Məhkəmə qərarları › İş №2-1(114)-4093/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4093/2023

25.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4093/2023 25.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili X2, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın qismən ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli, 03193 nömrəli aktının etibarsız hesab edilməsi və ”Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********3345 nömrəli qərarının qismən (10.000 manat məbləğində maliyyə sanksiyasına münasibətdə) ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Ağstafa rayonu, Dağ Kəsəmən kəndi ərazisində fəaliyyət göstərən "Fuad" şadlıq sarayı ona məxsusdur. xx.xx.2023-cü il tarixdə həmin obyektdə cavabdeh orqanın əməkdaşları tərəfindən keçirilmiş operativ vergi nəzarətinin nəticələrinə dair tərtib olunmuş akta əsasən "Fuad" şadlıq sarayında çalışan, guya 20 nəfər işçidən 12 nəfərinin əmək müqaviləsinin olduğunu, 8 nəfər işçinin və ya sabit qəzb olamdan işçilərin işə cəlb olunduğu aşkar olunduğu göstərilmişdir. Halbuki, həmin 8 nəfərdən yalnız 3 nəfəri (X9, X12 və X4) iddiaçı tərəfindən əmək müqaviləsi olmadan işə cəlb edilmişdir. Aktda adları göstərilən qalan 5 nəfəri isə (X18, X10, X11, X7 və X5) tanımır, həmin şəxlər ümumiyyətlə şadlıq sarayında işləməmişlər. Ola bilsin ki, həmin şəxslər həimin gün sarayda keçirilən toy mərasimində qonaqlar və ya məclisi keçirən şəxsin yaxını, qohum-əqrabası olmuşdur. Bir sözlə, həmin 5 nəfər şəxsin iddiaçı tərəfindən işə cəlb edilməsi sübuta yetirilmədiyi halda, cavabdeh orqan tərəfindən əsassız olaraq Azətbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən ona 16.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlamanı keçirən cavabdeh orqanın əməkdaşları tərəfindən nə videoçəkiliş aparılmış, nə də həmin tanımadığı şəxslərin izahatları alınmamışdır. Eyni zamanda, Azətbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən ona tətbiq edilmiş 16.000 manat məbləğində maliyyə sanksiyasının 6.000 manatını (X9, X12 və X3 münasibətdə) dövlət nəfinə ödəmişdir. Bu səbəbdən də hesab edir ki, cavabdehin xx.xx.2023-cü il tarixli, 03193 nömrəli aktı etibarsız hesab edilməli və ”Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********3345 nömrəli qərarı qismən (10.000 manat məbləğində maliyyə sanksiyasına münasibətdə) ləğv edilməlidir. İddiaçının müvafiq ərizəsinə əsasən cavabdehin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia ””Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********3345 nömrəli qərarının qismən (10.000 manat məbləğində maliyyə sanksiyasına münasibətdə) ləğv edilməsi” barədə iddia tələbinə dəyişdirilmişdir. İddiaçının vəkili X8 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, keçirilmiş operativ vergi nəzarəti zamanı İddiaçı məxsus Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən, "Fuad" şadlıq sarayında Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb edilməsi və Vergi Məcəllənin 220.10cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin fəaliyyətə başlayanadək, "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən 7 nəfər fiziki şəxsi işlərin yerin yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək 18 iyun 2023-cü il tarixli aktla rəsmiləşdirilmişdir. 14 saylı Ərazi Vergilər İdarəsində olan uçot məlumat bazasına əsasən İddiaçı məxsus "Fuad" şadlıq sarayının sahəsi 520 kvm və əmək müqaviləsi üzrə işçi sayı 9 nəfərdir. Bu da onu deməyə əsas verir ki, 520 kvm sahəsi olan sadlıq sarayını 9 nəfər fiziki şəxslə idarə etmək mümkün deyil. Ona görə də mübahisələndirilən qərar qanuni hesab edilməlidir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti əlavə edilmiş 14 saylı Ərazi Vergilər İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********5902 nömrəli qərarından görünür ki, İddiaçı məxsus obyektdə nağd hesablaşmaların aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (xx.xx.2023 tarixi də daxil olmaqla) operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. -surəti işə əlavə edilmiş ”Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********3345 nömrəli qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat və Vergi Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən 7 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 14000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarından göründüyü kimi 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********5902 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərarına əsasən İddiaçı məxsus obyektə xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Yoxlama zamanı vergi ödəyicisi İddiaçı məxsus obyektdə keçirilən operativ vergi nəzarəti nəticəsində xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və sözügedən akt əsasında İddiaçı vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********3345 nömrəli qərarla 16000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hazırda qeyd olunan qərarı mübahisələndirir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş qeyd edilən qərarın qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. -50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. -50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. -58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Mübahisələndirilən qərarla bağlı qeyd edilməlidir ki, iddiaçı özü 3 nəfər şəxsin (X12, X9 və X4) əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb etdiyini etiraf etmişdir. Odur ki, qərar həmin şəxslərə münasibətdə maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində əsaslı hesab edilir və qərar həmin hissədə mübahisələndirilməmişdir. Qərarın mübahisələndirilən hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, iş materiallarında olan operativ vergi nəzarətinin nəticəsi haqqında tərtib edilmiş akt və ona əlavələrdən görünür ki, iddiaçı həmin sənədləri imzalamaqdan imtina etmişdir. Həmçinin aktda adı olan şəxslərdən izahat alınması və akta onların imza etməsi vergi orqanının əməkdaşları tərəfindən təmin edilməmiş, habelə bütövlükdə həmin şəxslərin sözügedən obyektdə işlərin yerinə yetirilməsinə cəlb edilməsi yalnız aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir. Bundan əlavə, vergi orqanın əməkdaşları pozuntu faktını foto və ya video çəkilişlə qeydə almaq hüquqları olduğu halda bunu etməmişlər, ona görə də hazırki halda cavabdeh orqan iddiaçının 5 nəfər fiziki şəxsi əmək müqaviləsi olmadan işə cəlb etməsini əsaslandıran mötəbər sübut təqdim edə bilmədiyindən bu hallar vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Bu səbəbdən də məhkəmə mübahisələndirilən xx.xx.2023-cü il tarixli, **********3345 nömrəli qərarı qismən, iddiaçıya 10.000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində əsassız hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, Vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. -53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və Vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında Vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar Vergi ödəyicisinin xeyrinə şərh olunur. -41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********3345 nömrəli qərar qismən, iddiaçıya 10.000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********3345 nömrəli qərar qismən, İddiaçı 10.000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar