Məhkəmə qərarları › İş №2-1(114)-406/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-406/2024

07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-406/2024 07.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər "xxxx" QSC və Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi) qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. 28.02.1980-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1985-ci il tarixindən xx.xx.2018-ci il tarixinə kimi Azərbaycan Dəmir Yollarının strukturuna daxil olan qurumlarda işləmişdir.

2. Mənzil vərəqəsindən görünür ki, X14 HT-nin və rəhbərliyinin birgə iclasının 26 saylı protokolu və xx.xx.2001-ci il tarixli 65 saylı məktubu əsasında İddiaçı ona ayrılmış Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi, ev 99, 1 mərtəbəli 2 otaqlı sahəsi 28 kv.m olan 8 nömrəli mənzilə xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin vərəqədə İddiaçı mənzil sahibi kimi, arvadı X2, qızı X3 və oğlu X4 isə ailə üzvləri kimi qeyd edilmişdir.

3. "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 5 nömrəli müəssisəsinin xx.xx.2011-ci il tarixli orderinə əsasən İddiaçı ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi, ev 99, 1 mərtəbəli 2 otaqlı sahəsi 28 kv.m olan 8 nömrəli mənzil sahəsini tutmağa ixtiyarı vardır. Əsas: 2001-ci ildən həmin evdə yaşaması və pasport qeydiyyatında olması.

4. Azərbaycan Dəmir Yolu İdarəsi Gəncə Yol X6 xx.xx.2011-ci il tarixli 63 nömrəli məktubunda bildirilmişdir ki, Z.Hacıyev küçəsi, ev 99-da 2 otaqlı 28.0 kv.m yaşayış sahəsi olan İddiaçı yaşadığı mənzilin özəlləşdirilməsinə etiraz etmir. Həmin mənzilin heç bir kommunal xidmətə borcu yoxdur.

5. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal X1 xx.xx.2022-ci il tarixli **********031 nömrəli şəxsi hesabdan çıxarışıından görünür ki, Gəncə şəhəri, Z.Hacıyev küçəsi, ev 99 ünvanında yerləşən 8 nömrəli 8 nömrəli mənzilin şəxsi hesab vərəqəsi İddiaçı adınadır.

6. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 xx.xx.2022-ci il tarixli 7-430 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 1 ünvanda yerləşən 2 otaqlı, 8 saylı mənzili "xxxx" QSC-nin xx.xx.2011-ci il tarixli orderi ilə İddiaçı ailəsinin istifadəsinə verilmişdir Göstərilənləri, vətəndaşın müraciətini, təqdim etdiyi sənədlər və **********31 saylı şəxsi hesab vərəqəsi onun olduğunu nəzərə alaraq İddiaçı və oğlu Süleymanov Etibarın Z.Hacıyev küçəsi 99 saylı evin 8 saylı mənzilinə qeydiyyata götürülməsinə (şəxsiyyət vəsiqəsində düzəliş olunmasına) Birliyin rəhbərliyi etiraz etmir.

7. X5 və X2 xx.xx.2014-cü il tarixli ərizələrində Gəncə şəhəri, Z.Hacıyev küçəsi, 99 nömrəli binada olan 8 nömrəli mənzilin İddiaçı adına bütövlükdə özəlləşdirilməsinə etiaz etməmişlər.

8. İddiaçı həmin sənədləri cavabdeh orqana təqdim etməklə, Gəncə şəhəri, Z.Hacıyev küçəsi, ev 99 ünvanında yerləşən 8 nömrəli mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması barədə müraciət etmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-S-00378/2023 nömrəli məktubu ilə bildirilmişdir ki, Gəncə şəhəri, Z.Hacıyev küçəsi, ev 99 ünvanında yerləşən 8 nömrəli mənzil üzərində hüquqların daşınmaz əmalkın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli ərizəsinə xx.xx.2022-ci il tarixli **********51 nömrəli bildiriş göndərilmişdir. ********** qeydiyyat nömrəli ərizəsinə əlavə edilmiş "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 5 nömrəli müəssiəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli orderi mənzilin özəlləşdirilməsi üçün əsas hesab edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən müraciətinin icrası mümkün olmamışdır.

9. Kirayə verən – Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə kirayəçi – İddiaçı arasında Gəncə şəhəri, Z.Hacıyev küçəsi, 99 nömrəli binanın dövlət mənzil fonduna aid yaşayış sahəsi 28,0 kv.m-dən ibarət iki otaqlı 8 nömrəli mənzilinin kirayə verilməsi barədə xx.xx.2024-cü il tarixli 03 nömrəli yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır.

10. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal X1 xx.xx.2024-cü il tarixli M-569 nömrəli cavab məktubundan və həmin məktuba əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 122 nömrəli sərəncamından görünür ki, "xxxx" QSC-nin balansında olan binalar Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 22 nömrəli sərəncamı ilə MKTİB-nin balansına verilmişdir.

11. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət X11 xx.xx.2024-cü il tarixli 3-48-DA-4F/2-1069//8/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, "xxxx" QSCnin X12 Həmkarlar təşkilatının arxiv sənədləri X15 filialına təhvil verilməmişdir. Həmçinin bildirilir ki, filialda mühafizə olunan Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzillərin Paylanması, Uçotu, İstismarı, Təmiri İdarəsi arxiv fondunun 2001-ci il üzrə mövcud sənədləri yoxlanılmış, ünvan 2 ünvanının İddiaçı adına verilməsi ilə bağlı heç bir hüquqverici sənəd aşkar olunmamışdır.

12. Məhkəmənin sorğusuna "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli 13-1/2-6609/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, ünvan 3 ünvanında yerləşən mənzilin İddiaçı verilməsi ilə bağlı "xxxx" QSC-nin (ADY) X12 həmkarlar təşkilatının xx.xx.2001-ci il tarixli 26 saylı protokolu ADY-də aşkar edilməmişdir. Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi, ev 99 ünvanında yerləşən 2 otaqlı 28 kv.m sahəsi olan mənzilə dair İddiaçı verilmiş orderin surəti qoşmada təqdim edilir. Eyni zamanda bildirilir ki, sözügedən yaşayış sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 73s nömrəli xx.xx.2002-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətinin balansına təhvil verilmişdir.

13. Məhkəmənin sorğusuna "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli 13-1/2-8706/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, ünvan 4 ünvanında yerləşən yaşayış evinin İddiaçı verilməsi barədə "xxxx" QSC-də aşkar edilmiş yeganə sənəd Gəncə İnzibati Məhkəməsinə tərəflərindən xx.xx.2024-cü il tarixli 13-1/2-6609/2024 nömrəli məktubla təqdim edilmiş və 2011-ci ilin 20 fevral tarixində tərtib edilmiş orderin surətidir. Eyni zamanda qeyd edilir ki, İddiaçı xx.xx.1985-ci il tarixindən xx.xx.2018-ci il tarixinə kimi Azərbaycan Dəmir Yollarının strukturuna daxil olan qurumlarda işləmişdir. II. Məhkəmədə icraat

14. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi, ev 99, 8 saylı mənzilin onun adına özəlləşdirilməsi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə YD-si HT-nin və rəhbərliyinin birgə iclasının 26 saylı pratokolu xx.xx.2001-ci il tarixli 65 saylı məktubu əsasında həmin mənzil onun daimi istifadəsinə verilmişdir. "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 5 nömrəli müəssisəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli orderi əsasında Gəncə şəhəri, Z.Hacıyev küçəsi, ev 99 mənzil 8 onun istifadəsinə verilmişdir. Həmin mənzildə o və arvadı X2 pasport qeydiyyatındadırlar və hal-hazırda da yaşayırlar. Həmin mənzil yaşayış sahəsi 28 kv.m olan iki otaqdan ibarətdir. Hazırda o mənzilin özəlləşdirilməsi üçün cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla ona imtina vermişdir. Lakin o, həmin imtina ilə razı deyil. Belə ki, cavabdeh orqanın qeyd etdiyi sənədləri o, mənzilin özəlləşdirilməsi üçün cavabdeh orqana təqdim etdiyi ərizəsinə əlavə etmişdir. Lakin buna imtinanın əsası kimi gösdərilmişdir ki, "Daşınmaz Əmlakın Dövlət Reyestri" haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin müvafiq bəndinə əsasən Azərbycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il Oktyabrın 1-nə dək) Dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq İcra Hakimiyyəti orqanın sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilmir.

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

17. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

18. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

19. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

20. Cavabdehin yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

21. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

22. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

23. Məhkəmənin xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli qərardadları ilə "xxxx" QSC və Gəncə Şəhər İcra Hakimiyyəti adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir

24. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, Gəncə Şəhər İcra Hakimiyyətinin üçüncü şəxs qismində iştirakına xitam verilmişdir.

25. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq digər zəruri prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

26. İddiaçı və onun vəkili məhkəmə iclasına gəlmiş, cavabdeh orqanın nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir.

27. Məhkəmə İPM-nin 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

28. İddiaçı və onun vəkili X13 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişlər.

29. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtina məktubunda göstərilənlərlə əsaslandırılmışdır (bənd 6).

30. Üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazları məhkəməyə daxil olmamışdır.

31. Yekun məhkəmə aktının elan olunması xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

32. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Mənzil vərəqəsi; - "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 5 nömrəli müəssisəsinin xx.xx.2011-ci il tarixli orderi; - Azərbaycan Dəmir Yolu İdarəsi Gəncə Yol X6 xx.xx.2011-ci il tarixli 63 nömrəli məktubu; - Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal X1 xx.xx.2022-ci il tarixli **********031 nömrəli şəxsi hesabdan çıxarışı; - Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 xx.xx.2022-ci il tarixli 7-430 nömrəli məktubu; - xx.xx.2014-cü il tarixli razılıq ərizələri; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-S-00378/2023 nömrəli məktubu; - xx.xx.2024-cü il tarixli 03 nömrəli yaşayış sahəsinin kirayə müqaviləsi; - Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal X1 xx.xx.2024-cü il tarixli M-569 nömrəli cavab məktubu və həmin məktuba əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 122 nömrəli sərəncamı; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət X11 xx.xx.2024-cü il tarixli 3-48-DA-4F/2-1069//8/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli 13-1/2-6609/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli 13-1/2-8706/2024 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

33. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

34. Belə ki, iddiaçı Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi, ev 99, 1 mərtəbəli 2 otaqlı sahəsi 28 kv.m olan mənzilə dair mövcud olan sənədlərini cavabdeh orqana təqdim edərək, onun adına özəlləşdirilməsi barədə müraciət etmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-S-00378/2023 nömrəli məktubu ilə bildirilmişdir ki, Gəncə şəhəri, Z.Hacıyev küçəsi, ev 99 ünvanında yerləşən 8 nömrəli mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli ərizəsinə xx.xx.2022-ci il tarixli **********51 nömrəli bildiriş göndərilmişdir. ********** qeydiyyat nömrəli ərizəsinə əlavə edilmiş "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 5 nömrəli müəssiəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli orderi mənzilin özəlləşdirilməsi üçün əsas hesab edilmədiyi müəyyən edilmişdir.

35. Məhkəmə cavabdeh orqanın imtinasını əsassız hesab edərək, aşağıdakıları qeyd edir.

36. Belə ki, cavabdeh orqan mənzilin iddiaçıya "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 5 nömrəli müəssiəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli orderlə verilməsini, yəni orderin verilmə tarixinin xx.xx.2009-cu il tarixdən sonraya təsadüf etməsini əsas gətirərək, həmin sənədi özəlləşdirmə üçün əsas hesab etməmişdir.

37. Lakin iddiaçı tərəfindən təqdim edilmiş mənzil vərəqəsindən görünür ki, X14 HTnin və rəhbərliyinin birgə iclasının 26 saylı protokolu və xx.xx.2001-ci il tarixli 65 saylı məktubu əsasında İddiaçı ona ayrılmış Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi, ev 99, 1 mərtəbəli 2 otaqlı sahəsi 28 kv.m olan 8 nömrəli mənzilə xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin vərəqədə İddiaçı mənzil sahibi kimi, arvadı X2, qızı X3 və oğlu X4 isə ailə üzvləri kimi qeyd edilmişdir.

38. Bundan sonra isə "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 5 nömrəli müəssisəsi tərəfindən iddiaçının adına xx.xx.2011-ci il tarixdə order verilmişdir.

39. Yəni, sözügedən mənzil iddiaçıya xx.xx.2011-ci il tarixdə ayrılmamışdır. Mənzil 2001-ci ilin may ayında iddiaçıya ayrılmış, o və ailə üzvləri də həmin vaxtdan həmin mənzilə qeydiyyata düşmüşlər.

40. Məhkəmə tərəfindən X14 HT-nin və rəhbərliyinin birgə iclasının 26 saylı protokolunun (yaxud order, qərar və ya hər hansı digər sənədin) müxtəlif istiqamətlərdə sorğular verilsə də, arxivlərə təhvil verilməməsi səbəbindən onu əldə etmək mümkün olmamışdır.

41. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi.

42. 1982-ci il redaksiyalı Azərbaycan Respublikası Mənzil Məcəlləsinə görə: Maddə 4. Mənzil fondu Mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir: kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); Maddə 10. Vətəndaşların mənzil hüquqları və vəzifələri Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Maddə 18. Dövlət və ictimai mənzil fondunu, mənzil-tikinti kooperativləri fondunu idarə edən orqanlar İctimai mənzil fondunu kolxozların və başqa kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı təşkilatlarının və digər ictimai təşkilatların orqanları öz nizamnamələrinə (əsasnamələrinə) uyğun olaraq idarə edirlər. Maddə 20. Dövlət və ictimai mənzil fondunun idarə olunmasında və onun qorunmasının təmin edilməsində ictimai təşkilatların, əmək kollektivlərinin və vətəndaşların iştirakı Həmkarlar ittifaqları, başqa ictimai təşkilatlar, əmək kollektivləri SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyinə, ictimai təşkilatların nizamnamələrinə (əsasnamələrinə) uyğun olaraq, habelə vətəndaşlar dövlət və ictimai mənzil fondunun idarə edilməsində və onun qorunmasının təmin olunmasında iştirak edirlər. Maddə 28. Vətəndaşların yaşayış sahəsi almaq hüququ Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. Maddə 33. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürmək qaydası Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Maddə 36. Vətəndaşlara yaşayış sahəsi verilməsinin növbəliliyi Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda dayanan vətəndaşlara yaşayış sahəsi siyahılarla müəyyən edilmiş növbəlilik qaydasında, uçota götürülmə vaxtı əsas tutularaq və həmin yaşayış məntəqəsində istifadəyə verilən və boşalan mənzil sahəsinin həcmindən asılı olaraq verilir. Növbəlilik aşağıdakı qaydada müəyyən edilir: yaşayış yerində uçota götürülmüş vətəndaşlar barəsində—müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən; iş yerində uçota götürülmüş vətəndaşlar barəsində,—qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müəssisə, idarə və təşkilatın həmkarlar ittifaqı komitəsi ilə birlikdə müdiriyyət tərəfindən. Maddə 46. İctimai mənzil fondu evlərində yaşayış sahəsi verilməsi qaydası İctimai mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müvafiq təşkilatın orqanının və onun həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Maddə 48. Yaşayış sahəsi orderi Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.

43. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam.

44. Göründüyü kimi, qanunvericilik Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) hüquqların qeydiyyatı üçün əsas qismində dövlət mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderi və ya mənzil kirayəsi müqaviləsini nəzərdə tutmuşdur.

45. Hazırkı işdə də iddiaçıya mənzil verilən dövrdə qüvvədə olan qanunvericiliyə tam müvafiq olaraq Gəncə YD-si HT-nin və rəhbərliyinin birgə iclasının 26 saylı protokoluna və onun davamı olaraq "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 5 nömrəli müəssisəsinin xx.xx.2011-ci il tarixli orderinə əsasən Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi, ev 99, 1 mərtəbəli 2 otaqlı sahəsi 28 kv.m olan mənzil yaşamaq üçün verilmişdir.

46. Məhkəmə qeyd edir ki, həmin sənədin əldə edilə bilinməməsi iddiaçının mənzil hüququnu gerçəkləşdirməsinə mane olan hal kimi qiymətləndirilə və bu əsasla özəlləşdirmədən imtina edilə bilməz.

47. Məhkəmə onu da qeyd edir ki, aparılmış araşdırma zamanı sözügedən mənzilin dövlət mənzil fonduna aid olması müəyyən edilmiş və mənzilin balanssaxlayıcısı Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi həmin mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiaz etməmişdir.

48. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır.

49. Azərbaycan Respublikası Konstitusiyasına görə: Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

50. Məhkəmə hesab edir ki, iddiaçının mənzilin onun adına özəlləşdirilməsi üçün müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məzmunda sənədləri mövcud olduğundan cavabdeh onun hüquqlarını qeydə almaqdan əsassız olaraq imtina etmişdir. Ona görə də, iddia təmin edilməlidir.

51. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

52. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

53. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi, ev 99 ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı, sahəsi 28 kv.m olan 8 nömrəli mənzil İddiaçı adına özəlləşdirilməklə, ona bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar