Məhkəmə qərarları › İş №2-1(114)-412/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-412/2023

14.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-412/2023 14.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, əmək fəaliyyətinin 26 il 18 gün təşkil etməsini nəzərə alıb həmin illəri sosial sığorta stajına daxil edilməsini və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, əmək kitabçasında işlədiyi illərə görə hər bir idarənin möhürü vurulmuş, buna baxmayaraq cavabdeh xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixə kimi X1 “Beynəlxalq Yardım və İnkişaf” BHT-in tərkibində fəhlə kimi işlədiyi illəri hesablanmamış və bunu həmin təşkilatın Azərbaycanda fəaliyyət göstərməsinə dair Dövlət Arxiv İdarəsinin arayışı olmaması ilə əsaslandırmışdır. Göygöl rayon Dövlət Arxivində X1 “Beynəlxalq Yardım və İnkişaf” BHT fəaliyyət göstərdiyi illərə dair sənədləri Göygöl rayon Dövlət Arxivinə verib-verməməsinin ona heç bir aidiyyəti yoxdur. Həmin təşkilatda fəhlə işləmiş və fəhlə kimi işlədiyi illərə dair “Beynəlxalq Yardım və İnkişaf” BHT-in Azərbaycandakı nümayəndəliyinin möhürü əmək kitabçasına vurulmuşdur. X1 “Beynəlxalq Yardım və İnkişaf” BHT beynəlxalq səviyyədə olan təşkilatdır və həmin təşkilat Azərbaycan Respublikası ərazisində ehtiyacı olan insanlara pulsuz yardım göstərməklə məşğul olmuşdur və həmin təşkilat Azərbaycan Respublikasının Prezidentinin, Nazirlər Kabinetinin və eləcə də Xarici İşlər Nazirliyi ilə bağlanmış müqavilələr əsasında Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərmişlər. Cavabdeh sorğu vasitəsi ilə həmin Nazirliklərə müraciət edib X1 “Beynəlxalq Yardım və İnkişaf” BHT-in Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərdiklərini müəyyən edə bilərdi. Lakin, heç bir əsas olmadan qanuni sənədi şübhə altına almışdır. X1 “Beynəlxalq Yardım və İnkişaf” BHT-i 1999-cu ildən başlayaraq Göygöl rayonunda fəaliyyətə başlamış, o da həmin təşkilata işə götürülmüş və hər ay 300 ABŞ dolları maaş almışdır. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1999-cu il tarixindən xx.xx.2006-cı il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə baxılaraq müəyyən olunmuşdur ki, iddiaçının ümumi iş stajı 20 il 8 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Yəni iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyil. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin, xx.xx.2006cı il tarixədək olan sığorta stajına uyğun (20 il 8 ay) sığorta kapitalı 15749,44 manat olmaqla tələb olunan 28800 manat sığorta kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. İş materiallarından aydın olur ki, iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyini iddia etdiyi “Beynəlxalq Yardım və İnkişaf” BHT-nin Azərbaycan nümayəndəliyinin faktiki və arxiv sənədlərini saxlanıldığı ünvan məlum olmadığı üçün (müəssisənin fəaliyyət göstərməsinə dair hər hansı bir sübut yoxdur və sənədləri arxivə təhvil verilməmişdir) həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün hesab olunmur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -təsdiq edilmiş surəti işə əlavə edilmiş İddiaçı məxsus xx.xx.1973-cü il tarixli əmək kitabçasında sonuncunun xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək “Beynəlxalq Yardım və İnkişaf”-da fəhlə işləməsi qeyd edilmişdir. -təsdiq edilmiş surəti işə əlavə edilmiş İddiaçı məxsus НЗ ******* nömrəli xx.xx.1975ci il tarixli hərbi biletdən görünür ki, sonuncu xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. -işə əlavə edilmiş Azərbaycan Mərkəzi Koperativlər İttifaqı “Azərittifaq” Göygöl rayon İstehsal-istehlak Kooperativ Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 44 nömrəli arayışda qeyd edilmişdir ki, iddiaçı İRD “Azərbaycan Beynəlxalq Yardım və İnkişaf Təşkilatı” nda 1999- 2006-cı illərdə təşkilatın balans tabeliyində olan anbarda qeyd olunan təşkilatın fəhləsi qismində çalışıbdır. Təşkilatın balans tabeliyində olan anbar kompleksinin bir hissəsi Azərbaycan Nazirlər Kabinetinin Baş Naziri A.Rəsizadə cənablarının Göygöl (keçmiş Xanlar) rayon İcra Hakimiyyəti Başçısı Ə.B.Mustafayevin təzyiq və tələbləri ilə 1999-cu ilin əvvəlindən boşaldılaraq icarə haqqı olmadan qeyd olunan təşkilatın istifadəsinə verilmiş, 2004-cü ilin dekabr ayından 2008-ci ilin dekabr ayına qədər ötən dövrlərdə hər il yenilənməklə icarədar qismində Xanlar KKC icarəçi qismində İDR / Azərbaycan adlanan təşkilatın rəhbəri Şamil Kalyayev arasında bağlanmış ikitərəfli icarə müqaviləsi əsasında icarə haqqı ödənilməklə qarşılıqlı münasibətdə olmuşuq. -Göygöl Rayon Statistika İdarəsinin xx.xx.2022-ci il tarixli, 130 nömrəli məktubunda qeyd edilmişdir ki, Göygöl rayonu üzrə dövlət reyestrində ABŞ-ın “Beynəlxalq Yardım və İnkişaf” BHT-in Azərbaycan nümayəndəliyi qeydiyyatda deyil. -Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Göygöl Rayonu İcra Hakimiyyəti Göygöl Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 84 nömrəli məktubundan qeyd edilmişdir ki, ABŞ-nın “Beynəlxalq Yardım və İnkişaf” BHT-in Azərbaycan nümayəndəliyində işləməsi barədə heç bir məlumat yoxdur. Belə ki, “Beynəlxalq Yardım və İnkişaf” BHT-in Azərbaycan nümayəndəliyinin arxiv sənədləri Göygöl ravon Dövlət Arxivinin mühafizəsində yoxdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********486000 nömrəli məktubundan görünür ki, ABŞ-ın “Beynəlxalq Yardım və İnkişaf” BHT-in Azərbaycan nümayəndəliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri məlumatlarına əsasən 12 saylı Ərazi Vergilər Baş İdarəsində hüquqi şəxs kimi qeydiyyatdan keçməmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 05/7814-11 nömrəli məktubundan görünür ki, ABŞ-nin “Beynəlxalq Yardım və İnkişaf” BHT-in Azərbaycan nümayəndəliyi barədə qeyri-kommersiya qurumlarının dövlət reyestrində məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli, 4/2462 nömrəli məktubundan görünür ki, “Beynəlxalq Yardım və İnkişaf” BHT-nin Azərbaycan nümayəndəliyinin arxiv sənəndləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına mühafizə üçün təhvil verilməmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********7 nömrəli məktubundan görünür ki, İddiaçı müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin maddəyə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ bəndində qeyd olunmuşdur ki, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barədə sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddia aşağıdakılara görə əsaslı deyil. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ona yaşa görə əmək pensiyanın təyin edilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdehin iddiaçıya göndərdiyi xx.xx.2021-ci il tarixli imtina məktubundan müəyyən edilmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçası və hərbi biletinin surətlərinə əsasən onun sığorta stajı xx.xx.2006-cı il tarixinədək 20 il 8 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək sığorta stajına (20 il 8 ay) uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 15749,44 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamış, X2 və araşdırma şöbəsinin xidməti məruzəsinə əsasən xx.xx.1999-cu il tarixindən xx.xx.2006-cı il tarixinədək işlədiyini iddia etdiyi “Beynəlxalq Yardım və İnkişaf” BHT-nin Azərbaycan nümayəndəliyinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığından həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçıya yaşa görə pensiyanın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı üçün ona xx.xx.2021-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Məhkəmə cavabdehin imtinasını qanunauyğun hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək ası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən maddənin qeyd hissəsində müəyyən olunur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1- dək hər il 6 ay artırılır. Maddənin mətnindən aydın olur ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün, iki əsas eyni anda mövcud olmalıdır: 1) vətəndaşın yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir yaxud azı 25 il sığorta stajı olmalıdır. İddiaçı vəziyyətində isə, birinci əsasla bağlı qeyd olunmalıdır ki, o qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq, İddiaçı yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2021-ci il tarixdə yaranmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2006cı il tarixə kimi X1 “Beynəlxalq Yardım və İnkişaf” BHT-də işlədiyi illərlə bağlı əmək kitabçasındakı qeydlər tam deyil. Belə ki, əmək kitabçasında həmin illərə dair qeydlərdə işə daxil olma və çıxma əmrləri qeyd olunmamışdır. Həmçinin, həmin illərə dair işə daxil olma, işdən azad olma, ümumiyyətlə müəssisənin mövcudluğuna dair arxiv sənədləri inzibati icraat zamanı müəyyən olunmamışdır Məhkəmə araşdırması nəticəsində iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş ona məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətinə və əslinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, onun xx.xx.1999-cu il tarixdə X1 “Beynəlxalq Yardım və İnkişaf” BHT-nə işə girməyi barədə əmək kitabçasında qeyd aparılsa da iddiaçının həmin idarəyə hansı əmr əsasında daxil olması, həmçinin hansı əmrlə işdən çıxması qeyd edilməmişdir. Yuxarıda qeyd olunan hallar iddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixə kimi X1 “Beynəlxalq Yardım və İnkişaf” BHT-də işləməsi ilə bağlı qeydlərin mötəbərliyini şübhə altına alır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyanın təyin edilməsi barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33, 34, 68-69, 75, 81-cimaddələrinirəhbərtutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar