Məhkəmə qərarları › İş №2-1(114)-4115/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4115/2025

07.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4115/2025 07.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı qarşı “əvvəlki dövr üzrə ödənilməmiş sosial müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 1994-cü ildən 2025-ci ilədək ona təyin olunmuş sosial müavinətin müvafiq illərə uyğun hesablanıb birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 1993-1994-cü illərdə 1-ci Qarabağ müharibəsində açıq döyüşlərdə iştirak etmişdir. xx.xx.2025-ci il tarixdə “Müharibə veteranı” vəsiqəsini və adını almışdır. İddiaçı 1994-ci ildən 2025-ci ilədək müvafiq illərə uyğun sosial müavinatının birdəfəlik ödənilməsi barədə Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Ona 23 aprel 2025-ci il tarixli, 3-/7-1/2-Ə-90669/2025 №-li imtina məktubu ilə bildirilmişdir ki, müavinətin verilməsi qanunveriliyin tələblərinə uyğun deyil. Bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İddiaçı hesab edir ki, həmin imtina ilə onun hüquqları kobud şəkildə pozulmuşdur. Onun sağlamlığında ciddi problemlər, müalicə, müayinə hətta əməliyyata ehtiyacı var. İmkanı yoxdur. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4115/2025 nömrəli qərardadı ilə cavabdeh əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, İddiaçı veteran vəsiqəsi alsa da, ona ötən dövrlər üzrə sosial müavinət ödənilmədiyini iddia edir. Həmin iddia tələbi üzrə iş materiallarından aydın olur ki, Ə.X2rşı “xx.xx.2022-xx.xx.2025-ci illər üzrə müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan olaraq Mərkəzi Filial hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İş materiallarına əsasən, İddiaçı ərizə ilə Mərkəzi Filiala müraciət edərək olaraq veteran vəsiqəsini aldığı tarixindən əvvəlki üç ilə görə müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin verilməsini tələb etmişdir. Cavabdeh tərəfindən İddiaçı 23 aprel 2025-ci il tarixli, 3-17-1/2-8-90669/2025 nömrəli imtina məktubu ünvanlanmış, müvafiq sosial müavinət ləğv edildiyindən qanunvericiliyin tələblərinə uyğun olaraq müharibə veteranı vəsiqəsinin alındığı tarixindən əvvəlki 3 ilə görə müavinət ödənişinin həyata keçirilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan narazı qalan iddiaçı xx.xx.2022-xx.xx.2025-ci illər üzrə müvafiq müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dən etibarən kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. İddiaçı veteran vəsiqəsini aldığı xx.xx.2025-ci il tarixdən müharibə veteranlarına görə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmuş və ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2015-ci il tarixli 311 nömrəli qərarı ilə ödənilmiş “Sosial müavinətlərin, təqaüdlərin va kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 7 nömrəli əlavəsinin - Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısını 2.33-cü bəndinə görə, müharibə veteranlarına təqaüdün təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti əsas götürülür. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, vəsiqəni, yəni veteran adını almağ vacibdir və vəsiqə veteranların hər bir kateqoriyası üçun müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə təsdiq edilir. Veteranlar üçun nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteranların veteran statusu almaq hüququ təqaüd almaq almaq hüququndan daha əvvəl, təqaüdü almaq hüququ isə birbaşa statusun alınması ilə yaranır. Bu səbəbdən, müvafiq mübahisələrin həlli zamanı bəhs edilən təqaüdü almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan ən çoxu 3 illik müddətin ödənilməsi sırf sosial müavinətlərə şamil olunur. Qanunun 4-cü maddəsində müavinətin növlərinə nəzər salsaq, sadalanan növlər arasında Prezident təqaüdü qeyd edilməmişdir. Təqaüd sosial müavinətin növü olmadığı üçün Qanunun 9.1 maddəsi ilə nəzərdə tutulan müraciət edildiyi vaxtdan əvvəlki dövr üçün ödənilmə təqaüdə şamil edilmir. Beləliklə, təqaüd sosial müavinətin bir növü olmadığı və təqaüdün geriyə ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığı üçün iddiaçının veteran vəsiqəsini aldığı xx.xx.2025-ci il tarixindən əvvəlki dövrlər üzrə müharibə veteranları üçün Azərbaycan Respublikasının Prezidenti təqaüdünü almaq hüququ yoxdur. Ali Məhkəmənin İnzibati Kollegiyasının 17 iyun 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “01 aprel 2019-cu il tarixindən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır”. Eyni zamanda, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(102)-445/2022 nömrəli qərarında qeyd olunur ki, Ali Məhkəmənin İnzibati kollegiyası əvvəlki qərarlarında, o cümlədən 2-1(102)-1206/2020 nömrəli 22 iyul 2020-ci il tarixli 2-1(102)-1764/2020 nömrəli 30 sentyabr 2020-ci il tarixli 2-1(102)-1769/2020 nömrəli və 14 oktyabr 2020-ci il tarixli 2-1(102)-1875/2020 nömrəli qərarlarında “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına istinad edərək Fərman imzalandıqdan sonra müharibə veteranı adı və vəsiqəsi əldə etmiş üçün sosial müavinətin ödənilməsinin mümkünsüzlüyünü bildirmişdir. Yuxarıda qeyd olunanlara əsasən, Mərkəzi Filial hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun və əsaslı, iddia tələbi isə qanunsuz və əsassız olduğundan iddia rədd edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmamasını xahiş etdi. İşin halları Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən İddiaçı xx.xx.2025-ci il tarixdə 091459 nömrəli Müharibə Veteranı vəsiqəsi verilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli “ötən dövr üzrə Prezident təqaüdünün təyin edilməsinin mümkün olmaması haqqında” məktubdan görünür ki, ona müharibə veteranları üçün nəzərdə tutulan təqaüd xx.xx.2025-ci il tarixindən (veteran vəsiqəsinin verildiyi tarixdən) qanunvericiliyin tələblərinə uyğun olaraq təyin edilmiş və hazırda ödənişi 80 manat məbləğində olmaqla davam etdirilir. Veteran vəsiqəsi xx.xx.2025-ci il tarixində verildiyindən ərizədə qeyd edilən dövrlər üzrə Prezident təqaüdünün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Tətbiq edilən hüquq İnzibati Prosesual Məcəllə Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Veteranlar haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 2. Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 9. Müavinətlərin təyin edilməsi müddəti 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Sosial müavinətlərin məbləğinin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2013-cü il tarixli 973 nömrəli Fərmanı

1. Sosial müavinətlərin məbləği aşağıdakı kimi müəyyən edilsin: 1.1. Aylıq müavinətlər: 1.1.7. əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə müavinət — 55 manat.

“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 640 nömrəli Fərmanı

1. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916; 2014, № 3, maddə 251; 2016, № 1, maddə 69; 2018, № 7 (İ kitab), maddə 1454) aşağıdakı dəyişikliklər edilsin: 1.7. 1.1.7-ci yarımbənd ləğv edilsin.

3. Bu Fərman 2019-cu il aprelin 1-dən tətbiq edilir.

“Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanı

1. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun.

2. Müəyyən edilsin ki: 2.1. bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1.1. 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir.

5. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə

4. Əlavə müddəalar Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, vahid məhkəmə təcrübəsini nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməməlidir. xx.xx.2025-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən Müharibə Veteranı vəsiqəsi verilmişdir. Həmin tarixdən etibarən “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanına uyğun olaraq cavabdeh tərəfindən İddiaçı müharibə veteranları üçün nəzərdə tutulan təqaüd ödənilir. Hazırkı iddia tələbi ilə iddiaçının hüquqi marağı ona müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən əvvəlki illər üzrə müharibə veteranlarına ödənilən sosial müavinət və Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsidir. Məhkəmə qeyd edir ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanı qəbul edilənədək mövcud olan qanunvericiliyə əsasən müharibə veteranlarına sosial müavinətin ödənilməsi nəzərdə tutulurdu. Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müharibə veteranlarına sosial müavinət onu almaq hüququ yaranan gündən, yəni müharibə veteranı vəsiqəsini aldığı gündən təyin edilirdi. Eyni zamanda şəxsin müharibə veteranı statusunu aldığı vaxtdan əvvəlki üç il üçün ödəmələrin həyata keçirilməsi mümkün idi. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 640 nömrəli Fərmanı ilə “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanın 1.1.7-ci yarımbəndi, yəni əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat müavinət nəzərdə tutan bəndi ləğv edilmiş, Fərmanın 2019-cu il aprelin 1-dən tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanı ilə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş, Fərmanının 1-ci və 2-ci hissələrinin 2019-cu il aprelin 1-dən tətbiq edilməsi qərara alınmışdır. Həmin Fərmanda müharibə veteranları üçün nəzərdə tutulan Prezident təqaüdünün 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verildiyi qeyd olunmuşdur. Beləliklə məhkəmə qeyd edir ki, 1 aprel 2019-cu il tarixdən sonra müharibə veteranı adı almış səxslərə sosial müavinət deyil, müharibə veteranları üçün nəzərdə tutulan Prezident təqaüdü ödənilir. Ona görə də həmin ödənişə münasibətdə Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının Qanunu tətbiq edilə bilməz. Eyni zamanda “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanında müharibə veteranı vəsiqənin verildiyi vaxtdan əvvəlki dövr üçün ödəmələrin həyata keçirilməsi barədə müddəa mövcud deyil. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı müharibə veteranı vəsiqəsini xx.xx.2025-ci il tarixdə, yəni 1 aprel 2019-cu il tarixdən sonra aldığından verilmiş iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar