Məhkəmə qərarları › İş №2-1(114)-410/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-410/2022

26.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-410/2022 26.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X11 katibliyi, İddiaçı, eyni zamanda digər İddiaçı2 və üçüncü şəxs X4 etibarnamə üzrə nümayəndəsi İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxslər X10, X3, X8, X1 və X9) qarşı aktda yol verilmiş səhvlərin aradan qaldırılması tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra mətndə iddiaçılar) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, cavabdehin 22.10.2021-ci il tarixli, **********62 nömrəli məktubunun qanunsuz hesab edilməsi və JN 0064 (Kod ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktında müvafiq olaraq “İddiaçı1” və “İddiaçı2” kimi düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 30.05.1998-ci il tarixli 51 saylı qərarı ilə ailə üzvlərinə 1.45 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN 0064 (Kod ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktında “İddiaçı1” əvəzinə “X2”, “İddiaçı2” əvəzinə “İddiaçı2 oğlu” kimi səhv qeyd edilmişdir. Cavabdehə bununla bağlı müraciət etsələr də, müsbət cavab ala bilməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə cavabdehin nümayəndəsi və digər üçüncü şəxslərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə iclasında İddiaçı1 (eyni zamanda İddiaçı2 və X4 etibarnamə üzrə nümayəndəsi) iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə 13.01.2022-ci il tarixli, **********52 nömrəli etiraz göndərərək, iddiaçının ərizəsinin icrasından imtinanın “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 2, 11.1, 11.2, 12.1-ci maddələrinə əsaslandığını qeyd etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 1-ci, 6.1-ci və 6.2-ci bəndində Plenum məhkəmələrə izah etmişdir ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə «MPM») 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə «İPM») 2-ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçıların hazırki işdə hüquqi marağı ad, soyad, ata adının “İddiaçı1” və “İddiaçı2” kimi deyil “X2” və “İddiaçı2 oğlu” kimi səhvən yazılmış JN 0064 (Kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara məxsus olmasının müəyyən olunmasıdır. Beləliklə, qanunvericiliyin tələblərindən də göründüyü kimi, inzibati orqanın publik hüquq sahəsindəki qərarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, bu cür mübahisələrə məhkəmələrdə baxılması qaydası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin tələbinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməmlidir (üstüstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquq müəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçi hüquq müəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırıaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırki işdə göstərilən hallar mövcud olduğundan məhkəmə belə qənaətə gəlir ki, hazırkı mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda şərh olunanlara və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qərara aldı: İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı cavabdehin 22.10.2021-ci il tarixli, **********62 nömrəli məktubunun qanunsuz hesab edilməsi və JN 0064 (Kod ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktında müvafiq olaraq “İddiaçı1” və “İddiaçı2” kimi düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar