Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-407/2022 02.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili X2, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 13.12.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Naftalan şəhəri, Q.Namazəliyev yaşayış massivi 04 nömrəli küçə, 01 nömrəli evin və onun altında yerləşən 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Naftalan Bələdiyyəsinin 30.06.2009-cu il tarixli 11 nömrəli qərarına əsasən Naftalan şəhəri Q.Namazəliyev küçəsində yerləşən yaşayış məhəlləsində 600 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikdirmək üçün onun mülkiyyətinə verilmiş, bundan sonra torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, aidiyvatı orqanların rəyləri verilməklə yerquruluşu planı rəsmən təsdiq edilmişdir. Onun tərəfindən İcra Hakimiyyətinə müraciət edilərək həmin sahədə fərdi yaşayış evi tikindisinə razılıq verilməsini xahiş etmiş, aparılan tikinti işləri lahiyəsi əsasında şəhərsalma qaydalarına əməl edilməklə yerinə yetirilmişdir. DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət edərək qeyd olunan torpaq sahəsinin və fərdi yaşayış evin üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçı iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək bildirmişdir ki, mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan torpaq sahəsinin birbaşa vətandaşın adına verilməsi barədə bələdiyyə tərəfindən qərar qəbul edilmişdir. Odur ki, iddianı əsassız hesab edir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Naftalan şəhərinin baş memarı tərəfindən verilmiş 26.11.2010-cu il tarixli, 17 nömrəli icazədən də görünür ki, Naftalan şəhəri, Q.Namazəliyev adına yaşayış massivi 04 nömrəli küçəsində yerləşən torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. -Torpaq sahəsini ayrılmasına dair 16 nömrəli, 26.11.2010-cu il tarixli inşaat pasportundan da görünür ki, sifarişci İddiaçı Naftalan şəhəri, Q.Namazəliyev adına yaşayış massivi 04 nömrəli küçə, ev 1 ünvanında fərdi yaşayış evi üçün torpaq sahəsi ayrılmışdır. -surəti işə əlavə edilmiş Naftalan Bələdiyyəsinin 11 nömrəli 30.06.2009-cu il tarixli qərarından da görünür ki, sözügedən 600 h.a. torpaq sahəsi X1. -surəti işə əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Naftalan şəhər şöbəsinin 23.02.2010-cu il tarixli 02 nömrəli rəyindən görünür ki, Naftalan bələdiyyəsi tərəfindən alqı-satqı yolu ilə fərdi yaşayış evinin tikilməsi məqsədilə satışa çıxarılan 600 kv.m torpaq sahəsinin satış və icarə məqsədilə çıxarılması qanunamüvafiq hesab edilmişdir. -surəti işə əlavə edilmiş X5 tərəfindən verilmiş 04 nömrəli, 13.08.2009-cu il tarixli rəydən görünür ki, fərdi ev tikmək üçün X3 verilmiş torpaq sahəsindən yüksək gərginlikli elektirik xətti keçmir. -surəti işə əlavə edilmiş 08.07.2009-cu il tarixli 6 nömrəli “Torpaqların alqı-satqısına dair” aktdan görünür ki, Naftalan bələdiyyəsinin 30.06.2009-cu il tarixli, 11 nömrəli qərarı ilə bələdiyyə ərazisindən Naftalan şəhəri, Q.Namazəliyev yaşayış massivi 04 nömrəli küçə, 01 nömrəli evin altında yerləşən 0,06 ha torpaq sahəsi İddiaçı satılmış, sonuncu tərəfindən bunun müqabilində 880 (səkkiz yüz səksən) manat pul ödənilmişdir. -surəti işə əlavə edilmiş 25.09.2007-ci il tarixli, 1 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən alqı-satqı edilmiş torpaq sahəsinə görə 480 (dörd yüz səksən) manat pul Naftalan bələdiyyəsinin hesabına ödənilmişdir. -surəti işə əlavə edilmiş 29.06.2009-cu il tarixli, 11 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən alqı-satqı edilmiş torpaq sahəsinə görə 370 (üç yüz yetmiş) manat pul Naftalan bələdiyyəsinin hesabına ödənilmişdir. -surəti işə əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Naftalan şəhər şöbəsinin 13.07.2009-cu il tarixli A 020513 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənəddən görünür ki, Naftalan bələdiyyəsinin 30.06.2009-cu il tarixli, 11 nömrəli qərarına əsasən 600 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin texniki göstəriciləri İddiaçı adına işlənmişdir. -surəti işə əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyindən görünür ki, Q.Namazəliyev küçəsi yaşayış məhəlləsində ki, boş sərbəst ərazidən həyətyanı sahə və fərdi ev tikmək üçün nəzərdə tutulan torpaq sahəsi 600 kvm olmaqla Naftalan Bələdiyyəsinin mülkiyyətinə aidir, ayrılması nəzərdə tutulan torpaq sahəsi şəhərin təsərrüfat işlərinə maneçilik törətmir və həmin məqsəd üçün ayrılması qanuna müvafiqdir. -DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinin 11.11.2021-ci il tarixli, **********28 nömrəli bildirişindən görünür ki, iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Naftalan bələdiyyəsinin 30.06.2009-cu il tarixli, 11 nömrəli qərarı ilə həyətyanı sahə və fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı Naftalan şəhəri, Q.Namazəliyev yaşayış massivi 04 nömrəli küçədən 600 kv.m torpaq sahəsi satılmış, torpaq üçün nəzərdə tutulmuş haqq sonuncu tərəfindən bələdiyyənin büdcəsinə ödənilmişdir. Həmçinin həmin torpaq sahəsinə dair keçmiş DT və XK-nin müvafiq rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin yerquruluşu planı, alqı-satqı aktı və plan və ölçü sənədi əldə edilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi və həmin sahədə yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mübahisə predmeti olan torpaq sahəsi bələdiyyənin müvafiq qərarı ilə iddiaçıya satılmış və torpağın dəyəri iddiaçı tərəfindən bələdiyyənin müvafiq hesabına ödənilmişdir. Yəni, sözügedən torpaq sahəsi alqı-satqı qaydasında iddiaçıya verilmiş və sonuncu tərəfindən həmin torpaq sahəsi təyinatı üzrə istifadə edilir. Cavabdehin imtinasının əsası kimi bələdiyyə tərəfindən sənədləşmənin qanunvericiliyin tələblərinə uyğun aparılmaması, yəni torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınmaması qeyd olunmuşdur. Qeyd edilməlidir ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun:- -6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. -6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. -6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin:- -1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. -7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. -16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. Bundan əlavə, bələdiyyələrin öz mülkiyyətində olan torpaq sahələrini qanunla müəyyən edilmiş qaydalara əməl etmədən (hazırki halda müvafiq dövlət reyestrində qeydiyyatdan keçirmədən) satması Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeyinə zidd hesab edilə bilməz və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina da əsaslı hesab edilə bilməz. Başqa sözlə, bələdiyyələrin fəaliyyətinə nəzarət hazırki iş üzrə cavabdeh qurumun səlahiyyətlərinə aid olmadığından bələdiyyənin müəyyən prosedur qaydalarına riayət etməməsi əsası ilə bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas verə bilməz. Bundan başqa, sözügedən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi də müvafiq səlahiyyətli qurumun icazəsi əsasında inşa edilmiş, eyni zamanda həmin yaşayış evinin qeydə alınmasından imtina yalnız yerləşdiyi torpaq sahəsinin qanuni əsaslarla satılmaması ilə əlaqələndirilmişdir. Bir halda ki, torpaq sahəsinin qeydə alınmasından imtinanın qanunsuz olması qənaətinə gəlinmişdir, demək üzərində yerləşən yaşayış evinin də qeydə alınması üçün maeə yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Naftalan bələdiyyəsinin 30.06.2009-cu il tarixli, 11 nömrəli qərarı ilə İddiaçı satılmış Naftalan şəhəri, Q.Namazəliyev yaşayış massivi 04 nömrəli küçə, 01 ünvanda yerləşən 600 kv.m torpaq sahəsi və həmin topraq sahəsində yerləşən fərdi yaşayış evinin üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-407/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-407/2022
02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver