Məhkəmə qərarları › İş №2-1(114)-4145/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4145/2024

12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4145/2024 12.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlu, İddiaçı X1 və X2 mənzilə dair yaşayış-istifadə hüquqlarına xitam verilməsi tələbinə dair işə və ona əlavə edilmiş sənədlərə məhkəmənin binasında məhkəmə iclasından kənar baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X1 və X2 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə dair yaşayış-istifadə hüquqlarına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir. İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. İlk öncə məhkəmə qeyd edir ki, iddia ərizəsi Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 46-cı maddəsinin (iddia ərizəsinin məzmunu) tələblərinə əsasən tərtib edilməmiş, cavabdeh qismində inzibati orqan qeyd edilməmişdir. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinin tələblərinə əsasən iddiaçının tələbi, inzibati orqanın adı və hüquqi ünvanı iddia ərizəsində göstərilməlidir. Bundan başqa, ərizədə tələb qeyri-müəyyən olmaqla, iddiaçı tələbinin nədən ibarət olmasını, hüquqlarının məhz hansı inzibati orqan tərəfindən pozulmasını, qeyd olunan inzibati orqanın hərəkət və ya hərəkətsizliyinin nədə ifadə olunması qeyd etməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun qaydada hazırlanmamaqla yanaşı, həm də məhkəmə aidiyyəti düzgün müəyyən olunmamışdır. Belə ki, iddia ərizəsinin tələb hissəsindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməklə X1 və X2 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə dair yaşayış-istifadə hüquqlarına xitam verilməsinə nail olmaq istəmişdir. Bununla bağlı iddiaçının nəzərinə çatdırılır ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə əlaqədar mübahisələrə inzibati məhkəmələrdə deyil, rayon(şəhər) məhkəmələrində baxılır. Həmçinin, iddiaçının nəzərinə çatdırılır ki, hazırki işə yalnız o halda inzibati məhkəmədə baxılması mümkün olardı ki, iddia ərizəsində cavabdeh qismində qeyd edilmiş X3 və X4 cavabdeh qismində deyil, üçüncü şəxs qismində, cavabdeh qismində isə Gəncə Şəhər Baş Polis İdarəsi qeyd edilmiş olardı. Belə olan halda isə, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl üçüncü şəxslər X3 və X2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması tələbi ilə müvafiq inzibati orqana - Gəncə Şəhər Baş Polis İdarəsinə müraciət etməli, inzibati orqan tərəfindən imtina cavabı aldıqdan sonra məhkəməyə müraciət etməli idi. Göründüyü kimi, iddiaçı X3 və X2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması tələbi ilə Gəncə Şəhər Baş Polis İdarəsinə müraciətini və belə müraciətə Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən verilən imtina məktubunu məhkəməyə təqdim etməmişdir. İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddiaçı hazırki tələblə müvafiq orqana - Gəncə Şəhər Baş Polis İdarəsinə müraciət etməli və sonuncu 30 gün müddətində bundan imtina etdikdə və inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı müvafiq orqan tərəfindən müraciətin edildiyi vaxtdan 35 gün müddətində qərar qəbul edilmədikdə bu tələblə məhkəməyə müraciət edə bilər. Lakin İddiaçı müvafiq inzibati orqana müraciət etməmişdir. Beləliklə də, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən iddiaçının onun hüquqularının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməməsi qənaətinə gəlir ki, bu hal da Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmamasına səbəb olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, q ə r a r a a l d ı m: İddiaçı X1 və X2 mənzilə dair yaşayış-istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (Ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 252) şikayət verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar