Məhkəmə qərarları › İş №2-1(114)-407/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-407/2024

13.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-407/2024 13.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi , İddiaçı nümayəndəsi X1, üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4) torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və naturada tanıdılması, pulun qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il qeydiyyat tarixli, **********27 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və naturada tanıdılması, həmçinin müraciətinə baxılması üçün cavabdehə ödəmiş olduğu 121 manat pulun ona qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il qeydiyyat tarixli, **********27 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsi var. Həmin sahəyə dair xx.xx.2021-ci il tarixdə “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilərək verilmişdir. Hazırda qardaşı, həmçinin qonşusu X4 ilə aralarında torpaq sahəsinin sərhədləri ilə bağlı mübahisə yaranmışdır. Buna görə də özünə məxsus torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və naturada tanıdılması ilə bağlı cavabdeh orqana müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 121 manat iddiaçıya plan və ölçü sənədinin verilməsi ilə bağlı dövlət rüsumu olaraq ödənilmişdir. Üçüncü şəxs X4 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı özü onun sahəsindən istifadə edir, lakin hesab edir ki, öz sahəsinə müdaxilə edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, **********27 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayonu, qaradağlı kəndində 0.24 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -surəti işə əlavə edilmiş aktın məzmunundan görünür ki, cavabdehin nümayəndəsinin iştirakı ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsinin naturada tanıdılması üçün tədqiqat aparılarkən faktiki istifadə vəziyyəti ilə uyğunsuzluq olduğundan işin icrasının mümkün olmadığı qeyd edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir.İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da qismən əsaslıdır. Belə ki, iddia ərizəsinin məzmunu ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2021-ci il qeydiyyat tarixli, **********27 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan 0.24 ha torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və naturada tanıdılması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən faktiki istifadə vəziyyəti ilə “Torpaq sahəsinin planı və ölçüsü” sənədi arasında uyğunsuzluq olduğunu bildirməklə imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, iddiaçının hazırda məhkəmədə iddia qaldırmasının səbəbi özözlüyündə mülkiyyətində olan torpaq sahəsindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə müəyyən edilmiş koordinatlar daxilində istifadə edib-etməməsi və qonşu torpaq sahəsinin mülkiyyətçisi ilə aralarında yaranmış mübahisə torpaq sahəsindən istifadə vəziyyəti ilə bağlıdır və cavabdeh orqan hər bir mülkiyyət sahibinə istifadə etdiyi torpaq sahəsinin müvafiq mülkiyyət sənədinə uyğun olub-olmamasını müəyyən etməklə yerində tanıdılması öhdəliyi daşımasına baxmayaraq, əsassız imtina aktı tərtib etməklə kifayətlənmişdir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. -16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. -16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. -23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: -1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlətnəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. -1.2-ci maddəsinə əsasən xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Nazirliyin hüquqi aktlarını rəhbər tutur. -3.0.23-cü maddəsinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifəsi kimi nəzərdə tutulmuşdur. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının 22 dekabr 1998-ci il tarixli Qanunun 10-cu maddəsinə əsasən torpaqkadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yuxarıda qeyd edilən maddi hüquq normalarından göründüyü kimi, şəxsin mülkiyyətində, sərəncamında və ya daimi istifadəsində olan torpaq sahəsinin həmin torpaq sahəsinə dair tərtib edilmiş sənədlərə uyğun olaraq yerində müəyyən edilib ölçülməsi və sərhədlərinin müəyyən edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin öhdəliyi kimi müəyyən edilmişdir. Qeyd olunan normalara əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə cavabdehin torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və naturada tanıdılması tələbi üzrə aşkar hərəkətsizliyi mövcuddur və yuxarıda qeyd edilən maddi hüquq normalarına ziddir. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddia təmin edilməli, iddiaçının mülkiyyətində olan 0.24 ha torpaq sahəsinin həmin torpaq sahəsinə dair tərtib edilmiş sənədlərə uyğun olaraq sərhədlərinin müəyyən edilməsi və mülkiyyətçiyə tanıdılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Məhkəmə tələbin pulun qaytarılması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının nümayəndəsinin verdiyi izahatdan da görünür ki, qeyd olunan məbləğ torpaq sahəsinin ölçülməsi ilə bağlı dövlət rüsumu kimi müvafiq hesaba ödənilmişdir. Odur ki, tələb həmin hissədə təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il qeydiyyat tarixli, **********27 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.24 ha torpaq sahəsinin həmin torpaq sahəsinə dair tərtib edilmiş sənədlərə uyğun olaraq yerində sərhədlərinin müəyyən edilməsi və tanıdılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar