Məhkəmə qərarları › İş №2-1(114)-414/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-414/2020

03.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-414/2020 03.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X5 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X7 (bundan sonra DƏDRX-nin 7 saylı X9) qarşı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh DƏDRX-nin 7 saylı X4rşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə şəhər Qarabağ qəsəbəsi, Tofiq Əşrəfov küçəsində yerləşən 571.0 kv.m olan həyətyanı torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi, evin texniki pasportunun tərtib edilməsi və həmin evə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının Bərdə Bələdiyyəsinə müraciəti əsasında bələdiyyənin xx xxxxxx 2007-ci il tarixli 12 saylı iclas protokoluna əsasən bələdiyyənin torpaq fondundan şəhərin Qarabağ qəsəbəsinin Tofiq Əşrəfov küçəsinin şərq hissəsindən qərbdən yol ilə, cənubdan və şimaldan isə həyətyanı sahələrlə sərhəd olmaqla cəmi 571.0 kv.m ölçüdə həyətyanı torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır. Sözügedən torpaq sahəsinə torpaq sxemi tərtib edilərək verilmişdir. İddiaçı torpaq sahəsinin 114 manat alış dəyərini bələdiyyəyə ödəmişdir. Qeyd olunan illər ərzində həmin torpaq üzərində mülkiyyət hüququ üzrə sahiblik və istifadə hüquqları iddiaçı tərəfindən maneəsiz həyata keçirmiş, hal-hazırda onun istifadəsindədir. İddiaçı DƏDRXnin 7 saylı X7 müraciət edərək qeyd olunan torpaq sahəsinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə müvafiq çıxarış verilməsini xahiş etsə də cavabdeh orqan bundan imtina etmişdir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək Bərdə şəhər Qarabağ qəsəbəsi, Tofiq Əşrəfov küçəsində yerləşən 571.0 kv.m olan həyətyanı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və iddianımüdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən Bərdə rayon Bərdə bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə 571.0 kv.m ölçüdə həyətyanı torpaq sahəsinin ayrılması barədə qərar, Bərdə RİH-nin Tikinti və Memarlıq şöbəsi tərəfindən təsdiq olunmuş sxem və müvafiq rəy təqdim olunmuş, lakin keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müvafiq rəyi və təsdiq olunmuş sxemi, ödəniş qəbzi, torpaq sahəsinin yerquruluşu planı, sahəseçmə aktı, alqısatqı aktı, torpaq sahəsinin plan və ölçü sənədi təqdim olunmamışdır. Bu səbəbdən də torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -DƏDRX-nin 7 saylı X5 xx.xx.2019-cu il tarixli, **********25 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. - Bərdə bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarının surətindən görünür ki, bələdiyyənin torpaq fondundan şəhərin Qarabağ qəsəbəsinin Tofiq Əşrəfov küçəsinin şərq hissəsindən qərbdən yol ilə, cənubdan və şimaldan isə həyətyanı sahələrlə sərhəd olmaqla cəmi 571.0 kv.m ölçüdə həyətyanı torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır. - Bərdə bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli 316328 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən torpağın alqı-satqısına görə Bərdə bələdiyyəsinə 114 manat ödənilmişdir. - Bərdə RİH-nin Tikinti və Memarlıq şöbəsi tərəfindən təsdiq olunmuş sxemin surətindən görünür ki, İddiaçı ayrılmış torpaq sahəsi Tofiq Əşrəfov küçəsinin şərq hissəsində yerləşməklə qərbdən yol ilə, cənubdan və şimaldan isə həyətyanı sahələrlə sərhəddir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsi bələdiyyənin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarına əsasən iddiaçıya satılmış və həyətyanı torpaq sahəsidir. İddiaçının ilkin tələbindən də göründüyü kimi həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi də inşa edilmişdir. Mövcud torpaq qanunvericiliyinə əsasən fərdi yaşayış evinin tikintisi üçün bələdiyyə torpağının alqı-satqı edilməsi nəzərdə tutulmuşdur. Həmçinin bələdiyyələrə məxsus olan daşınmaz əmlaka dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən cavabdeh orqanın imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -7.3.1-ci maddəsinə əsasən xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına verilir. -9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. - 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasıİnzibati-Prosessual Məcəlləsinin 2, 34,68,69, 73,75,78,81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Bərdə bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarına əsasən İddiaçı satılmış Bərdə şəhər Qarabağ qəsəbəsi, Tofiq Əşrəfov küçəsində yerləşən 571.0 kv.m olan həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın Dövlət reyestrində onun adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X7 həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar