Məhkəmə qərarları › İş №2-1(114)-4144/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4144/2025

02.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4144/2025 02.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdehnə qarşı qərarın ləğv edilməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdehnə qarşı cavabdehin Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-077/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə tələbkar olan "xxxx" Kommersiya Bankı ASC barəsində “Tələbin borclunun pul vəsaitinə yönəldilməsi haqqında” 06 may 2025-ci il tarixli qərarının ləğv edilməsi tələbinə dair iş materiallarına Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə:

1. Cavabdeh böyük icra məmuru X5 “Tələbin borclunun pul vəsaitinə yönəldilməsi haqqında” 06 may 2025-ci il tarixli qərarına əsasən Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-07/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq "xxxx" Kommersiya Bankı ASC-dən 56661,46 manat pulun tutulub Cavabdeh depozit hesabına köçürülməsi qərara alınmışdır.

2. İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-077/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə tələbkar olan "xxxx" Kommersiya Bankı ASC barəsində “Tələbin borclunun pul vəsaitinə yönəldilməsi haqqında” 06 may 2025-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, biznes və ya istehlak məqsədli kreditlərin müqavilə və qanunvericiliyin tələbi ilə qərəzli şəkildə ödəməyən borclularla bağlı icra qurumlarında bankın tələbkar olduğu çoxsaylı icra sənədləri var. Həmin icra sənədləri üzrə məhkəmə aktlarının icrası nəticəsindən borclulardan məcburi tutulan vəsaitlər icra şöbə və idarələrinin öz hesablarına ödənildikdən sonra tələbkarın hesabına köçürülür. Bu bir qayda olaraq hərracdan əmlaklar satıldıqda və ya əmək haqqı hesabına məhkəmə aktları icra olunduğu zaman aparılır. Cavabdeh də eyni qaydada məhkəmə aktlarının icrasını aparır. Hətta aprel 2025-ci il tarixdə Gəncə icra idarəsinin sifarişi əsasında elektron hərracda borclunun əmlakı satılmışdır. Onun ödənişi hələ Cavabdeh tərəfindən banka köçürülməyib. Bunu izah etməkdə məqsəd icra idarəsinin hesabında banka köçürülməsini gözləyən vəsaitlər mövcuddur. Hazırda bankın tələbkar olduğu aşağıda qeyd olunan məhkəmə keysi üzrə Cavabdeh tərəfindən qanunsuzluq edilməkdədir. Belə ki, tələbkar bank olduğu halda məhkəmə qərarı olmadan borclu qismində münasibət göstərilir və bankın hesabına xx.xx.2025-ci il tarixində inkasso göndərib. Belə ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 iyun 2023-cü il tarixli, 2(104)-7/2023 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, 29 yanvar 2015-ci il tarixli, 003mk-2/14 saylı əlavə kredit müqaviləsi üzrə əsas borc 21496,89 ABŞ dollar, cəmi borc 23924,06 ABŞ dolları müəyyən edilməsi, 09 iyun 2015-ci il tarixli, 003mk-3/14 nömrəli əlavə kredit müqaviləsi üzrə əsas borc 49863,61 ABŞ dolları, cəmi borc 55245,67 ABŞ dolları müəyyən edilməsi, hər iki əlavə kredit müqaviləsi üzrə cəmi, borc 79169,73 ABŞ dolları müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın likvid satış qiyməti 300.000 manat müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən X2 verdiyi kassasiya şikayəti üzrə Ali Məhkəmənin 2(102)-4035/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı qəbul edilmiş və kassasiya şikayəti təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsi həmin iş üzrə icra vərəqəsini icra olunması üçün Cavabdehnə göndərmişdir. İcra vərəqəsində tələbkar qrafasında "xxxx" KB ASC, borclu qrafasında X6 adı qeyd olunmuşdur. Bu işin mübahisəsiz halıdır. Tələbkar da, borclu da məlumdur. Amma… Cavabdeh məhkəmə tərəfindən verilmiş icra sənədində borclunun adı, soyadı, ata adı dəqiq göstərildiyi halda xx.xx.2025-ci il tarixində "tələbin borclunun pul vəsaitinə yönəldilməsi haqqında" qərar qəbul edərək tələbkara (iddiaçıya) -"xxxx" KB ASC-nin bank hesabından pulun məcburi tutulması barədə inkasso sərəncamı göndərmişdir. Hesab edirlər ki, istinad olunan qanunun maddəsinin bütün bəndləri borclunun əmlakına tutma yönəldilməsi qeyd olunduğu halda icra idarəsi tərəfindən tələbkarın hesabına inkasso göndərilməsi qanunsuz hərəkətdir. Onu da qeyd etmək istəyirlər ki, "xxxx" KB ASC sonuncu dəfə xx.xx.2025-ci il tarixində Cavabdehnə rəsmi müraciət edərək Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 7/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 17.1.10-cu il tarixli maddəsinə əsasən dayandırılmasını xahiş etmişdir. Müraciətləri əsasında 11 mart 2025-ci il tarixlində icra icraatının dayandırılması barədə qərar əsasında "xxxx" KB ASC-nin tələbkar-iddiaçı olduğu Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-07/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədənin icrası dayandırılmışdır. Sonradan onlara məlum olmayan səbəbdən və tələbkar-iddiaçı "xxxx" KB ASC-nin rəsmi müraciəti olmadan xx.xx.2025-ci il tarixli qərar əsasında Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-7/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası təzələnmişdir. "xxxx" KB ASC bu halı Gəncə icra idarəsinin "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 17.1.10-cu maddəsinin imperativliyinə əhəmiyyət verilməməsi kimi qiymətləndirməklə qanun pozuntusu olduğunu məhkəmənin diqqətinə çatdırır. Tələbkarın icranın dayandırılması barədə Gəncə icra idarəsinə müraciəti səbəbsiz deyil. Belə ki, Gəncə şəhər Məhkəməsinin icraatında hakim Zaman İmanovun sədrliyi ilə baxılan e- 2(125)-349/2025 (e-2(125)-6189/2024-köhnə nömrəsi) saylı bankın cavabdeh X3 qarşı "gecikdirilmiş faizlərin hesablanması və ödənilməsi" tələbinə dair mülki iş var. Həmin iddia tələbinə əsasən cavabdeh X1 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli 003mk-2/14 saylı əlavə kredit müqaviləsinə əsasən 11 273.32 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 003mk-3/14 saylı əlavə kredit müqaviləsi əsasən 26 149.25 ABŞ dolları və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 280.86 AZN məbləğində pul ödəməlidir və məhkəmə araşdırmasındadır və məhkəmə ekspertizası təyin olunub. Ekspertizanın aparılması da Ədliyyə Nazirliyinin müvafiq qurumuna həvalə olunub. Bundan əlavə Cavabdeh icraatında olan Gəncə Apellyasiya Məhkəməsinin, 2(104)-07/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ipoteka qoyan-borc alan ünvan 1 ünvanında qeydiyyatda olan X4 və ona məxsus ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, Ziya Bünyadov küçəsi, 1-ci döngədə yerləşən 0,0258 ha torpaq sahəsi və onun üzərində yerləşən 10 nömrəli fərdi yaşayış evi ünvanında yerləşən əmlaka tutma yönəldilməsi və 79.169,73 ABŞ dolları borc məbləği və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Sonuncu qətnamə üzrə girov predmeti hərraca çıxarılmış və əmlakın alıcısı olmadığından həmin əmlak banka təklif olunub və bank hərracdan əmlakın alınmasına razılıq verib və hərrac protokolu ilə bankın adına hərrac protokolu hazırlanıb. Hazırda bank həmin məhkəmə qətnaməsinin icrası ilə bağlı icraya maneçilik yaradacaq heç bir hərəkət etməyib. Daha dəqiq aydın olsun deyə bildirirlər ki, hazırda borclunun tələbkardan pul gözləntisi var, tələbkarın da məhkəmə mübahisəsi gedən iş üzrə borcludan gecikdirilmiş faizlərin hesablanması və ödənilməsi tələbinə dair iddia tələbi var. Bu halın tam həlli üçün Cavabdehnə xx.xx.2025-ci il tarixində müvafiq müraciət göndərərək Gəncə şəhər Məhkəməsinin icraatında e-2(125)-349/2025 (e-2(125)-6189/2024-köhnə nömrəsi) saylı məhkəmə işi yekunlaşanadək icra işinin müvəqqəti dayandırılması xahiş olunmuşdur. Gəncə icra idarəsi tələbkarın müraciəti əsasında əvvəlcə icra işini dayandırılması barədə qərar qəbul etsə də, sonradan tələbkara məlum olmayan səbəbdən icra işinin təzələnməsi barədə qərar qəbul etmişdir. "xxxx" KB ASC tələbkar olduğu halda bankın "tələbin borclunun pul vəsaitinə yönəldilməsi haqqında" 06 may 2025-ci il tarixli Cavabdeh qərarını qanunsuz və əsassız hesab edir.

Əsaslandırma hissəsi:

4. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, hazırkı ərizəyə iddia və inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməz olduğundan iddia mümkün sayılmamalıdır.

5. Belə ki, iddiaçı “X7” ASC Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-077/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə tələbkar olan “X7” ASC barəsində Cavabdeh “Tələbin borclunun pul vəsaitinə yönəldilməsi haqqında” 06 may 2025-ci il tarixli qərarının ləğv edilməsini xahiş edir.

6. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

7. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən(hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar.

8. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, "...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra, edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir.

9. Həmin Qərarın yekununda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.

10. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair bir çox qərarlarında ifadə etdiyi mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir.

11. Həm icra haqqında qanunvericilikdən, həm Konstitusiya Məhkəməsinin, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun qərar, hərəkət və hərəkətsizliyi həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin qərar, hərəkət və hərəkətsizliyindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir.

12. Qanunvericilikdə icra məmurunun qərar, hərəkət və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edilsə də, burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur və pozulması ehtimal olunan hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılması istisna edilir. Belə ki, icra sənədini vermiş məhkəmədə işlərə baxılması bir tərəfdən hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edirsə, digər tərəfdən məhkəmənin verdiyi icra sənədinin icrasına bilavasitə nəzarət etmək imkanını təmin edir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli (İş № 2-1(102)-2042/2017) və xx.xx.2019-cu il tarixli (İş № 2-1(102)- 2242/2019) nömrəli qərarlarında da qeyd edilmişdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bununla yanaşı, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər.

14. Hazırkı iş üzrə “X7” ASC-nin tələbi də Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 077/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə tələbkar olan “X7” ASC barəsində “Tələbin borclunun pul vəsaitinə yönəldilməsi haqqında” 06 may 2025-ci il tarixli qərarın ləğv edilməsi ilə bağlıdır. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) isə inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir.

15. Bununla yanaşı, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər."İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.

16. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəlləşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir.

17. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin icra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təstiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir.

19. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara (edilən hərəkət və ya hərəkətsizliyə) məhkəməyə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir.

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

21. Beləliklə, hazırkı iş üzrə iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün hesab olunmur.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

23. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar