Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4077/2025 06.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2006-cı il tarixdən ona təyin olunmuş əlilliyə görə əmək pensiyasının keçmiş dövr üçün ödənilməmiş fərq məbləğinin həmin tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə xx.xx.2006-cı il tarixdən ona təyin olunmuş əlilliyə görə əmək pensiyasının keçmiş dövr üçün ödənilməmiş fərq məbləğinin həmin tarixdən ödənilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2002-ci il tarixdən 2-ci qrup müddətsiz əlildir. xx.xx.2023-cü il tarixədək əlilliyə görə sosial müavinət alırmış. xx.xx.2023-cü il tarixli müraciəti əsasında ona xx.xx.2006-ci il tarixədək 7 il 7 ay 28 gün sığorta stajı əsasında xx.xx.2006-cı il tarixdən əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək ona cəmi 5730.86 manat məbləğində fərq ödənilmişdir. Yəni müraciət tarixindən 3 il əvvələ olan vəsait ödənilmişdir. İddiaçı cavabdeh təşkilata təkrar xx.xx.2025-ci il tarixdə müraciət edərək bildirmişdir ki, pensiya xx.xx.2017-cı il tarixədək qüvvədə olan Qanunvericiliyin tələbləri əsasında təyin olunduğu üçün, pensiya təyinatında əsas götürülən şərtlər, pensiya və müavinət arasındakı fərqin hesablanması zamanı da xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun (Maddə 37.7 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən (xx.xx.2006-cı il tarixdən) tez olmamaqla müddətindən asılı olmayaraq təyin olunaraq ödənilir) həyata keçirilməlidir. Cavabdehin cavab məktubunda göstərilmişdir ki, “xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin tələblərinə əsasən xx.xx.2002-ci il tarixində əlilliyə görə iddiaçının əmək pensiyası hüququ yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunan maddələrin tələblərinə əsasən iddiaçıya xx.xx.2020-cı il tarixində (xx.xx.2023-cü il tarixli ərizənizdən 3 il əvvələ) əlilliyə görə əmək pensiyası təyin edilmiş, hazırda ödənişi 393,33 manat məbləğində olmaqla davam etdirilir. Müraciətə cavab olaraq bildirilmişdir ki, əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixində müraciət etdiyi üçün ötən dövr üzrə hesablanmış fərq məbləğinin xx.xx.2002-ci il tarixindən (hüququnun yaranan tarixdən) hesablanaraq ödənilməsi qanunvericiliyin tələbləri baxımından (Qanunun 32.1-1-ci maddəsinə əsasən) mümkün hesab edilmir. İddiaçı verilmiş cavabla razılaşmır. Belə ki, cavabdeh pensiyanın təyinatını xx.xx.2006-cı il tarixdən hesablasa da, pensiyanın ödənişini müraciət tarixindən 3 il əvvələ hesablayıb ödəmişdir. İddiaçı hesab edir ki, bu düzgün deyil, pensiya ilə sosial müavinətin fərq məbləği əmək pensiyası təyin olunduğu dövrdən, yəni xx.xx.2006-cı il tarixdən hesablanaraq ödənilməlidir. Ona görə də, məhkəməyə müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, iddia tələbi üzrə iş materiallarından aydın olur ki, iddiaçı ona xx.xx.2006-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə əlilliyə görə əmək pensiyasının ödənilməyən fərq məbləğinin “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən ödənilməsi üçün xx.xx.2025-ci il tarixdə Mərkəzi Filiala müraciət etmiş, iddiaçının müraciəti araşdırıldıqdan sonra İddiaçı fərq məbləğinin ödənilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı Mərkəzi Filiala qarşı keçmiş dövr üzrə fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş Qanunvericiliyin tələblərinə uyğun pensiya təyin edildiyindən, fərqin hesablanması zamanı da həmin qanunvericiliyin tələblərinin tətbiq edilməli olduğunu iddia edir. Mərkəzi Filial hesab edir ki, iş üzrə iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. İddiaçı müraciəti araşdırılarkən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin tələblərinə əsasən, xx.xx.2002-ci il tarixdə əlilliyə görə əmək pensiyası hüququ yarandığı və müraciət etdiyi xx.xx.2023-cü il tarixdən keçmiş dövr üzrə 3 il əvvəl xx.xx.2020-ci il tarixdən hesablanmaqla, əlilliyə görə əmək pensiyası təyin edildiyi müəyyən olunmuşdur. İddiaçının hüquqi marağı ona əlilliyə görə pensiyasına görə fərq məbləğinin xx.xx.2006-cı il tarixdən xx.xx.2020-ci il tarixədək ödənilməsi ilə bağlı olduğundan, bu halda iş materiallarındakı ziddiyyətli hallara aydınlıq gətirilməli, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin şərtlərının iddiaçıya münasibətdə ödənilib-ödənilməməsi yoxlanılmalıdır. Ali Məhkəmənin “Əmək pensiyaları haqqında” yuxarıda qeyd olunan normaların və Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 8 oktyabr 2020-ci il tarixli Qərardadının qarşılıqlı təhlilindən göründüyü kimi, iddiaçı cavabdehin imtinası ilə hüququnun pozulduğunu o halda iddia edə bilər ki, məhz iddia etdiyi müddətdə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmiş olsun. İddiaçının ilkin müraciəti xx.xx.2023-cü il tarixdə olduğu və iddia ərizəsində həmin tarixədək müraciət etməməsinin səbəbini əsaslandırmadığı müəyyən olunur. Qanunun 32.1-1-ci və 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il hesablanaraq ödənilir. Belə olan halda, cavabdeh hesab edir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr Mərkəzi Filiala müraciət edilən xx.xx.2023-cü il tarixdən qanunvericiliklə müəyyən edilmiş 3 il müddətdən daha çox dövrü əhatə etdiyindən iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmamasını xahiş etdi. İşin halları İddiaçı xx.xx.2002-ci il tarixdən müddətsiz ümumi xəstəlik ilə əlaqədar, “keçirilmiş uşaq polimielit xəstəliyinin qalıq əlamətləri. Sol aşağı ətrafın funksiyasının yüngül dərəcəli pozulması” diaqnozu ilə ilkin İİİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2023-cü il tarixli ərizəyə əsasən İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmişdir. xx.xx.2023-cü il tarixli müraciət vərəqəsinə əsasən İddiaçı “əlilliyə görə əmək pensiyasının təyin olunması” ilə bağlı müraciətinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə müraciətə baxılacağı və müraciətin cavabının ünvan 1i ünvanına göndəriləcəyi bildirilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli “əmək pensiyasının təyin edilməsi haqqında” qərarına əsasən, İddiaçı hüququnun yarandığı tarix xx.xx.2002-ci il qeyd edilməklə, İİİ dərəcəli əlilliyə görə xx.xx.2023-cü il tarixdən müddətsiz 327.21 manat əmək pensiyası təyin edilmişdir. xx.xx.2025-ci il tarixli ərizəyə əsasən İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına pensiyasının keçmiş dövr üçün fərq məbləğinin xx.xx.2006-cı il tarixdən hesablanaraq ödənilməsi ilə bağlı müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən, İddiaçı xx.xx.2006-cı il tarixdən təyin edilmiş İİİ dərəcəli əlilliyə görə yenidən hesablanmış əmək pensiyasının məbləği xx.xx.2025-ci il tarixdən müddətsiz olaraq 393 manat 33 qəpik təşkil edir. Qeyd: Qanunun 32.1.1-ci maddəsinə uyğun olaraq əmək pensiyaları müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilir. Qeyd olunanlar nəzərə alınaraq ərizəni icra etmək mümkün deyil. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli “əlilliyə görə əmək pensiyası haqqında” məktubdan görünür ki, ona xx.xx.2020-ci il tarixində (xx.xx.2023-cü il tarixli ərizədən 3 il əvvələ) əlilliyə görə əmək pensiyası təyin edilmiş, hazırda ödənişi 393,33 manat məbləğində olmaqla davam etdirilir. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixində müraciət etdiyi üçün ötən dövr üzrə hesablanmış fərq məbləğinin xx.xx.2002-ci il tarixindən (hüququnun yaranan tarixdən) hesablanaraq ödənilməsi qanunvericiliyin tələbləri baxımından (Qanunun 32.1-1-ci maddəsinə əsasən) mümkün hesab edilmir. Tətbiq edilən hüquq Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4. Əmək pensiyasının növləri və tərkibi 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir (1 iyul 2017-ci il tarixdən sonra qüvvədə olan redaksiyada). Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.1-1-ci maddəsinin tətbiqinə dair xx.xx.2020-ci il tarixli Qərardadı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə” müddəası pensiya hüququ 01 iyul 2017-ci il tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2002-ci il tarixdən müddətsiz ümumi xəstəlik ilə əlaqədar, “keçirilmiş uşaq polimielit xəstəliyinin qalıq əlamətləri. Sol aşağı ətrafın funksiyasının yüngül dərəcəli pozulması” diaqnozu ilə ilkin İİİ dərəcəli əlillik təyin edilmişdir. İddiaçıya xx.xx.2023-cü il tarixədək əlilliyə görə sosial müavinət ödənilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli “əmək pensiyasının təyin edilməsi haqqında” qərarı ilə, İddiaçı hüququnun yarandığı tarix xx.xx.2002-ci il qeyd edilməklə, xx.xx.2023-cü il tarixdən əlilliyə görə müddətsiz əmək pensiyası təyin edilmiş, eyni zamanda əlilliyin təyin edilməsinin tarixi xx.xx.2006-ci il, əmək pensiyasının təyin edilməsi üçün iddiaçının müraciət etdiyi xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əlilliyə görə sosial müavinətlə əmək pensiyası arasındakı fərqin ödənilməsi müəyyən edilmişdir. Hazırda iddiaçı ona xx.xx.2006-cı il tarixdən təyin olunmuş əlilliyə görə əmək pensiyasının keçmiş dövr üçün ödənilməmiş fərq məbləğinin həmin tarixdən ödənilməsini xahiş edir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən sonra qüvvədə olan redaksiya əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən sonra qüvvədə olan redaksiya əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.1-1-ci maddəsinin tətbiqinə dair xx.xx.2020-ci il tarixli Qərardadında qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə” müddəası pensiya hüququ 01 iyul 2017-ci il tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İş materiallarından müəyyən olunur ki, İddiaçı əlilliyə görə əmək pensiyası hüququ xx.xx.2002-ci il tarixdən yaransa da, sonuncu əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2023-cü il tarixdə, yəni 01 iyul 2017-ci il tarixədən sonra müraciət etmişdir. Ona görə də iddiaçıya münasibətdə Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən sonra qüvvədə olan redaksiyası tətbiq edilməlidir. Bu baxımdan məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunidir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-4077/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4077/2025
06.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver