Məhkəmə qərarları › İş №2-1(114)-4148/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4148/2023

13.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4148/2023 13.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçılar İddiaçı2 Nəriman qızının, İddiaçı1 və onların vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçılar İddiaçı2 Nəriman qızının və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinə qarşı şəhid ailələrinə verilən müavinətin dayandırılmasına səbəb olan məktubun göndərilməsinə dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı2 Nəriman qızı və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinə qarşı iddia ərizəsi ilə xx.xx.2N3-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X2 “şəhid”, ailəsinə “şəhid ailəsi statusunun və həmin statusu təsdiq edən müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıların övladı X5 xx.xx.2N0-ci ildə qismən səfərbərlik üzrə könüllü olaraq N saylı hərbi hissənin tərkibində əsgər kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və döyüşlərdə iştirakına görə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Laçın, Qubadlı və Cəbrayılın azad olunmasına görə 3 medalla təltif edilmişdir. xx.xx.2N0-ci il tarixdə səhər saatlarında Röyal Verdiyev xidmət etdiyi taborda olan digər hərbi qulluqçu əlində olan silahın içərisində patron olub-olmadığını yoxlayan zaman silahdan atəş açılmış və açılmış atəş nəticəsində güllə övladları Röyal Verdiyevə dəymiş və o, aldığı güllə yarasından vəfat etmişdir. Röyal Verdiyevin cənazəsini yaşadıqları Daşkəsən rayonuna gətirərək xx.xx.2N0ci il tarixdə rayon əhalisinin iştirakı ilə Daşkəsən rayon Şəhidlər xiyabanında dəfn etmişlər. Onlara şəhid ailəsi statusunun verilməsi üçün cavabdehə müraciət etmiş, lakin onların müraciətlərinə cavab olaraq övladlarının ölümünün Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında birbaşa səbəbli əlaqə olmadığını bildirərək qanunsuz və əsassız olaraq imtina edilmişdir. Azərbaycan Respublikası Nazirli Kabinetinin xx.xx.1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”na və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna əsasən şəxsin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında birbaşa səbəbli əlaqə olmalıdır. Qeyd olunan maddi hüquq normalarındakı “həlak olma” anlayışının düzgün təfsir edilməsi üçün həmin anlayışa qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik prinsipi baxımından yanaşılmalıdır. Hüquqi müəyyənlik prinsipi isə digər kriteriyalarla yanaşı ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Yəni, şəxsin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olması və ya onun həmin döyüş bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən aldığı yaralardan sonradan vəfat etməsi hüquqi müəyyənlik prinsipi baxımından məzmunca eyni anlayışdır və mübahisəli hüquq münasibətlərinə eyni qaydada tətbiq olunmalıdır. Bu baxımdan Azərbaycan Respublikasının vətəndaşı kimi vətənə hərbi borcunu yerinə yetirərkən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş şəxslərə, həmin döyüşlərdə xidməti vəzifəsini yerinə yetirərkən ağır yaralanmış və sonradan aldığı yaralardan vəfat etmiş şəxsləri fərqləndirmək hüquqi müəyyənlik prinsipinin kriteriyalarına ziddir. Hər iki halda həlak olma və ya vəfat etməölümlə onun baş verməsinin səbəbləri arasında (Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlər) bir başa əlaqə vardır. Ona görə də, cavabdehin imtinasını əsassız hesab edərək, xidməti vəzifəsini yerinə yetirərkən aldığı güllə yarasından vəfat etmiş övladları X2 şəhid, ailəsinə şəhid ailəsi statusu və bu statusu təsdiq edən müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçıların vəkili Vəkil müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2N3-cü il tarixli qərardadı ilə ilkin iddia tələbi “şəhid ailələrinə verilən müavinətin dayandırılmasına səbəb olan xx.xx.2N1-ci il tarixli, 1066 nömrəli məktubun göndərilməsinə dair hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dəyişdirilmişdir. İddiaçıların vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etdiyini bildirmiş, əlavə olaraq göstərmişdir ki, yuxarı tabe orqanın göstərişi ilə araşdırma aparılmış və iddiaçıların övladları ilə bağlı DSMF-nin ərazi filialına məktub göndərilmiş, məktubun məzmununda qanunvericiliyə istinad edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -N saylı hərbi hissə komandirinin SHXÇDX-nin Daşkəsən rayon Şöbəsinin rəisinə göndərdiyi xx.xx.2N0-ci il tarixli, 2532 nömrəli bildirişində göstərilmişdir ki, 3-cü motoatıcı taborun maddi-texniki təminat taqımının avtomobil manqasının sürücüsü, ehtiyatda olan əsgər xx.xx.1994-cü il tarixdə doğulmuş X5 xx.xx.2N0-ci il tarixdə qarın boşluğunun daxili qanaxması ilə müşaiət olunan bir ədəd kor güllə yarasından həlak olmuşdur. -AZ-İİ 140356 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2N0-ci il tarixdə Qubadlı rayonu Muradxanlı kəndində əl odlu silahından atəş açma yolu ilə öldüyü qeyd olunmuşdur. -Füzuli hərbi prokurorluğunun xx.xx.2N1-ci il tarixli ittiham aktından görünür ki, X6 N nömrəli hərbi hissədə xidmət keçərkən, silahla davranış qaydalarını pozaraq ehtiyatsızlıqdan açdığı atəş nəticəsində əsgər yoldaşı X5 xx.xx.2N0-ci il tarixdə həlak olduğundan ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350.2-ci maddəsi ilə ittiham verilmişdir. -Füzuli Hərbi Məhkəməsinin xx.xx.2N1-ci il tarixli, 1(97)-31/2N1 nömrəli hökmündən görünür ki, X6 N nömrəli hərbi hissədə xidmətkeçərkən, silahla davranış qaydalarını pozaraq ehtiyatsızlıqdan açdığı atəş nəticəsində əsgər yoldaşı X1 ölümünə səbəb olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş N (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilmişdir. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsi tərəfindən verilmiş xx.xx.2N1-ci il tarixli, 944 nömrəli məktubdan görünür ki, mərhum X5 Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən xx.xx.2N0-ci il tarixdə qismən səfərbərlik üzrə hərbi xidmətə cəlb edilərək müvafiq hərbi hissəyə təhvil verilmişdir. xx.xx.2N0-ci il tarixdə N nömrəli hərbi hissədə xidmət keçərkən əsgər yoldaşının silahla davranış qaydalarını pozaraq ehtiyatsızlıqdan açdığı atəş nəticəsindəhəlak olduğundan, onun şəhid, ailəsinin isə şəhid ailəsi hesab edilməsi mövcud qanunverciliyin tələblərinə əsasən mümkün hesab edilmir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2N2-ci il tarixli, **********8 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 493 nömərli Fərmanına əsasən xx.xx.2007-ci il tarixindən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqüdü” təsis edilmişdir. Bildirilmişdir ki, vətəndaş İddiaçı2 və İddiaçı1 xx.xx.2N0-cu il tarixindən şəhid ailəsinin üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqüdü təyin edilmişdir. Sözügedən təqaüdlərin ödənişi xx.xx.2N1-ci il tarixindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin xx.xx.2N1-ci il tarixli, 1066 nömərli arayışına əsasən dayandırılmışdır. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsi tərəfindən verilmiş xx.xx.2N2-ci il tarixli, 1032 nömrəli məktubdan görünür ki, mərhum X2 “şəhid” statusunun verilməsi barədə tərəflərindən heç bir arayış verilməmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2N2-ci il tarixli, **********7 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış siyahı əsasında İddiaçı2 və İddiaçı1 xx.xx.2N0-cu il tarixindən şəhid ailəsinin üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Sözügedən təqaüdlərin ödənişi xx.xx.2N1-ci tarixindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin xx.xx.2N1-ci il tarixli, 1066 nömrəli arayışına əsasən dayandırılmışdır. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsi tərəfindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 18 saylı Regional Ərazi filialının Daşkəsən rayon qəbul şöbəsinə ünvanlanmış xx.xx.2N1-ci il tarixli, 1066 nömrəli məktubdan görünür ki, xx.xx.2N1-ci il tarixli, **********4 nömrəli məktuba cavab olaraq bildirilmişdir ki, xx.xx.1994-cü il təvəllüdlü mərhum X5 xx.xx.2N0-ci il tarixdə N nömərli hərbi hissədə xidmət keçərkən əsgər yoldaşının silahla davranış qaydalarını pozaraq ehtiyatsızlıqdan açdığı atəş nəticəsində həlak olduğundan onun şəhid hesab edilməsi mövcud qanunverciliyin tələblərinə əsasən mümkün hesab edilmir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2N3-cü il tarixli, 3- 17-1/2-22345/2N3 saylı məktubuna əlavə edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən inteqrasiya edilmiş mərkəzləşdirilmiş elektorn informasiya sisteminin “Zəfər” altsistemindən çıxarışın surətindən görünür ki, xx.xx.1994-cü il təvəllüdlü X1 adı şəhid kimi altsistemə daxil edilmişdir Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 36-cı maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, iddiaçıların oğlu xx.xx.1994-cü il təvəllüdlü mərhum X1 adı şəhid kimi “Zəfər” altsisteminə daxil edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış siyahı əsasında İddiaçı2 və İddiaçı1 xx.xx.2N0-ci il tarixdən şəhid ailəsinin üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialının Daşkəsən rayon şöbəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinə xx.xx.2N1-ci il tarixli, **********4 nömrəli məktub ünvanlayaraq xx.xx.1994-cü il təvəllüdlü mərhum X2 “şəhid statusu” verilib-verilməməsi barədə məlumat verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialının Daşkəsən rayon qəbul şöbəsinin xx.xx.2N1-ci il tarixli, **********4 nömrəli məktubuna cavab olaraq bildirmişdir ki, xx.xx.1994-cü il təvəllüdlü mərhum X5 xx.xx.2N0-ci il tarixdə N nömərli hərbi hissədə xidmət keçərkən əsgər yoldaşının silahla davranış qaydalarını pozaraq ehtiyatsızlıqdan açdığı atəş nəticəsində həlak olduğundan onun şəhid hesab edilməsi mövcud qanunverciliyin tələblərinə əsasən mümkün hesab edilmir və əsas kimi Müdafiə Nazirliyinin xx.xx.2N1-ci il tarixli, 1/V-11579 nömrəli, xx.xx.2N1-ci il tarixli, 1/V-13533 nömrəli məktubları və Füzuli Məhkəməsinin xx.xx.2N1-ci il tarixli, 1/xx/xx-2N1 nömrəli hökmü göstərilmişdir. Sözügedən təqaüdün ödənişi xx.xx.2N1-ci il tarixindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin xx.xx.2N1-ci il tarixli, 1066 nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dayandırılmışdır. Məhkəmə qeyd edir ki, istər “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunda, istərsə də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nda verilmiş şəhid statusunun ləğv edilməsi ilə bağlı müddəalar mövcud deyildir. Bununla belə, inzibati icraatın ümumi qaydalarına və prinsiplərinə əsasən, əlverişli inzibati akt da ləğv edilə bilər. Lakin əlverişli inzibati akt onu qəbul etmiş və ya onu ləğv etmək üçün qanunla səlahiyyət verilmiş digər inzibati orqan tərəfindən ləğv edilə bilər. Hazırkı halda, iş üzrə cavabdeh olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinin isə iddiaçıların mərhum oğluna şəhid adı vermək, eləcə də onun statusunu ləğv etmək kimi səlahiyyətinin olması müəyyən edilmir. Cavabdeh inzibati orqan Müdafiə Nazirliyinin xx.xx.2N1-ci il tarixli, 1/V-11579 nömrəli, xx.xx.2N1-ci il tarixli, 1/V-13533 nömrəli məktubları və Füzuli Məhkəməsinin xx.xx.2N1-ci il tarixli, 1/xx/xx-2N1 nömrəli hökmünü əsas göstərməklə mərhum X2 şəhid statusunun verilməsinin mümkün olmadığını bildirmişdir. Həmin məktub əsasında da iddiaçılara ödənilən şəhid ailəsinin üzvlərinə verilən təqaüd dayandırılmışdır. Başqa sözlə, “Zəfər” altsistemində mərhum X1 şəhid kimi adının siyahıya salınmasının əsaslarını araşdırmadan, ona verilmiş şəhid statusunun ləğv edilməsi ilə bağlı hər hansı icraat aparmadan cavabdeh orqan ona şəhid statusunun verilməsinin mümkün olmadığını bildirmiş və bu da onun ailəsinə ödənilən təqaüdün dayandırılması kimi hüquqi nəticə yaratmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin xx.xx.2N1-ci il tarixli, 1066 nömrəli məktubunda şəhid statusunun ləğv edilməsi ilə bağlı hər-hansı hüquqi əsasın və sənədin olması öz əksini tapmamış, buna baxmayaraq şəhid ailəsinə ödənilən müavinətin dayandırılmasına səbəb olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun:- -2.0.10-ci maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. -67.5 ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, xx.xx.2N1-ci il tarixli, 1066 nömrəli məktubun Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 18 saylı Regional Ərazi filialının Daşkəsən rayon qəbul şöbəsinə göndərilməsi ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin hərəkətləri qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1994-cü il təvəllüdlü mərhum X3 ailəsinə verilən müavinətin dayandırılmasına səbəb olan xx.xx.2N1-ci il tarixli, 1066 nömrəli məktubun Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 18 saylı Regional Ərazi filialının Daşkəsən rayon qəbul şöbəsinə göndərilməsi ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin hərəkətləri qanunsuz hesab edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar