Məhkəmə qərarları › İş №2-1(114)-4090/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4090/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4090/2023 30.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, Muradova (Hüseynova) Nailə Tofiq qızı, İddiaçı4 və İddiaçı2 Cavabdehnə qarşı doğum haqqında şəhadətnamədə düzəliş edilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1, Muradova (Hüseynova) Nailə Tofiq qızı, İddiaçı4 və İddiaçı2 cavabdeh Qazax rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onlara, yəni İddiaçı1 məxsus İ-ЖГ, 462807 nömrəli, Muradova (Hüseynova) Nailə Tofiq qızına məxsus İ-ИE, 723315 nömrəli, İddiaçı4 Tofiq qızına məxsus İ-A3, ******* nömrəli və İddiaçı2 məxsus İ-ИЕ, 237852 nömrəli doğum haqqında şəhadətnamələrin valideyinlər qrafasında yazılmış "X4" X2 düzəliş edilərək yeni doğum haqqında şəhadətnamələrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıların mərhum anası X1 ünvan 1 ünvanında yaşayış evi miras qalmışdır. Qeyd olunan mirası qəbul etmək üçün notariat orqanına müraciət edilmiş, lakin doğum haqqında şəhadətnamədə mərhum anaları Həmidənin ata adı “Məmmədrza” əvəzinə səhv olaraq "Mamed" kimi yazıldığı üçün notariat orqanı vərəsəlik açmaqdan imtina etmişdir. İddiaçılar qeyd olunan yanlışlığın aradan qaldırılması üçün Qeydiyyat orqanına müraciət etsə də,cavabdeh orqan yanlışlığın düzəldilməsindən imtina etmişdir. İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.1956-cı il tarixli, 121 nömrəli nikah haqqında akt qeydindən görünür ki, X5 ilə X7 arasında nikah bağlanmışdır. -surəti işə əlavə edilmiş 02 oktyabr 1957-ci il tarixli, 338 nömrəli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı2 xx.xx.1957-ci il tarixdə anadan olmuş, ata qrafasında “X8”, ana qrafasında “X5” qeyd olunmuşdur. -surəti işə əlavə edilmiş fevral 1959-cu il tarixli, 84 nömrəli doğum haqqında akt qeydindən görünür ki, Hüseynova (Muradova) Nailə Tofiq qızı xx.xx.1959-cu il tarixdə anadan olmuş, ata qrafasında “X8”, ana qrafasında “X5” qeyd olunmuşdur. -surəti işə əlavə edilmiş xx.xx.1966-cı il tarixli, 58 nömrəli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı4 Tofiq qızı xx.xx.1966-cı il tarixdə anadan olmuş, ata qrafasında “X8”, ana qrafasında “X5” qeyd olunmuşdur. -surəti işə əlavə edilmiş xx.xx.1973-cü il tarixli, 5 nömrəli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı1 xx.xx.1973-cü il tarixdə anadan olmuş, ata qrafasında “X8”, ana qrafasında “X5” qeyd olunmuşdur. -surəti işə əlavə edilmiş xx.xx.2016-cı il tarixli, AZ-İ 780515 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2016-cı il tarixdə ölmüşdür. -surəti işə əlavə edilmiş Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-16-5/8-H-1-690/2023 nömrəli məktubundan görünür ki, doğum haqqında akt qeydində düzəliş edilməsi ilə bağlı iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləoğlunun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla müəyyən olunmuşdur ki, iddiaçıların doğum haqqında akt qeydlərində və şəhadətnamələrdə anaları Həmidə Hüseynovanın ata adı ilə sonuncuya məxsus sənədlərdə ata adı arasında uyğunsuzluq mövcuddur. Belə ki, doğum akt qeydlərində, eləcə də onun əsasında verilmiş doğum haqqında şəhadətnamələrdə anaları Həmidə Hüseynovanın ata adı “Mamed” kimi qeyd edilsə də, bundan sonra verilmiş sənədlərdə onun ata adı “Məmmədrza” kimi qeyd edilmişdir. İddiaçılar doğum akt qeydində müvafiq düzəliş edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktları qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların:- -1-ci və 2-ci bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktları qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. -3-cü bəndində “vətəndaşlıq vəziyyəti aktı qeydində qeyri-düzgün məlumatların göstərilməsi” vətəndaşlıq vəziyyəti aktları qeydində dəyişikliklər edilməsinə səbəb olan hallardan biri kimi müəyyən olunmuşdur. -10-cu bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktları qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktları qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktı qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. 12-ci bəndində qeyd olunmuşdur ki, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər. Qeyd edilməlidir ki, iddiaçıların doğumu haqqında ilkin sənəd doğum haqqında akt qeydi hesab olunur və həmin sənəddə onların anaları Həmidə Hüseynovanın ata adı “Mamed” kimi qeyd edilmişdir. Həmçinin qeyd olunan doğum akt qeydlərindən əvvəl tərtib edilmiş iddiaçıların valideynlərinin nikah haqqında doğum akt qeydində də anaları Həmidə Hüseynovanın ata adı “Mamed” kimi qeyd edilmişdir. Odur ki, iddiaçıların anasının sonradan doğum haqqında akt qeydində olan məlumatlardan fərqli məlumatlar qeyd edilmiş sənədlər əldə etməsi iddiaçıların doğum haqqında şəhadətnaməsində düzəliş edilməsinə əsas vermir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, Muradova (Hüseynova) Nailə Tofiq qızı, İddiaçı4 və İddiaçı2 Cavabdehnə qarşı doğum haqqında şəhadətnamədə düzəliş edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar