Məhkəmə qərarları › İş №2-1(114)-406/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-406/2021

22.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-406/2021 22.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçılar Tağıyeva (Abdullayeva) Sehran Kərəm qızının, İddiaçı2 və iddiaçların vəkili X11 iştirakı ilə, İddiaçılar Tağıyeva (Abdullayeva) Sehran Kərəm qızının və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X8, X12 və X13) torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar Tağıyeva (Abdullayeva) Sehran Kərəm qızı və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 19.01.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində yerləşən 0.20 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçılar 27.11.2020-ci il tarixdə DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edərək Gədəbəy rayonu, Kiçik Qaramurad kəndi ərazisində yerləşən 0.20 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişlər, cavabdeh orqan isə bundan imtina etmişdir. İmtina məktubunda qeyd olunmuşdur ki, iddia olunan torpaq sahəsi elektron bazaya əsasən X2 adına JN-408 nömrəli dövlət aktı əsasında ayrılmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşdüyü məlum olmuşdur. İddiaçılar hesab edir ki, cavabdeh orqanın imtinası tam əsassızdır. Məhkəmənin 22.02.2021-ci il tarixli qərardadı ilə X8, X12 və X13 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı Tağıyeva (Abdullayeva) Sehran Kərəm qızı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, digər iddiaçı onun bacısıdır, Aqil İsgəndərovun oğlu həmin sahədən istifadə etməyə imkan vermir. İddiaçı2 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, həmin sahədə 1996-cı ildə ev tikmiş və həmin evdə yaşamağa başlamışdır. Üçüncü şəxs X8 hazırlıq icraatı iclasında bildirmişdir ki, onlar ailə üzvləri ilə birlikdə Dövlət Aktı ilə onlara verilmiş 1,64 ha sahədən istifadə edirlər və iddiaçılarla aralarında torpaq mübahisəsi yoxdur. Onlara məxsus sahənin yaxınlığında İddiaçı2 ev tikib, həmin evin onların sahəsinə düşüb-düşməməsi barədə məlumatı yoxdur. Cavabdehin nümayəndəsi X6 hazırlıq icraatı iclasında bildirmişdir ki, arxiv sənədlərinin və elektron baza məlumatlarının araşdırılması zamanı məlum olmuşdur ki, iddiaçıların iddia etdikləri 0,20 ha torpaq sahəsi Gədəbəy rayonu Aqrar İslahar Komissiyasının 28 avqust 1998-ci il tarixli, 09 saylı qərarı ilə verilmiş JN 408 saylı Dövlət aktına əsasən X4 və digərlərinə verilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş “Qaramurad” kolxozunun 09.01.1996-cı il tarixli 1 nömrəli iclas protokolundan görünür ki, “Dərbənd” adlı sahədən talaya gedən yolun üstündən X3 həyətyanı torpaq sahəsinin şərq tərəfindən X7 və İddiaçı2 hər birinə 0.10 ha həyətyanı torpaq sahəsinin verilməsi qərara alınmışdır. -surəti işə əlavə edilmiş Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının 13.05.1996-cı il tarixli 76 nömrəli sərəncamından görünür ki, Peşkər kənd sakinləri X7 və İddiaçı2 “Qaramurad” kolxozunun “Dərbənd” adlı örüş sahəsinin talaya gedən yolun üstündən X3 həyətyanı torpaq sahəsinin şərq tərəfindən hər birinə 0.10 ha həyətyanı torpaq sahəsinin ayrılması qərara alınmışdır. -surəti işə əlavə edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-408 Kod 50519018 nömrəli 25.10.1999-cu il tarixli Dövlət aktından görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 28.08.1998-ci il tarixli, 09 nömrəli qərarına əsasən X4, X5, X14, X9 və X1 təsərrüfatı məhsullarının istahsalı məqsədilə 1.64 ha torpaq sahəsi verilmişdir. -"xxxx" MMC-nin Tovuz Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş 20.10.2021-ci il tarixli, 11M-174 nömrəli mütəxəssis rəyindən görünür ki, Tağıyeva (Abdullayeva) Sehran Kərəm qızının faktiki istifadə etdiyi 0.1294 ha torpaq sahəsinin 0.0757 ha hissəsi JN-408 Kod 50519018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının daxilində olan torpaq sahəsi ilə və 0.0534 ha hissəsi JN-393 Kod 50519018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının daxilində olan torpaq sahəsi ilə üst-üstə düşür, İddiaçı2 faktiki istifadə etdiyi 0.1566 ha torpaq sahəsinin 0.0782 ha hissəsində JN-395 Kod 50519018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının daxilində olan torpaq sahəsi ilə üst-üstə düşür, Tağıyeva (Abdullayeva) Sehran Kərəm qızının və İddiaçı2 faktiki istifadə etdikləri torpaq sahələrinin məqsədli təyinatı kənd təsərrüfatı məhsulları istahsalına ayrılmış pay torpaq sahələridir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin 07.12.2020-ci il tarixli **********06 və **********06 nömrəli məktublarından görünür ki, iddiaçıların müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, “Qaramurad” kolxozunun 09.01.1996-cı il tarixli 1 nömrəli iclas protokoluna uyğun olaraq Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının 13.05.1996-cı il tarixli 76 nömrəli sərəncamı ilə “Qaramurad” kolxozunun “Dərbənd” adlı örüş sahəsinin talaya gedən yolun üstündən X3 həyətyanı torpaq sahəsinin şərq tərəfindən Tağıyeva (Abdullayeva) Sehran Kərəm qızının və İddiaçı2 hər birinə 0.10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İddiaçılar 0.20 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsasını isə iddia olunan torpaq sahələrinin JN-408 Kod 50519018 nömrəli Dövlət aktına əsasən X4 və ailə üzvlərinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşməsi təşkil etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tağıyeva (Abdullayeva) Sehran Kərəm qızının faktiki istifadə etdiyi 0.1294 ha torpaq sahəsinin 0.0757 ha hissəsi JN-408 Kod 50519018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının daxilində olan torpaq sahəsi ilə, 0.0534 ha hissəsi isə JN- 393 Kod 50519018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının daxilində olan torpaq sahəsi ilə üst-üstə düşür. Bundan başqa müəyyən edilmişdir ki, İddiaçı2 faktiki istifadə etdiyi 0.1566 ha torpaq sahəsi JN-408 Kod 50519018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə müəyyən edilmiş 1.64 ha torpaq sahəsi ilə 0.0783 ha hissədə üst-üstə düşür, həmçinin onun faktiki istifadə etdiyi sahəsinin 0.0782 ha hissəsi isə JN-395 Kod 50519018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının daxilində olan torpaq sahəsi ilə üst-üstə düşür. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçıların hər ikisinin faktiki istifadə etdikləri torpaq sahələrinin məqsədli təyinatı kənd təsərrüfatı məhsulları istahsalına ayrılmış pay torpaq sahələridir. Göründüyü kimi iddiaçıların iddia etdikləri torpaq sahələri 09.01.1996-cı il tarixli sənədlər əsasında onlara, Aqrar İslahat Komissiyasının 28.08.1998-ci il tarixli qərarı əsasında isə üçüncü şəxslərə verilmişdir. 09.01.1996-cı il tarixli sənəd daha üstün hüquqi qüvvəyə malik olsa da belə, həmin sahə onlara ayrılarkən sahənin məqsədli təyinatı nəzərə alınmamışdır. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının sözügedən qərarına əsasən isə digər şəxslərə məqsədli təyinatı üzrə pay torpağı kimi verilmişdir. Həmçinin qeyd olunması zəruridir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının sözügedən qərarı və həmin qərar əsasında verilmiş Dövlət aktlarının qüvvədə olması, başqa sözlə həmin torpaq sahələri yüklü olması sahənin iddiaçıların adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını istisna edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçılar Tağıyeva (Abdullayeva) Sehran Kərəm qızının və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətindəGəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar