Məhkəmə qərarları › İş №2-1(114)-4128/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4128/2023

28.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4128/2023 28.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı müharibə veteranları üçün nəzərədə tutulmuş sosial müavinətin əvvəlki illər üçün ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, müharibə veteranları üçün nəzərədə tutulmuş sosial müavinətin əvvəlki 3 il üçün ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya 2011-ci il tarixdə müharibə veteranı vəsiqəsi verilmiş, lakin həmin vaxtdan əvvəlki 3 illik dövr üzrə ödəniş aparılmamışdır. Bununla bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya müharibə veteranı vəsiqəsi 2014-ci il tarixdə verilsə də, ona xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilərək ödənilir. Bu səbəbdən də iddiaçının tələbi əsaslı sayıla bilməz. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçıya əvvəlki dövrə görə sosial müavinətin ödənilməsindən imtina edilmişdir. -surəti işə əlavə edilmiş 031168 nömrəli xx.xx.2014-cü il tarixli müharibə veteranı vəsiqəsindən görünür ki, iddiaçıya həmin tarixdən müharibə veteranı statusu verilmişdir. -surəti işə əlavə edilmiş pensiya təyinatı ilə bağlı sənədlərdən görünür ki, iddiaçıya xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, işin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, iddiaçıya müvafiq vəsiqə 2014-cü ildə verilsə də ona xx.xx.2009-cu il tarixdən pensiya təyin edilərək ödənilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun:- -3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. -7-ci maddəsinin 2-ci hissəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci maddəsinə görə, sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. -3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. -4.0.1.6-cı maddəsində qeyd olunmuşdur ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə aylıq müavinətlər ödənilir. -5-ci maddəsinə əsasən bu Qanunun 4.0.1.1-4.0.1.6-cı və 4.0.1.13-cü maddələrində nəzərdə tutulan aylıq müavinətlərdən bir neçəsini almaq hüququ olan şəxslər öz arzusuna əsasən bir növ aylıq müavinət seçə bilərlər. 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. -9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Göründüyü kimi iddiaçı əmək pensiyası aldığı dövr üzrə 3 illik sosial müavinətin də ödənilməsini tələb edir. Lakin mövcud qanunvericilik müavinətin əmək pensiyası hüququ olmadıqda ödənilmək imkanını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68, 69, 75, 81-cimaddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı müharibə veteranları üçün nəzərədə tutulmuş sosial müavinətin əvvəlki illər üçün ödənilməsi barədə iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar