışdır. İddiaçı hesab edir ki, həmin imtina onun hüquqlarını pozur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının müvafiq ərizəsinə əsasən iddia tələbi “məhkəmə qətnaməsi ilə xitam verilmiş və "Barışıq razılaşması" haqqında müqavilənin şərtinə əsasən Gəncə şəhəri, Eminbəyli küçəsi 6-cı dalan, 3 saylı evin tam mülkiyyət hüququ ilə onun adına dövlət reyestrində qeydə alınması” tələbinə dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, **********05 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı müraciətə əlavə olunmuş sənədlərin ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmədiyi müəyyən edilmişdir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə cavabdehlərin həmin əmlakda olan mülkiyyət hüquqlarına xitam verilmişdir. Qətnamədə İddiaçı Cəlal qızının adına cavabdehlərdən qalan əmlakın hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qeyd göstərilməmişdir. Bu səbəbdən İddiaçı Cəlal qızının adına hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 mülkiyyət hüququ üzrə 1/24 hissədə X4, 1/24 hissədə X2, 1/24 hissədə X3, 21/24 hissədə İddiaçı adına qeydiyyata alınmışdır. -surəti işə əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 oktyabr 2021ci il tarixli, 2(044)-3124/2021 nömrəli qətnaməsindən görünür ki, cavabdehlər X4, X3 və X2 Gəncə şəhəri, Eminbəyli küçəsi, 6-cı dalan, 3 saylı evə hər birinin 1/24 hissədə paylı mülkiyyət hüquqlarına xitam verilmişdir. -surəti işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********31 nömrəli bildirişindən görünür ki, iddiaçının müvafiq ərizəsinin icrasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ********** qeydiyyat nömrəli, xx.xx.2021ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 2 1/24 hissədə X4, 1/24 hissədə X2, 1/24 hissədə X3, 21/24 hissədə İddiaçı paylı mülkiyyətlərində olmuş, sonradan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(044)-3124/2021 nömrəli qətnaməsinə əsasən X4, X3 və X2 Gəncə şəhəri, Eminbəyli küçəsi, 6-cı dalan, 3 saylı evə hər birinin 1/24 hissədə paylı mülkiyyət hüquqlarına xitam verilmişdir. İddiaçı həmin fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinasının əsası kimi isə evin əvvəlki çıxarışının Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(044)-3124/2021 nömrəli qətnaməsi ilə ləğv edilməsi qeyd olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. -8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Təqdim edilmiş sübutlarla təsdiq olunur ki, X4, X3 və X2 hər birinin Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(044)-3124/2021 saylı qətnaməsi qanuni qüvvəyə minənədək Gəncə şəhəri, Nizami rayonu, İbrahim Eminbəyli küçəsi, 6-cı dalan, 3 saylı evdə 1/24 hissədə mülkiyyət hüququ olmuş və həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydə alınmışdır. Lakin sonradan 25 may 2018-ci il tarixdə barışıq sazişi bağlanmış, həmin barışıq sazişi Gəncə «ASAN xidmət» mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş, bağlandığı tarixdə də təsdiq olunmuşdur. Həmin sazişin 2.1-ci bəndinin 4-cü hissəsində X4, X3 və X2 ünvan 1 evdə olan paylarının İddiaçı Cəlal qızının mülkiyyətinə keçməsinə razı olduqları göstərilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(044)-3124/2021 saylı qətnaməsi ilə X11, X7 və X8 25 may 2018-ci il tarixli barışıq sazişinin bağlandığı andan qüvvəyə minən şərtlərinə riayət etməyək özlərinə düşən payı İddiaçı adına özgəninkiləşdirmədiklərinə görə həmin şəxslərin hər birinin ünvan 1 evdə olan 1/24 hissədə paylı mülkiyyət hüquqlarına xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə görə barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Həmin Məcəllənin 881.2 və 881.2.1-ci maddələrinə görə barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Ayrı şərt haqqında razılaşma olmadıqda hər hansı iddiaya aid təminat və üstünlük hüquqları, məsələn, girov hüquqları, mülkiyyət və zaminlik hüquqlarının saxlanması haqqında qeyd-şərt qüvvədə qalır, bu şərtlə ki, belə iddia barışıq razılaşması ilə təsdiqlənsin. Beləliklə işin məhkəmə iclasında tədqiq edilmiş və yuxarıda göstərilmiş hallarından görünür ki, tərəflər arasında 25 may 2018-ci ildə bağlanmış və notariat qaydasında təsdiq edilmiş müqavilə mövcuddur və iddianın predmeti olan əmlaka dair həmin müqavilə şərtləri əsasında həmin şəxslər tərəfindən sərəncam verilmişdir. Onlar ünvan 1 evdə olan paylarına sərəncam verərkən, onların əmlaka mülkiyyət hüquqları mövcud olmuşdur. Qeyd olunan xüsusatlar tərəflərin qəbul etdiyi və işin mübahisələndirilməyən hallarıdır. Əksinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(044)-3124/2021 saylı qətnaməsi ilə məhz X11, X7 və X8 25 may 2018-ci il tarixli barışıq sazişinin bağlandığı andan qüvvəyə minən şərtlərinə riayət etməyək özlərinə düşən payı İddiaçı adına özgəninkiləşdirmədiklərinə görə həmin şəxslərin hər birinin ünvan 1 evdə olan 1/24 hissədə paylı mülkiyyət hüquqlarına xitam verilmişdir. Məhkəmə cavabdehin imtinasına münasibətdə qeyd edir ki, X11, X7 və X8 25 may 2018-ci il tarixli barışıq sazişinin bağlandığı andan qüvvəyə minən şərtlərinə riayət etməyək özlərinə düşən payı İddiaçı adına özgəninkiləşdirmədiklərinə görə həmin şəxslərin hər birinin ünvan 1 evdə olan 1/24 hissədə paylı mülkiyyət hüquqlarına xitam verilmiş, başqa sözlə müvafiq çıxarış həmin şəxslərə münasibətdə ləğv edilmişdir. Deməli həmin şəxslərin də əmlakdakı payı iddiaçıya keçmişdir. Bu baxımdan da məhkəmə hesab edir ki, sözügedən əmlak üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması qanunamüvafiqdir. Beləliklə işin faktiki hallarına və qanunvericiliyin müvafiq tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Odur ki, sözügedən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi üzərində İddiaçı tam mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar