Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4053/2024 04.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı müharib veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi ərizəsinə Nazirliyinin xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-1568 nömrəli arsayışına əsasən N nömrəli hərbi hissə komandirinin yanvar-dekabr 1993-cü il, fevral-dekabr 1994-cü il, N nömrəli hərbi hissə komandirinin mart 1994-iyul 1995-ci il tarixli əmrlərində xidmıti barədə məlumat olmadığına görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.
2. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-1331/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərar Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(114)-1131/2021 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. II. Məhkəmədə icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1969-ci il tarixdə Şəmkir rayonu. Çaparlı kəndində doğulmuşdur. 1987-ci il tarixdən 07 dekabr 1989-cu il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş və xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək könüllü olaraq İ Qarabağ müharibəsində iştirak etmişdir. Tər-tər rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-cı il tarixili 671 saylı qərarına əsasən Şəmkir RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş X1 döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ilə kimi Fizulu rayon Mərkəzi xəstəxanasında müyinə müalicə olunduğu yaralanma zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: «Qapalı kəllə-beyin travması (beyin silkələməsi) (xx.xx.1994) astenik sindromla» (Azərbaycan Respublikası SHXÇDX-nin Şəmkir rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 1925 nömrəli göndəriş, xx.xx.2022-cı il tarixli SB/841 nömrəli arayışı, MN MHP-dan verilmiş xx.xx.1994-cü il tarixli 1636 nömrəli arayış MH MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir) «hərbi travmadrr, Azərbaycan Respublikasinin müdafiəsi zamanı alınmışdır». Bu qərarın əsası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 671 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin" 7.2 maddəsinin bəndində öz əksini tapmışdır. a) N nömrəli hərbi hissənin komandirinin xx.xx.1994-ci il tarixli, 03 nömrəli əmri ilə yaralandığına görə azad edilmişdir (bu barədə müvafiq arayış iddia ərizəmə əlavə edilir.). Bildirmək istəyir ki, N nömrəli hərbi hissə döyüş əməliyyatlarını yerinə yetirən hərbi hissələrin sırasına daxildir. O, müharibə veteranı statusunun verilməsi ilə bağlı AR Müdafiə Nazirliyinə müvafiq sənədlərlə birlikdə ərizə ilə müraciət etmişdir. AR Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-25-2/2-V-879960/2024 nömrəli məktubu ilə ona imtina verilmişdir.
5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
Əsaslandırma hissəsi:
6. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Bənd 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bənd 5.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
7. Hazırkı iş materialları və arxivdən götürülərək baxış keçirilmiş 2-1(114)- 1331/2021 nömrəli iş materialları ilə müəyyən olunur ki, X2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə xahiş etmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(114)-1331/2021 nömrəli qərarı ilə (hakim A.İsgəndərova) iddia təmin edilməmişdir. Həmin qərar Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(114)-1131/2021 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan kassasiya şikayəti verilməmiş və qanuni qüvvəyə minmişdir.
8. Hazırda İddiaçı eyni əsaslar üzrə eyni cavabdehə qarşı eyni predmet barəsində - Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş edir ki, bu barədə qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğundan, hazırkı iddia tələbi mümkün sayıla bilməz.
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.
10. Həmin normaya görə, eyni tərəflər arasında olan inzibati iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir inzibati icraatda təkrar mübahisələndirilə bilmək imkanını itirmiş olur. Yalnız o halda bu cür iddia mümkün sayılır ki, qərarın qanuni qüvvəyə minməsindən sonra işin faktiki və hüquqi halları dəyişmiş və bununla da yeni iddia predmeti yaranmış olsun.
11. Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, işin faktiki və hüquqi əsasları dəyişməmiş, iddiaçının eyni faktiki və hüquqi əsaslarla qaldırdığı iddia üzrə qəbul edilmiş məhkəmə qərarı qanuni qüvvəsini almışdır. İddiaçı isə yenidən analoji tələblə məhkəmədə iddia qaldıraraq məhkəmə qərarları ilə hüquqi qiymət verilmiş iddianı yenidən mübahisələndirmişdir. Bu səbəbdən də hazırki iddia mümkün sayılmamalıdır.
12. Məhkəmə onu da qeyd edir ki, məhkəmə qərarı qüvvəyə mindikdən sonra iddiaçı yeni sübutları və ya halları aşkar edəcəyi halda, yeni açılmış hallarla bağlı ərizə ilə məhkəməyə müraciət edə bilər. Belə ki, İPM-in: Maddə 100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva