Məhkəmə qərarları › İş №2-1(114)-4081/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4081/2025

10.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4081/2025 10.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona xx.xx.2023-cü il tarixdən səhhətindəki xəstəliklərə uyğun olaraq orqanizmin funksiyalarının pozulmasının faiz və müddətinə müvafiq əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı əlillik vəziyyəti xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş göndəriş əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və onun barəsində “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir.

2. Həmin qərar barədə iddiaçıya xx.xx.2023-cü il tarixdə sms-bildiriş göndərilməklə, məlumat verilmişdir. II. Məhkəmədə icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mtinanın ləğv edilərək əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1991-ci ilin may ayından N saylı hərbi hissənin tərkibində Goranboy-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 11 may 1992-ci ildə N saylı hərbi hissənin tərkibində Goranboy-Tərtər istiqamətində gedən döyüşlərdə yaralanmışdır. Bu yaralanmağı Goranboy Rayon Məhkəmöəsinin 22 oktyabr 2015-ci il tarixli 2(045)-1680/2015 saylı qətnaməsində təsdiq olunmuşdur. Bundan sonra ona əlillik təyin olunmuşdur. 2021-ci ilin dekabr ayında ona təyin olunan təqaüd dayandırılmışdır. Bundan sonra o, aidiyyatı qurumlara müraciət etmişdir. Müalicə və müayinə olunduqdan sonra yenidən sənədlərini əlilliyin təyin olunması üçün TSEK-ǝ göndərmişdir. Əlilliyi qiymətləndiriləndən sonra xx.xx.2023-cü ildə ona imtina gəlmişdir. İmtinanın səbəbi isə "Diaqnozun öz təsdiqini tapmaması" kimi müəyyən edilmişdir. 2025-ci ilin aprel ayında təkrar olaraq aidiyyatı qurumlara müraciət edərək əlilliyinin verilməsinə köməklik olunmasını xahiş etmişdir. Ancaq çox təəssüf ki yenidən ona həmin imtinanı təkrar olaraq göndərərək əlilliyinin təyin olunmasından imtina edilmişdir. Aşğıdakılara əsasən hesab edir ki cavabden təşkilatın onun əlilliyini düzgün qiymətləndirməyib və əlilliyin təyin edilməsi cavabdeh təşkilatın üzərinə qoyulmalıdır. Qeyd edir ki, onun kəlləbeyin taravması və başın qəlpə yarası almağı barədə Goranboy Rayon Məhkəməsinin qətnaməsi ilə təsdiq olunmuş diaqnozu mövcuddur və bu qoyulan diaqnozla 2015-ci il tarixdən 2021-ci ilin dekabr ayına kimi təqaüd almışdır. Bundan başqa bir sıra tibb müəssisələrində müalicə və müayinə olunmuşdur və bununla bağlı bütün sənədləri mövcuddur. Hazırda da davamlı olaraq kəllə-beyin travması ilə əlaqədar müalicələri davam etdirilir. Məhkəmə təcrübələrindən görünürki tibbi sosial ekspert komissiyasından "diaqnoz əlillik təyin etmir", "əlavə müalicəyə ehtiyacı var", “göndəriş natamam doldurulmuşdur" kimi əsaslarla əlilliyin müəyyən edilməsindən imtinaya dair qərarlar qəbul edilir. Məhkəmələr tərəfindən qeyd edilən hallarda əlilliyin müəyyən edilməsinə dair iddialar üzrə işlərə baxarkən ilk növbədə göndərişdəki məlumatların və ya yalnışlığın nəyi ehtiva etdiyini aydınlaşdırmalıdır. Əgər həqiqətən də belə bir natamamlıq və ya yalnışlığın olması müəyyən edilərsə, bu halın TSEK tərəfindən aradan qaldırlmasının mümkünlüyü nəzərə alınmaqla diferensiyası aparılmalı belə bir imkanın mövcudluğu halında məhkəmə İnzibati Prosessual Məcəllənin 33-cü maddəsində təsbit edilən imkandan istifadə etməklə şəxsin əlilliyinin müəyyən edilməsi ilə bağlı məsələ üzrə müvafiq əsaslar göstərməklə yekun qərarın (təmin və ya imtinanın) qəbul edilməsi üçün müəyyən müddət təyin etməlidir. Bundan başqa inzibati icraat hüququnun tələbləri baxımından TSEK göndərişlə bağlı natamam məlumatların tamamlanmasını eləcə də yol verildiyi bildirilən yalnışlığın aradan qaldırılmasını təmin etmək məqsədi ilə aidiyyatı quruma müraciət etməli və müvafiq məlumatların təqdim olunmasını tələb etməlidir. Yalnız bundan sonra şəxsə münasibətdə əlillik dərəcəsinin müəyyən olunması ilə bağlı qərar qəbul etməlidir. Göstərilənlərə əsasən hesab edir ki TSEK-in qərarı ləğv olunmalı və əlilliyin təyin edilməsi cavabdeh təşkilatın üzərinə qoyulmalıdır.

5. Məhkəmənin hüquqi yardımından sonra iddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2023-cü il tarixdən səhhətindəki xəstəliklərə uyğun olaraq orqanizmin funksiyalarının pozulmasının faiz və müddətinə müvafiq əlilliyin müəyyən edilməsi barədə qərar qəbul ediməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmə icraatına qəbul edilmişdir. III. Prosessual məsələlər

6. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflər lazımi qaydada məlumatlandırılmışlar. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

7. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinin sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Mingəçevir PND Xəstəxanasının 06 sentyabr 2023-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Əhvalın üzvi mənşəli [affektiv] pоzuntusu, Üzvi affektiv pozuntu, depressiv epizodlar, koqnitiv funksiyaların enməsi ilə. Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Bakı şəhər sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2023-cü il tarixli U00059969NKE nömrəli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS: 3- 17-4/3-1-5854/2023). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 63 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Başın qəlpə yarası. Kəllə beyin travması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolma tutmaları, baş ağrıları, yuxusuzluq, yüksək arterial təzyiqdən şikayətlənmişdir. Epitutmadan öncə gözünün qaralmasını, ürəkbulantısı olduğunu qeyd etmişdir. Hal-hazırda medikamentoz preparatlardan “Ekvator”, “Finlipsal 200” qəbul etdiyini bildirmişdir. Müayinə zamanı anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, nevroloji defisit müşahidə edilməmiş, qəbul etdiyi günlük “Finlipsal” miqdarı, terapevtik dozaya uyğun olmamışdır” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. X1 və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra, sağ qoltuq altının ön, sol saidin aşağı 1/3-nin ön-iç, sol aşıq-baldır oynağının iç və sol pəncənin boylama ön səthlərində kobud dartıcı ağrılı çapıq toxumaları, sağ qoltuqaltı yumşaq toxumalarda metal yad cismi, sağ bazu oynağının yaxınlaşdırıcı kontrakturası (uzaqlaşma 23 dərəcə), sol əl barmaqlarının tam bükülməməsi, əlin tutma funskiyasının pozulması, sol aşıq-baldır oynağının İİİ dərəcəli osteoartrozu, açıcıbükücü kəskin kontrakturası (açma 100 dərəcə, bükmə 90 dərəcə), əzələ atrofiyası, daimi ağrı sindromu və hərəkət funksiyasının pozulması” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 1042 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması) affektiv pozuntu, depressiv epizodlar, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd edilmiş, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Yevlax rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli Baş beyin nativ Kompüter Tomoqrafiya müayinəsinin nəticəsi “Baş beyin yarımkürələrinin gicgah və təpə paylarında qliotik işemiya ocaqları. Kəllədaxili hipertenziyanın KT mənzərəsi. Hər iki haymor və sağ əsas ciblərində retension kistalar. İki tərəfli etmoidit. Sağ tərəfli frontit” kimi qeyd edilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10878555 nömrəli çıxarışında və xx.xx.2023-xx.xx.2023-cü il tarixli 11120500 nömrəli Çıxarışında diaqnoz “Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı insanlarla ünsiyyət qura bilməməsindən, əsəbilikdən, yuxusuzluqdan, yüksək arterial təzyiqdən şikayətlənmiş, yaşamaq istəmədiyini söyləmişdir. Komissiya üzvləri ilə də danışmaq istəmədiyini, ümumiyyətlə intihar etmək istədiyini qeyd etmişdir. Anamnezində dəfələrlə özünü asmaq, doğramaq istədiyini, lakin ailə üzvlərinin ona mane olduğunu bildirmişdir. Baxış zamanı sol saidin aşağı 1/3-də, sol ayaqarxasında, sağ çiyinin ön səthində çapıqlar izlənmişdir. Psixi statusu: sosial problemlərini əsas gətirmiş, somatik şikayətlər bildirmiş, spesifik suallardan yayınmış, aqressiv səs tonu nümayiş etdirmişdir. Müayinənin gedişatında təhdidkar davranmış, intihar edəcəyini bildirmişdir. Emosiyaları stabil, affekti patologiyasız, mühakimə qabiliyyəti qorunmuş, depressiv əlamətlər inkar olunmuş, intellektual qəlizləşdirilmiş suallara cavabı koqnitiv fəaliyyətinin adaptivliyini göstərmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində müddətində qaldırıla bilər. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İşin hallarından göründüyü kimi, 16 sentyabr 2023-cü il tarixli qərar barədə 19 dekabr 2023-cü il tarixdə sms vasitəsilə iddiaçıya məlumat verilmişdir. (elektron sistemdən çıxarış elektron kabinetə əlavə edilmişdir.) İddiaçı məlumat aldıqdan 1 il 4 aydan çox müddət keçdikdən sonra məhkəməyə iddia ilə müraciət etmişdir. Beləliklə, iddiaçı mübahisələndirmə haqqında iddianı qanunvericiliklə müəyyən edilmiş 30 gün müddəti ötürməklə vermişdir. Eyni zamanda prosessual müddət 1 ildən çox müddətdə ötürüldüyündən həmin müddət qanunvericiliyə əsasən bərpa oluna bilməz. Qeyd edilənlərə əsasən də, iddia tələbi müddətin ötürülməsi ilə verildiyindən mümkünsüz hesab edilməlidir.

8. Məhkəmənin hüquqi yardımının nəticəsində iddiaçı müddətin bərpasına dair ərizə məhkəməyə ünvanlayaraq, buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir.

9. Ərizə onunla əsaslandırılmışdır ki, 30 günlük prosessual müddətin buraxılmasının səbəbi onun müharibədə iştirakı və bu müharibənin onun psixologiyasında buraxdığı üzlər, ailəsində baş vermiş narazılıqlar, eləcə də hüquqi biliyinin olmaması, maddiyyatının vəkillə təmin olunmasına imkan verməməsi olmuşdur. Bundan başqa, müharibədə aldığı psixoloji travmalarla əlaqədar davamlı müalicələr almış və bu da müddətin buraxılmasına səbəb olmuşdur.

10. Məhkəmə iclası zamanı iddiaçı müddətin bərpasına dair ərizəni müdafiə edərək, onun təmin edilməsini və buraxılmış müddətin bərpa edilərək, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

11. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, müalicədə olmasına dair hər hansı sənədi mövcud deyildir. Ev şəraitində müalicə almışdır.

12. Cavabdehin nümayəndəsi X3 müddətin bərpasına dair ərizəyə etiraz edərək, onun təmin olunmamasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

13. Məhkəmə ərizəni və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır.

14. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

15. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbi xx.xx.2023-cü il tarixdən səhhətindəki xəstəliklərə uyğun olaraq orqanizmin funksiyalarının pozulmasının faiz və müddətinə müvafiq əlilliyin müəyyən edilməsi barədə qərar qəbul ediməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir və həmin tələb İPM-in 2.2.2-ci maddəsində təsbit olunmuş məcburetmə haqqında iddia növünə aiddir və növ iddianın mümkün sayılması üçün xüsusi mümkünlük şərti kimi müddətə dair şərtə riayət edilməsi tələb olunur.

16. Belə ki, İPM-ə görə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia). Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.

17. İşin hallarından görünür ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş göndəriş əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və onun barəsində “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Həmin qərar barədə iddiaçıya xx.xx.2023-cü il tarixdə sms-bildiriş göndərilməklə, məlumat verilmişdir.

18. Qeyd edilən imtina barədə iddiaçıya məlumat göndərildikdən xeyli keçdikdən sonra iddiaçı hazırkı iddia ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir.

19. Göründüyü kimi, İddiaçının ona əlillik təyinatından imtina edilməsindən xx.xx.2023-cü il tarixdən məlumatlı olması, lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə iddia qaldırmaması və müddəti ötürməsi işin mübahisə olunmayan halıdır.

20. İddiaçı iddia müddətini ötürməsinin səbəbi kimi ərizəsində və iclasda verdiyi izahatında özünün xəstəliyi və müalicələrdə olması, vaxtında iddia qaldırmalı olmasını bilməməsi və maddi imkanının yaxşı olmaması ilə əlaqələndirmiş, lakin ötən müddət ərzində iddia qaldırmasına maneə törətmiş və ya məhdudiyyət yaratmış xəstəliklə bağlı edən sənədlər təqdim etməmişdir.

21. Ona görə də məhkəmə iddiaçının dəlillərini müddətin buraxılmasının üzrlü səbəbi kimi qəbul etmir və qeyd edir ki, iddiaçı xəstə ola bilər, lakin bu xəstəlik halı onun vaxtında iddia qaldırmasını mümkünsüz etməlidir ki, bunu da iddiaçı sübuta yetirməlidir.

22. Yəni, müddətin bərpası üçün elə səbəblər üzrlü hesab edilə bilər, onların mövcudluğu şəxsin iradəsindən asılı olmasın, onların yaranması və dəf edilməsi şəxsin imkanı xaricində olsun və bu səbəblər şəxsin müddəti ötürmədən iddia qaldırmasına maneə törətsin və ya məhdudiyyət yaratmış olsun.

23. Digər səbəblər isə ümumiyyətlə üzrlü səbəblər hesab oluna bilməz.

24. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır.

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olubolmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21).

26. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

27. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

28. Beləliklə, iddiaçı iddia qaldırmaq üçün qanunda nəzərdə tutulmuş müddəti üzrlü səbəblər olmadan ötürdüyündən, yəni müddətin üzrlü səbəbdən ötürüldüyünü təsdiq edən sənədlər təqdim etmədiyindən onun müddətin bərpasına dair ərizəsi təmin edilməməli və iddia müddətinə dair mümkünlük şərti ödənilmədiyindən iddia mümkün sayılmamalıdır.

29. İPM-ə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

30. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: Buraxılmış prosessual müddətin bərpası barədə iddiaçının ərizəsi təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar