Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4050/2025 05.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin bərpa edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı onun əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları xx.xx.2002-ci il tarixli müayinə nəticəsində İddiaçı ilkin olaraq bir il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2007-ci il tarixli müayinə nəticəsində İddiaçı bir il müddətinə ümumi xəstəlik səbəbindən üçüncü dərəcə əlillik təyin edilmişdir. xx.xx.2013-cü il tarixli müayinə nəticəsində İddiaçı ümumi xəstəlik səbəbindən üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçı əlillik vəziyyəti xxxxxxx0003 nömrəli göndərişə əsasən xx.xx.2025-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. II. Məhkəmədə icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək 2025-ci il fevral ayından ləğv edilmiş 3-cü qrup əlilliyinin dərəcəsinin bərpa edilməsini və dayandırılan pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki,o, xx.xx.1969-cu ildə Tərtər rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 1975-ci ildə Tut ağacından yıxılmış və qapalı kəllə beyin travması, sifətinin sağ hissəsinin sümüyünün almacıq defekti və burun çəpərimin zədələnməsi ilə travma almışdır. Aldığı travma ilə bağlı müalicə olunsa da, səhətində müsbət irrəlləyiş olmamışdır. Böyüdükcə onda tez-tez baş gicələnməsi, daimi küt baş ağrıları, tez-tez yorulma, yuxusuzluq, ürək bulanma, yaddaş və diqqət zəifliyi, təngənəfəslikdən əziyyət çəkdiyindən Tərtər RMX-da stasionar və ambulator müalicələr olunmuşdur. Bu günkü gündədə yol gedib hərəkət edə bilmir. Burnunda olan çəpər əyriliyi ona nəfəs alıb verməkdə əziyyət verir. 2000-ci ilin oktyabr ayından səhətində ağırlaşmalar dahada ağır olduğundan ona xəstəliyinə görə ömürlük 3-cü qrup əlillik təyin edilmişdir. Xəstəliyilə bağlı hərbi xidmətə yarasız olduğu üçün hərbi həkim komisiyasmınm rəyi ilə ona yarasız hərbi bilet verilmişdir. “Baş ağrılarından, baş gicəllənmədən,ürək bullanmadan, əsəbilikdən” əziyyət çəkir. Tutulduğu xəstəliklə bağlı Tərtər RMX-da Psixiatriya Şöbəsində müalicə və müainə olunur, səhhətində heç bir müsbət irəlləyiş yoxdur. Hazırda onda « Baş beyinin üzvü xəstəliyi neyroinfeksiyanın mikro ocaqlı üzvi nevroloji, kəllə daxili hipertenziya sindiromu, asteno-nevrotik təzahürlərlə müşayət olunan serebral araxnoiditlə nəticələnmiş baş verən epileptik tipli qıc olma tutmaları (41 gün ərzində tutma 9-dəfə) şəxsiyyətin üzvü pozuntusu, tez-tez baş verən psixotik hallarla intlektin enməsi” diqnozu ilə Tərtər RMX-nın poliklinikasında qeydiyyatda olmaqla müalicə olunur. 2000-cı ildən bu günə kimi “Kəllə-Beyin infarktından, baş-beyin qan dövranının pozulması, Kəllə-Beyin insulinti, yaddaş pozğunluğu xəstəliyindən əziyyət çəkir. Nəzarət olunaraq hərəkət edir. 2000-ci ildən bu günə kimi müalicələri xəstəxanalarda həm stasionar həmdə ambulator davam edir. 2000-ci ildən 3-cü qrup əlilliylə bağlı pensiya təyin edilərək 2025-ci il fevral ayına kimi pensiya alsamda növbəti müayinə zamanı forma 88 yazılıb, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Xidmətinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Xidməti tərəfindən pensiyası dayandırılaraq imtina verilmişdir. 2000-ci il oktyabr ayının 12-dən, 2025-ci ilin fevral ayına kimi 3-cü qrup əlil olaraq pensiya almışdır. 2025-ci il fevral ayından pensiyası dayandırdılar əlilliyidə ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının əlilliyi sonuncu dəfə xx.xx.2025-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən qərarın iddiaçıya çatdırılmasına dair hər-hansı sübut məhkəməyə təqdim olunmadığından, iddia müddəti buraxılmamış hesab edilir. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Tərtər rayonu ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi X5 məhkəmə iclasına gəlmişdir. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia tələbinə dair iş üzrə bildirilir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı Baş səhiyyə idarəsinin göndərişi əsasında baxılmış və “Diaqnozun mətni Keçirilmiş QKBT - nın davamlı qalıq halı. Sağ almacıq sümüyünün defekti. Burun çəpərinin əyriliyi. Postravmatik ensefalopatiya. Səbəb: "Diaqnoz əlillik əlaməti təyin etmir" barədə qərar qəbul edilmişdir. Nəzərinizə çatdırırıq ki Tərtər rayon sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əyani müayinə əsasında xx.xx.2013-cü il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 avqust 1997-ci il tarixli 99 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları” na müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin olunması qərarı qəbul edilmişdir. Əlillik təyin edilmiş diaqnoz “Keçirilmiş QKBT-nın davamlı qalıq halı. Sağ almacıq sümüyünün defekti. Burun çəpərinin əyriliyi. Postravmatik ensefalopatiyaolmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-S- 29063/2024 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş, lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmaları aşkar edilmədiyindən xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-9557/2024 nömrəli qərar əsasında xx.xx.2024-cü il tarixindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi” qərarı qəbul edilmişdir. Qərardan narazı olan vətəndaşın müraciəti səbəbindən yenidən köhnə məktub əsasında xx.xx.2025-ci il tarixində komissiyaya dəvət edilmiş, əyani müayinə aparılmış, xx.xx.2025-ci il tarixində komissiyaya tibbi sənəd təqdim etmişdir. Müayinə zamanı baş ağrılarından, halsızlıqdan şikayəti olduğunu bildirmiş, ixtisaslaşmış tibb müəssisəsindən ötən və son illərə dair xəstəliyini və xəstəliyinin ağırlaşmalırını təsdiq edən heç bir müayinə və ya müalicə sənədi təqdim etməmişdir. Təqdim edilmiş sənədlər arasında xx.xx.2007-xx.xx.2008-ci il tarixli 380693 nömrəli ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə üçüncü dərəcə "təkrar”, xx.xx.2013-cü il tarixli 277568 nömrəli ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə "təkrar” əlillik statusuna malik olduğunu təsdiq edən TSEK arayışı da mövcud olmuşdur. xx.xx.2025-ci il tarixində DTSERA-da həkim-ekspertlər tərəfindən komissiya şəraitində əyani müayinə aparılmış, həkim-nevropatoloqun müayinəsi nəticəsində rəyi “Reflekslər orta canlı, Romberq vəziyyətində cüzi dayanaqsızdır. Yerişi və nitqi sərbəstdir. Patoloji reflekslər izlənilmir.” şəklində, həkim-travmatoloqun müayinəsi nəticəsində rəyi "Üz nahiyəsində əng sümüklərində içəriyə doğru batmış sınıqdan sonrakı vəziyyət izlənilir. Açıq sümük defekti izlənilmir.” kimi qeyd edilmiş, vətəndaşa Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından tibbi rəy alması və baş beyin MRT müayinəsindən keçməsi üçün göndəriş təqdim edilmişdir. xx.xx.2025-ci il tarixində komissiyaya “Ensefalopativa” kimi qeyd edilmiş ambulator xəstənin tibbi kartasından çıxarışını, X6 xx.xx.2025-ci il tarixində icra edilmiş beyin MRT müayinəsi nəticəsi "Sağ frontal payda dərin ağ maddə içərisində 4.5 (dörd tam onda beş) mm diametrində nonspesifik T2 hiperintens ocaq görülür. Sağ parietal lobda T2-FLAİR hiperintens qliozis sahəsi görülür.” kimi qiymətləndirilmiş tibbi sənədlər təqdim edilmişdir.Anamnestik məlumatlar, təqdim edilmiş sənədlər və əyani müayinə nəticələrinə əsasən hazırda vətəndaşın xəstəliyini təsdiq edən hər hansı bir sənəd və xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmalar aşkarlanmadığından Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-9557/2024 nömrəli qərara əsasən təyin edilmiş “Diaqnozun əlillik əlaməti təyin etməməsi” qərarı ləğv edilsin, xx.xx.2025-ci il tarixindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi ” qərarı qəbul edilsin. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilir. Cavabdeh orqan tərəfindən Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.7-ci bəndinə və "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 25 (iyirmi beş) nəfərə dair xx.xx.2025-ci il tarixə əyani müayinəyə çağırılmaları haqqında ünvanlarına sifarişli-xəbərnaməli məktublar göndərilmişdir. Bu şəxslərdən olan İddiaçı müayinəsi nəticəsində xx.xx.2025-ci il tarixli “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və İddiaçı 3-cü dərəcəli müddətsiz əlilliyin xx.xx.2025-ci il tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi X5 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, onun təmin edilməməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri və digər sənələr təşkil etmişdir. Əsaslandırma hissəsi: VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - surəti işə əlavə edilmiş alt sistemdən çıxarışdan görünür ki, İddiaçı “Keçirilmiş QKBT-nın davamlı qalıq halı.Sağ almacıq sümüyünün defekti.Burun çəpərinin əyriliyi.Postravmatik ensefalopatiya” diaqnozu ilə xx.xx.2013-ci il tarixdən təkrarən müddətsiz olaraq ümumi xəstəlik səbəbindən ilə üçüncü dərəcə əlillik təyin edilmişdir. Cavabdeh qurum xx.xx.2025-ci il tarixində diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki,Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün iddiaçı əyani müayinəyə dəvət olunmuş, iddiaçı əyani müayinədə olmuş, “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. İddiaçının daha əvvəl müddətsiz əlilliyi olmasına baxmayaraq cavabdeh orqan iddiaçının əlilliyinin növbəti dəfə müayinəyə çağırmış,lakin bu müayinə üçün əsaslı şübhənin nədən ibarət olmasını əsaslandırmamışdır. İnzibati icraat haqqında hüquq normalarının (prosessual normaların) düzgün tətbiqinə baxmayaraq, həmin qərar bununla yanaşı, maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanunsuz inzibati akt sayılır. Belə ki, “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Göründüyü kimi, şəxsin əlilliyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na uyğun həyata keçirilir və həmin Qaydaların 3.7-ci bəndində təsbit edilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Cavabdeh orqan iddiaçının əlillik təyinatı barədə qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin düzgünlüyünə şübhə yaranmasına əsasının nədən ibarət olmasını əsaslandırmamışdır. Məhkəmə hesab edir ki, prinsipcə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X1 Daxili Nəzarət, audit,monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlilinin aparılması “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” kimi qəbul edilə bilər. Lakin bu zaman həmin təhlil məhz iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X1 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən əlilliyi olan şəxslərin təhlilinin aparılması iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, cavabdeh ümumi qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X1 Daxili Nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlilinin aparılmasına istinad edə bilməz, həmin təhlilin nəticəsi barədə qərarda iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır. Bundan başqa, iddiaçının barəsində qəbul edilmiş cavabdehin 10 fevral 2025-ci il tarixli qərarının əsaslılığı yoxlanılan zaman müəyyən edilmişdir ki, həmin qərar cavabdeh orqan tərəfindən inzibati icraat haqqında qanunun tələblərinə riayət edilmədən qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş "Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 4.1-ci bəndinə görə Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Həmin Əsasnamənin 4.9-cu bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X4 (bundan sonra - TSERAS) ötürülür. Həmin Əsasnamənin 4.16-cı bəndinə müvafiq olaraq TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Həmçinin Məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı qərarı ilə Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 36 nömrəli qərarında dəyişiklik edilərək "Əlilliyin qiymətləndirilməsi” Qaydası təsdiq edilmişdir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Həmin Qaydanın 3.5-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Həmin Qaydanın 3.8-ci bəndinə müvafiq olaraq xidmətin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. Halbuki,“İnzibati icraat haqqında” Qanunun 11.1 maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir; 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Beləliklə "İnzibati icraat haqqında” Qanunun 21, 24, 25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, "İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Beləliklə, iddiaçının əlilliyi barədə yuxarıda istinad olunan Əsasnamənin 4.9-cu və 4.16-cı bəndlərinin tələblərinə və inzibati icraat qaydalarına uyğun olaraq, qərar qəbul edən cavabdeh sonradan onun əlilliyini səhiyyə orqanı tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlilinin əsasında etibarsız hesab edərək bu qaydalardan kənarlaşmışdır. Halbuki ən azından "İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbinə görə inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. Həmin Qanunun 28.1.1-ci maddəsinin tələbi baxımından sonradan iddiaçının da onun əlilliyinin etibarsız hesab edildiyi gündən bərpası barədə cavabdehə ünvanlanmış yazılı müraciəti də inzibati icraatın başlanması üçün əsasdır. Konkret halda, məhz Nazirlər Kabinetinin qeyd olunan qərarları ilə müəyyən olunan qaydalar daxilində ünvanlanmış və birbaşa iddiaçının qanuni mənafelərinə toxunan təhlil aparılması barədə qərarın daxil olması, eyni zamanda, sonradan iddiaçının məsələ ilə bağlı ona müraciəti - cavabdeh inzibati orqanının iddiaçı barəsində inzibati icraatı başlamaq vəzifəsi yaratmış olur. "İnzibati icraat haqqında” Qanunun 36.3-cü maddəsi isə nəzərdə tutur ki, qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qanunvericiliyin qeyd olunan müddəlarından göründüyü kimi cavabdeh sadalanan inzibati icraat haqqında hüquq normaları ilə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, bununla da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Göstərilənləri ümumiləşdirərək məhkəmə bu qənaətə gəlir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli və İddiaçı 3-cü dərəcəli müddətsiz əlilliyin xx.xx.2025-ci il tarixdən bərpa olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinın üzərinə qoyulmalıdır. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı 3-cü dərəcəli müddətsiz əlilliyin xx.xx.2025-ci il tarixdən bərpa olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-4050/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4050/2025
05.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver