Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4125/2025 06.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayədəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı cavabdehin xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qərarlarının ləğv edilməsi və əvvəlki pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İşdəki sənədlərə əsasən: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1952-ci il tarixdə Şəmkir rayonu, Əliyaqublu kəndində anadan olmuş, hazırda ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. DSMF Şəmkir rayon şöbəsinin xx.xx.2009-cu il tarixli qərarı ilə iddiaçıya xx.xx.2009cu il tarixdən 143,51 manat məbləğində ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 1971-1975-ci illərdə ali təhsil almış, xx.xx.1975-xx.xx.2017-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Pensiya miqdarının dəyişdirilməsi haqqında şöbənin xx.xx.2017-ci il tarixli sərəncamına əsasən xx.xx.2017-ci il tarixdən iddiaçıya 302,24 manat məbləğində pensiya təyin edilmişdir. Həmin zaman Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətli qurumu tərəfindən verilmiş arayışa əsasən iddiaçının xx.xx.2006-cı ildən xx.xx.2017-ci il tarixədək 11 il 05 ay 00 gün sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 6.692,52 manat pensiya kapitalı vardır. İddiaçıya daha sonra xx.xx.2022-ci il tarixdən 439,07 manat, xx.xx.2023-cü il tarixdən 522,72 manat, xx.xx.2024-cü il tarixdən 581,26 manat məbləğində pensiya təyin edilmişdir. Daxili nəzarət və audit tərəfindən daxil olmuş mail əsasında pensiya araşdırması zamanı Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunun 37.3.1-ci maddəsinə əsasən vətəndaşların pensiyasının sığorta hissəsinin məbləğinin onların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən düzgün hesablanmaması nəticəsində iddiaçı xx.xx.2017-xx.xx.2024-cü ilə qədər artıq alma müəyyən edilmişdir (PSK 06.2009 əvəzinə 01.2006 hesablanıb). Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixli qərarı (nömrə yerinə İNVENTAR yazılmışdır) ilə iddiaçıya təyin edilmiş 581,26 manat məbləğində pensiya məbləği xx.xx.2025-ci il tarixdən 534,17 manat kimi müəyyən edilmişdir. Daha sonra 534,17 manat məbləğ indeksləşdirilərək 577,44 manat məbləğində müəyyən olunmuşdur. İddiaçı xx.xx.2025-ci il tarixdə DSMF Şəmkir rayon şöbəsinə ərizə ilə müraciət edərək 2025-ci ilin mart ayına münasibətdə əksik verilmiş pensiya məbləğinin 2025-ci ilin aprel ayının pensiya məbləğinə təmin olunması, inzibati orqanın səhvinə görə pensiyadan tutmaların aparılmasının dayandırılmasını xahiş etmişdir. İddiaçının Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra-Fond) 2 saylı Qazax- Tovuz regional filialından daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə X2 üzrə Mərkəzi Filialda (bundan sonra mətndə - cavabdeh) aidiyyəti üzrə yenidən baxılmışdır. Cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-1/3-1-27378/2025 nömrəli qərarı ilə xx.xx.2025-ci il tarixli qərar qüvvədə qalmışdır. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-1/2-V-86955/2025 nömrəli məktubunda bildirmişdir ki, iddiaçıya "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 7-ci maddəsinin xx.xx.2009-cu il tarixində qüvvədə olmuş tələblərinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya işi qovluğuna daxil olan sənədlərin surətlərində qeyd olunan və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən iddiaçının 34 il 1 ay sığorta stajına uyğun 2004-2005-ci illər üzrə orta aylıq əmək haqqının 85 faizi, xx.xx.2006-cı il tarixindən xx.xx.2009-cu il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan 1987,54 manat (2009-cu il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, Qanunun 37.3.1-ci maddəsinin tələblərinə əsasən xx.xx.2017-ci il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2009-cu il tarixindən işdən çıxdığı tarixədək 4182,97 manat (2017- ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən (artıqödəmə ilə bağlı qəbul edilmiş qərardan 3 il əvvələ) 402,15 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq pensiyanın məbləği indeksləşdirilərək xx.xx.2023-cü il tarixindən 480,37 manata (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), xx.xx.2024-cü il tarixindən 534,17 manata, xx.xx.2025-ci il tarixindən 577,44 manata çatdırılmışdır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Xidməti araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2017-ci il tarixində iddiaçının əmək pensiyası Qanunun 37.3.1-ci maddəsinin tələblərinə əsasən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün yenidən hesablanarkən fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2009-cu il tarixindən işdən çıxdığı tarixədək nəzərə alınmalı olduğu halda, xx.xx.2006-cı il tarixindən işdən çıxdığı tarixədək nəzərə alınmışdır. Bu səbəbdən xx.xx.2022-ci il tarixindən (artıqödəmə ilə bağlı qəbul edilmiş qərardan 3 il əvvələ) xx.xx.2025-ci il tarixinədək əmək pensiyası üzrə artıqödəmə müəyyən edilmişdir. Məlumat üçün, Qanunun 29.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyanın indeksləşdirilməsi nəticəsində (xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək) yaranmış fərq məbləği 2025-ci ilin fevral ayında pensiyanın üzərinə əlavə edilməklə iddiaçıya ödənilmişdir (577,44 + 43,27=620,71). Əlavə olaraq, hazırda Fond tərəfindən əmək pensiyanın məbləğindən hər hansı tutulma aparılmır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Məhkəmə mübahisəsi zamanı: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilərək, əvvəlki pensiya məbləğinin bərpa edilməsi və 2025-ci ilin fevral ayından etibarən ödənilməmiş pensiya məbləğinin hər ay üzrə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və əvvəlki pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Daha sonra iddiaçı tələbin həcminin artırılması barədə ərizə təqdim edərək cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-1/3-1-27378/2025 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2009-cu ildən yaşa görə əmək pensiyaçısıdır. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, minimum pensiya məbləğinin artımı olmuş və Sərəncamdan öncə aldığı 581,26 manat pensiya məbləğində fevral ayından artım olmalı idi. Lakin mart ayına münasibətdə verilmiş pensiya məbləği bank hesabına 577,44 manat köçürülmüşdür. İddiaçı tərəfindən bununla bağlı xx.xx.2025-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Qazax-Tovuz regional filialına məktubla müraciət ünvanlanmışdır. Müraciətiə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 18 aprel 2025-ci il tarixində, 3-1Y-1/2-V- 86955/2025 nömrəli məktub gəlmişdir. İnzibati orqan öz mövqeyini onunla əsaslandırır ki, 34 il 1 ay sığorta stajına uyğun 2004-2005-ci illər üzrə orta aylıq əmək haqqının 85 faizi, xx.xx.2006-cı il tarixindən xx.xx.2009-cu il tarixinədək fərdi hesabının sığorta hissəsində qeyd alınan 1987,54 manat pensiya kapitalı, "Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinə əsasən, xx.xx.2017-ci il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2009-cu il tarixindən işdən çıxdığı tarixədək 4182,97 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 402,15 manat müəyyən edilmişdir. İnzibati orqan eyni zamanda Qanunun 39.1-ci maddəsinə istinad edərək əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləğini son 3 il üçün tutmalı olduğunu vurğulayır. Deyilənlərdən belə çıxır ki, iddiaçıya təyin olunan pensiya məbləği artımlarla bərabər 577,44 manat olmalıldır, sadəcə əvvəl 1 dəfəlik ödənilməmiş 43,27 manat birdəfəlik ödənilmişdir (cəmi 620,71 manat). İddiaçı xx.xx.2025-ci il tarixində pensiya məbləğlərinin köçürüldüyü bankdan (ABB) hesabdan çıxarış əldə etmişdir. Həmin çıxarışdan da açıq-aydın bəlli olur ki, 2024-cü ilin fevral aydından 581,26 manat məbləğində pensiya alır. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, minimum pensiya məbləğinin artımını da nəzərə alınsa, 581,26 manatdan artırılmış məbləğ azalaraq 577,44 manat olur!? İddiaçı hesab edir ki, inzibati orqan hesablamalarda səhvə yol vermiş, tərəfimdən ünvanlanan müraciəti lazımınca araşdırmadan, məkrli qaydada artırılmış pensiya məbləğlərini azaltmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair xx.xx.2025-ci il tarixli, 3-17-1/2-134900/2025 nömrəli etirazında imtina əsaslarını müdafiə etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraz əsaslarını müdafiə edərək iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh xx.xx.2025-ci il tarixli, 3-17-1/2- 136999/2025 nömrəli məktubundan imtina əsaslarını təkrarlamış və əlavə olaraq bildirmişdir ki, Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2022-ci il tarixindən (artıqödəmə ilə bağlı qəbul edilmiş qərardan 3 il əvvələ) xx.xx.2025-ci il tarixinədək 1526,49 manat məbləğində artıqödəmə müəyyən edilmişdir. Nəticədə, Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli qərarı ilə İddiaçı yaşa görə əmək pensiyasının məbləği 534,17 manat müəyyən edilmiş, həmçinin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq pensiyanın məbləği indeksləşdirərək 577,44 manata çatdırılmışdır. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh xx.xx.2025-ci il tarixli, 3-17-1/2- 207197/2025 nömrəli məktubunda bildirmişdir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində və pensiya işinin tərkibində olan məlumata əsasən iddiaçıya xx.xx.2009-cu il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir və ödənilir. Eyni zamanda, Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli qərarına əsasən pensiya araşdırılması zamanı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən İddiaçı pensiyasının sığorta hissəsinin məbləğinin fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən düzgün hesablanmaması nəticəsində xx.xx.2017-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək onun pensiya məbləğində artıq ödəmə müəyyən edilmişdir. Bu səbəbdən və Mərkəzi Filialın sözügedən qərarına əsasən məhkəmə sorğusunda qeyd olunan Fondun Şəmkir rayon şöbəsinin müvafiq sərəncamı qüvvədən düşmüş hesab olunur. İş materiallarına iddiaçının pensiya işi materialları əlavə edilmiş və həmin icraat materiallarına istinad edilmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmaqla, mübahisələndirilən xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli qərarların icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılmasını tələb edir. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddətə riayət edilmişdir. Belə ki, mübahisələndirilən xx.xx.2025-ci il tarixli qərarın nəticələrinin ləğv edilməsi ilə bağlı iddiaçı yenidən müraciət etmiş, nəticədə xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Hər iki qərar iddiaçıya təqdim edilməsə də, iddiaçının müraciətinin təmin olunmaması barədə vətəndaşa xx.xx.2025-ci il tarixli məktub göndərilmişdir. İddiaçı isə hazırkı mübahisə ilə bağlı xx.xx.2025-ci il tarixdə (zərfin üstündəki poçt möhüründən) məhkəməyə müraciət etmişdir. Bu baxımdan iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət açıq-aşkar gözlənilmişdir. İddiaçının hüquqi marağı cavabdehin xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli qərarlarının ləğv edilərək, həmin qərarların icra olunması nəticəsində azaldılmış pensiya məbləğinin əvvəlki qaydada bərpa edilməsidir. İşin faktiki halları ilə müəyyən olunur ki, xx.xx.2009-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilən zaman iddiaçı əmək fəaliyyəti ilə məşğul olmaqda davam etmiş, xx.xx.2017-ci il tarixdə işləməyən əmək pensiyaçı statusuna keçmiş, bu səbəbdən Pensiya miqdarının dəyişdirilməsi haqqında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin xx.xx.2017-ci il tarixli sərəncamına əsasən xx.xx.2017-ci il tarixdən iddiaçıya 302,24 manat məbləğində pensiya təyin edilmişdir. Lakin sonradan cavabdeh iddiaçının pensiya kapitalının xx.xx.2009-cu il tarixindən işdən çıxdığı tarixədək nəzərə alınmalı olduğu halda, xx.xx.2006-cı il tarixindən işdən çıxdığı tarixədək nəzərə alındığını əsas gətirərək xx.xx.2025-ci il tarixli qərarla 534,17 manat (hazırda 577,44 manat) məbləğində müəyyən etmişdir. Göründüyü kimi, iddiaçı barəsində əlverişli inzibati akt Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin xx.xx.2017-ci il tarixli sərəncamı mövcud olduğu halda cavabdeh daxili araşdırmanın nəticəsində hazırda mübahisələndirilən qərarları qəbul etmişdir. Cavabdehin məlumatına görə mübahisələndirilən qərarlara əsasən Fondun Şəmkir rayon şöbəsinin müvafiq sərəncamının qüvvədən düşmüş hesab edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Nəzərə almaq lazımdır ki, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı). Eyni zamanda təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan tələblərinə görə, inzibati orqanlar qanuna riayət etməyə borcludurlar. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Obyektiv araşdırma prinsipini təsbit edən normaya əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə qeyd edir ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi qərarını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın icraatla bağlı hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, inzibati aktı qəbul etməsinin səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Hazırkı mübahisə üzrə, pensiyanın yenidən hesablanması və artıq ödəmənin müəyyən olunması ilə bağlı cavabdeh tərəfindən lazımi inzibati icraat aparılmamış, bununla bağlı inzibati icraat haqqında qanunvericiliyin tələblərinə riayət edilməmiş, həmin tələblərə uyğun olaraq iddiaçıya təyin edilmiş pensiya məbləğinin dəyişdirilməsi barədə səlahiyyətli qurumunun aktı (DSMF Şəmkir şöbəsinin sərəncamı) ləğv edilməmişdir. Belə ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Həmçinin qeyd edilməlidir ki, məhkəmə araşdırması nəticəsində rüşvət, hədəqorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçının öz pensiya məbləğinə müdaxilə etməsi müəyyən edilməmişdir. Eləcə də, işin hallarına görə, inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın qeyd edilən normalara əsasən pensiyanın yenidən hesablanmaması nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Belə olduqda, iddia təmin edilməli və cavabdehin xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qərarlarının ləğv edilməli, iddiaçıya ödənilən əvvəlki pensiya ödənişinin bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının iddiaçı barəsində qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərarı vəxx.xx.2025-ci il tarixli, 3-17-1/3-1-27378/2025 nömrəli qərarı ləğv edilsin. İddiaçı əvvəlki məbləğdə (581,26 manatın indeksləşdirilərək) ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-4125/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4125/2025
06.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver