Məhkəmə qərarları › İş №2-1(114)-4052/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4052/2025

11.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4052/2025 11.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona xx.xx.2022-ci il tarixdən səhhətindəki xəstəliklərə müvafiq orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə müvafiq əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin 5 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli xxxxxxx0006 saylı qərarı ilə İddiaçı əlillik vəziyyəti qiymətləndirilmiş, əlillik verilməsindən imtina olunaraq, imtina səbəbi “əlavə müalicəyə ehtiyacın olması” qeyd olunmuşdur. II. Məhkəmədə icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2022-ci il tarixdən səhhətindəki xəstəliklərə müvafiq orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə müvafiq əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2017-ci ildə varikoz genişlənməsindən əməliyyat olunmuşdur. Həmin vaxtdan da səhhəti pisləşmiş və müxtəlif yanaşı xəstəliklər əmələ gəlmişdir. (tromb, stenokardiya, hipertoniya və s.) Hazırda da müxtəlif müalicələr alır. Ona görə də 2017-ci ildə sənədlərini toplayıb Tibbi Sosial Ekspert Komissiyasına təqdim etmişdir. Komissiyada hərtərəfli müayinə olunduqdan sonra ona 2-ci dərəcəli əlillik təyin olundu və həmin vaxtdan da əlilliyə görə pensiya alırdı. Lakin bir müddət əvvəl onun pensiyası dayandırıldı. Bunun səbəbini maraqlandıqda ona bildirdilər ki, təkrar komissiyadan keçməlidir. O da etiraz etməyərək bütün müayinələrdən keçdikdən sonra sənədlərini komissiyaya təqdim etdi. Lakin xəstəliklərinin açıq-aşkar göz qabağında olmasına baxmayaraq ona əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə 06 sentyabr 2022ci il tarixli imtina verilmişdir. III. Prosessual məsələlər

4. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmişdir.

5. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi ona xx.xx.2022-ci il tarixdən səhhətindəki xəstəliklərə müvafiq orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə müvafiq əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dəyişdirilmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

6. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı barəsində qərar xx.xx.2022-ci il tarixində qəbul edilmiş və eyni tarixdə də sistemə işlənmişdir, lakin iddiaçı 2 il 8 ay sonra məhkəməyə müraciət etdiyindən iddia mümkünsüz sayılmaldır.

7. İddiaçı məhkəmə iclasında müddətin bərpasına dair ərizə təqdim edərək, ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir.

8. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, imtina qəraraından 2022-ci ildə məlumatı olmuşdur. Lakin daimi müalicələrdə olduğu üçün iddia müddətini ötürmüşdür. Müalicədə olmasına dair DTX Hərbi Tibb Baş İdarəsinin epikrizini təqdim edir və başqa sənədinin olmadığını bildirir.

9. Cavabdehin nümayəndəsi X2 ərizənin təmin edilməsinə etiraz edərək, iddia müddətinin üzrsüz səbəbdən ötürüldüyünü bildirir və müdətin bərpa edilməməsini xahiş edir. Əsaslandırma hissəsi:

10. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır.

11. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

12. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbi ona xəstəliyinə uyğun əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir və həmin tələb İPM-in 2.2.2-ci maddəsində təsbit olunmuş məcburetmə haqqında iddia növünə aiddir. Həmin növ iddianın mümkün sayılması üçün xüsusi mümkünlük şərti kimi müddətə dair şərtə riayət edilməsi tələb olunur.

13. Belə ki, İPM-ə görə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia). Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.

14. İşin hallarından görünür ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmiş göndəriş əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və onun barəsində “Əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmişdir.

15. Qeyd edilən imtina barədə iddiaçıya məlumat göndərildikdən xeyli keçdikdən sonra iddiaçı hazırkı iddia ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir.

16. Göründüyü kimi, İddiaçının ona əlillik təyinatından imtina edilməsindən xx.xx.2022-ci il tarixdən məlumatlı olması, lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə iddia qaldırmaması və müddəti ötürməsi işin mübahisə olunmayan halıdır.

17. İddiaçı iddia müddətini ötürməsinin səbəbi kimi ərizəsində və iclasda verdiyi izahatında özünün xəstəliyi və müalicələrdə olması ilə əlaqələndirmiş, lakin ötən müddət ərzində iddia qaldırmasına maneə törətmiş və ya məhdudiyyət yaratmış xəstəliklə bağlı edən sənədlər təqdim etməmişdir.

18. Təqdim etdiyi sənəd yalnız DTX Hərbi Tibb Baş İdarəsinin epikrizi olmuşdur ki, həmin sənədlə iddiaçıya xx.xx.2023-cü ildən “Sağ aşağı ətraf varikoz venalara liqaturanın qoyulması və ayrılması” cərrahi əməliyyatının icra olunduğu və xx.xx.2023-cü il tarixdə yaxşılaşma ilə tibb müəsissəsindən çıxış etdiyi müəyyən olunur.

19. Hətta həmin tarixədək iddiaçının xəstə olması məqbul qəbul edilsə belə, həmin tarixdən sonra da iddiaçı vaxtında iddia qaldırmamış və uzun müddət sonra məhkəməyə müraciət etmiş, həmin müddət ərzində isə iddia qaldırmasına maneə törətmiş xəstəliyinin olmasına dair sənədlər təqdim etməmişdir.

20. Yəni, müddətin bərpası üçün elə səbəblər üzrlü hesab edilə bilər, onların mövcudluğu şəxsin iradəsindən asılı olmasın, onların yaranması və dəf edilməsi şəxsin imkanı xaricində olsun və bu səbəblər şəxsin müddəti ötürmədən iddia qaldırmasına maneə törətsin və ya məhdudiyyət yaratmış olsun.

21. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olubolmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21).

23. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

24. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

25. Beləliklə, iddiaçı iddia qaldırmaq üçün qanunda nəzərdə tutulmuş müddəti üzrlü səbəblər olmadan ötürdüyündən, yəni müddətin üzrlü səbəbdən ötürüldüyünü təsdiq edən sənədlər təqdim etmədiyindən onun müddətin bərpasına dair ərizəsi təmin edilməməli və iddia müddətinə dair mümkünlük şərti ödənilmədiyindən iddia mümkün sayılmamalıdır.

26. İPM-ə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

27. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

Buraxılmış prosessual müddətin bərpası barədə iddiaçının ərizəsi təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar