Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4142/2025 21.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı1 cavabdeh İddiaçı2nə şöbəsinə qarşı soyadının əvvəlki soyadına dəyişdirilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı1 cavabdeh İddiaçı2nə qarşı soyadının əvvəlki soyadına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, İddiaçı1 xx.xx.1980-ci ildə anadan olmuşdur. İddiaçı1 soyad sonluğu xx.xx.2015-ci il tarixində dəyişdirilərək “Cəfərov” soyadından “Cəfərzadə” soyadına düzəliş edilmişdir.
2. İddiaçı1 soyadın növbəti dəfə dəyişdirilməsi barədə İddiaçı2nə müraciət etmiş, şöbənin xx.xx.2025-ci il tarixli 3-16-5/8-xx-xx/2025 nömrəli məktubu ilə müraciətindən imtina edilərək bildirilmişdir ki, xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il 495 saylı qərarına əsasən soyad sonluğu dəyişdirilərək “Cəfərov” soyadı “Cəfərzadə” soyadına düzəliş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar»ın İ bəndinə əsasən «vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Lakin iddiaçının yenidən əvvəlki soyadına qayıtmağı üçün qanunvericiliklə müəyyən olunmuş əsasların olmaması səbəbindən İddiaçı2 tərəfindən xahişinin təmin edilməsi icrası imkan xaricindədir. Bununla bağlı məhkəməyə müraciət etmək hüququ vardır.
3. Məhkəmənin sorğusuna İddiaçı2 xx.xx.2025-ci il tarixli 3-16-5-8/587-14 25 nömrəli cavab məktubuna əlavə edilmiş Samux rayon Çobanabdallı kənd icra nümayəndəliyi tərəfindən tərtib olunmuş 26 nömrəli doğum haqqında akt qeydindən müəyyən olunur ki, X1 xx.xx.1980-ci il tarixində anadan olmuş və onun soyadı xx.xx.2015ci il tarixində 470803 nömrəli qeydlə Milli Məclisin xx.xx.1993-cü il tarixli 495 saylı qərarına əsasən “Cəfərov” soyadından “Cəfərzadə” soyadına düzəliş edilmişdir . II. Məhkəmədə icraat
4. İddiaçı1 cavabdeh İddiaçı2nə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, soyadının əvvəlki “Cəfərov” soyadına dəyişdirilməsinin cavabdeh orqana həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1980-ci il tarixdə anadan olmuş və soyadı valideynlərinin “Cəfərov” soyadını daşımağa başlamışdır. Ona doğum aktı xx.xx.1980-ci il tarixdə İddiaçı2 tərəfindən verilmişdir. İlkin doğum haqqında şəhadətnaməsində soyadı valideynlərinin soyadı ilə “Cəfərov” yazılmışdır. Daha sonra onun soyadı “Cəfərzadə” olaraq dəyişdirilmişdir. Buna görə də soyadının dəyişdirilərək əvvəlki “Cəfərov” soyadına qaytarılmasını istəyir. O, bu məqsədlə İddiaçı2nə müraciət etmiş, lakin cavabdeh orqan soyadının dəyişdirilməsindən rəsmi olaraq imtina etmişdir. Hesab edir ki, həmin imtina onun hüquqlarını pozur.
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
7. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
8. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
9. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
10. Cavabdehin yerləşdiyi yer olan Samux rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
11. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
12. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
13. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri alda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə əbərdarlıq edilmişdir.
14. Tərəflər məhkəmə iclasında iştirak etməmiş, iddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixli məktub ünvanlayaraq məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri.
15. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
16. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsi; - İddiaçı2 xx.xx.2025-ci il tarixli 3-16-5/8-xx-xx/2025 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna İddiaçı2 xx.xx.2025-ci il tarixli 3-16-5-8/587-14 25 nömrəli cavab məktubuna əlavə edilmiş doğum akt qeydi.
Əsaslandırma hissəsi: VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
17. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
18. İş materiallarından müəyyən olur ki, İddiaçı1 müraciəti əsasında xx.xx.2015-ci il tarixdə onun soyad sonluğuna dəyişiklik edilərək, “Cəfərzadə” kimi qeyd edilmiş və bu barədə yeni şəhadətnamə verilmişdir. İddiaçı2nə ərizə ilə müraciət edərək, soyadının əvvəlki soyadına dəyişdirilməsini (əvvəlki soyad sonluğuna qayıtmasını) xahiş etmiş, cavabdeh orqan tərəfindən isə bundan imtina edilmişdir.
19. Məhkəmə cavabdeh orqanın imtinasını əsaslı sayaraq, aşağıdakıları qeyd edir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 saylı Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”na görə: Bənd 5.1. Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. Bənd 5.3. Soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir. Bənd 5.10. Qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir.
21. Göründüyü kimi, soyad sonluğunun dəyişdirilməsi məsələsini tənzimləyən normativ hüquqi aktda “Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilməməsi” barədə imperativ norma mövcuddur. Yəni, şəxsin soyad sonluğunun növbəti dəfə dəyişdirilməsi (hazırkı halda əvvəlki soyad sonluğuna qayıtması) imkanı qanunvericiliklə qadağan edilmişdir.
22. Məhkəmə qeyd edir ki, iddiaçının soyad sonluğunun növbəti dəfə dəyişdirilməsindən imtina qanunun birbaşa göstərişi əsasında qəbul edilmiş qaydalardan irəli gəlmiş, başqa sözlə, müdaxilə “qanunla nəzərdə tutulmuşdur”.
23. Sözügedən məhdudiyyət həmçinin “demokratik cəmiyyətdə zərurilik” meyarı baxımından da yolveriləndir. Bu zaman şəxsin əsas hüquqları ilə ictimai maraqlar arasında ədalətli balans təmin olunur. Çünki şəxs birinci dəfə müəyyən tələblərin ödənilməsi halında soyad sonluğunu rahatlıqla dəyişmək imkanına malikdir. İddiaçı da özünün bu hüququnu maneəsiz reallaşdırmışdır.
24. Lakin nəzərə almaq lazımdır ki, istədiyi soyadı daşımaqla bağlı məsələ şəxsi hüquq olmaqla yanaşı, həm də dövlətin təşkilati sisteminin normal və düzgün işləməsi baxımından da əhəmiyyət kəsb edir. Odur ki, soyadın (soyad sonluğunun) dəfələrlə dəyişdirilməsi sözügedən təşkilati sistemin düzgün qurulması və işləməsi baxımından real problemlər yarada bilər. Məhz bu legitim məqsədlər nəzərə alındığında, istinad olunan Qaydalarda soyad sonluğunun növbəti dəfə dəyişdirilməsinə qoyulan məhdudiyyət “demokratik cəmiyyətdə zərurilik” meyarı baxımından yolverilən sayılmalıdır.
25. Demokratik cəmiyyətdə zərurilik meyarı üzrə qiymətləndirmə aparılan zaman iddiaçının soyad sonluğunun növbəti dəfə dəyişməyə sövq edən səbəblər də nəzərə alınmalıdır. İddiaçı isə bununla bağlı ağlabatan, tutarlı və inandırıcı səbəblər göstərməmişdir.
26. Məhkəmə onu da qeyd edir ki, iddiaçı iddia tələbində soyadının əvvəlki soyadına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də, əslində hüquqi marağı soyad sonluğunun əvvəlki soyad sonluğuna dəyişdirilməsindən ibarətdir. Ona görə də, məhkəmə iddiaçının tələbini ifadə tərzi ilə bağlı hesab edir və tələbin dəqiqləşdirilməsini zəruri hesab etmir.
27. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
28. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
Nəticəvi hissə:
29. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva