Məhkəmə qərarları › İş №2-1(114)-411/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-411/2024

11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-411/2024 11.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli 96 saylı arxiv arayışında göstərilən xx.xx.1983-cü il tarixindən xx.xx.1984-cü il tarixinədək Bərdə SMU 32-də işlədiyi illərin nəzərə alınması, xx.xx.1984-cü il tarixindən xx.xx.2008-ci il tarixinədək Bərdə PMK 3-də işlədiyi 23 il 11 ay 22 günün nəzərə alınıb iş stajına daxil edilərək pensiya təyin edilməsi və hüququnun yarandığı tarixdən ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdehə müraciət etsə də, cavabdeh onun ümumi iş stajının 25 ildən az ( 24 il 6 ay 15 gün) olduğuna və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyinə görə pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, sığorta stajı düzgün hesablanmayıb. Belə ki, Mərkəzi filiala təqdim etdiyi sənədlərdə xx.xx.1983-xx.xx.1984-cü il tarixlərdə Bərdə rayonu SMU 32 təşkilatında qaynaqçı işlədiyi dövrlər heç bir əsaslı səbəb olmadan nəzərə alınmamışdır. Belə ki, Bərdə rayon SMU 32 təşkilatının Bərdə rayon Dövlət Arxivində mühafizə olunan əmr kitablarında xx.xx.1983-cü il tarixli 158a saylı əmrin 2-ci paraqrafında onun həmin təşkilata xx.xx.1983-cü il tarixdən 4-cü dərəcəli qaynaqçı işinə götürülməyi, xx.xx.1984-cü il tarixli 87 saylı əmrin 8-ci paraqrafında xx.xx.1984-cü il tarixindən işdən azad olunmağı qeyd edilmişdir. Kimlərinsə günahı üzündən həmin təşkilatın əmək haqqı kitablarında iddiaçının adına əmək haqqı qeyd edilməməsində onun heç bir günahı yoxdur. Bundan başqa Bərdə PMK 3 təşkilatında xx.xx.1984-cüil tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrdə işlədiyi (əmək kitabçasında olan qeydlərə əsasən) 21 il 5 ay 14 gün sosial sığorta stajı da düzgün hesablanılmamışdır. Belə ki, 1997, 1998, 1999, 2000, 2001-ci illərdə təşkilatın maliyyə çətinlikləri ilə əlaqədar müxtəlif vaxtlarda 2, bəzəndə 3 ayın əmək haqqları cəmlənərək bir ayda ödənilmişdir. DSMF Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialı tərəfindən isə həmin aylar düzgün olmayaraq bir ay kimi nəzərə alınmışdır. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia tələbi “1997-ci ilin yanvar, fevral, aprel, may aylarında, 1998-ci ilin fevral, oktyabr, noyabr aylarında, 1999-cu ilin yanvar, aprel, iyun, iyul, oktyabr, dekabr aylarında, 2000-ci ilin yanvar, fevral, may, avqust, noyabr aylarında, 2001-ci ilin yanvar, aprel, may, aylarında və 2003-cü ilin fevral ayında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, əmək haqqının bəzi aylarda yazılmamasının səbəbi o olmuşdur ki, müəssisənin maddi durumu ilə əlaqədar hərdən bir neçə ayın verilməyən əmək haqqı növbəti aylarda ödənilirdi. Cavabdehin nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının cəmi 24 il 6 ay 15 gün stajı var. Belə ki, 1997-ci ilin yanvar, fevral, aprel, may ayları, 1998-ci ilin fevral, oktyabr, noyabr ayları, 1999-cu ilin yanvar, aprel, iyun, iyul, oktyabr, dekabr ayları, 2000-ci ilin yanvar, fevral, may, avqust, noyabr ayları, 2001-ci ilin yanvar, aprel, may ayları və 2003-cü ilin fevral ayında iddiaçı əmək haqqı almadığına görə həmin dövrlər onun sığorta stajı kimi nəzərə alınmamışdır. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş ******* nömrəli, xx.xx.2022-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.2008-ci il tarixədək müəyyən fasilələrlə ayrı-ayrı müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. -işə əlavə edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin 269 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmət keçmişdir. -işə əlavə edilmiş Bərdə rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 96 nömrəli, arayışından görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixli, 158a nömrəli əmrlə xx.xx.1983-cü il tarixdən Bərdə rayon SMU 32 təşkilatına qaynaqçı işinə götürülmüş, xx.xx.1984-cü il tarixli, 87 nömrəli əmrlə işdən azad edilmişdir. -işə əlavə edilmiş Bərdə "xxxx" ASC-nin “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışından görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.2008-ci il tarixədək işlədiyi elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında qeyd olunmuş vəzifə koduna uyğundur. -ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-147736/2023 nömrəli məktubundan görünür ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı pensiya yaşına çatdığına görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçının ümumi iş stajının 25 ildən az (24 il 6 ay 15 gün) olduğuna və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablanığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının 20908,90 manat təşkil etdiyinə görə ona güzəştli şərtlərlə müvafiq əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -9.1-ci maddəsində göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır Yuxarıda göstərilən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün 3 şərt tələb olunur. 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq siyahıda göstərilməsi. Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.1962-ci ildə doğulmuşdur. Deməli onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ artıq yaranmışdır. Belə ki, 1 iyul 2022 – 30 iyun 2023 dövrləri arasında kişilər üzrə pensiya yaşı 65 il nəzərdə tutulduğundan və güzəştli şərtlərlə pensiya yaşı nəzərdə tutulmuş pensiya yaş həddinin 5 il azaldılması ilə hesablandığından, iddiaçı artıq xx.xx.2022-ci il tarixdə güzəştli pensiya yaş həddində olmuşdur. Tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. İddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur ki, o, xx.xx.1981-ci il tarixdən xx.xx.2008-ci il tarixədək müəyyən fasilələrlə ayrı-ayrı müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş üzrə cavabdeh tərəfindən təqdim edilmiş etirazın məzmunu ilə müəyyən edilir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən iş stajı dövrləri xx.xx.1980xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1984-xx.xx.1996-ci il, xx.xx.1997xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.1998xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.1999-xx.xx.1999-cu il, xx.xx.1999xx.xx.1999-cu il, xx.xx.1999-xx.xx.1999-cu il, xx.xx.1999-xx.xx.1999-cu il, xx.xx.2000xx.xx.2000-ci il, xx.xx.2000-xx.xx.2000-ci il, xx.xx.2000-xx.xx.2000-ci il, xx.xx.2000xx.xx.2000-ci il, xx.xx.2001-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2002-ci il, xx.xx.2003xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və 2006-2009-cü illər üzrə 2 il 6 ay təşkil edir. Başqa sözlə cavabdeh orqan tərəfindən onun ümumi iş stajı 24 il 6 ay 15 gün, güzəştli iş stajı isə xx.xx.2006-cı il tarixədək 19 il 7 ay 14 gün müəyyən edilmişdir. Məhkəmə iddiaçının cavabdeh tərəfindən qəbul edilməyən iş stajı dövrlərinə münasibətdə qeyd edir ki, işə əlavə edilmiş əmək haqqı cədvəllərindən görünür ki, iddiaçı əmək haqqı almadığı aydan sonrakı ayda digər aylarda aldığı əmək haqqı həcmindən təqribən 2 qat artıq əmək haqqı almışdır. Bu hal iddiaçının əmək haqqı ödənişi ilə bağlı dəlilinin, yəni müəssisənin maddi durumu ilə əlaqədar bir neçə ayın verilməyən əmək haqqısının növbəti aylarda ödənilməsinin əsaslı olduğunu deməyə əsas verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə cavabdehin etirazına münasibətdə qeyd edir ki, əmək kitabçasında olan məlumatlardan da görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət qədər sosial sığorta stajı mövcuddur. Beləliklə, iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.2008-ci il tarixədək müəyyən fasilələrlə ayrı-ayrı müəssisələrdə işlədiyi müddət sosial sığorta stajında daxil edildikdə onun sosial sığorta stajının ümumilikdə 25 ildən çox olması təsdiq olunur. İddiaçının güzəştli iş stajı ilə bağlı müəyyən olunur ki, cavabdeh orqan iddiaçının xx.xx.2006-cı il tarixədək 19 il 7 ay 14 gün güzəştli iş stajını olmasını qəbul etmişdir. Belə ki, iş materiallarında olan müvafiq arayışla müəyyən olunur ki, iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.2008-ci il tarixədək işlədiyi elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında qeyd olunmuş vəzifə koduna uyğundur. Beləliklə müəyyən olunur ki, iddiaçının iş stajı ümumilkdə 25 ildən çoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İşin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Beləliklə məhkəmə o nəticəyə gəlir ki, iddiaçının 1997-ci ilin yanvar, fevral, aprel, may aylarında, 1998-ci ilin fevral, oktyabr, noyabr aylarında, 1999-cu ilin yanvar, aprel, iyun, iyul, oktyabr, dekabr aylarında, 2000-ci ilin yanvar, fevral, may, avqust, noyabr aylarında, 2001-ci ilin yanvar, aprel, may, aylarında və 2003-cü ilin fevral ayında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 1997-ci ilin yanvar, fevral, aprel, may aylarında, 1998-ci ilin fevral, oktyabr, noyabr aylarında, 1999-cu ilin yanvar, aprel, iyun, iyul, oktyabr, dekabr aylarında, 2000-ci ilin yanvar, fevral, may, avqust, noyabr aylarında, 2001-ci ilin yanvar, aprel, may, aylarında və 2003-cü ilin fevral ayında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar