Məhkəmə qərarları › İş №2-1(114)-4095/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4095/2025

10.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4095/2025 10.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “bölgü planının etibarsız hesab edilməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş “bölgü planın” etibarsız hesab edilməsi və ona vurulan 4500 manat maddi zərərin ödənilməsi ödənilməsini xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırılmışdır ki, Xanlar rayon İcra hakimiyyətinin mülkiyyətində olan "xxxx" MMC-nin istifadəsinə verilmiş Göygöl şəhəri, Bakı-Qazax avtomobil yolunun sol tərəfi ünvanında yerləşən 10 ha torpaq sahəsinin istifadə hüquqları Göygöl rayon Notariat Kontorunun xx.xx.2009-cü il tarixli, 3M-1-127 №-li reyestrində qeydə alınmış alqı-satqı müqaviləsi əsasında istifadə hüquqları ona satılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2009-cu il tarixli, **********00 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarışına əsasən həmin vaxtdan iddiaçı qeyd edilən torpaq sahəsində kənd təsərrüfatı bitkiləri əkmişdir. Bitkinin növünə uyğun olaraq hər il dövlət tərəfindən subsidiya almışdır. 2022-ci ildə əkdiyi taxıla görə ona subsidiya verilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Kənd Təsərrufatı Nazirliyi tərəfindən GPS-lə yerin koordinatlarını dəqiqləşdirən zamanı müəyyən olunmuşdur ki, istifadə etdiyi torpağın plan cizgiləri uyğun gəlmir. Göstərilən sahənin plan cizgiləri başqa torpaq sahəsini əhatə edir. İddiaçı məcbur olub faktiki 2009-cu ildən istidə etdiyi 10 ha torpaq sahəsinə dair yenidən sənədləşdirmə aparmışdır. Gəncə şəhər 6 nömrəli notariat ofisində xx.xx.2023-cü il tarixdə istifadə hüququnun dəyişməsinə dair yeni müqavilə bağlanılmışdır. Müqavilə əsasında ona yeni xx.xx.2023-cü il tarixli, ********** nömrə ilə çıxarış və B№ 027395 “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. İddiaçı hesab edir ki, ona plan cizgiyə görə yox, faktiki istifadə etdiyi və 2009-cu ildən Kənd Təsərrufatı Nazirliyi tərəfindən subsidiya ayrılması, 2022-ci ilin dövrünə görə subsidiyanın verilməsinə mane ola bilməz. Xanlar rayon İcra hakimiyyətinin mülkiyyətində olan "xxxx" MMC-nin istifadəsinə verilmiş Göygöl şəhəri, Bakı-Qazax avtomobil yolunun sol tərəfli ünvanında yerləşən 142,9543 ha sahəsində 10 ha torpaq sahəsinə dair istifadə hüququ ona verilmişdir. Bundan sonra iddiaçı 2009-cu ildə AR ƏM üzrə DK-nin yanında DƏDRX-nin 3 saylı Əİ-yə müraciət etmişdir. İdarə “bölgü planı” tərtib etmədən ona “torpaq sahəsinin planı və ölçülərini” təqdim etmişdir. Həmin vaxtdan o, sərbəst torpaq sahəsini istifadə edir və subsidiya alır. İddiaçı hesab edir ki, əgər İdarə lazımi qədər qoyulan öhdəlikləri yerinə yetirib bölgü planı tərtib etsəydi və ona uyğun koordinatları müəyyən etsəydi onun bu gündə əlavə xərcləri yaranmazdı. Belə ki, 10 ha torpaq sahəsində aparılan payızlıq buğda əkininə dair EKTİS-ə daxil edilən məlumat əsasında Kənd Təsərrüfat Nazirliyi tərəfindən keçirilən monitorinq zamanı torpaq sahəsində əkin aparılmadığı müəyyən edilmiş və ona subsidiya verilməsinə imtina edilmişdir. İddiaçı yenidən faktiki 2009-cu ildən istifadə etdiyi torpaq sahəsinə dair istifadə hüququnun dəyişməsinə dair "xxxx" MMC ilə müqavilə bağlamış və 2023-cü ildə həmin torpaq sahəsinin planı və ölçüsü ilə bərabər çıxarış almışdır. Beləliklə, onun fermer fəaliyyəti tam “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasına uyğun olmuş və heç bir qanun pozuntusu etməmişdir. Cavabdehin qeyri-qanuni hərəkətlərindən ona 2000 (iki min) manat subsidiya almadığına görə və 105 man. +325 man. +10 man. +30 man, 460 manat çıxarış üçün ödədiyi rüsum, 100 manat daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair arayış, 115 manat istifadə hüququnun dəyişməsi müqaviləsi və 12 manat bölgü planın cəmi: 2000 man.+460 man.+115 man. +12 man. 2587 (iki min beş yüz səksən yeddi) manat ziyan vurulmuşdur. Bundan başqa subsidiya almaqdan və buna görə 2000 manat əlavə puldan mərhum olmuşdur. Beləliklə ona 4500 manat ziyan vurulmuşdur. 2024-cü il tarixdə məhkəmədə məlum olmuşdur ki, guya “bölgü planı” iddiaçının imzası ilə tərtib edilmişdir. Həmin “bölgü planı” saxtadır və o, həmin sənədə imza atmamışdır. İddiaçının “bölgü planı” saxta icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən hallarını izahı ilə Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixdə müraciəti müddət pozuntusu ilə baxılmış ( xx.xx.2024-cü il tarixdə) və təmin edilməmişdir. Bölgü planı üç tərəf imzaları ilə təsdiq edilir: 1. Hüquq sahibi (satan); 2. Alan; 3. Tərtib edən. Bundan sonra bölgü planında atılan imzalar notarial qaydada təsdiq olunur. Cavabdehin məhkəməyə təqdim edilmiş “bölgü planı”-nın surətində nə “tərtib tarixi” qeyd olunmuş, nə də ki, notariusun təsdiqi yoxdur. Bununla da “bölgü planın” saxta olması sübut olunur. Sənədin rəsmi sənədə aid edilməsi üçün o, bir sıra əlamətlərə malik olmalıdır. Bunun üçün sənəd səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müəyyən edilmiş formaya uyğun olmalı, vacib rekvizitləri (möhürü, ştampı, imzanı və s.) əks etdirməlidir. Rəsmi sənədin əsas şərtlərindən biri də onun hüquqi əhəmiyyəti ilə bağlı olub təqdim edilə bilmə qabiliyyətinin, yəni sənəddə əks olunmuş məlumatın hüquq münasibətlərinə təsir etmək imkanının mövcud olmasını tələb edir. Cavabdehin əməllərində vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi törədilməsi müəyyən olunur. İşin halları Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli “müraciətə baxılması haqqında məktubda” göstərilmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinin araşdırılması zamanı Göygöl şəhəri, Bakı-Qazax avtomobil yolunun sol tərəfində yerləşən 10.0 ha torpaq sahəsinin Gəncə şəhər 6 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 3M- 664 reyestr nömrəli “İstifadə hüququnun dəyişməsi müqaviləsi”nə əsasən "xxxx" MMC-nin istifadəsində olan 142.9543 ha torpaq sahəsinin 10.0 ha hissəsi ilə dəyişdirildiyi və həmin müqavilə əsasında iddiaçının torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2023-cü il tarixli, **********82 nömrəli çıxarış verildiyi müəyyən edilmişdir. Həmin torpaq sahəsinə dair tərtib edilmiş bölgü planı onun etibarnamə üzrə nümayəndəsi X1 tərəfindən imzalanmış və imzaların həqiqliyi Gəncə şəhər 6 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. 3M-1-27 nömrəli daşınmaz əmlakın alq-satqı müqaviləsinə əsasən Göygöl şəhərində yerləşən 152.9543 ha torpaq sahəsinin bölgü planı hüquqi sahibi qismində İsmayılov Tofiq, alan qismində İddiaçı və tərtib etdi qismində E.Məmmədov tərəfindən təsdiq edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarı

2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.

“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

Məhkəmənin mövqeyi

Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə iddianın mümkünlük şərtlərinin mövcudluğunu yoxlayaraq qeyd edir ki, hazırkı iddia tələbi üzrə iddianın mümkünlük şərtlərindən biri olan məhkəmə aidiyyəti düzgün müəyyən edilməmişdir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı “bölgü planı”nın etibarsız hesab edilməsi və ona vurulan maddi ziyanın ödənilməsidir. İş materialında olan bölgü planından görünür ki, həmin bölgü planı 3M-1-27 nömrəli daşınmaz əmlakın alq-satqı müqaviləsinə əsasən hazırlanmış, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən tərtib edilməklə hüquqi sahibi olan satıcı, alıcı, tərtib edən şəxs tərəfindən təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi bölgü planı daşınmaz əmlakın alq-satqı müqaviləsi əsasında tərtib edilib təsdiq olunmaqla qeyd olunan münasibət xüsusi hüquq subyektləri arasında yaranmış münasibətdir. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İnzibati hüquq münasibətləri tərəflər arasında yaranan ümumi (publik) hüququn nizamasalma predmetinə aid olan münasibətlərdir. Ümumi (publik) hüquq publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Xüsusi hüquq isə onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir. Xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Məhkəmə hesab edir ki, hazırkı mübahisə inzibati hüquq münasibətlərindən yaranan mübahisə deyil, xüsusi hüquq münasibətləri ilə bağlı mübahisə olmaqla mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə həmçinin iddianın cavabdeh tərəfindən ona vurulmuş maddi ziyanın ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, tələbin qeyd olunan hissəsi “bölgü planı”nın etibarsız hesab edilməsi hissəsi ilə bağlı olduğundan həmin hissədə də iddia mümkün sayıla bilməz. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “bölgü planının etibarsız hesab edilməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Həmçinin iddiaçıya izah edilir ki, müvafiq cavabdehə qarşı hazırkı tələb ilə müvafiq rayon (şəhər) məhkəməsinə və ya kommersiya məhkəməsinə müraciət edə bilər. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “bölgü planının etibarsız hesab edilməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar