Məhkəmə qərarları › İş №2-1(114)-4137/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4137/2024

16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4137/2024 16.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı İddiaçı cavabdeh Göygöl rayon İcra və Probasiya şöbəsinə qarşı “icra məmurlarının qanunsuz hərəkətlərinin dayandırılması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi İddiaçı cavabdeh Göygöl rayon İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun hüquqlarını kobudcasına tapdalayan, əsassız və qanunazidd şəkildə hərəkət edən, Azərbaycan Respublikasının ədalət mühakiməsinin fəaliyyətinə kölgə salan, vətəndaşa qarşı haqsız və qərəzli mövqedən çıxış edən Göygöl rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən şəxs və icra məmuru barəsində ölçü götürülməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 355/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən borclular X4, X3, X5, X2 və ondan müştərək qaydada cəmi 16249,69 ABŞ dollarının (manatın ödəniş anına məzənnəsi ilə) və 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə əsasında verilmiş icra vərəqəsi xx.xx.2022-ci il tarixdə Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. İddiaçı bildirir ki, xx.xx.2024-cü il tarixdə onunla tələbkar LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu arasında həmin qətnamə üzrə 4120 ABŞ dolları (7004 manat) ödəniş etmək şərti ilə borcuna güzəşt tətbiq edilməsi barədə qarşılıqlı razılıq əldə edilmişdir. İddiaçı həmin məbləği ödədikdən sonra ,xx.xx.2024-cü il tarixdə Göygöl Rayon İcra və Probasiya Şöbəsinə tələbkar LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən onun Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-355/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirdiyinə və LPO "xxxx" ASC qarşısında artıq heç bir öhdəliyinin olmamasına və barəsində görülmüş icra tədbirləri ləğv edilməklə "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 17.1.10-cu maddəsinə əsasən icra sənədinin ona aid hissəsində icraatın dayandırılmasına dair məktub göndərilmişdir. Nəticədə qanunun tələblərinə müvafiq olaraq, həmin icra qurumu tərəfindən iddiaçının əmək haqqına yönəldilmiş tutma dayandırılmışdır. Lakin iddiaçının yuxarıda qeyd etdiyi kimi, tələbkar tərəfindən icra qurumuna onun icra sənədi üzrə öhdəliyini yerinə yetirdiyinə, qətnamə üzrə heç bir öhdəliyinin qalmamasına və barəsində görülmüş icra tədbirlərinin ləğv edilərək ona aid hissədə icra sənədinin icraatın dayandırılmasına dair məktub təqdim edilməsinə baxmayaraq, Göygöl rayon İcra və Probasiya şöbəsinin icra məmuru Anar İsgəndərov iyul ayında tələbin əmək haqqına yönəldiməsi ilə bağlı onun iş yerinə yenidən tutma məktubu göndərmişdir. Bunun səbəbi soruşulduqda isə, cavab olaraq indiyədək heç bir icra qurumunun fəaliyyətində və təcrübədə rast gəlinməyən şəkildə, iddiaçının zaminlik müqaviləsinə yalnız məhkəmə qaydasında xitam verilməli olduğunu bildirmiş, əks təqdirdə icraatı dayandırmayaraq ("İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələblərini zidd olaraq) ondan tutulmalara davam ediləcəyini bildirmişdir. İddiaçı əlavə edir ki, "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi və onun alt maddələrinin tələbləri icra sənədinin icraatının dayandırılmasının məcburi olduğu haldır. Həmçinin, onun tələbkar qarşısında öz öhdəliyini yerinə yetirdiyi və qətnamə üzrə öhdəliyinin qalmaması faktı sözügedən icra qurumuna təqdim edilən məktubda öz əksini tapmışdır. İddiaçı bildirir ki, Göygöl rayon İcra və Probasiya şöbəsinin icra məmuru Anar İsgəndərov qətnamənin müştərək qaydada pulun ödənilməsinə dair çıxmasına baxmayaraq, digər borclular barəsində tədbir görmək əvəzinə, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq və tələbkar bank qarşısında onun borc öhdəliyi qalmadığı üçün barəsində icraatın dayandırılması ilə bağlı məktubuna məhəl qoymayaraq, əsassız şəkildə onun əmək haqqına tutqu verməklə hədələyir. O, bank qarşısında öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş və həmin məzmunda sənədi də icra qurumuna təqdim etmişdir. Əlavə olaraq iddiaçı bildirir ki, onun qeydiyyat ünvanı və faktiki olaraq yaşadığı ünvan Gəncə şəhəri, ünvan 1avodu da Gəncə şəhərində yerləşir. "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 24.1.2-ci maddəsinin tələblərinə görə icra sənədinin icrası borclunun faktiki olduğu yer üzrə aparılır, lakin icra məmuru həmin maddənin də tələblərinə riayət etməyərək, icra sənədini ona münasibətdə olan hissədə aidiyyəti üzrə icra edilməsi üçün müvafiq icra qurumuna göndərməmişdir. İşin halları Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-355/2022 nömrəli qətnaməsinə əsasən, apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-1621/2017 nömrəli qətnaməsi faiz ilə bağlı hissədə dəyişdirilmiş, cavabdehlər X4, İddiaçı, X3, X5 və X1 müştərək qaydada 12,750,00 (on iki min yeddi yüz əlli dollar) ABŞ dolları əsas borc, 3,479,69 (üç min dörd yüz yetmiş doqquz dollar altmış doqquz sent) ABŞ dolları faiz borcu, 20 Abş dolları cərimə olmaqla, cəmi 16.249,69 (on altı min iki yüz qırx doqquz dollar altmış doqquz sent) ABŞ dolları məbləğində borc alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli, 2(104)-355/2022 nömrəli icra vərəqəsi verilmişdir. Göygöl rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərarına əsasən, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-355/2022 nömrəli icra vərəqəsi üzrə icraata başlanılması qərara alınmışdır. Göygöl rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli “tələbin borclunun əmək haqqına yönəldilməsinə dair” qərarına əsasən, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-355/2022 saylı icra sənədi üzrə tələbin vətəndaş İddiaçı əmək haqqına yönəldilməsi qərara alınmışdır. Ləğv prosesində olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, xx.xx.20241-cü il tarixdə borclu İddiaçı qarşılıqlı razılıq əsasında 7004 (yeddi min dörd) manat məbləğində ödəniş etməklə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Hazırda onun Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-355/2022 saylı icra sənədi üzrə LPO "xxxx" ASC qarşısında heç bir öhdəliyi yoxdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İcra haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 26. İcra sənədlərinin icrasına nəzarət İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarı Qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə iddianın mümkünlük şərtlərinin mövcudluğunu yoxlayaraq qeyd edir ki, hazırkı iddia tələbi üzrə iddianın mümkünlük şərtlərindən biri olan məhkəmə aidiyyəti düzgün müəyyən edilməmişdir. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İş materialları ilə müəyyən olunur ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-355/2022 nömrəli qətnaməsi ilə, cavabdehlər X4, İddiaçı, X3, X5 və X1 müştərək qaydada 12,750,00 ABŞ dolları əsas borc, 3,479,69 ABŞ dolları faiz borcu, 20 Abş dolları cərimə olmaqla, cəmi 16.249,69 ABŞ dolları məbləğində borc alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə üzrə xx.xx.2022-ci il tarixli, 2(104)-355/2022 nömrəli icra vərəqəsi verilmişdir. Göygöl rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə qeyd olunan icra vərəqəsi üzrə icraata başlanılmışdır. Göygöl rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-355/2022 saylı icra sənədi üzrə tələbin vətəndaş İddiaçı əmək haqqına yönəldilməsi qərara alınmışdır. Hazırkı iddia tələbi ilə İddiaçı cavabdeh Göygöl rayon İcra və Probasiya şöbəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinin dayandırılmasını xahiş edir. İddiaçı tələbinin əsası kimi qeyd etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi üzrə üzərinə düşən 7004 manatı "xxxx" ASC-yə ödəyərək öhdəliyini tam yerinə yetirmişdir. Lakin icra orqanı tərəfindən tələbin onun əmək haqqına yönəldilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi üzrə icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər, o cümlədən hərəkətsizliklər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia qaydasında ayrıca iddia verməklə mübahisələndirilməsi mümkün deyildir. Belə ki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edilir. Bu səbəbdən də məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən qətnamənin icrası qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin icra Xidməti inzibati orqanlara aid edilsə də, bu xidmətin icra qurumlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Göygöl rayon İcra və Probasiya şöbəsinə qarşı “icra məmurlarının qanunsuz hərəkətlərinin dayandırılması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Həmçinin iddiaçıya izah edilir ki, Göygöl rayon İcra və Probasiya şöbəsinə qarşı hazırkı tələblə qətnaməni çıxarmış və icra sənədini vermiş məhkəməyə müraciət edə bilər. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı cavabdeh Göygöl rayon İcra və Probasiya şöbəsinə qarşı “icra məmurlarının qanunsuz hərəkətlərinin dayandırılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar