Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-41/2022 03.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, iddiaçının nümayəndəsi X5 iştirakı ilə, iddiaçı Şəmkir rayon Şəmkir bələdiyyəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı X3 adına qeyd edilmiş A seriyalı, 500000 nömrəli, xx.xx.2014-cü il tarixli X12 və ölçüsü sənədinin ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Şəmkir rayon Şəmkir bələdiyyəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X3 adına qeyd edilmiş A seriyalı, 500000 nömrəli, xx.xx.2014-cü il tarixli X12 və ölçüsü sənədinin ləğv edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, X1 şəhəri Kraz yolu ünvanında yaşayır. Şəmkir şəhəri “Kraz Yolu” adlanan ərazidə Şəmkir şəhər Bələdiyyəsinin mülkiyyətində əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları vardır. 2020-ci ilin dekabr ayının əvvəllərində Şəmkir şəhər sakinlərinin müraciətinə əsasən həmin örüş torpaq sahələrini icarə müqaviləsi əsasında icarəyə vermək istəyərkən məlum olmuşdur ki, örüş torpaq sahəsinin 600 kv.m hissəsi saxta yollarla X3 adına sənədləşdirilmişdir. Qeyd olunan halların dəqiqləşdirilməsi üçün cavabdehə müraciət edilmiş, DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən Şəmkir şəhər Bələdiyyəsinə təqdim edilmiş 25 dekabr 2020-ci il tarixli, **********75 saylı arayışdan məlum olmuşdur ki, Şəmkir şəhər Bələdiyyəsinin mülkiyyətində olan örüş torpaq sahəsinin 600 kv.m hissəsi “DT və XK”nin Şəmkir rayon Şöbəsi tərəfindən Milli Arxiv İdarəsi X15 filialının xx.xx.2009-cu il tarixli, 1358 nömrəli arayışı əsasında Seriya A№500000 saylı, xx.xx.2014-cü il tarixli “X12 və Ölçüsü” əsasında X3 adına qeyd edilmişdir. Halbuki, həmin torpaq sahəsi əhalinin mal-qarası üçün istifadə olunan örüş sahəsinin torpağı olmaqla, qeyd olunan torpaq sahəsi xüsusi mülkiyyətə verilə bilməzdi. Mübahisəli torpaq sahəsi X3 adına qeyd edilərkən torpaq sahəsinin təyinatı müəyyən edilmədən sonuncunun adına rəsmiləşdirilmişdir. Qeyd olunan torpaq sahəsinin X3 adına qeyd edilməsinə dair Seriya A, 500000 saylı, xx.xx.2014-cü il tarixli “X12 və Ölçüsü”nün verilməsi qanunsuz olmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi tələbini müdafiə etmiş, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə və üçüncü şəxsin hüquqi varisi X2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxsin hüquqi varisi gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Cavabdehin nümayəndəsinin və üçüncü şəxsin hüquqi varisi şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********75 №-li arayışından görünür ki, Şəmkir şəhəri inzibati ərazi dairəsi üzrə ləğv edilmiş «DT və XK»nin Şəmkir rayon şöbəsi tərəfindən X3 adına Şəmkir rayon N.Nərimanov adına üzümçülük sovxozunun xx.xx.1992-ci il tarixli, 53 nömrəli əmri ilə 600 kv.m torpaq sahəsinə Seriya A №500000, xx.xx.2014-cü il tarixli “X12 və ölçüsü” sənədi tərtib edilmişdir. -təsdiq edilmiş surəti işə əlavə edilmiş A № 500000 “X12 və ölçüsü” sənədindən görünür ki, Milli Arxiv İdarəsi X9 filialının xx.xx.2009-cu il tarixli 1358 №-li arayışı ilə 600 kv.m həyətyanı məqsədi üçün torpaq sahəsi 18 iyun 2014-cü il tarixdə X13 kitabında 3297 nömrəsi ilə uçota alınmışdır. - təsdiq edilmiş surəti işə əlavə edilmiş Dövlət Arxivinin xx.xx.2009-cu il tarixli, 1358 nömrəli arxiv arayışına əsasən Filialda mühafizə olunan və N.Nərimanov adına sovxozun qaytanlanmış torpaq kitabında X3 adına 0,06 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. - təsdiq edilmiş surəti işə əlavə edilmiş N.Nərimanov adına sovxozun xx.xx.1991-ci il tarixli 89 nömrəli əmrdən çıxarışa əsasən Şəmkir rayon X10 Rəyasət Heyətinin 25 fevral 1991-ci il tarixli qərarı ilə fəhlə və qulluqçulara həyətyanı torpaq sahəsi verilməsi üçün ayrılan torpaq sahəsindən X4 fərdi ev tikdirmək üçün 0,06 hektar həyətyanı torpaq sahəsi verilmişdir. -işə əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, seriya A№500000 saylı, xx.xx.2014-cü il tarixli “X12 və ölçüsü” sənədi ilə müəyyən edilmiş 600 kv.m torpaq sahəsi və həmin sahənin yerləşdiyi ərazi xx.xx.2014-cü il tarixdə bazaya işlənmişdir. Şəmkir rayonu Şəmkir şəhəri “Nərimanov” adına Təsərrüfatın Ərazisində Aparılan Torpaq İslahatına dair Kompleks Yerquruluşu xəritəsinə əsasən həmin sahənin yerləşdiyi ərazi bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş sahəsidir.. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən edildi ki, «DT və XK»nin Şəmkir rayon şöbəsi tərəfindən X6 adına Milli Arxiv İdarəsi X9 filialının xx.xx.2009-cu il tarixli 1358 nömrəli arayışına əsasən 600 kv.m torpaq sahəsinə Seriya A №500000, xx.xx.2014-cü il tarixli “X12 və ölçüsü” sənədi tərtib edilmişdir. Lakin mütəxəssis rəyindən görünür ki, həmin sahənin yerləşdiyi ərazi bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş sahəsidir. İddiaçı həmin sənədin ləğvi üçün cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətlərini nəzərə almaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarını, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətlərini tənzimləyir: Həmin Qanunun 4.0.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətlərindəndir. 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 7.2-ci maddəsinə əsasən, ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. 2.4-cü maddəsinə əsasən, müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 16.1-ci maddəsində qeyd olunmuşdur ki, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.2-ci maddəsində qeyd olunmuşdur ki, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2014-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş və həmin Komitənin funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə verilmişdir. “X12 və ölçüsü” sənədindən görünür ki, X6 adına Milli Arxiv İdarəsi X9 filialının xx.xx.2009-cu il tarixli 1358 nömrəli arayışına əsasən 600 kv.m torpaq sahəsi ayrılmışdır. Ayrılmış sahənin məqsədli təyinatı “həyətyanı” olsa da sahə faktiki olaraq kənd təsərrüfatı təyinatlı örüş sahəsindən verilmiş və texniki göstəriciləri də örüş sahəsinə işlənmişdir. Bu hal işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi ilə bir daha təsdiqini tapır. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin müvafiq tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Qeyd olunanlara əsasən Məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, A seriyalı, 500000 nömrəli, xx.xx.2014-cü il tarixli X12 və ölçüsü sənədinin ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: X3 adına qeyd edilmiş A seriyalı, 500000 nömrəli, xx.xx.2014-cü il tarixli X12 və ölçüsü sənədinin ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-41/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-41/2022
03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver