Məhkəmə qərarları › İş №2-1(114)-4118/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4118/2025

16.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4118/2025 16.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı "xxxx" Fərdi Şirkətinin cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin ölçüsündə və müqavilənin maddələrində dəyişiklərin edilməsi” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı "xxxx" Fərdi Şirkətinin nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Fərdi Şirkətinin cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin ölçüsündə və müqavilənin maddələrində dəyişiklərin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, hazırlıq icraatı üzrə məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: a) Məhkəmə araşdırmasının predmeti

1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Departamenti kommersiya qurumunun dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, **********580400 nömrəli çıxarışa əsasən, xx.xx.2001-ci ildə ********** nömrəli ilə (VÖEN) dövlət qeydiyyatına alınan "xxxx" Fərdi Şirkətinin təsisçiləri (əvvəlki) nizamnamə kapitalında meyarlarının miqdarı 50%/50% olan X5 və X3, "xxxx" Fərdi Şirkətinin təsisçisi (hazırkı) nizamnamə kapitalında meyarının miqdarı 100% olan X1r; - Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Departamenti kommersiya qurumunun dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, **********580400 nömrəli çıxarışa əsasən, dövlət qeydiyyat nömrəsi (VÖEN) **********olan "xxxx" Fərdi Şirkətinin qanuni təmsilçisi X2r; - 23.07.2008-ci il tarixdə dövlət qeydiyyatına alınaraq təsdiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Gəncə bölgə şöbəsində xx.xx.2001-ci il tarixdə 3/491 sayla dövlət qeydiyyatına alınmış "xxxx" Fərdi Şirkətinin nizamnaməsinə edilmiş 1 №-li dəyişikliklərə əsasən, nizamnamənin 1.1-ci bəndi “ "xxxx" Fərdi Şirkəti Azərbaycan Respublikası Konstitusiyasına, Mülki Məcəlləsinə, eləcə də digər qanunvericilik aktlarına uyğun olaraq X7 tərəfindən təsis edilir” şəklində və 1.8-ci bəndi “Hüquqi şəxsin ünvanı: Azərbaycan Respublikası, ünvan 1kətin nizamnaməsinin 2ci bölməsinin 2.3-cü bəndinə “ -pivə istehsalı və satışı, - spirtli içkilər, o cümlədən konyak, araq və çaxırların istehsalı və alqı-satqısı, - üzümçülük və üzüm məmulatlarının istehsalı” abzası əlavə edilmişdir; - xx.xx.2019-cu il taarixdə dövlət qeydiyyatına alınaraq təsdiq edilmiş "xxxx" Fərdi Şirkətinin nizamnaməsinə edilmiş dəyişikliyə əsasən, nizamnamənin 1.1-ci bəndi “Azərbaycan Respublikasının vətəndaşı - X6 4 manat, 2 pay, 100% pul şəklində” olaraq redaksiyada verilmişdir; - Göygöl Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 139 nömrəli sərəncamına əsasən, Göygöl şəhərinin inzibari ərazisində dövlət mülkiyyətində olan 35.0 hektar torpaq sahəsinin 16.84 hektarının kənd təsərrüfatı təyinatı üzrə istifadəyə tam yararsız olduğundan vaxtilə tikilmiş quş, qoyun və mal fermaları, yardımçı tikililər, inzibati bina və yeni tikilmiş pivə zavodunun yerləşdiyi ərazinin sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına və 18.16 hektar örüş sahəsinin əkin sahəsinə dəyişdirilməsi məqsədəmüvafiq hesab edilmişdir; - Göygöl Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 139 nömrəli sərəncamına əsasən, Göygöl şəhərindən inzibati ərazisində dövlət mülkiyyətində olan 16.84 hektar torpaq sahəsinin 3.0 ha-nın sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasında qalmaqla, yerdə qalan 13.84 ha-nın kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına dəyişdirilməsi məqsədəmüvafiq hesab edilməsi qərara alınmışdır; - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli, 175s nömrəli sərəncamına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı və pivə zavodunun tikintisi məqsədi ilə Göygöl rayonunun inzibati ərazisində yerləşən və təqdim edilmiş yerquruluşu planına əsasən dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 35.0 hektar örüş sahəsinin 18.16 hektarının əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar məqsədli təyinatının dəyişdirilməsi, 16.84 hektarının isə pivə zavodunun tikintisi üçün kateqoriyasının dəyişdirilərək sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına keçirilməsi barədə Göygöl Rayon İcra Hakimiyyətinin vəsatəti və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müsbət rəyləri nəzərə alınmaqla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifi qəbul edilmişdir.

2. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 5-47/2- 334/2025 nömrəli məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - xx.xx.2023-cü il tarixli siyahıya əsasən, Göygöl Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 50 nömrəli sərəncamın göndərildiyi təşkilatların, müəssisələrin və ayrı-ayrı şəxslərin siyahısında 1-cı sırada İ.Məmmədov və 2-ci sırada ASR Fərdi Şirkətinin nümayəndəsinin adları və adların qarşısında hər birinin fərdi imzası əks olunmuşdur; - xx.xx.2023-cü il tarixli, 07 nömrəli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” icarəverən İcra Hakimiyyətinin başçısı X9 və icarəçi "xxxx" Fərdi Şirkətinin direktoru X8 arasında bağlanmış müqaviləyə əsasən, 18.16 hektar əkin və 16.84 hektar sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı olmaqla cəmi 35.0 hektar sahəsi icarəyəverən tərəfindən icarəçinin istifadəsinə verilmişdir; - Göygöl Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 50 nömrəli sərəncamına əsasən, Göygöl şəhərinin inzibati ərazisində dövlət mülkiyyətində olan 18.16 hektar əkin sahəsini kənd təsərrüfatı məhsullarının istehsalı və sahibkarlıq məqsədi ilə 16.84 hektar sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı cəmi 35.0 hektar torpaq sahəsi uzunmüddətli 49 (qırx doqquz) il müddətinə "xxxx" Fərdi Şirkətinə icarəyə verilməsi qərara alınmışdır.

3. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 5-47/2- 518/2025 nömrəli məktuba əsasən, iddiaçı borcun silinməsi ilə əlaqədar Göygöl Rayon İcra Hakimiyyətinə müraciət etməmişdir. Diqqətə çatdırılmışdır ki, Göygöl Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 50 saylı sərəncamının və xx.xx.2023c-ü il tarixli, 07 saylı icarə müqaviləsinin ləğv edilməsi ilə bağlı olan iddia müddəti keçmişdir.

4. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraatı materialları təşkil etmişdir: - iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər; - cavabdehin xx.xx.2025-ci il tarixli, 5-47/2-334/2025 nömrəli məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər; - cavabdehin xx.xx.2025-ci il tarixli, 5-47/2-518/2025 nömrəli məktubu. b) Tərəflərin ərizəsi, etirazı və iştirakı

5. İddiaçı "xxxx" Fərdi Şirkəti cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 50 nömrəli sərəncamında müəssisənin icarəsinə verilən 35.0 hektar torpaq sahəsinin sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aid olan hissəsinin ölçüsünün 16.84 hektardan 3.0 hektara düzəliş edilməsi və “Torpağın icarəyə verilməsi haqqında” xx.xx.2023-cü il tarixli, 07 №-li müqavilənin torpaqların təyinatına görə ölçülərini müəyyən edən 1.1-ci maddəsinin və illik icarə haqqını müəyyən edən 3.6-cı maddəsinin dəyişdirilərək icarə müqaviləsinin 1.1-ci maddəsində müəssisəyə 49 il müddətinə icarəyə verilmiş 35.0 hektar torpaq sahəsinin 3.0 hektarının sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına, qalan hissəsinin kənd təsərrüfatlı təyinatlı torpaqlara aid olmasının qeyd edilməsi və 3.6-cı maddəsində illik icarə haqqının 3.0 hektar sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara görə müəyyən edilməsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

6. Tələb onunla əsaslandırılmışdır ki, Göygöl Rayon İcra Hakimiyyəti başçısının 23 may 2017-ci il tarixli, 61 nömrəli sərəncamı ilə müəssisənin icarəsinə dövlət mülkiyyətinə aid 35.0 hektar torpaq sahəsi verilmişdir. Qeyd edilən sərəncama əsasən, Göygöl Rayon İcra Hakimiyyəti ilə şirkət arasında 23 may 2017-ci il tarixli, 14 nömrəli icarə müqaviləsi bağlanılmışdır. Şirkətin icarəsinə verilmiş 35.0 hektar torpaq sahəsinin 3,0 hektarında şirkət tərəfindən istixana kompleksi, quşçuluq təsərrüfatı, heyvandarlıq ferması və digər yardımçı binalar, habelə pivə zavodu inşa edilmişdir. 2021-ci ilin may ayında şirkətin rəhbərliyi Göygöl Rayon İcra hakimiyyətinə məktubla müraciət edərək, icarəsində olan 35.0 hektar torpaq sahəsinin istixana kompleksi, quşçuluq təsərrüfatı, heyvandarlıq ferması və digər yardımçı binalar, habelə pivə zavodu inşa edilmiş hissəsinin, həmin tikililərin sənədləşdirilməsi məqsədilə təyinatının kənd təsərrüfatından digər kateqoriyaya dəyişdirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Şirkətin qeyd edilən müraciəti əsasında Göygöl Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında vəsatət qaldırmış, lakin vəsatətdə şirkətin istixana kompleksi, quşçuluq təsərrüfatı, heyvandarlıq ferması və digər yardımçı binaları, habelə pivə zavodu yerləşən torpaq sahəsinin ölçüsü yanlış göstərilmişdir. Belə ki, şirkətin istixana kompleksi, quşçuluq təsərrüfatı, heyvandarlıq ferması və digər yardımçı binaları, habelə pivə zavodu yerləşən torpaq sahəsinin ölçüsü cəmi 3.0 hektar olduğu halda, icra hakimiyyəti həmin torpaq sahəsinin ölçüsünü 16.84 hektar olaraq göstərmişdir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2023-cü il tarixli, 175s saylı sərəncamı ilə təsərrüfatı təyinatlı örüş sahəsinin şirkətin icarəsində olan 35.0 hektar kənd təsərrüfatı təyinatlı örüş sahəsinin 18,16 hektar hissəsinin əkin dövriyyəsinə, 16,84 hektarını isə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına keçirilmişdir. Nazirlər Kabinetinin qeyd edilən sərəncamına əsasən, Göygöl Rayon İcra Hakimiyyəti “Göygöl şəhərinin inzibati ərazisində fəaliyyət göstərən "xxxx" Fərdi Şirkətinə icarəyə verilmiş dövlət mülkiyyətində olan 35,0 hektar örüş sahəsinin məqsədli təyinatı və kateqoriyası dəyişdirildiyindən, Göygöl Rayon İcra Hakimiyyəti başçısının 23 may 2017-ci il tarixli, 61 nömrəli sərəncamının qüvvədən düşməsi, 23 may 2017-ci il tarixli 14 nömrəli icarə müqaviləsinə xitam verilməsi ilə əlaqədar yenidən həmin torpaq sahəsini "xxxx" Fərdi Şirkətinin icarəsinəverilməsi haqqında” 17 mart 2023-cü il tarixli 50 nömrəli sərəncam imzalamışdır. Həmin sərəncama əsasən, Göygöl Rayon İcra Hakimiyyəti ilə müəssisə arasında 17 mart 2023-cü il tarixli, 07 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə, “icarəyəverən” icarə əsasında 18.16 hektar əkin və 16,84 sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı, cəmi 35,0 hektar sahəsini “icarəçi”yə istifadəyə verir, “icarəçi” isə onu qəbul edir (ic. müqa. mad.1.1). İcarə müqaviləsinin digər şərtinə görə isə “icarəçi” hər il 25468, 21 (iyirmi beş min dörd yüz altmış səkkiz) 0,21 manat icarə haqqını dövlət büdcəsinə ödəməlidir (ic.müq. mad.3.6). Müəsssisə 17 mart 2023-cü il tarixli, 07 nömrəli icarə müqaviləsinin qeyd edilən şərtləri ilə razılaşmır. Belə ki, icarə müqaviləsində göstərilən 16,84 sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi İcra Hakimiyyətinin Nazirlər Kabineti qarşısında qaldırılmış vəsatətdə yanlış göstərildiyinə görə müvafiq olaraq Nazirlər Kabinetinin sərəncamında və İcarə müqaviləsində də səhv göstərilmişdir. İcarə haqqı icarə müqaviləsində tikili (istixana kompleksi, quşçuluq təsərrüfatı, heyvandarlıq ferması, digər yardımçı binalar, pivə zavodu) altında olan sahəyə, yəni 16,84 hektara görə hesablanmış, beləliklə də ortaya real olmayan icarə haqqı məbləği çıxmışdır. Halbuki, Göygöl Rayon İcra Hakimiyyəti başçısının 18 oktyabr 2024-cü il tarixli 139 nömrəli sərəncamı ilə də təsdiq olunur ki, 16,84 hektar torpaq sahəsinin yalnız 3.0 hektarı tikinti altındadır, qalan 13.84 hektari isə boşdur və kənd təsərrüfatına yararlı sahədir. O da qeyd edilir ki, icarə müqaviləsinə torpaq sahələrinin ölçüləri və illik icarə haqqı icarə müqaviləsi tərəfimizdən imzalandıqdan sonra diyircəkli qələmlə yazılmışdır. Qeyd edilir ki, buna görə icarə müqaviləsinin qeyd edilən hissələrindən xəbərdar olmamışlar. Yalnız vergi orqanından icarə haqqı borcu barədə bildiriş gəldikdən sonra icarə müqaviləsində olan şərtlərdən xəbərləri olmuşdur. Buna görə 2025-ci ilin aprel ayında müəssisə 17 mart 2023-cü il tarixli, 07 nömrəli icarə müqaviləsinin ləğv edilməsi ilə bağlı Göygöl Rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin Göygöl Rayon İcra Hakimiyyəti imtina etmişdir. Buna görə həmin tələblə məhkəməyə müraciət etmək məcburiyyətindədirlər.

7. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə xx.xx.2026-cı il tarixdə “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə elektron kabinetə yüklənmiş prosessual müddətin bərpasına dair vəsatətə əsasən, iş materialarından da göründüyü kimi, Göygöl Rayon İcra Hakimiyyəti başçısının 17 mart 2023-cü il tarixli, 50 saylı sərəncamında və 17 mart 2023-cü il tarixli, 07 saylı icarə müqaviləsində uyğunsuzluq iddiaçı tərəfindən aşkar edildikdən sonra iddiaçı Göygöl Rayon İcra Hakimiyyətinə rəsmi olaraq müraciət etmişdir. İddiaçının müraciətinə əsasən, Göygöl Rayon İcra Hakimiyyəti başçısının 18 oktyabr 2024-cü il tarixli, 139 nömrəli sərəncamı ilə Göygöl şəhərinin inzibati ərazisində dövlət mülkiyyətində olan 16.84 hektar torpaq sahəsinin 3.0 hektarının sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasında qalmaqla, yerdə qalan 13.84 hektarının kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına dəyişdirilməsi məqsədə müvafiq hesab edilmiş, sərəncamdan irəli gələn məsələlərin həllinə nəzarət Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini İlqar Məmmədova tapşırılmışdır. İddiaçı 18 oktyabr 2024-cü il tarixli, 139 nömrəli sərəncamın icrasını gözləmiş, lakin qeyd edilən sərəncam icra edilməmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı iddia müddətini sərəncamın icra ediləcəyinə ümid etdiyinə görə, yəni ondan asılı olmayan səbəblərdən ötürmüşdür. Odur ki, qeyd edilənlərə əsasən, müəyyən edilmiş müddətin buraxılma səbəblərinin üzrlü hesab edilərək bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmuş və etirazda qeyd edilmişdir ki, iddiaçının müraciətinə əsasən Göygöl Rayon İcra Hakimiyyətinin 23 may 2017-ci il tarixli, 61 saylı sərəncamı və 23 may 2017-ci il tarixli, 14 saylı icarə müqaviləsi əsasında Göygöl rayonunda dövlət mülkiyyətində olan 35.0 ha örüş sahəsi iddiaçının icarəsinə verilmişdir. Şirkətin yenidən müraciəti əsasında icarəyə götürülmüş torpaq sahəsində tərəflərindən istixana kompleksi, quşçuluq təsərrüfatı, heyvandarlıq ferması və digər yardımçı binalar, həmçinin pivə zavodu inşa olunduğu, həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olduğundan tikililərin sənədləşməsi mümkün olmadığı üçün torpaq sahəsinin kateqoriya və təyinatının dəyişdirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2023-cü il tarixli, 175s nömrəli sərəncamı ilə 16,84 hektar torpaq sahəsinin kateqoriyası və 18,16 hektar torpaq sahəsinin məqsədli təyinatı dəyişdirilmiş və bu səbəbdən də Göygöl Rayon İcra Hakimiyyətinin 09 mart 2023-cü il tarixli, 42 saylı sərəncamı ilə 23 may 2017-ci il tarixli icarə müqaviləsinə xitam verilmişdir. Sonradan iddiaçının müraciəti əsasında Göygöl şəhərinin inzibati ərazisində dövlət mülkiyyətində olan 18.16 ha əkin sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı və 16.84 ha torpaq sahəsi sahibkarlıq məqsədi ilə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı (cəmi 35.0 ha) torpaq sahəsi Göygöl Rayon İcra Hakimiyyətinin 17 mart 2023-cü il tarixli, 50 saylı sərəncamı və 17 mart 2023cü il tarixli, 07 saylı icarə müqaviləsi əsasında “A.S.R" Fərdi Şirkətinin icarəsinə verilmişdir. Bununla yanaşı, iddiaçı məktubla Nazirlər Kabinetinə müraciət edərək, icarəsində olan 16,84 hektar sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsini 2 hektar qalmaqla, qalan 33 hektar torpaq sahəsini əkin dövriyyəsinə cəlb edilməsini bildirmişdir. Həmin 33 hektar torpaq sahəsinin 14,84 hektarı üzərində isə müxtəlif təyinatlı tikililər mövcuddur. Göygöl rayon İcra Hakimiyyəti tərəfindən yenidən qanunvericiliyin tələblərinə uyğun olaraq, sənədlər toplanılaraq Nazirlər Kabinetinə göndərilmiş, hazırkı günədək Nazirlər Kabineti tərəfindən iddiaçının icarəsində olan 16,84 hektar torpaq sahəsinin kateqoriyası dəyişdirilməmişdir.

9. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd edilənlərə oxşar izahat vermiş, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

10. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi X4 bildirmişdir ki, Göygöl Rayon İcra Hakimiyyəti rayon ərazisində sahibkarlığın dəstək olunmasına maraqlıdır və inzibati orqan olaraq Nazirlər Kabinetinə həmin torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi üçün müraciət etmişlər. Rəy əldə edildikdən sonra 2023-cü ildə 50 sərəncam imzalanmış, müqavilə bağlanılmışdır. Qeyd edilən müqavilənin surəti iddiaçının nümayəndəsinə təqdim edilmişdir.

11. Sonuncu məhkəmə iclasında cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər.

12. Cavabdehin nümayəndəsinin hazırlıq icraatı üzrə məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi).

Əsaslandırma hissəsi:

13. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Qərarı Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı).

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 24.5. Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. 24.7. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

17. Məhkəmə ilk öncə onu vurğulamağı vacib hesab edir ki, iddia növü mübahisələndirilməsi haqqında iddiadır. Belə ki, bu növ iddialarda əsas hüquqi maraq hüquq və vəzifələr ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsidir. Hazırkı iş üzrə də iddiaçının əsas istəyi Göygöl Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 50 saylı sərəncamında, habelə müqavilədə olan bəzi müddəalarda müvafiq düzəlişlərin edilməsi olmuşdur.

18. Qeyd edilən sərəncam iddianın nümayəndəsi tərəfindən "sərəncamın göndərildiyi təşkilatların, müəssisələrin və ayr-ayrı şəxslərin siyahısı"na xx.xx.2023-cü il tarixdə imza edilməklə qəbul edilmişdir. Bu, cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış inzibati icraat materialları ilə sübut olunur.

19. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

20. Yuxarıda istinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

21. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə, inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır.

22. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

24. Hazırkı mübahisə üzrə nəzərə almaq lazımdır ki, iddiaçı icra hakimiyyətin etdiyi müraciətdə göstərilən şəkildə tələbinin təmin edildiyi, hazırda mübahisə edilən sərəncamdan məlumatlı olmasına baxmayaraq, həmin sərəncamı vaxtında mübahisələndirməmişdir.

25. Mübahisələndirilən həmin sərəncamdan iddiaçının daha əvvəl (Qərardadın 2-ci bəndinin 1-ci abzasında qeyd edilmiş inzibati icraat materialəna əsasn) məlumatlı olduğu iş materialları ilə tam təsdiq olunur. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən məhkməyə təqdim edilmiş vəsatətdə iddiaçının müddətinin iddiaçı tərəfindən sərəncamla bağlı uyğunsuzluq aşkar etdikdən sonra cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə rəsmi müraciət müraciətlərinin olduğunu qeyd etmiş və bu ötürülmüş müddəti üzrlü olaraq ötürülmüş hesab etmişdir. Halbuki, qeyd edilən sərəncamdan iddiaçının xəbəri olmuş, lakin həmin inzibati akt qanunvericiliklə nəzərdə tutulmuş qaydada mübahisələndirilməmişdir. Odur ki, məlumatlı olduğu halda iddiaçı tərəfindən qeyd edilən sərəncamın qəbul edildiyi tarixdən təqribi 2 il 2 ay müddət ərzində mübahisələndirilməməsi və iddianın mümkünlük şərti olan iddia müddətinin buraxılması onun məsuliyyət sferasına aid edilməlidir

26. Nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.

27. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.

28. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-138/2022 nömrəli qərarında da öz əksini tapmışdır.

29. Məhkəmə qeyd edir ki, iddiaçının torpaq sahəsinin təyinatının yenidən dəyişdirilməsi ilə bağlı icra hakimiyyətinin Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında vəsatət qaldırması üçün müraciətinin olması ötürülmüş prosessual müddətin bərpası üçün əsas ola bilməz. Belə ki, iddiaçı qeyd edilən müraciətlə eyni anda məhkəməyə müraciət etmək imkanı olmasına baxmayaraq bu imkandan istifadə etməmişdir.

28. Yekun olaraq, iş üzrə inzibati icraat materialları və məhkəmənin daxili inamı əsasında məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən “müddətin bərpası barədə ərizə”də qeyd edilənlər əsassızdır və məhkəmə iddia müddətinin üzrlü səbəblər olmadan ötürüldüyü qənaətinə gəlir.

29. Yekun olaraq, iş üzrə inzibati icraat materialları və məhkəmənin daxili inamı əsasında məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən “müddətin bərpası barədə vəsatət”də qeyd edilənlər əsassızdır və məhkəmə iddia müddətinin üzrlü səbəblər olmadan ötürüldüyü qənaətinə gəlir.

30. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının ötürülmüş müddətin bərpa edilməsi barədə vəsatəti təmin edilməməli, iddiaçı "xxxx" Fərdi Şirkətinin cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin ölçüsündə və müqavilənin maddələrində dəyişiklərin edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır.

Nəticəvi hissə:

31. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq

Qərara aldı: İddiaçı "xxxx" Fərdi Şirkətinin ötürülmüş müddətin bərpa edilməsi barədə vəsatəti təmin edilməsin. İddiaçı "xxxx" Fərdi Şirkətinin cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə qarşı “Göygöl Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 50 nömrəli sərəncamında müəssisənin icarəsinə verilən 35.0 hektar torpaq sahəsinin sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aid olan hissəsinin ölçüsünün 16.84 hektardan 3.0 hektara düzəliş edilməsi və “Torpağın icarəyə verilməsi haqqında” xx.xx.2023-cü il tarixli, 07 №-li müqavilənin torpaqların təyinatına görə ölçülərini müəyyən edən 1.1-ci maddəsinin və illik icarə haqqını müəyyən edən 3.6-cı maddəsinin dəyişdirilərək icarə müqaviləsinin 1.1-ci maddəsində müəssisəyə 49 il müddətinə icarəyə verilmiş 35.0 hektar torpaq sahəsinin 3.0 hektarının sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına, qalan hissəsinin kənd təsərrüfatlı təyinatlı torpaqlara aid olmasının qeyd edilməsi və 3.6-cı maddəsində illik icarə haqqının 3.0 hektar sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara görə müəyyən edilməsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar