Məhkəmə qərarları › İş №2-1(114)-4097/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4097/2025

24.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4097/2025 24.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Nağıyeva Aysu Azər qızının katibliyi, İddiaçı (bundan sonra mətndə-iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən 815(703) №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 56 №-li əmrində (əsas: bənd-v, səh-25, əmrdə atasının adı tam yazılmamışdır, hərbi rütbəsi qeyd olunmamışdır) gənc çağırışçı İddiaçı təchizat bölüyündə sürücü vəzifəsinə təyin olunması barədə məlumat vardır. 815(703) №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 56 №-li əmrində (əsas: səh-7, əmrdə atasının adı tam yazılmamışdır, hərbi rütbəsi qeyd olunmamışdır) İddiaçı N. oğlunun sürücü vəzifəsində avqust ayı üçün etibarlı sayılması barədə məlumat vardır. Qeyd edilir ki, Müdafiə Nazirliyinin Morkəzi Arxivində olan 815(703) №-li hərbi hissə komandirinin sentyabrnoyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar edilməmişdir. 731(703) №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 83 №-li əmrilə (əsas: §-1. səh-76; sıra-19, əmrdə hərbi rütbəsi qeyd olunmamışdır) İddiaçı N №-li hərbi hissədən gəlmiş hesab edilərək xx.xx.1992-ci il tarixdən bütün növ təminatlara salınmış və 2-ci atəş tağımında sürücü vəzifəsinə təyin olunmuşdur. 731(703) №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 04 №-li əmrində (əsas: §-1, sıra-18, əmrdə atasının adı qeyd olunmamışdır) N №-li hərbi hissəyə keçirilən N №-li hərbi hissənin hərbi qulluqçularının siyahısında İddiaçı adı qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan 731(703) №-li hərbi hissə komandirinin xx.xx.1993-xx.xx.1993-cü il, N №-li hərbi hissə komandirinin yanvar-iyul 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır. Gəncə Qarnizon Hərbi Tribunalının hökmünə əsasən İddiaçı CM-nin 247-ci maddəsi ilə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-25-14/2-Q-1272/2025 nömrəli məktubla bildirilmişdi ki, ona Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2025-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli arayışına əsasən N nömrəli hərbi hissədə xx.xx.1993-cü il tarixdən sonrakı xidməti barədə məlumat olmadığına və Gəncə Qarnizonu Hərbi Tribunalının 1993-cü il tarixli hökmünə əsasən 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum edildiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.1992-ci il tarixində xx.xx.1993-cü il tarixinə kimi döyüşlərdə iştirakını,cəzasını tam çəkib azadlığa buraxıldığını nəzərə alaraq cavabdehin üzərinə müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1992-ci il tarixində N () li hərbi hissə komandirinin 56№li əmrilə şəxsi heyətin siyahısına daxil edilərək təchizat bölüyündə sürücü vəzifəsinə təyin olunmuşdur.Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə sürücü kimi iştirak etmişdir. 731(703) №li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N №li əmr ilə 002№li hərbi hissəyə keçirilmişdir.xx.xx.1993-cü ildə idarə etiyi Zil-431410 çarkalı avtomobillə qəza törətmiş, Gəncə Qarnizon Hərbi Tribunalı tərəfindən 8 il müddətinə azadlıqdan məhrum olmuş, cəzsını ehtiyatsızlıqdan cinayət etmiş şəxslərin koloniyasında çəkmişdir. xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü ilə kimi döyüşlərdə iştirak etmişdir. Cavabdeh orqanın iddiaya qarşı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Gəncə Qarnizon Hərbi Tribunalının hökmündən görmək olar ki, iddiaçı döyüş əməliyyatlarının dövründə hərbi xidmət əleyhinə cinayət törədib. N nömrəli hərbi hissə həmin vaxt döyüş əməliyyatlarında iştirak edib, yanvar 1993-cü ildə özbaşına tərk etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin hərbi qulluqçulara xx.xx.1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, adliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteram” adı verilir. Onu da bildirmək istəyirəm ki, “Müharibə veteram” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, xidmət dövründə hərbi hissəni özbaşına tərk etməməsi, qanuni əsaslarla ehtiyata buraxılması da şərtdir. Buna görə yuxarıda göstərilmiş Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Ona əsasən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. İddiaçının isə hal-hazırda əlil olması barədə sənəd məhkəmə iş materiallarına əlavə olunmamışdır. Tərəflər məhkəmə iclasına gəlməmiş,səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qanunun 3-cü maddəsinin qeydinə əsasən bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Yuxarıda qeyd olunan normaların tələbindən göründüyü kimi, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş zəruri şərtlərdən biri onun qanuni əsaslarla ehtiyata buraxılmasının təsdiq olunması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsidir. Məhkəmə qeyd edir ki, iş materiallarındanda müəyyən edildiyi kimi iddiaçı Gəncə Qarnizon Hərbi Tribunalının xx.xx.1993-cü il tarixli hökmünə əsasən İddiaçı CM-nin 247-ci maddəsi ilə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Belə ki, Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) vacib şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. Göründüyü kimi, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması sübut olunmur. Ona görə də Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar